Azərbaycan nefti rəssam əlində!

 

Rəssamlıq odur ki, gərək öz dəsti-xəttin ola

 

Sabir Çopuroğlu ilə Dənizkənarı milli parkda əl sənətkarlığı nümunələri sərgisinin təşkili zamanı tanış olduq. Onun diqqətimizi çəkməsinə səbəb isə qeyri adi rəsm çəkmə bacarığının olması idi. Qeyri-adi ona görə dedik ki, bu rəssamın əl işləri yalnız neftlə işlənib. Bunlar marağımızı çəkdiyindən emalatxanasına gedib rəssamı daha yaxından tanımaq qərarına gəlirik. Beləliklə, tanımadığımız, əslində çox tanınmış bu rəssamla sizi də tanış edirik.

 

Onun emalatxanası Rəssamlar evində yerləşir. Rəssam özü emalatxanada bizi qarşılayır öz əl işləri barədə sevə-sevə məlumat verir. Öncə özü barədə sənətə necə marağının yaranmasından danışır. Belə ki, Sabir Çopuroğlu 1956-cı ildə Gürcüstanda anadan olub. Uşaqlıq illəri orada keçib. Uşaq idim, gördüm evdə şüşənin içində qara mazut kimi nəsə var, götürdüm onu başladım divara yaxmağa. Yəni, belə-belə uşaqlıqdan daxilimdə rəssamlığa qarşı bir hisslər var idi. Bunlar elə bil mənə Allah tərəfindən verilmişdi. Gördüm ki, artıq məndə bu sənətə qarşı həvəs yaranıb, başladım ciddi məşğul olmağa. Məktəbdə bütün dərsləri atıb ancaq şəkil çəkməklə məşğul olurdum. Artıq 5-6-cı sinifdə mən bu işi ciddi olaraq davam etdirirdim. Məktəbdə çəkdiyim şəkilləri çox bəyənirdilər. Digər dərslərimi oxumasam da müəllimlərim məni çox həvəsləndirirdi talantımı qiymətləndirirdilər. Bundan sonra müəllimlər mənə yazıçı şairlərimizin portretlərini çəkməyi sifariş etdilər.

Azərbaycan Gürcüstanın Rəssamlar ittifaqının üzvü olan Sabir bəy uşaq vaxtı rəssamlığı ona heç kimin öyrətmədiyini deyir. Amma, orta məktəbi bitirdikdən sonra rəssamlıq məktəbinə sənəd verdim qəbul olundum. Üç il burada oxuduqdan sonra Tiflisə rəssamlıq kursuna getdim. Tiflis Akademiyasında oxuyarkən orada Merak Berdonaşvili adında çox güclü bir heykəltəraş bu sahədə mənə çox dəstək oldu. Daşdan Nizaminin, Babəkin və.s baralyeflərini yonmuşdum o vaxt. İstiqlal muzeyi tərəfindən Babəkin baralyefi artıq alınıb.

O təhsil aldıqdan sonra bir neçə tanınmış rəssamlarla əlaqə saxlayır bunun da böyük köməyi olduğunu deyir: Rəhmətlik Səttar Bəhlulzadənin emalatxanasında olmuşam. Onun işləri ilə yaxından tanışam. Daha sonra rəssam Mikayıl Abdullayev var idi. Onlar mənə müəyyən göstəriş məsləhətlər veriblər.

Bakıda Tiflisdə keçirilən bütün sərgilərdə daim iştirak etdiyini deyən Sabir müəllim, get-gedə yaradıcılığını daha da təkmilləşdirib. Özünün ilk fərdi sərgisini isə 1986-cı ildə Tiflisdə, M.F.Axundovun ev muzeyində təşkil eləyib. Dediyinə görə sərgi o vaxt çox gözəl keçib bütün TV mətbuatda işıqlandırılıb.

Rəssamın öz sənətinə olan münasibəti isə belədir: Mən bu sənətdən həzz alıram, mənə ruh verir, mən bununla yaşayıram. Deyərdim ki, rəssamlıq mənim ikinci həyatımdır, əlçatmaz bir zirvədir. Özümü bu sənətsiz təsəvvür edə bilmirəm. Elə adamlar var, görürsən ki, rəssamlığı da bitirib, akademiyanı da. Amma, qanlarında, ürəklərində rəssamlıq yoxdur, sadəcə bu sənəti oxuyublar. Sovetlər dövründə rəssamlar həqiqətən çox yaxşı qazanırdılar. Ona görə çox adam rəssamlığa gedirdi, istəyirdilər rəssam olsunlar. Lakin rəssam olmaq elə bir şeydir ki, bu adamın daxilində olmalıdır, sırf istedad olmalıdır. Bu hiss daxilində olmasa rəssam olmaq çox çətindir. Diplom rəssamlıq üçün böyük əhəmiyyət kəsb eləmir. Götürəndə, Əzim Əzimzadə məşhur rəssam olub, lakin heç bir yerdə oxumayıb. Başqalarını da buna misal göstərmək olar.

Bizim rəssam bu yolda çox çətinliklər çəkdiyini deyir. Hazırda rəssamlıqdan başqa bir işlə məşğul olmasam da əvvəllər müvəqqəti işlərdə işləmişəm. Məsələn, fəhlə olmuşam, axranı da işləmişəm, amma sənətimi buraxmamışam. Çünki, təkcə bu sənətlə ailəni saxlamaq mümkün deyil.

Sabir müəllim, neftlə işləmək ideyası necə yarandı sizdə? SualımızaHəmişə nəsə qeyri-adi bir şey yaratmağı fikirləşirdim. İstəyirdim ki, bu elə bir şey olsun ki, ümumiyyətlə rəssamlıqda yeni olsun. Necə oldusa uşaqlıq dövrüm yadıma düşdü neftlə şəkil çəkməyi düşündüm. Belə bir şey, hətta yuxuma da girdi görürəm ki, neftlə rəsm çəkirəm. Beləcə, Azərbaycanın da neft ölkəsi olduğunu düşünərək Bayıl tərəfə getdim. Bilirdim ki, orada keçmiş neft buruqları gölməçələri var. Oradakı neft qalıqlarından 2-3 litr gətirdim emalatxanaya. Daha sonra bunu qurutmaq lazım gəldi, öz təcrübəmdən istifadə edərək bu neftə müəyyən qatqılar qatdım. Neftin tərkibində çox maddələr var çox gözəl rənglərə çalır. Neftlə olan işlərimi dörd beş il heç kimə göstərmədim. Sonra eksperiment apardım, bütün detalları yoxladım. Müəyyən kraskalar və.s qatandan sonra gördüm ki, həqiqətən alınır. Əmin oldum ki, neftlə çəkdiyim rəsm 2-3 günə quruyur çox keyfiyyətli olur, xarab olmur. Bundan sonra işlərimi neftin üzərində qurmağa başladımdeyə cavablayır.

Qeyd edək ki, rəssamın neftlə işlədiyi əsərləri seyr edərkən, orada Azərbaycanın milli çalarlarına daha çox rast gəlinir. Rəssam özü isə, bunu mədəniyyətimizin təbliği ilə əlaqələndirir. O, neftlə işlədiyi əl işlərini ilk dəfə 2003-cü ildə Torqovıda satışa çıxarıb. Baxanlar çox maraqlanırdı. Mənim ilk işimi bir alman aldı. O burada neft şirkətində işləyirdi. Onun əli çox yüngül oldu. Daha sonra həmin alman kömək məqsədi ilə mənlə əlaqə saxladı məni Almaniyada sərgidə iştirak etməyə dəvət elədi. 2006-cı ildə getdim Almaniyaya orada keçirilən 2-ci Beynəlxalq Simfoziumda konkurs sərgilər keçirilirdi. Bu sərgidə, həqiqətən mənim işimə maraq çox idi. Şükür Allaha ki, bir çox ölkələrin qatıldığı bu beynəlxalq simfoziumda birinci dərəcəli diplomu birinci yeri mən götürdüm. Sonra auksion sərgidə işlərim çox yaxşı satıldı. Bir neçə xarici media mənim barəmdə məqalələr dərc etdilər. 2008-ci ildə keçirilən növbəti simfoziumda da fərqlənmə diplomu aldım

Onun yeni ideyası maddi vəziyyətini də düzəldib: Mənim maddi vəziyyətim çox ağır idi. Neftlə işləyəndən sonra isə şükür Allaha hər şey düzəldi. Alıcılarım çoxaldı. Neft şirkətindən sifarişlər olundu. Başqa-başqa şəxslərin də bu rəsmlərə marağı oyandı. Rəssam deyir ki, bu texnologiyanı rəssamlıqda ilk dəfə o tətbiq eləyib. Bu barədə patent də alıb. İndiyənə kimi mindən çox əl işləri olub ki, onların da təxminən 500-ü ən yaxşılarındandır. İndi şükür Allaha maddi vəziyyət normaldır. İşimə maraq var, məsələn mədəniyyət nazirliyi tərəfindən ildə iki dəfə mənim əsərlərimi alırlar.

Bu yeniliyin təbliğat üçün önəmli olduğunu deyir Sabir bəy: Rəssamlıq odur ki, gərək öz dəsti-xəttin ola. Görürsünüz, dünyada neftin üzərində qırğınlar gedir. Amma, mən çalışmışam ki, bunu bir sənət əsərində tətbiq edək, sülh yaradaq. Bu da Azərbaycan neftinin təbliği üçün hesab edirəm ki, təqdirəlayiq addımdır. Çünki beynəlxalq sərgilərdə təqdim edirsən ki, bu Azərbaycan neftidir və.s. Rəssam aktiv olmalı, hər zaman işləməlidir. Bu işə paxıllığı tutanlar, gözləri götürməyənlər də çoxdur. Bu sahəyə dövlət tərəfindən də ciddi maraq olmalıdır. Və son vaxtlar mənim işlərimə olan diqqət onu göstərir ki, bu sahəyə maraq var.

Sənətinə bağlanan sənətkar bütün gününü emalatxanada keçir. Çox vaxt gecəni də burda qaldığını deyir. Onun əsərlərinin qiymətləri isə müxtəlifdir. 100-300-500 manatlıq və daha artıq qiymətə olan əl işləri var. Konkurs üçün olan rəsmlər çox bahadır. Çörək pulu üçün isə xırda işləri də olur. Ayda 5-10 ədəd alırlar, sifarişverilir. Rəsmləri isə əsasən kətan üzərində işləyir. Bundan başqa adi və sığallı kağızlarda da qiymətli əsərləri var. Nefti şirkətdə işləyən dostları gətirir. Özü də hərdən gedib yığır. Kağızı isə özü rulonla alır. Bir rulon 300-350 manatdır. Sənətkar deyir ki, elə əsərlərim var, onları satmıram. Fikrim var Azərbaycanda fərdi bir sərgi keçirim

 

Sabir müəllim Sonda Azərbaycan rəssamlarına da münasibət bildirir:

 

Azərbaycan rəssamlarının durumu məni qane etmir. Çoxlarının işi yoxdur, işsizdir. Müasir dövrdə həqiqətən də rəssamlıqla pul qazanmaq çox çətindir. Ayda maaş kimi rəssama maddi yardım olunsa yaxşı olar. Mənsə Allahıma güvənib bu işləri görürəm. Biz incəsənətimizi, mədəniyyətimizi güclü təbliğ edə bilmirik. Əksinə bizim yaxşıları digər millətlər görüronu öz adlarına çıxırlar.

 

 

Elgün Mənsimov

 

Kaspi.-2011.-13 oktyabr.-S.11.