İlham Əliyev: «Mən jurnalistləri vətənpərvərliyə çağırıram» 

 

Heydər Əliyev İrsini Araşdırma Mərkəzi və «Kaspi» qəzetinin birgə hazırladıqları kitab belə adlanır

 

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin və «Kaspi» qəzeti «İlham Əliyev: «Mən jurnalistləri vətənpərvərliyə çağırıram» adlı kitab nəşr edib.

Kitabda cənab Prezidentin milli mətbuatın 135 illik yubileyinin geniş qeyd edilməsi barədə sərəncamından iyul ayının 22-nə – milli mətbuat gününə qədər dövlət səviyyəsində görülmüş tədbirlər Azərbaycan və ingilis dillərində oxuculara çatdırılır. Milli mətbuatımızın 135 iliyinin yüksək səviyyədə və olduqca geniş miqyasda qeyd olunması Azərbaycanda fəaliyyət göstərən KİV-lər üçün dövlət qayğısının bariz nümunəsi olmaqla yanaşı, onların gələcək inkişafı üçün böyük perspektivlər açmış oldu. Ümumilikdə, 2010-cu ilin iyul ayı Azərbaycan milli mətbuatının 135 illiyi ilə bağlı tədbirlərin keçirilməsinə həsr olundu. Bütün bölgələrdə, nazirliklər və digər qurumlarda bu kimi tədbirlər keçirilərək fərqlənmiş jurnalistlər mükafatlandırıldı.

Kitabın elmi məsləhətçisi və ön sözün müəllifi Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovdur.

Ön sözdə qeyd olunur ki, iyunun 10-da cənab prezident İlham Əliyev milli mətbuatın 135 illik yubileyinin geniş qeyd edilməsi barədə sərəncam imzaladı. Həmin sərəncamda respublikanın şəhərlərində və paytaxtda yubiley tədbirlərinin keçirilməsi, mətbuat işçilərinin mükafatlandırılması, fəxri adların verilməsi ilə bağlı bəndlər vardı. Sərəncamdan irəli gələn vəzifələri yerinə yetirmək üçün Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev imzaladığı tədbirlər planında respublikanın bir çox regionlarında tədbirlərin geniş keçirilməsi nəzərdə tutulurdu. Bu tədbirlərdən 6-ı Zərdab, Yevlax, Gəncə, Şəki, Lənkəran və Xaçmazda baş tutdu. Sonuncu tədbir isə 22 iyul tarixində “Gülüstan” sarayında geniş ictimaiyyət və mətbuat nümayəndələrinin iştirakı ilə keçirildi.

Prezident İlham Əliyevin iyulun 22-də imzaladığı “Azərbaycan Respublikasının mətbuat işçilərinə fəxri adların verilməsi haqqında” Sərəncama əsasən Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə 38 nəfərə “Əməkdar Jurnalist”, 15 nəfərə “Əməkdar Mədəniyyət işçisi” və 1 nəfərə “Əməkdar Mühəndis” fəxri adları verildi. Eyni zamanda 38 nəfər “Tərəqqi” medalı ilə təltif edildi.

Dövlət başçısının həmin tarixdə imzaladığı “Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsi və Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında” Sərəncama əsasən isə Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi və bir sıra kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi məqsədi ilə Prezidentin Ehtiyat Fondundan bir milyon manat məbləğində vəsait ayrıldı.

Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 280 min manat məbləğində birdəfəlik maliyyə yardımı edildi, 32 qəzet redaksiyasının hər birinə 20 min manat, 8 informasiya agentliyinin hər birinə 10 min manat birdəfəlik maliyyə yardımı ayrıldı.

Bundan başqa, cənab Prezident jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış evlərinin tikilməsi üçün Prezidentin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat maliyyə vəsaitinin ayrılması haqqında qərar qəbul edib.

Xüsusi vurğulamaq lazımdır ki, il ərzində jurnalistlər üçün nəzərdə tutulan müsabiqələrin sayı nəzərə çarpacaq qədər artdı, müxtəlif dövlət qurumları bu işə yaxından dəstək oldular.

Əli Həsənovun kitabın ön sözündə xüsusi qeyd edir ki, Prezident İlham Əliyev Mətbuat Şurasının İdarə Heyətinin üzvləri keçirdiyi görüşdə medianın bugünkü vəziyyətini müsbət qiymətləndirildiyini vurğuladı: «Hesab edirəm ki, bizim mətbuatımız böyük və uğurlu yol keçibdir. Elə etməliyik ki, problemlərin həlli işində birgə fəaliyyət göstərək. Bu, bizim ümumi işimizdir. Bizim ümumi məqsədimiz ondan ibarət olmalıdır ki, Azərbaycanı hərtərəfli şəkildə inkişaf etdirək, müasir dövlətə çevirək, dünyada mövcud olan bütün mütərəqqi təcrübəni tətbiq edək, insanların bütün azadlıqlarını təmin edək, hüquqi dövlət quruculuğu işində daha da böyük addımlar ataq. Ancaq bu halda Azərbaycan uzunmüddətli və dayanıqlı inkişaf imkanlarını tam şəkildə ortaya qoya bilər».

Cənab prezident çıxışında jurnalistlərin məsuliyyəti ilə bağlı mövqeyini bildirdi və öz tövsiyələrini verdi: «Jurnalistlər çox məsuliyyətli olmalıdırlar. Burada qərəzsiz mövqe çox vacibdir. Mən media sahəsində gələcək inkişafı müstəqil, sözün əsl mənasında müstəqil medianın gücləndirilməsində görürəm. Çünki hələ ki, bizdə bu sahədə, xüsusilə yazılı mediada siyasiləşmə meyilləri çox güclüdür. Ola bilər ki, bu, müəyyən mərhələdə - Azərbaycanda siyasi sistem, siyasi münasibətlər formalaşdığı bir dövrdə qaçılmaz idi. Ancaq mən hesab edirəm ki, bu gün medianın inkişafı üçün siyasiləşmə prosesi gərək azalsın. Çünki birinci növbədə, Azərbaycan cəmiyyəti siyasiləşmiş cəmiyyət deyildir. Azərbaycan cəmiyyəti vətənpərvər cəmiyyətdir». Cənab prezident dövlətin müstəqil Azərbaycan mediasının inkişafına daim dəstək olacağının vurğulayaraq, jurnalistləri vətənpərvər olmağa çağırdı. Ümumiyyətlə dövlət başçısının konsepsiya xarakterli çıxışı Azərbaycan dövlətinin jurnalistikanın, xüsusən də müstəqil mətbuatın inkişafına verilmiş yüksək qiymət kimi dəyərləndirilməlidir.  

Professor Əli Həsənov yazır ki, Heydər Əliyev İrsini Araşdırma Mərkəzi və "Kaspi" qəzetinin birgə ərsəyə gətirdiyi kitab müstəqillik illərində Azərbaycanda söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi məqsədilə həyata keçirilən dövlət siyasəti haqqında obyektiv təsəvvür formalaşdırılması üçün lazımlı əyani vəsait, milli mətbuatımızın 135 illiyinə layiqli hədiyyədir və ümidvaram ki, oxucuların ürəyincə olacaqdır. 

 

 

Kaspi. – 2010. - 27 avqust. – S.3.