“Bizim institut intellektual sərvət yaradır” 

 

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, millət vəkili Gövhər Baxşəliyeva AZADİNFORM-a müsahibəsi

 

- Gövhər xanım, son dövrlər Azərbaycan elminin inkişafı, onun yüksəlişi istiqamətində ciddi addımların atılması məsələsi diqqət mərkəzindədir. Bu baxımdan Şərqşünaslıq İnstitutu elmimizə töhfə olacaq yeni ideyalar  üzərində çalışırmı?

- Son illər Azərbaycan elminin inkişafı üçün dövlət tərəfindən çox önəmli addımlar atılır. Bildiyimiz kimi, hörmətli Prezidentin müvafiq Fərmanı ilə Azərbaycan elmində islahatların aparılması üzrə Dövlət Komissiyası yaradılmışdı. Bu komissiya Azərbaycan elminin inkişafı üçün Milli Strategiya və bu Strategiyanı həyata keçirmək üçün 2009-2015-ci illəri əhatə edən Dövlət Proqramı hazırladı. Həmin proqram da prezident tərəfindən təsdiq olundu. Növbəti addım kimi, Azərbaycan elminin maliyyələşmə prinsiplərini təkmilləşdirmək,  ümumiyyətlə elmin inkişafını daha da stimullaşdırmaq üçün Prezident yanında Elmin İnkişafı Fondu yaradıldı. Təbii ki, respublikanın digər elmi mərkəzləri, institutları kimi, bizim institut da Elmin İnkişafı Fonduna müəyyən layihələr hazırlayıb təqdim edəcək. Bu baxımdan biz də,  elmimizin inkişafında maraqlıyıq və yeni ideyalar üzərində çalışırıq.

- Elmin inkişafında hansı problemlər, maneələr görürsünüz?

- Azərbaycan elminin inkişafının Milli Strategiyasında elmin qarşısında hansı məsələlərin durduğu, həmçinin yaxın vaxtlarda hansı məsələlərin öz həllini tapması müəyyənləşib. Bu, ilk növbədə azərbaycançılıq məfkurəsinə xidmət etmək, elmin Azərbaycan cəmiyyətinin sosial-iqtisadi və mədəni problemlərinin  həllinə yönəldilməsi, Azərbaycan elminin çevikliyinin təmin olunmasıdır. Sirr deyil, ki, AMEA sovetlər dönəmindən qalmış bir qurumdur və o dövrdə bu qurumun işi elə təşkil olunmuşdu ki, bir qədər çeviklik təmin olunmurdu. Yəni, o dövrdə akademiyanın institutları əsasən fundamental elmin inkişafı ilə məşğul olurdular. Burada fundamental elmi tədqiqatlar aparılırdı ki,  bunlar da istənilən elm sahəsinin əsasını təşkil edirdi.  Amma biz artıq müstəqil dövlətik və Azərbaycan dünya elmi məkanına inteqrasiya olunur. Müasir elm  daha da çeviklik tələb edir. Bu baxımdan biz də öz planlarımızda  bir sıra dəyişikliklər etmişik.  Yəni biz, fundamental elmlə bərabər, bilavasitə tətbiqi xarakter daşıyan müasir Azərbaycanın tələbatına cavab verən və onu ödəyən elmi əsərləri də hazırlayırıq. Məlumdur ki, fundamental elmi əsərlər geniş oxucu kütləsi üçün deyil, müəyyən elmi dairələr üçün hesablanıb. İndi bizim bir vəzifəmiz də, həmin əsərlərlə bərabər, populyar elmi əsərlər hazırlamaq və onu, tez bir zamanda çap edib geniş ictimaiyyətə çatdırmaqdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra dərk etdik ki, Şərqşünaslıq İnstitutda da ərəbşünaslıq, iranşünaslıq və türkologiya ilə bərabər, şərqin digər ölkələrini də öyrənməliyik. İndi bizdə çinşünaslıq da öyrənilir və bu sahədə iki mütəxəssisimiz var. Artıq bununla bağlı iki kitab da nəşr etmişik və müdafiəyə bir dissertasiya təqdim olunub. Həmçinin Yaponiya  üzrə aspirantlara mövzu veririk. İsrail-Ərəb, İsrail-ABŞ, İsrail-Azərbaycan münasibləri ilə bağlı mövzular verilir. İlk növbədə çalışırıq ki, Şərq dövlətləri ilə Azərbaycanın münasibətlərini və onun inkişaf perspektivlərini öyrənək. Bundan başqa, institutda 5 ildən artıqdır ki, Şərq-Qərb şöbəsi fəaliyyət göstərir.  Bu şöbədə də qarşılıqlı tarixi, iqtisadi, mədəni əlaqələr müfəssəl şəkildə öyrənilir.  Elmin əsas problemlərindən biri də, elmi əməkdaşların məvacibinin aşağı olmasıdır.

-Azərbaycan gəncinin elmə marağını necə qiymətləndirirsiniz, elmə axın var, yoxsa elmdən axın var?

- Müstəqilliyin ilk dövrlərində – iqtisadi böhranın geniş vüsət aldığı vaxtda,  əlbəttə ki, elmə axın yox idi. Əksinə, elmdən axın var idi. Təəssüf ki, o zaman bir sıra istedadlı kadrlarımızı itirdik. Amma son 7-8 ildə elmə güclü  axın başlanıb. Bunlar arasında həm gənclər, həm də, nə vaxtsa elmi məvacib azlığından tərk edənlər var. Onu da deyim ki, bizim gənclər indi, diametral şəkildə iki hissəyə bölünüb. Elələri institutu bitirərək iş axtarmaq məqsədilə bura gəlirlər. Bəzilərinin qarşısına ərəbcə qoyulan kitabı hecalaya bilmirlər. Bəziləri isə yüksək səviyyəli və çox savadlı gənclərdir. Ümumiyyətlə, mən belə istedadlı gəncləri axtarıram. Həmin gəncləri institutda müəyyən müsahibədən, mütəxəssislərin rəyindən və aspirantura, dissertanturanı uğurla müdafiə edəndən sonra işə götürürük.

- Şərqşünaslıq İnstitutu elmi araşdırmalardan əldə etdiyi pozitiv nəticələri təcrübədə necə tətbiq edir?

- Bilirsiniz ki, bizim  institut intellektual sərvət yaradır və yaranan bu intellektual sərvətin istənilən cəmiyyət üçün böyük qiyməti var. Cəmiyyət necə istifadə edir? Birincisi, nəşr etdiyimiz əsərlər, elmi auditoriyaya hesablanıb, ondan alimlər istifadə edir. Amma eyni zamanda, bu, fundamental əsər olaraq, istənilən digər elmi araşdırmanın əsasında duran elmi ədəbiyyatdır. Məsələn, ərəb tarixindən, ədəbiyyatından  əsər yazanda bizim institutun elmi nəşrlərinə müraciət etməmək mümkün deyil. Elmi nəşrlərimizi nəinki bizim alimlər, eləcə də MDB-nin digər ölkələri, hətta Şərq ölkələrinin alimləri tərəfindən mütləq öyrənilir. Yaratdıqlarımız həmçinin tələbələr tərəfindən kurs, diplom işlərində istifadə olunur. Əsərlərimizin bir qismi də orta əsr mənbələrinin tərcüməsidir. Bu da, həm Şərq ölkələri, eyni zamanda da Azərbaycanın tarixi və mədəniyyətinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. Nəşrlərimiz əsasən Ərəb mənbələri əsasında yazılanlardır. Yəni o mənbələr,  araşdırılmasaydı bizim qədim tariximizi canlandırmaq bir qədər müşkül olardı.

- Ali təhsil ocaqlarında tədris olunması vacib sayılan yeni dərsliklərə nə dərəcədə ehtiyac var?

- Ali təhsil müəssisələrində Ərəb Ədəbiyyatı, Ərəb Ölkələrinin Tarixi dərsliklərinin yenidən yazılmasına ehtiyac var. Çalışırıq ki, bu istiqamətdə nəyə ehtiyac olduğunu müşahidə edək.

-Azərbaycan elmi dünya elminin diqqətini cəlb edə biləcək hansısa uğura imza ata bilərmi?

- Hesab edirəm ki, ata bilər. Birincisi, biz bəzən ifrat dərəcədə özümüzü aşağılayırıq. Düzdü, özünütənqid yaxşı əlamətdir. Ancaq ifrat dərəcədə olmaz. Məsələn, bəzən Azərbaycanın özündə görürsən ki, bizim əsərlərə qiymət verilmir, amma xaricdə qiymət verilir. Şərqşünaslıq sahəsində yaratdığımız elmi-təhlili, tədqiqi  əsərlər İran, Türkiyə, həm də Ərəb ölkələrində yarananlardan güclüdür. Mən tədqiqatları nəzərdə tuturam. Adları çəkilən ölkələr bir növ hələ orta əsrlərdən irəli gələn təsvirçiliklə məşğuldur. Yəni, faktların toplanması və təsvirçilik. Elmi-nəzəri təhlil o əsərlərdə ya aparıla bilmir, ya da zəif şəkildə aparılır. Odur ki, İran, Türkiyə və Ərəb ölkələrindən bura alimlər gələndə bizim əsərlərə valeh olurlar. Bizim çox əsərlərimizi ölkələrinə də aparırlar.

Yeri gəlmişkən, institutun qarşısında duran böyük problemlərdən biri də, rus və Azərbaycan dillərində yaratdığımız o əsərləri tədricən digər ölkələrin dillərinə tərcümə etməkdir. Çünki həmin ölkələrdə bizim əsərlərə böyük tələbat var.

- Azərbaycan elmində yaşlaşma, təcrübəli gənc kadrların isə qıtlığı ilə bağlı fikirlərə münasibətiniz maraqlı olardı

- Ümumiyyətlə gənc kadrların yetişdirilməsi həmişə zəruri məsələdir.  Düzdü, bir nəsil gedir, digəri gəlir. Bu da, diqqətdə saxlanılmalıdır. Amma burada digər məsələ də var. Məsələn, elmi işçi, alim futbolçu deyil. Yəni, elə sahələr var ki, orada insanın fiziki cəhətdən daha gənc, daha güclü olması lazımdır. Amma elm elə fəaliyyət növüdür  ki, burada 30 yaşında gənc alim nə qədər istedadlı olsa da, onun 60 yaşındakı alim qədər qabiliyyəti ola bilməz. Çünki 60 yaşlı  alimdə  illərlə toplanan təcrübə, elmi səriştə var. Düzdü, xəstəliyi imkan verməyənlər təqaüdə çıxmalıdır. Mən təsəvvür edə bilmirəm ki, bizim instituta gələn gənc tələbələrə, aspirantlara 30 yaşında gənci elmi rəhbər təyin edək. Əlbəttə, onlara elmdə uzun illər çalışmış, püxtələşmiş alim elmi rəhbər olmalıdır və o alim də özünə yeni-yeni tələbələr yetişdirməlidir. Bu, elmdə hər zaman belə olub. Elmdə mümkün deyil ki, bir əmrlə 70 yaşına çatmış alimlərin hamısını təqaüdə çıxardaq. Onların içərisində çox gözəl alimlər var. Onların təcrübəsindən istifadə etməliyik.

-Həmin yaşlı alimlər elmi-texniki tərəqqi, informasiya-kommunikasiya texnologiyaları ilə ayaqlaşa bilirlərmi?

- Düzdü, indi gənclər kompyteri, İKT-ni daha yaxşı bilirlər, internetdən daha yaxşı istifadə edirlər. Amma elmin elə sahələri də var ki, onlarla  bağlı  internetdə heç bir məlumat yoxdur. Məsələn, qədim  mənbələri. Bunun üçün mütləq illər boyu oturub araşdıran, bu qabiliyyəti özündə yetişdirən insanlar lazımdır. Bəzi əlyazmaları oxumaq üçün isə uzun illərin gərgin əməyi lazımdır. Yəni buna, xüsusi yetişdirilmiş insanlar lazımdır. Siz elə bilirsiniz ki, hər ərəb dilini bilən, həmin o əlyazmaları oxuya bilir? Yox, belə deyil. Müasir ərəb dilini lap əla bilmək olar, ancaq o əlyazmaları oxumaq mümkün olmayacaq. Odur ki, o əlyazmaları oxumaq üçün həmin şəxs yetişməlidir. Yetişməsində isə ona yaşlı, səriştəli alimlər kömək etməlidir.

- İnstitut əməkdaşlarının beynəlxalq konfranslarda iştirakı, dünyanın tanımış elmi jurnallarında məqalələrinin çap edilməsi hansı səviyyədədir?

- İnstitutumuz Akademiyanın digər institutları içərisində xarici konfranslarda ən çox iştirak edən qurumdur. Bəlkə də birincisidir. Məsələn ötən il 50-dən artıq əməkdaşımız beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış ediblər. Onların məruzələri xaricdə çap olunub. Onu deyim ki, şərqşünaslığa dünyada maraq artır. Çünki, Yaxın və Orta Şərq həmişə qaynar bir nöqtə olub, enerji daşıyıcıları ilə zəngin regiondur. Bu baxımdan bütün dünyanın nəzər və diqqətini  həmişə özünə cəlb edib. Hətta əvvəllər şərqşünaslıq elmi olmayan xarici ölkələrdə bu mərkəzlər indi geniş yayılır. Cari  il institut əməkdaşlarının 20-dən artıq kitabı nəşr olunub. Çoxsaylı beynəlxalq və yerli konfranslar keçirmişik. Bundan başqa, institut əməkdaşlarının xaricdə nəşr olunan elmi məcmuələrdə, o cümlədən Kanada, Almaniya, İranda 200-dən artıq elmi məqaləsi və bir neçə kitabları işıq üzü görüb.

- Beynəlxalq əməkdaşlıqla bağlı yeni planlar düşünürsünüzmü?

- Əlbəttə, yeni planlarımız var. Bu planlar çərçivəsində dünyanın bir sıra xarici ölkə kitabxanalarında, fondlarda araşdırma aparmaq istəyirik. Bununla bağlı bir sıra layihələr hazırlamışıq və bu günlərdə Elmin İnkişafı Fonduna təqdim edəcəyik. Bizim alimlərin maliyyə üzündən imkanı olmayıb ki, sistemli şəkildə dünya əlyazmaları mərkəzindən, fondlardan, kitabxanalardan Azərbaycana aid materiallar, o cümlədən əlyazmaları toplayıb ölkəyə gətirsinlər. Olub ki, qısa müddətli xarici səfərlərdə vaxt olmadığı üçün ölkəmiz haqqında 1-2 əlyazma gətirilib. Məsələn, mən Misirdən 7 qədim xəritə gətirmişəm. Üç günlük səfərim çərçivəsində 4 saat vaxtım oldu və mən Misirin “Dər-əl-kütub” kitabxanasına getdim. Orada 15 min xəritə saxlanılır. Dörd saat ərzində neçə xəritəyə baxmaq olar? Ancaq mən oradan 7 xəritə tapdım ki, o da Azərbaycanın tarixi ərazi  bütövlüyünü müdafiə etmək üçün müstəsna əhəmiyyətə malikdir. Bunula ələqədər Elmin İnkişafı Fonduna müvafiq layihələr təqdim edəcəyik. Məsələn, Misirin İsgəndəriyyə Kitabxanasında 22 min xəritə saxlanılır. Bu xəritələri araşdırmaq lazımdır. Bundan başqa, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri,  Türkiyə, İraq, Suriya, İngiltərə muzeyləri, Oksfordun Bodlean kitabxanasını, Kembriç Universitetinin Əlyazmalar Fondunu, Fransanın Milli Kitabxanasını, ABŞ  kitabxanalarını oturub araşdırmağa ehtiyac var. Bizə lazım olan xəritələr mütləq toplanmalı və nəşr olunmalıdır. Digər xalqlar öz ərazi bütövlüyünü müdafiə etmək üçün tarixi-orijinal xəritələrdən ibarət atlaslar tərtib edərək nəşr ediblər. Təəssüf ki, bizim bugünəcən belə atlasımız  yoxdur.

- Son zamanlar dissertasiyaların zəifliyi, yumşaq desək, bəzi köçürmə hallarının baş verməsi də ara-sıra səslənir. Bu barədə nə deyərdiniz?

- Ümumiyyətlə bu problem son illər elmdə var idi. Bu nə ilə əlaqədardır? Hesab edirəm ki, elmdə kütləvilik olmamalıdır. Bu, bir qədər kütləviliyin nəticəsidir. Yəni, elə elmi rəhbər var ki, beş, eləsinin isə iyirmi tələbəsi var. Bu, qətiyyət düzgün deyil. Çünki həmin elmi rəhbər tələbələrin elmi işləri ilə yaxından tanış olmaq üçün vaxt çatdıra bilməz. Odur ki, elmdə kütləviliyə son qoyulmalıdır. Digər tərəfdən, elmi müdafiə edənlər yalnız elmi və elmi-pedaqoji işlərlə məşğul olan şəxslər olmalıdır. Çünki, müşahidələr göstərir ki, zəif işlər, məhz bu sahədə çalışmayan insanlar tərəfindən təqdim olunur. Elm, elmdə püxtələşməyi tələb edir. Əsl alim gərək elmi kollektivdə yetişsin. Elmdə köçürmə hallarına gəlincə, deyə bilərəm ki, bunun günahı müdafiə edənlə bərabər, onun elmi rəhbərindədir. Çünki, o elmi işi sadəcə, elmi rəhbər buraxmamalıdır. Elmi rəhbər o işi buraxırsa, deməli, həmin rəhbər o işi ya oxumayıb, ya da,  kifayət qədər özü səriştəli deyil.

- Doktoranturaya qəbul qaydaları artıq institutlara, elmi müəssisələrə göndərilib. Yeni qaydaların nisbətən sərt olduğunu deyirlər. Yeni qəbul qaydaları hansısa keyfiyyətə yol aça biləcəkmi?

- Tələbkarlıq daha da artıb. Yəni, hər il, doktorantları attestasiyadan keçirmək məsələsi qoyulub. Bu da, əlbəttə ki, çox müsbət haldır. Doktorantura haqqında sənədlə tanış olduq və müqayisə etdik. Deməzdim ki, köklü dəyişikliklər var. Yəni, əvvəlki aspiranturadakı olan qaydalardır. Təkcə attestasiya məsələsi ciddi qoyulub.

-Qəbul payızda başlayır?

- Belə deyirlər, ancaq hələ sərəncam almamışıq.

- Bunula bağlı hər hansı iş gedirmi?

- Bizdə bu, həmişə hazır proses olub. Biz sərəncam alırıq və sərəncamla birlikdə AMEA-nın Rəyasət Heyəti elan verir. Bundan sonra bir ay müddətində sənədlər qəbul edilir və ondan sonra da imtahanların qəbulu üzrə komissiyalar təşkil edirik. Beləliklə, proses reallaşır.

 

 

Atif EYVAZOV 

 

Kaspi. -2010. – 14-16 avqust. –S.8.