Gəlir məktəb
zamanı
V-XI siniflər üzrə dərsliklərin yerlərə
çatdırılması işi yekunlaşır. Bu il də
məktəblərin dərsliklərlə təminatında
heç bir problem olmayacaq
Dünya təcrübəsi
və təhsilin məzmununda aparılan islahatlar göstərir
ki, dərsliklər yeni, daha səmərəli
məzmun və forma tələb edir. Məhz bu baxımdan, hər
il orta ümumtəhsil müəssisələrinin dərsliklərinin
yenilənməsi məsələsi gündəmə gəlir.
2010-2011-cu tədris ilinə dərsliklərlə
təminata gəlincə, artıq təhsil naziri Misir Mərdanovun
əmrinə əsasən, «Ümumtəhsil məktəbləri
üçün dərsliklərin nəşri, çapı
və paylanması qaydaları»na və “Ümumi təhsil
sistemində dərslik siyasəti” sənədinə uyğun
olaraq 2010-2011-ci tədris ilinə I, III, VI, VIII-XI siniflər
üçün 111 adda dərslik və müəllim
üçün metodik vəsaitin siyahısı, tirajı, həcmi
və formatı təsdiqlənib. Həmin vəsaitlərin
çapı ilə bağlı tender prosedurunun mövcud
qanunvericiliyə uyğun keçirilməsini təmin etmək
isə nazirliyin Dərslik və nəşriyyat şöbəsinin
üzərinə düşür. Bundan başqa, dərslik
komplektlərini qiymətləndirmək üçün Dərslikləri
Qiymətləndirmə Şurasına mövcud qaydada təqdim
etmək, keçid balını toplamış, maliyyə təklifi
qəbul edilmiş və Tender komissiyasının qərarına
əsasən qalib hesab olunmuş dərslik komplektlərinə
qrif verilməsi və dərslik komplektlərinin (dərslik və
müəllim üçün metodik vəsait) çapı
üzrə nəşriyyat-poliqrafiya müəssisələri
ilə müvafiq satınalma müqavilələrinin
bağlanmasını təmin etmək də bu şöbənin
üzərinə düşür. Bu vəzifələrə
2010-2011-ci tədris ilinə çapa təsdiqlənmiş I və
V-XI sinif dərsliklərinin məzmununun, poliqrafik icra keyfiyyətinin
yaxşılaşdırılması məqsədilə orta məktəb
müəllimlərindən ibarət yaradılmış
işçi qruplarının müəllif, elmi redaktor və
nəşriyyatlarla birgə işini təşkil etmək,
ümumtəhsil məktəblərinin I və V-XI sinifləri
üçün dərsliklərin mövcud qanunvericiliyə
uyğun olaraq çapının təşkili və
onların ümumtəhsil müəssisələrinə
bölgü əsasında yeni dərs ilinin əvvəlinədək
çatdırılması ilə bağlı müvafiq tədbirlər
də daxildir. Məktəb kitabxanalarının oxu materialları,
o cümlədən bədii, tədris, ensiklopedik, sorğu
xarakterli və digər ədəbiyyatlarla zənginləşdirilməsini
təmin etmək, xüsusi tipli məktəblər
üçün və milli azlıqların dillərində dərsliklərin
hazırlanması, nəşri və çapı ilə
bağlı işlər də şöbə tərəfindən
həyata keçirilir. Həm ibtidai, həm də yuxarı
sinif şagirdləri üçün daha bir neçə dərsliyin
əvvəlki variantlarda yenidən çap edildiyini deyən Dərslik
və nəşriyyat şöbəsinin müdiri Faiq
Şahbazlının sözlərinə görə, bu il də
istifadə olunacaq dərs vəsaitləri arasında tamamilə
yeni müəlliflərin tərtib etdiyi dərsliklər
olacaq. Belə ki, rus bölməsi üçün «Azərbaycan
dili» dərsliyi, IX sinif şagirdləri üçün
«Coğrafiya», XI sinif üçün «İnformatika», «Ən
yeni tarix», eləcə də «Azərbaycan Respublikasının
Konstitusiyası» dərsliklərini yeni müəlliflər
hazırlayıb. X-XI siniflər üçün
«Biologiya», VIII-IX sinif şagirdləri üçün isə
«Azərbaycan dili» dərsliklərinin hazırlanmasına da
yeni müəlliflər dəvət edilib. Belə ki, orta məktəb
müəllimləri olan bu müəlliflərin prosesə cəlbi
dərsliklərdə ara-sıra müşahidə olunan
problemlərin aradan qaldırılmasında əhəmiyyətli
rol oynayacaq. Nazirlik rəsmisi əlavə edib ki, artıq V-XI
sinif şagirdləri üçün bütün dərsliklərin
rayon məktəblərinə çatdırılması
prosesi yekunlaşmaq üzrədir. Ölkədə dərslik
siyasətinin daim dövlətin diqqət mərkəzində
olduğunu və bu prosesin tamamilə pulsuz həyata
keçirildiyini də deyən şöbə müdiri bu il də
təhsil müəssisələrinin dərsliklərlə təminatında
heç bir problem olmayacağını vurğulayıb:
”Ölkəmizdə dərslik siyasəti «Ümumi təhsil
sistemində dərslik siyasəti» sənədi ilə tənzimlənir.
Bu sənədə əsasən, bütün təhsil
ocaqları şagirdlərin sayına görə dərs vəsaiti
ilə təmin edilir. Yeni dərs ili ərəfəsində
daha bir neçə dərslik yenidən hazırlanıb”.
Tamamilə yeni olan dərs vəsaitləri isə kurrikulum əsasında
ilk dəfə hazırlanan III siniflər üçün 40
adda dərslikləri və müəllimlər
üçün vəsaitlərdir. Xaricdəki Azərbaycan məktəbləri
və “Bazar günü” məktəbləri üçün
də dərslik hazırlanması prosesinin davam etdiyini deyən
F.Şahbazlının sözlərinə görə, 7-10 ölkədə fəaliyyət
göstərən “Bazar günü” məktəbləri
üçün xeyli sayda dərsliyə ehtiyac yaranır. Bu
günlərdə Moskvada fəaliyyət göstərən
157 saylı məktəbə kitab göndərən nazirlik
ümumilikdə həmin məktəblərin
ehtiyaclarını ödəməyə çalışır.
Amma hələ ki Gürcüstan və Dağıstanda fəaliyyət
göstərən Azərbaycan məktəblərinin dərslik
tələbatı müəyyənləşməyib. Bunu
öyrənmək niyyətində olan nazirliyin müraciətinə
isə hələlik heç bir rəsmi cavab gəlməyib.
Ümumiyyətlə, Gürcüstandan ölkəmizə verilən
sifarişlərdə azalma müşahidə olunur. Səbəb
isə adıçəkilən ölkənin özündə
Azərbaycan məktəbləri üçün də dərsliklərin
hazırlanmasıdır.
Həqiqət İsabalayeva
Kaspi. -2010. -21-23 avqust. – S.4.