Şəkərli diabetin miqyası genişlənir 

 

Xəstəliyin fəsadlarına qoyulan maddi vəsait dövlətlərə onun profilaktikasına sərf edilən məbləğdən daha baha başa gəlir

 

Dünya təcrübəsi təsdiqləyir ki, şəkərli diabetin geniş miqyasda artımı əhalinin sağlamlığının ümumi səviyyəsini azaldır. Əksər ölkələrdə diabet ölüm səbəbinə görə ürək, qan - damar çatışmazlığından və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur. Əhalinin ümumi populyasiyası ilə müqayisədə şəkərli diabetlə xəstə olanlar arasında ürək, qan-damar çatışmazlığından ölüm halları 4-5 dəfə, korluq halları 10 dəfə, qanqren və aşağı ətrafların amputasiyası 50 dəfə, xroniki böyrək çatışmazlığı 5-6 dəfə çoxdur.

Məhz bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 1992-ci ildə şəkərli diabet xəstəliyini qeyri-infeksion epidemiya kimi qiymətləndirib. Təşkilatın proqnozlarına görə, 25 ildən sonra şəkərli diabet xəstələrinin sayının 330 milyona yaxın olacağı gözlənilir. Beynəlxalq Diabet Federasiyasının (BDF) məlumatına görə isə hazırda dünyada 300 milyon insan şəkərli diabetlə yaşayır. Böyük sürətlə artan bu xəstəlik ciddi sosial-tibbi problemlər yaradaraq, ölkələrin iqtisadiyyatına, ailələrin maddi durumuna kəskin təsir edir. Xəstəliklərdən ən çox yoxsul ölkələr əziyyət çəkir. Belə ki, diabetə tutulanların 80 faizi aşağı və orta gəlirli dövlətlərdə yaşayır. Azərbaycanda da şəkərli diabet xəstəliyi xeyli irəliləyib. Belə ki, respublikada 2010-cu ilin rəsmi statistikasına əsasən, qeydiyyatda olan xəstələrin sayı 137400 nəfərdir və bu rəqəm artmaqda davam edir.

 

Beynəlxalq Diabet Federasiyasının təkidi

 

Problemin dərinliyini nəzərə alan BDF bütün ölkələrin diabet cəmiyyətlərinə müraciət edib. Federasiya şəkərli diabetin qarşısının alınmasında əhalinin təlimatlandırılmasının və maarifləndirilməsinin prioritet hal kimi qəbul edilməsini təkidlə tövsiyə edir. Bu məqsədlə Azərbaycan Diabet Cəmiyyəti Dünya Diabet Fonduna respublikanın şəhər və rayonlarında “Diabet Məktəblərinin təşkili” layihəsi ilə müraciət edib və layihə 2011-ci ilin yanvarında fond tərəfindən təsdiqlənib. Layihənin məqsədi respublikanın şəhər və rayonlarında təlim məktəbləri yaratmaqla, ilkin səhiyyə xidməti göstərən tibb işçiləri, şəkərli diabet xəstələri, risk qrupuna aid əhali arasında bu xəstəlik və onun fəsadlarının profilaktikası barədə bilik, bacarıq, müəyyən vərdişlərin artırılmasına nail olmaqdır. Layihə əsasında yaradılmış 7 diabet məktəbi Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı”nda nəzərdə tutulan təlim məktəbləri üçün model kimi götürülüb. Layihə çərçivəsində Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Şəki, Şirvanda lazımi avadanlıqlarla təchiz edilmiş 7 diabet məktəbinin təşkili, həmin məktəblərin proqramlar, metodiki vəsaitlər və ədəbiyyatlarla təminatı nəzərdə tutulub. Təlimlərdə iştirak etmiş həkim-endokrinoloqlar və tibb bacıları yaradılmış diabet məktəblərində ilkin səhiyyə xidmətində çalışan tibb işçilərinə, diabetli xəstələrə və risk qrupuna aid əhaliyə bu xəstəliklə bağlı biliklərin artırılması və özünənəzarətin gücləndirilməsi məqsədilə təlimlər keçməklə, sağlam həyat tərzini təşviq edəcəklər.

 

Sivil ölkələr nəyə üstünlük verir?

 

Təcrübə göstərir ki, diabetin xroniki, ağır fəsadlarına qoyulan maddi vəsait (məsələn, hemodializ) onun profilaktikasına sərf edilən məbləğdən qat-qat çoxdur. Artıq sivil ölkələrdə bunu elmi-iqtisadi baxımdan sübut etdikləri üçün xəstəliyin müalicə və profilaktikasına xüsusi yer verilir. Azərbaycanda da qəbul edilən “Şəkərli Diabet üzrə Dövlət Proqramı” diabet xəstələri üçün tibbi yardımın iqtisadi cəhətdən əsaslandırılmış modelinin yaradılmasına yönəldilib. Proqramın əsas məqsədi xəstəliyə tutulmuş şəxslərin həyat fəaliyyətlərinin yüksəldilməsi və uzadılmasıdır. Proqramla müəyyənləşən vəzifələr sırasında şəkərli diabetin fəsadlarından əmələ gələn əlilliyin və ölüm hallarının azaldılması, xəstəliyin və onun fəsadlarının profilaktika sisteminin təşkili də yer alıb. Bundan başqa, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcminin, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısının və miqdarının, eləcə də bu preparat və vasitələrlə təminat qaydası da bu sənədlə müəyyənləşir. Həmin Dövlət Proqramı qəbul edildikdən sonrakı dövr ərzində şəkərli diabet xəstələrinin dərmanla təmin olunması xeyli yaxşılaşıb və onların şəkərsalıcı dərman preparatları ilə təminatında mövcud olan gərginlik əsasən aradan götürülüb. Xəstələrin əksəriyyəti özünənəzarət vasitələri - qlükometrlərlə təmin edilib. Müalicə-diaqnostika işinin yaxşılaşdırılması şəkərli diabet xəstələrinin aşkarlanması üçün şərait yaradıb və qeydiyyata götürülən xəstələrin sayı təxminən 2 dəfə artıb. Eyni zamanda, şəkərli diabet xəstələrinin dəqiq qeydiyyatının aparılmasını, onların sağlamlıq vəziyyətinin dinamik müşahidəsini, dərmanla təminatına nəzarəti həyata keçirmək məqsədi ilə vahid registr forması hazırlanaraq təsdiq edilib. Amma bütün dünyada olduğu kimi, Azərbaycanda da şəkərli diabetə düçar olanların sayı durmadan artan tendensiyası yeni tədbirlərin görülməsini qaçılmaz edir.

 

Hər il 15 faiz artan xərc

 

Buna görə də ölkədə xəstəliyin qarşısının alınmasında daha bir addım “2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı”dır. Bu proqramın da vəzifəsi respublikada şəkərli diabet xəstəliyinin yayılmasının qarşısının alınması, şəkərli diabet xəstələrinin dərman və özünənəzarət vasitələri ilə təminatının yaxşılaşdırılmasıdır. Bundan başqa, əhalinin şəkərli diabetə dair maarifləndirilməsi, şəkərli diabet xəstələrinin ömürlərinin uzadılması, həyat keyfiyyətinin yaxşılaşdırılması və bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılması da bu sənədin əsas məqsədidir. Maliyyəyə gəlincə, böyük xərclər tələb edən, ağır fəsadlarla müşayiət olunan şəkərli diabetlə xəstə şəxslərin sayının hər il 15 faiz artacağı nəzərə alınır. Bu baxımdan, növbəti illər üçün dövlət tərəfindən ayrılan vəsait də əvvəlki ildə ayrılan vəsaitin 15 faiz artımı nəzərə alınmaqla hesablanmalıdır. Tədbirlər Proqramının reallaşması üçün tələb olunan xərclərin maliyyələşdirilməsi müvafiq illər üzrə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində “Səhiyyə” bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir. Proqram əsasında Səhiyyə Nazirliyi 2012-ci ildə şəkərli diabet xəstələrinin vahid elektron registrinin və məlumat bazasının yaradılmasını başa çatdırmalıdır.

Şəkərli diabetin fəsadlarının profilaktikası məqsədi ilə tibb müəssisələrində təlim məktəbləri şəbəkəsinin genişləndirilməsi isə 2015-ci ilə qədər davam edəcək. Amma şəkərli diabet xəstələrinin insulin və digər şəkərsalıcı dərman preparatları, özünənəzarət vasitələri ilə davamlı təmin edilməsi mütəmadi olaraq həyata keçirilməlidir. Şəkərli diabet xəstəliyinin kompensasiya mərhələsinin müəyyən edilməsi məqsədi ilə tibb müəssisələrinin qlükozalaşmış hemoqlobinin təyini üçün avadanlıq və reaktivlərlə təmin edilməsi də gələn il yekunlaşmalıdır. Şəkərli diabetin diaqnostikası və müalicəsi üzrə klinik protokolların hazırlanması və tətbiqi işi isə 2015-ci ilə qədər davam etdiriləcək. Həmin müddətə qədər Səhiyyə Nazirliyinin qarşısında duran əsas şəkərli diabetə düçar olmuş uşaq və gənclər üçün yay düşərgələrinin təşkili, onların tibb işçiləri və tibbi ləvazimatla təmin edilməsidir. Hər bir xəstəliyin qarşısının alınmasında kadr amilinin mühüm rolu var ki, məhz onların peşəkarlığı sayəsində vəziyyət yaxşıya doğru daha sürətlə dəyişə bilər. Bu baxımdan, adıçəkilən proqramda şəkərli diabetin profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin hazırlanması da əsas yer tutur. 2015-ci ilə qədər ilkin səhiyyə xidməti müəssisələrində çalışan tibb işçiləri üçün şəkərli diabetin aşkarlanması və müalicəsi üzrə treninqlərin təşkili də nəzərdə tutulur.

 

Normal çəkiniz haqqında təsəvvürünüz var?

 

Xəstəliyin qarşısının alınmasında mühüm olan məsələlərdən biri də əhalinin maarifləndirilməsidir. Məsələn, bəlkə də insanların çoxu adıçəkilən xəstəliyin risk faktorları arasında artıq çəkinin yer almasından xəbərsizdirlər. Həkim-endokrinoloq Fərhad Qurbanov hesab edir ki, xüsusən də ikinci tip şəkərli diabetin yaranmasında ən əsas faktor artıq çəki, piylənmə olduğu üçün normal çəkinin nə qədər olmasını bilmək çox vacib və önəmlidir: “Hələ 10 il bundan əvvəl artıq çəkini həkimlər daha çox xarici görünüşün kosmetik defektinə aid edirdilər. İndi isə ÜST piylənməni maddələr mübadiləsinin xroniki xəstəlikləri kateqoriyasına aid edirlər. Hətta onun dəqiq beynəlxalq tərifi də verilib: “ Piylənmə - piyin artıq yığılması ilə xarakterizə olunan, digər sistem və orqanların ciddi ağırlaşmasına gətirib çıxaran xroniki xəstəlikdir. Hal-hazırda Azərbaycanda da 30 yaşdan sonra insanların demək olar ki, əksəriyyətinin çəkisinin artıq olması və normal çəki haqqında təsəvvürlərinin olmaması “həyat tərzi xəstəliklərinin” yaranmasına və diabetin epidemiya şəklində artmasına səbəb olub”. Həkimin sözlərinə görə, hazırda bütün dünyada bədən çəkisi indeksi qəbul olunubbu indeks müvafiq qaydada hesablanır”. Belə ki, bədən çəkisinin kiloqramla miqdarı boyun metrlə kvadratına bölünür. Nəticələrə görə, normal çəki, 19,5 - 24,9, çəkinin normadan aşağı olması 19,5-dən aşağı, artıq çəki 25 - 27,9, piylənmə isə 28-dən yuxarı qəbul olunur: ”Məsələn, əgər sizin çəkiniz 80 kq, boyunuz 1,76 metrdirsə, onda siz 80 kq-ı 1,76-nın kvadratına bölməlisiniz və alınan cavaba əsasən çəkinizin normal olub- olmamağını bilərsiniz : 80 kq / 3,1 m 2 =25,8. yəni sizdə yüngül artıq çəki var”.

 

 

Həqiqət İSABALAYEVA

 

Kaspi.-2011.-13 oktyabr.-S.12.