Vətənpərvərlik - milli-mənəvi

dəyərləri qorumaq yolu

 

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi günümüzün tələblərindən biridir

 

Gənclər, əlbəttə ki, cəmiyyətimizin fəal üzvü kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar. Mən gənclərin fəaliyyətini yüksək qiymətləndirirəm. Həm beynəlxalq müstəvidə, həm də ölkə daxilində mən görürəm ki, bu gün böyüyən gənclər xalqa, dövlətə bağlıdır.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Bu gün Azərbaycan əhalisinin mühüm bir hissəsini gənclər təşkil edir. Ölkəmizin inkişafında gənc nəslin xüsusi çəkisi və rolu var. İndiki dövrdə gənclərin çevikliyi daha çox diqqəti cəlb edirmüasir informasiya-kommunikasiya texnologiyalarının timsalında bu özünü aydın göstərir. Belə bir dövrdə gənclərin necə tərbiyə olunması qarşıda duran mühüm vəzifələrdən biridir. Xüsusilə müstəqil Azərbaycan üçün bu, məlum səbəblər üzündən vacib əhəmiyyət kəsb edir. Digər tərəfdən, gənclərin aparıcı qüvvə olaraq gələcəkdə dövlətin yükünü öz üzərində daşımalı olacağını nəzərə alsaq, onların milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin yüksək səviyyədə inkişaf etdirilməsi ölkənin və dövlətin qarşısında duran prioritet məsələdir. Aydın məsələdir ki, bunları dərk edən gəncdə milli mənlik şüurunun inkişafı yüksək səviyyədə olacaq.

 

Gənclərə sərbəstlik vermək

onlarda məsuliyyət hissi yaradır

 

Gənclərin milli mənlik şüurunun inkişafı hər bir gəncin qismən də olsa sərbəst fikrinin olmasından başlanır. Əgər valideynlər övladlarını millətinə, dövlətinə yararlı vətəndaş kimi görmək istəyirlərsə, birinci növbədə onlara sərbəst düşünmək və qərar qəbul etmək imkanı yaratmalıdırlar. Ailədə uşaqlara sərbəstlik vermək onlarda hardasa məsuliyyət hissi yaradır.

Bir çox ailələrdə gənclərin yerinə valideynlər qərar qəbul edir, onların ali məktəbə ixtisas seçimiya ailə qurmaq məqamında qəti qərar verməklə gəncləri sərbəst düşünməkdən məhrum edir. Belə gənclər öz fikirləri, düşüncələri olmadığına görə valideynləri dünyasını dəyişdikdən sonra ayaqda durmağa çətilik çəkir, müstəqil fikir yürüdə bilmirlər.

Sərbəst düşüncəsi olmayan insanın nə milli mənliyi, nə vətənpərvərliyi, nə də vətəninə layiqli vətəndaşlığı ola bilər. "Mən kiməm, nəçiyəm, yəni mən valideynlərimin dediklərini təkrar etmək üçünmü gəlmişəm bu dünyaya?” Bu cür suallar müstəqil fikri olan, dünyadan baş çıxara bilən gənclərin sonda özünə qapılmasına gətirib çıxarır. Ona görə də valideynlər arasında bu barədə vaxtaşırı maarifləndirmə işinin aparılması təqdir olunmalıdır.

Bu gün əksər gənclər televiziyalarda gedən şou proqramlara baxmağa meyillidirlər. Bu, təbii haldır və gənclərin istəyi nəzərə alınmalıdır. Deməli, gənclərə aşılanmalı olan fikirlər tok-şoular vasitəsilə təqdim olunsa, istər-istəməz belə verilişlərə baxılacaq.

Dəyərlərin qorunmasının cəmiyyətə verdiyi fayda ölçüyəgəlməz dərəcədə böyükdür. Çünki bu, həm də milli kimlik məsələsini özündə ehtiva edir. Bu baxımdan milli mənlik şüurunun vəd etdiyi fayda yetərincə müxtəlif və çoxşaxəlidir. Yetər ki, onun prinsipial əsaslarını qoruyub saxlaya, böyüməkdə olan gənc nəslə aşılaya, çatdıra, təməl prinsiplərini öyrədə biləsən. Ona görə də sözügedən məsələnin cəmiyyətə çatdırılmasında bütün vasitələrdən istifadə etmək lazımdır. Müşahidələr göstərir ki, sözügedən məfhumun qavranılması gənclərin milli dəyərlərə nə dərəcədə bağlı olması ilə ölçülür. Aydın məsələdir ki, bunun üçünbirinci növbədə ailədə, məktəbdə, ictimaiyyətdə müvafiq mühit olmalıdır. Çünki milli mənlik şüuru özünüdərk deməkdir. Milli özünüdərk deyəndə ilk növbədə insan bağlı olduğu tarixi kökü, milli mənsubiyyətini, Vətəninin tarixini bilməli və dərindən təhlil etməyi bacarmalıdır. Hər bir gənc, vətəndaş dərk etməlidir ki, hansı Vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir. Eyni zamanda, milli dəyərlərin tarixin hansı mərhələlərindən keçdiyini bilməlidir.

 

Vətənpərvərlik milli

dəyərlərə bağlılıqdan başlanır

 

Vətənpərvərliyin mahiyyəti Vətənə məhəbbət və öz şəxsi maraqlarını Vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdan ibarətdir. Bu bağlılıq həm də mənsub olduğu millətin etik, mədəni, siyasitarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyatmilli qürur kimi hallanır. Burada Vətənin mədəni incilərini qorumaq da vətənpərvərlik keyfiyyətinə aiddir.

Bu hissin tarixi kökündə min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dininə və adət-ənənələrinə bağlanmış dövlətçilik durur. Millətin və dövlətçiliyin formalaşması şəraitində vətənpərvərlik onun inkişafının ümummilli anlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilir.

Dünyada gedən qloballaşma prosesinin sürətlənməsinin bu məsələyə də mühüm təsiri var. Gənclərimizin əksəriyyəti Avropa dəyərlərini mənimsəməyə çalışır. Düzdür, Avropa dövlətləri böyük inkişaf mərhələsi keçib və hazırda bu coğrafiyada olan ölkələr dünyanın ən inkişaf etmiş dövlətləri sırasındadır. Bu baxımdan da gənclərimizin Avropadan öyrənməli olduğu çox zəruri məsələlər var. Ancaq bəzən Avropa dəyərləri altında gənclərimiz elə təbliğatın təsirinə düşür ki, bu həm bizim milli, mental, həm də dini dəyərlərimizlə kəskin ziddiyyət təşkil edir. Ona görə də milli şüuru aşındıran, vətənpərvərlik hisslərini öldürən, adət-ənənəmizlə tamamilə ziddiyyət təşkil edən təbliğatın qarşısı kəskin şəkildə alınmalıdır.

Burada mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də gənclərin Avropa və bəşəri dəyərlərlə milli dəyərləri düşüncəsində, həyat tərzində uzlaşdıra bilməsidir.

 

Milli və dünyəvi dəyərlər vəhdətində

 

Məsələ ondadır ki, kosmopolit düşüncə tərzinin hakim olması xalqın sahib olduğu dəyərləri deqradasiyaya uğradır. Elə milli dəyərlərə ifrat bağlılıq da arzuolunan deyil. Çünki bu, gəncləri dünyəvi dəyərlərdən uzaqlaşdırır ki, bu da nəticə etibarilə dövləti, cəmiyyəti müasir inkişafdan kənar saxlayır. Çağdaş dünya reallıqları elədir ki, bəşəri, dünyəvi dəyərlərə yiyələnmədən inkişafa nail olmaq mümkün deyil. Təbii olaraq bu zaman sual ortaya çıxır ki, bu iki faktoru necə bir arada tutmağı bacarasan. Yəni gənclər bunu uzlaşdıra bilsin. Ona görə də sözügedən məsələdə dövrün tələblərinə uyğun bir mexanizm, yanaşma tərzi ortaya qoyulmalıdır. Necə ki, Avropa cəmiyyəti bu sahədə uğurlu vəhdətin tapılmasına sahib ola bilib. Bunun nəticəsidir ki, Avropa gəncləri keçmişlə müasirliyin uğurlu vəhdətini yaradıb. Cəmiyyət bu vəhdətdən ziyan görmür. İş ondadır ki, bu gün Avropa ölkələrinin inkişaf etməsinə baxmayaraq, bütün bunlar onun mədəniyyətini, keçmişini, adət-ənənələrini silib atmır. Hər bir avropalı dünyəvi dəyərlərə hörmətlə yanaşmaqla həm də milliliyinə hörmət edir, onu yaşadır.

Milli dövlətin qarşısında duran ən başlıca işlərdən biri əhaliyə düzgün, sağlam vətəndaşlıq və vətənpərvərlik hisslərini aşılamaqdır. Qloballaşan dünyada sağlam milli-mənəvi dəyərləri qorumaq çox çətindir. Hazırkı dövrün sürətli informasiya, yeni kommunikasiyalar əsri olduğunu nəzərə alsaq, o zaman gənclərin beyninin zərərli ideologiyalarla zəhərlənməsinin qarşısı düşünülmüş metodlarla alınmalıdır. Sözsüz ki, hər bir ölkədə vətənpərvərlik əhval-ruhiyyəsinin səviyyəsi həmin dövlətdə aparılan təbliğatın miqyasından asılıdır. İnsanların mənəvi kamillik, özünüdərk dərəcəsinin yüksəldilməsi istiqamətində işlərin görülməsi milli ideologiyanın tərkibi olmalıdır.

Bir faktı da qeyd etmək lazımdır ki, ümumbəşəri dəyərləri mənimsəmək üçün gənclərimiz daha çox mütaliə etməlidir. Bəşəri dəyərlərə bağlı olan klassikləri oxumadan fərd heç vaxt müasirləşə, dünya xalqlarının bəşəriyyətə verdiyi töhfələri qiymətləndirə bilməz.

 

Gənclərimiz dünya mədəniyyətinə

çıxış yollarını axtarmalıdır

 

Öz xalqını, torpağını sevməyən insan, öz ölkəsinin nailiyyətlərinə, qələbələrinə sevinməyən, belə məsələlərlə fəxr etməyi bacarmayan gənc başqa xalqların da dəyərli xüsusiyyətlərini, tarixə verdiyi nemətlərini qiymətləndirə bilməz. Tarix boyu belə olub ki, böyük şəxsiyyətlər, dahi yazıçılar həmişə insanlara milli dəyərlərlə bərabər, bəşəri dəyərləri də sevməyi tövsiyə edib. Milliliklə bəşəri dəyərlərin vəhdətindən gözəl formul yoxdur. Dünyada təcrid olunmuş insan yoxdur. Hər bir millətin ayrıca öz ərazisi, tarixi, öz milli adət-ənənəsi olsa da, hər halda, dünya ilə hər zaman inteqrasiyadadır. Bu mənada fərd təkcə öz xalqının mədəniyyəti ilə məşğul olmamalıdır. Gənclərimiz dünya mədəniyyətinə çıxış yollarını axtarmalıdır.

Azərbaycan gəncliyinin problemləri, qarşıda duran vəzifələr və gənclik ictimaiyyətinin indiyə qədər qaldırdığı məsələləri özündə ehtiva edən yeni dövlət proqramı qəbul edilib. Həmin proqramın hərbi vətənpərvərliklə bağlı maddələri var ki, orada bir sıra prinsipial məqamlar kifayət qədər dolğun şəkildə əks olunub. Çox xoşdur ki, müvafiq dövlət orqanları gənclərin vətənpərvərlik tərbiyəsi məsələsinə proqram səviyyəsində münasibət bildirir.

Azərbaycan dövləti demokratik prinsiplərə önəm verən bir idarəetmə mexanizminin bütün sahələrə tətbiqində maraqlıdır. O cümlədən gənclərin ümumbəşəri dəyərləri mənimsəməsinə də xüsusi diqqət yetirir. Dövlətin gənclərlə bağlı qəbul etdiyi proqramlar, onların xarici ölkələrdə dövlət hesabına təhsil alması üçün yaradılan şərait qeyd etdiyimiz dəyərlərin mənimsənilməsinə, onların vətənpərvər bir vətəndaş olmasına yönəlib.

 

Dayandur Tağıyev

 

Yazı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun milli mətbuatımızın 141 illiyi münasibətilə elan etdiyi müsabiqəyə təqdim olunmaq üçün hazırlanıb.

 

Kaspi.- 2016.- 5 iyul.- S.10.