Bəxtiyar Musayev: “2025 Mərkəzi Gömrük
Hospitalı üçün uğurlu illərdən biri
olub”
əvvəli
ötən sayımızda
- Baku
Expo Mərkəzində keçirilən 27-ci Azərbaycan Beynəlxalq
Tibb İnnovasiyaları Sərgisi “Medinex 2025”-də Mərkəzi
Gömrük Hospitalının da fəaliyyətini əks
etdirən stend böyük maraq doğurdu...
- Bu il ilk
dəfə idi ki, Mərkəzi Gömrük Hospitalı Azərbaycanın
səhiyyə sahəsində mühüm tədbirlərdən
olan “Medinex 2025” sərgisində iştirak edirdi. Stendimizi ziyarət
edən rəsmi nümayəndələrə, gənc həkimlərə,
həkim-rezidentlərə və ziyarətçilərə
hospitalın 2025-ci ildəki fəaliyyət istiqamətləri,
həyata keçirilən yeniliklər, əldə olunan
mühüm uğurlar, innovativ tibbi xidmətlər, eyni
zamanda, Orqan Transplantasiyası şöbəsinin transplantoloqu
Mircəlal Kazımi və onun komandası tərəfindən
icra olunan və Azərbaycanın səhiyyəsində
böyük nailiyyət kimi qiymətləndirilən meyit
donordan qaraciyər və böyrək transplantasiyası əməliyyatları
barədə ətraflı məlumat verildi.
- Mərkəzi
Gömrük Hospitalı uzun illərdir ki, bir sıra sosial
aksiyalarda fəal iştirak edir. Həmin aksiyalar bu il də
keçirilibmi?
-
Sentyabrda Qala qəsəbəsində şəhid və qazi
ailələrinin üzvləri və qəsəbənin sakinləri
üçün Anım Gününə həsr olunmuş
tibbi sosial aksiya keçirildi. Diaqnostik avadanlıq və
böyük həkim kollektivi ilə sosial aksiya çərçivəsində
müraciət edən hər kəs müayinə edildi.
Növbəti sosial aksiya oktyabrın 28-də Mərkəzi
Gömrük Hospitalında Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü
ilə həyata keçirilən maarifləndirmə tədbirləri
çərçivəsində “SOS Uşaq Kəndləri”nin
anaları üçün “Təməl həyata dəstək
(BLS)” mövzusunda təlim və tibbi müayinələr həyata
keçirildi. Artıq bir neçə ildir ki, həmin tədbiri
ənənə halına salmışıq və növbəti
illərdə də davam etdirməyi nəzərdə tutmuşuq.
- Ən
böyük layihələrin, ən yaxşı işlərin,
qazanılan uğurların arxasında müəssisənin rəhbəri
və onun komandası durur. Hospitalın da
uğurlarının əsasını burada işləyən
yüksəkixtisaslı həkim heyəti, bacarıqlı orta
tibb işçiləri təşkil edir. Onların ixtisas dərəcələrinin,
peşəkarlıqlarının artırılması
üçün hansı işlər görülür?
- Tibbi
personalın davamlı olaraq yerli və beynəlxalq təlimlərə,
konfranslara cəlb olunması hospitalın elmi-praktik
potensialının artmasına şərait yaradır.
Hospitalın yüksəkixtisaslı həkimləri müntəzəm
olaraq nəinki ölkəmizdə, həm də xarici ölkələrdə
təşkil olunan beynəlxalq konfranslarda, qurultaylarda, konqreslərdə,
simpoziumlarda, seminarlarda, təkmilləşdirmə
kurslarında bilik və bacarıqlarını
artırırlar. Həkimlər beynəlxalq səviyyəli həmin
tədbirlərdə moderator, təlimçi kimi aktual
mövzularda çıxışlar ediblər, hətta
nümunəvi əməliyyatlar aparıblar. Bu il Mərkəzi
Gömrük Hospitalının həkimləri Böyük
Britaniya, Çin, Cənubi Koreya, Türkiyə, Finlandiya,
Niderland Krallığı, Qazaxıstan, Özbəkistan,
Gürcüstan və başqa ölkələrdə
keçirilən mötəbər tədbirlərdə Azərbaycanı
təmsil edərək bilik və bacarıqlarını,
qazandıqları təcrübəni həmkarları ilə
bölüşüblər. Hospitalın ayrı-ayrı
şöbələrində çalışan tibb
bacıları və tibb qardaşları həkimlərlə
çiyin-çiyinə işləyərək xəstələrin
müayinə və müalicə prosesində fəal
iştirak edirlər. Onlar da həm ölkəmizdə, həm
də respublikamızdan kənarda təşkil olunan konfranslara
qatılırlar. Məsələn, noyabrda hospitalın tibb
bacılarının “Türk Dövlətləri Təşkilatına
üzv ölkələrinin Tibb bacısı və Mamalıq
sahələri üzrə I Elmi-Praktik Konfransı”nda
iştirakını qeyd etmək yerinə düşər.
Müasir səhiyyə sistemində keyfiyyətli xidmətin və
sağlamlıq sisteminin davamlı inkişafında tibb
bacılarının böyük rolu var, bu cür tədbirlərdə
iştirak etmək onların peşəkarlığını
artırır, operativ qərarvermə bacarıqlarını
formalaşdırır.
Hospitalın
tibb heyətinin peşəkarlığının
artırılmasında həyata keçirilən tədbirlərin
böyük rolu olub. Bu ilin martında Dövlət
Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi
Tədris Mərkəzinin təşkilatçılığı
ilə “Qaraciyər transplantasiyasında anesteziyanın və əməliyyatdan
sonra intensiv terapiyanın xüsusiyyətləri” mövzusunda
respublikanın aparıcı ekspertlərinin
görüşü, apreldə “Xəstəxanadaxili infeksiyaların
idarə olunmasında müasir tendensiyalar və innovativ
yanaşmalar” mövzusunda ekspertlərin zirvə
görüşü, mayda Ümummilli Lider Heydər Əliyevin
anadan olmasının 102-ci ildönümünə həsr
olunmuş “Ana və Uşaq Sağlamlığı: Mövcud
Problemlərə Müasir Baxış” mövzusunda Beynəlxalq
Elmi Konfrans, oktyabrda “Ortopediya və Tibbi Reabilitasiyada Müasir
Yanaşmalar” mövzusunda elmi-praktik seminar, dekabrda isə
Ümummilli Lider Heydər Əliyevin Anım Gününə
həsr edilmiş “Zərərli vərdişlərlə
mübarizə və sağlam həyat tərzi” üzrə
könüllü gömrükçülərin III Forumu
keçirilib.
- Bəxtiyar
həkim, hospitalda gənclər, rezidentlər,
könüllü gömrükçülər və tələbələrlə
iş necə qurulub?
-
Artıq 6 ildir ki, Mərkəzi Gömrük Hospitalında Azərbaycan
Tibb Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva
Dövlət Tibb Universitetinin Bakı filialının, 1
saylı Bakı Tibb Kollecinin, 2 saylı Bakı Baza Tibb
Kollecinin və Naxçıvan Dövlət Universitetinin tələbələri
üçün tədris prosesi aparılır. Hospital
rezidentlər üçün müstəqil klinik baza rolunu
oynayır, burada tibb universiteti və kollec tələbələri
üçün subbakalavr, bakalavr və rezidentlik səviyyəsində
tədris həyata keçirilir. Bu il rezidentlərin sayı
90-ı keçib. Onlar rezidenturanı bitirdikdən sonra
ölkəmizin müxtəlif tibb müəssisələrində
fəaliyyətlərini davam etdirirlər. Sevindirici haldır
ki, rezidenturanı bitirəndən sonra həkimlərin və
kolleci bitirən tibb bacıları və
qardaşlarının müəyyən hissəsi öz
peşə fəaliyyətini hospitalda davam etdirirlər.
-
İl ərzində beynəlxalq səviyyədə hansı əməkdaşlıq
memorandumları imzalanıb?
Bu il tibb
ocağının həyatında iki belə əlamətdar
hadisə oldu. Onu da bildirim ki, 5 ildən artıqdır ki,
Türkiyənin Florence Nightingale Healthcare International Group ilə
sıx əməkdaşlıq edirik. Həmin qurumun tərkibində
həm xəstəxanaları, həm də tibb təhsilinə
yönəldilmiş universitet və tibb bacıları məktəbini
birləşdirir. İlkin imzaladığımız
memorandumdan 5 il keçir və sənədin müddəti
başa çatdığı üçün bu il onu yenilədik.
Xüsusilə vurğulamaq istərdim ki, bu illər ərzində
bizim gözəl partnyorluğumuz alındı. Florence
Nightingale Healthcare International Groupun professorları, həkimləri,
mütəxəssisləri təşkil etdiyimiz elmi konfranslar,
elmi tədbirlər, sosial aksiyaların əksəriyyətində
yaxından iştirak ediblər. Onlarla əməkdaşlığın
bəhrəsini görürük və onu davam etdirmək
üçün növbəti 5 il üçün əməkdaşlıq
memorandumu imzalamışıq.
Digər
bir əməkdaşlıq memorandumu Dövlət
Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi
Hospitalı ilə Böyük Britaniyada yeni
yaradılmış Britaniya-Azərbaycan Həkim və
Stomatoloqlar Assosiasiyası arasında imzalanıb. Hesab edirəm
ki, həmin memorandum Azərbaycan səhiyyə sistemində
beynəlxalq əməkdaşlığın genişləndirilməsi,
tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi,
elmi-tədris əlaqələrinin gücləndirilməsi və
qabaqcıl Britaniya tibbi təcrübəsinin ölkəmizdə
tətbiqi baxımından mühüm əhəmiyyət
daşıyır.
- Həkim,
ətraflı müsahibə üçün çox sağ
olun. Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il münasibətilə səmimi qəlbdən
təbrik edir, məsul və şərəfli işinizdə
uğurlar diləyirik.
- Fürsətdən
istifadə edib xalqımızı Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il münasibətilə
təbrik edir, doğma Vətənimizə sülh və əmin-amanlıq
arzulayır, ən xoş arzularımı
çatdırıram.
Dilarə
Zamanova,
Mərkəzi
Gömrük Hospitalının PR mütəxəssisi
İqtisadiyyat.-
2026.- 22-28 yanvar, ¹3.- S.8.