Sol əlim sağ əlimi üstələdi 

 

Solaxayları sağa meyilləndirməyin, təhlükəli heç nə yoxdur

 

13 avqust Ümumdünya Solaxaylar günü kimi qeyd olunur. Bu günlə bağlı ilk tədbir 1992-ci ildə britaniyalı solaxaylar klubunun təşəbbüsü ilə qeyd olunub. Klubun əsas narahatçılığı ölkənin bir çox məktəbində solaxay uşaqların əvvəlki kimi sağ əllə yazmağa məcbur edilməsindən ibarət idi. Müşahidələrə görə, bu da şagirdlərdə psixi stress yaradır və onların davamiyyətini aşağı salırdı. Həmin gün bütün dünya solaxayları məhsul istehsalçılarının diqqətini onların da tələbatlarına yönəltməyə çalışır, müxtəlif yarış və tədbirlər təşkil edirlər.

 

İblis əməli?

 

Statistik məlumatlara görə, dünyada 500 milyon solaxay yaşayır. Solaxaylar tarixən xoşagəlməzliklərlə üzləşiblər. Məsələn, orta əsrlərdə solaxaylıq iblis əməli hesab edilirdi. Həm xaçpərəstlər, həm də müsəlmanlar solaxaylığı şər qüvvələrlə bağlayırdılar. Müsəlman adətlərinə görə,  "natəmiz" əllə xörək yemək və yuyunmaq qadağandır. Qədim Avropa tayfalarından olan keltlərdə isə bədənin sol tərəfinə görə axirət dünyasının qüvvələri cavab verirdi. Hətta Avropada solaxayların təqib olunduğu vaxtlar da olub.

Elə müasir dövrümüzdə də solaxaylar üçün bütün qapılar açıq deyil. Məsələn, Yaponiyada ər arvadının solaxay olduğunu bilərsə, onu boşaya bilər.

 

Mülahizələr

 

Alimlər indiyədək solaxaylığın yaranma səbəbləri ilə bağlı yekdil bir rəyə gələ bilməyiblər. Əksər alimlərin  fikrincə, solaxayların sayının artması cəmiyyətin intellektual səviyyəsini qaldırır. Son yüz ildə Böyük Britaniyada solaxayların sayının dörd dəfə artmasını qadınların daha yaşlı vaxtlarında ana olmaları ilə əlaqələndirirlər. Proqonozlara görə, onların uşaqlarının solaxay olmaq şansı daha çoxdur. London Universitetinin tibb fakültəsinin alimləri bildirirlər ki, solaxayların sayının artması cəmiyyətin intellektual səviyyəsinin yüksəlməsi və hətta riyaziyyat, incəsənət və idman sahələrində əsl dahilərin yaranmasına gətirə bilər.

Solaxaylarla bağlı ən geniş yayılmış mülahizə isə beynin sağ və sol yarımkürələri arasındakı funksiyanın bölüşdürülməsidir. Eyni zamanda, solaxaylığın genetik səbəblərə əsaslandığını düşünürlər. Bu yaxınlarda Britaniya tədqiqatçıları bunu təsdiq edən genləri aşkar ediblər. Belə ki, sağəlli insanlarda beynin sol yarımkürəsi nitq və dilə, sağ tərəfi isə hissiyyatlara nəzarət edir. Lakin solaxaylarda bunun tamamilə əksi müşahidə olunur.

 

Məşhur solaxaylar

 

1921-ci ildə psixologiya ilə bağlı nəşrlərin birində solaxaylar kəmağıllar kimi göstərilir. XX əsrin sonunda isə tamam başqa bir nəzəriyyə ortaya çıxır. Bir sıra dahi şəxsiyyətlərin, rəssamların, ixtiraçıların, aktyorların solaxay olduğunu nəzərə alaraq, bu təzahür dahiliyin əlaməti kimi qiymətləndirilməyə başlanır. Belə bir maraqlı fakt da qeydə alınıb ki, Amerika prezidentləri - Cerald Ford, Ronald Reyqan, Corc Buş ata, Bill Klinton, Corc Buş solaxay olub. Hazırkı prezident Barak Obama da solaxaydır. Eləcə də tanınmış şəxsiyyətlər arasında Mikelancelo, Leonardo da Vinçi, Yuli Sezar, Janna d’Ark, Napoleon, Uinston Çörçil, ingilis kraliçaları Viktoriya və Yelizaveta, şahzadə Çarlz və onun oğlu şahzadə Vilyam, tanınmış fizik Maksvell, Pele, Merilin Monro, Pol Makkartni solaxay olublar. Eləcə milyarder Bill Geyts, Hollivud ulduzları - Robert De Niro, Tom Kruz Nikol Kidman da solaxaydırlar. Tədqiqatlara görə, solaxaylardan həm ekstrasens çıxır.

 

Qüsur, yoxsa psixi hərəkət?

 

Bəzi psixoloqlar hesab edirlər ki, solaxaylıq qüsur yox, beyin quruluşundan asılı olaraq, irsən keçən psixi hərəkətdir. Belə ki, sağ əl beynin sol yarımkürəsi, sol əl isə sağ yarımkürəsi ilə idarə edilir. Alimlərin fikrincə, istənilən informasiyanı sağ yarımkürə daha tez mənimsəyir. bu üzdən solaxaylar informasiyanı tez effektli qəbul etməklə xüsusi istedada malik olurlar. Avstraliya Milli Universitetinin tədqiqatçıları məyyən ediblər ki, solaxay insanlar kompyuter oyunları oynayarkən ya idmanla məşğul olarkən daha sürətlə düşünə bilirlər: “Solaxayların adətən geniş fantaziyaları, hissiyyatları, musiqi duyumları yaxşı yaddaşları olur. Belə uşaqlar obrazlı fikirləşir yaradıcı olurlar. Bundan başqa, onlar istənilən məkanda asanlıqla istiqamətlənir, orijinallığı obrazlı düşüncələri ilə fərqlənirlər. Buna səbəb solaxaylarda adı çəkilən keyfiyyətlərə cavab verən beynin sağ yarımkürəsinin inkişafıdır. Belə ki, beyində informasiyanın çevik ötürülməsi solaxaylara həyatın müəyyən sahələrində üstünlük verir”. Ekspertlərə görə, solaxaylar ümumiyyətlə, beynin hər iki tərəfindən daha asanlıqla istifadə edə bilirlər. Onların fikrincə, sağvərdişlilərdə inkişaf etmiş sol yarımkürə isə riyazi bacarıqlar, məntiqi düşüncə oxuma-yazma texnikasına görə cavabdehdir”. Psixoloqların hesablamalarına görə, solaxaylar arasında istedadlı insanlar 20 faiz, sağvərdişlilərdə isə 5 faizdir.

Bəzi fərziyələrə görə, solaxaylar alkoqola daha meyllidirlər sağvərdişlilərdən 9 il az yaşayırlar. 

 

Valideynin səhvi

 

Solaxayların bəziləri "solaxaylıq kompleksi"ndən əziyyət çəkirlər. Psixoloqların fikrincə, solaxay uşaqlarda kompleks əsasən valideynlərin günahı ucbatından yaranır. Belə ki, əksər valideynlər uşaqlarının solaxay olduğunu bildikdə onları sağvərdişli etməyə tələsirlər. Sağ ələ keçmə solaxaylar üçün əsl stress yaradır. Balaca solaxayın problemi onun əlindəki qələmi soldan sağa keçirmək istədikdə başlayır. Nəticədə uşaqda nevroz, diqqətsizlik, yaddaşın zəifləməsi yazıda problemlər yarana bilər.

Psixoloq Azad İsazadə hesab edir ki, solaxaylara xəstəlik kimi qiymət vermək gülüncdür, bu, sadəcə, fizioloji quruluşdur. Psixoloqun fikrincə, bunun tamamilə irsən keçdiyini demək mümkün deyil. “Fizioloji psixoloji baxımdan solaxaylar başqa adamlardan heç ilə fərqlənmirlər. Hətta elmi ədəbiyyatdla belə bir fakt da tapmaq olar ki, guya solaxaylar böyük istedada malikdirlər. Bu fikirlə tam razılaşmıram”. Azad İsazadə hələ sovet dövründən məktəblərdə solaxayların sağ əllə işləməyə məcbur edilməsini düzgün saymır. “Buna görə bizdə üzdə olan solaxaylar azdır. Qərbdə isə bu, yarıbayarıdır. Hətta Qərbdə onlar üçün xüsusi avadanlıqlar buraxılır. Məsələn, adi qaydada işlədilən tikiş maşını soloxay üçün qəbuledilməzdir. Solaxaylar üçün ayrıca muzey mağazalar fəaliyyət göstərir. Bu, praktiki norma kimi qəbul olunur. Bizim cəmiyyətdə isə solaxayların rifahı üçün heç nəzərdə tutulmayıb. Məsələn, onlar məişətdə digərlərindən fərqli olaraq daha tez-tez narahatlıqlarla üzləşirlər. Çünki istifadə edilən bütün əşyalar mexanizmlər sağ əl üçün nəzərdə tutulub. Solaxaylar isə bu vəziyyətə uyğunlaşmaq istəyəndə çətinliklə üzləşirlər”.

Psixoloqun fikrincə, solaxaylar üçün problem yalnız o zaman yaranır ki, onları sağ əllə işləməyə məcbur edirlər. Bu onlarda psixoloji problem yaradır. Bunu cəmiyyət valideynlər tərəfindən solaxayların hüququnu pozmaq, eyni zamanda, onlara vurulan psixoloji zərbə kimi qəbul etmək olar. A.İsazadə hesab edir ki,  uşağın "hamı kimi" olmaması qorxulu deyil. Əgər uşağa onun əksəriyyətdən fərqləndiyi deyilməsə, problem yaranmaz. Çünki solaxaylar reallıqda hamı kimi cəmiyyətin heç kəsdən fərqlənməyən üzvləridir.

 

 

Təranə Məhərrəmova 

 

Kaspi. -2010. -14-16 avqust. – S.6.