Bütün zamanların rejissoru 

 

Fəxri adı olmasa da, öz heykəlini yaradan Kamil Rüstəmbəyov

 

Sragagün Muzey Mərkəzində Dövlət Film Fondunun təşkilatcılıgı ilə görkəmli televiziya və kino rejissoru Kamil Rüstəmbəyovun 85 illiyinə həsr olunan gecə keçirildi. Milli kino və televiziya tarixində özünəməxsus yeri olan sənətkarın yaradıcılıgının ayrı-ayrı səhifələri tədbir iştirakcıları üçün vərəqləndi.

Gecəni giriş sözü ilə açan Əməkdar incəsənət xadimi Aydın Kazımzadə görkəmli rejissorun həyat və fəalliyyəti haqqında məlumat verərək bildirdi ki, o, 1953-cu ildə Azərbaycan Dövlət Teatr İnstitutunu bitirib. 1956-cı ildə televiziyada fəaliyyətə başlayanda K.Rüstəmbəyov məsul redaktor vəzifəsində çalışıb. O, Azərbaycan televiziyasının ilk yaradıcılarından biri olub. Sonradan Kamil müəllim televiziyada böyük rejissor, baş rejissor işləyib, bir sıra maraqlı verilişlər hazırlayıb.

1960-cı ildə o, milli televiziyanın tarixində ilk dəfə olaraq Səməd Vurğunun "Aygün" poeması əsasında eyniadlı tammetraylı bədii film çəkib. Bundan sonra televiziyada "Zəncirlənmiş adam" bədii televiziya və bir sıra sənədli televiziya filmlərinin, film-konsertlərin quruluşçu rejissoru kimi tanınıb.

1966-cı ildə K.Rüstəmbəyov C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına işə dəvət olunub, burada o, "Dağlarda döyüş", "Axırıncı aşırım", "Dərviş Parisi partladır" (Şamil Mahmudbəyovla birgə), "Gözlə məni" filmlərini çəkib.

"Kfmil Rüstəmbəyov istər kinoda, istərsə də televiziyada gördüyü işlərlə özünə əbədiyyət qazanmış, əsl kişilərə xas olan keyfiyyətləri ilə yaddaşlara həkk olan sənətkarlardandır" - deyə A.Kazimzadə bildirdi: "İllər gəlib gedir, amma Kamil müəllim ona görə unudulmur ki, o, sənətkardır. O, televiziyanın əsasını qoyanlardan biri olub. Kinostudiyaya gələndən sonra ona "Yeddi oğul istərəm" filmini çəkmək tapşırılıb. Kamil müəllim böyük həvəslə işə girişib. Aktyorların seçimini edib. Həmin filmdə Rasim Balayev də çəkilməli idi. Ancaq həmin vaxt "Nəsimi" filmində çəkilmək üçün tanınmayan bir aktyor axtarırdılar. Ona görə də Rasim Balayevi ondan alıb Həsən Seyidbəyliyə verdilər. Kamilin rejissor ssenarisi, aktyor heyəti hazır idi, amma sonra filmi onun əlindən aldılar. Bu ona pis təsir etdi. Onu belə incidirdilər, amma o, dözür, səbr göstərirdi. Kamilin xarakteri elə idi ki, gedib təzə film istəmədi. Buna onun daxili mədəniyyəti imkan vermirdi. Kinodan küsəndə televiziyaya gedirdi, televiziyada özünə yer tapmayanda kinoya qayıdırdı. O, həmişə deyirdi ki, evim telestudiyadır. Amma eyni zamanda, kinodan da ayrıla bilmirdi".

Kamil müəllim televiziyada Üzeyir bəy, Səməd Vurğun və b. görkəmli şəxsiyyətlərə həsr olunan verilişlər hazırlamışdı. Eləcə də Seyid Şuşinski, Xan Şuşinski, Sara Qədimova, Müslüm Maqomayev kimi sənətkarların konsert proqramlarını çəkmişdi.

Kamil Rüstəmbəyovun televiziya tarixində hadisəyə çevriləcək xidmətlərindən biri də "Aygün" film-poemasını çəkməsi olub. Radionun rəhbərliyi "Aygün"ü radio-tamaşa kimi hazırlamağı tapşırmışdı. Ancaq Kamil Rüstəmbəyov "Aygün"ün ssenarisi əsasında film çəkməyi qərara alır. Maneələrə və texnikanın yoxluğuna baxmayaraq, o, həvəslə işə girişir və filmi çəkir. Kamil çox ləyaqətli və vicdanlı adam idi. Ona görə çətinliklər qarşısında qalırdı.

"Kamilin həyat yoldaşı həmişə deyirmiş ki, o, evə nə pul, nə də qonorar gətirir. Əməkhaqqı vaxtı "pul filmdə çalışan fəhlələrin maaşına getdi" deyirdi. "Aygün" ekranlara çıxandan sonra bir liberetto yazılıb. Zakir Bağırov da onun əsasında opera yazıb. Kamilin ideyası neçə əsərin meydana çıxmasına səbəb olub. "Aygün" televiziya tarixində şeirlə çəkilən yeganə film idi. Kamil müəllim filmin bədii həllini tapmışdı. Ona görə də həmin ekran əsəri film-poema adlanır.

1965-ci ildə Kamil Rüstəmbəyovu kinostudiyaya dəvət edirlər və ona "Dağlarda döyüş" filmini çəkmək həvalə olunur. O, filmi çəkir və ekran əsəri başa çatandan sonra böyük hay-küyə səbəb olur. Filmə münasibət birmənalı olmasa da, "Daglarda döyüş" tamaşaçıların sevgisini qazanır. Bu gün də nadir hallarda göstərilməsinə baxmayaraq, film həmişə sevilir. Növbəti dəfə Kamil Rüstəmbəyova "Axırıncı aşırım" filminin ssenarisi təqdim olunur. O, böyk həvəslə işə başlayır, gözəl aktyor ansamblı seçir. Rejissor milli kinomuzun tarixində mühüm yer tutan sanballı bir ekran əsərini çəkməyə müvəffəq olur.

Tbilisidə keçirilən kinofestivalda film təkcə münsiflər heyətinin deyil, həmçinin tamaşaçıların böyük marağına səbəb olur. "Ən yaxşı kişi rolunun ifasına görə" mükafatının Ədil İsgəndərova, yoxsa Həsən Məmmədova verilməsi haqqında qızğın mübahisələr gedir. Nəhayət, münsiflər heyətində oturan Həsən Seyidbəyli ilə məsləhətləşməli olurlar. O da məsləhət görür ki, mükafat yarı bölünməlidir. Çünki bu aktyorların hər ikisi Azərbaycan kinosunun zirvəsində duranlardır. Münsiflər heyətinin üzvləri razılaşır. Beləliklə, görkəmli aktyorların hər ikisi "Ən yaxşı kişi rolunun ifasına görə" mükafata layiq görülürlər.

Kamil Rüstəmbəyova "Dərviş Parisi partladır" filminin ssenarisi həvalə olunanda o, özünəməxsus həvəslə işə başlayır. Ancaq çox keçmədən filmə Şamil Mahmudbəyov ikinci rejissor təyin olunur. Artıq Kamil filmlə bağlı öz mizanını qurmuşdu. Bundan sonra isə filmin taleyi iki rejissorun əlində qalır. Bu, Kamili incitsə də yenə dözür& Bununla belə, ortaya baxımlı bir ekran əsəri çıxır. "Kamil Rüstəmbəyov həmişə deyirdi ki, yaxşı rejissor aktyorlar üçün, yaxşı aktyorlar isə rejissorlar üçün tapıntıdır. O, aktyorlarla işləməyi bacarırdı. Onun çəkdiyi filmlərə baxanda başa düşürsən ki, o, filmlərin hamısına ürəyinin yağını hopdurub.

O, yaradıcılığa barmaqarası baxmırdı, həyat kimi yanaşırdı". A.Kazımzadə filmləri Azərbaycan kinosunun tarixində əbədiləşən rejissorun hec bir fəxri adının olmamasını da təəssüflə dilə gətirdi.

Professor Aqşin Babayev Kamil Rüstəmbəyovun televiziya fəaliyyətindən söz açaraq rejissorun ən böyük xidmətini televiziyada "Aygün" film-poemasını çəkməsi ilə dəyərləndirdi. "O, bu filmlə televiziya məkanında təməl daşını qoydu. Kamil bəy nəslindən idi, ömrünün axırına qədər də özünü ağa kimi apardı. O, filmin çəkilişləri üçün heç kimdən pul istəmədi. Anası öz qızıllarını ona verərək satdırmışdı ki, film başa gəlsin. Televiziya Kamil üçün ana qucağı idisə, kino ata qucağı idi".

A.Babayev yaddaşında ilişib qalan daha bir xatirəni danışdı: "Mən radionun rəhbəri işləyəndə 60 yaşına çatan işçilərin təqaüdə yola salınması üçün siyahı hazırladıq. Təsəvvür edin, 120 nəfərin içərisindən öz ərizəsi ilə gedən təkcə Kamil Rüstəmbəyov oldu. O: "Məni çağırdılar, dedilər ki, ərizə yaz, mən də yazdım, demək mən lazım deyiləm" - deyərək, bir daha televiziyaya qayıtmadı. "Yeddi oğul istərəm" filminin onun əlindən alınması isə Ədil İsgəndərova ünvanlanan hücumların nəticəsi idi. Həmin hadisədən sonra Ədil İsgəndərov onun evinə gedərək bunu etiraf edib".

A.Babayevin çıxışının sonunda səsləndirdiyi arzu tədbir iştirakçılarının ürəyincə oldu: "Çox istərdim ki, qiymətini almayan bu cür sənətkarlara ölümündən sonra qiymət verilsin! Bu onların qohum-əqrəbaları üçün, ruhları üçün bir təsəlli olar".

"Kamil Rüstəmbəyov mənim hafizəmdə yaxşı rejissor, ədalətli, vicdanlı insan kimi qalıb" - deyə Xalq artisti Rasim Balayev xatirələrini danışdı: "Yeddi oğul istərəm" filmini ona həvalə edəndə Kamil müəllim məni Cəlal roluna dəvət etmişdi. Ancaq bu rolda oynamaq nə mənə, nə də filmi çəkmək ona qismət oldu. Sonradan Kamil müəllim mənə dedi ki, mən səni mütləq öz filmimdə çəkəcəyəm. Amma Kamil müəllim o rejissorlardan deyildi ki, dalbadal ona filmlər verilsin. Nəhayət, o məni "Gözlə məni" filminə çəkdi. Kamil müəllim cəmi 4 film çəkdi. Ancaq o filmlər bütün zamanlar üçün tamaşaçıların sevdiyi filmlərə çevrildi. Kamil Rüstəmbəyov elə bil televiziyaya sığmayıb böyük kinoya üz tutmuşdu. O, kinonu dərindən bilən adam idi. Ona görə də son dərəcə maraqlı ekran əsərləri yarada bilmişdi. Kamil müəllim məğrur, sakit, əsəbini içində çəkən bir insan idi. Ona görə də ürəyi onu əldən salırdı".

Əməkdar artist Elxan Qasımov da mərhum rejissorun məğrurluğundan söhbət açdı: "Biz onu bəy kimi tanımışdıq. O, heç vaxt əyilən kişi deyildi. Bəli, elə kişilər vardı. O, öz qızıllarını satıb "Aygün" kimi film çəkdi. Biz onunla uzun-uzadı söhbət edərdik. O, heç vaxt bizə "öyrənin" demirdi. Amma onunla söhbətdən sonra öz-özümüzə deyirdik ki, belə olmaq yaxşıdır. Kamil müəllim böyük aktyorlarla işləyirdi. Ədil İsgəndərov, Rza Əfqanlı, Həsən Məmmədov, Həsən Turabov, Leyla Bədirbəyli kimi aktyorlar onunla işləməkdən qürur duyurdular. Kamil Rüstəmbəyov bu gün fəxri adı olmasa da, öz heykəlini yaradıb".

Oqtay Babazadə Kamil Rüsbəmbəyovla televiziyada birgə işlədiyi illəri yada saldı: "Mən televiziyaya gələndə orada artıq Arif Babayev, Kamil Rüsbəmbəyov kimi rejissorlar çalışırdı. Onlar bir-birindən istedadlı rejissorlar idi. Mən Kamilin mərdliyini, insanlığını, sözünü yerində deməyi bacardığını görmüşdüm. Onun rəftarı bizim üçün məktəb idi".

Kamil Rüstəmbəyovun daha bir həmkarı - Nazim Novruzov sənət dostunun insani xüsusiyyətlərindən söhbət açaraq onu saf və səmimi dost kimi dəyərləndirdi.

Gecənin digər iştirakçıları da Kamil Rüstəmbəyovun şəxsiyyətindən və yaradıcılıgınin görünməyən çalarlarından söhbət açaraq onu bütün zamanlar üçün dəyərli filmlər çəkib yadigar qoyan rejissor kimi qiymətləndirdilər.

Gecədə rejissorun Dövlət Film Fondunun arxivində qorunan həyat və yaradıcılığını əks etdirən şəkillər və cəkdiyi filmlərdən fraqmentlər də nümayiş olundu .

 

 

Məhərrəmova Təranə

 

Kaspi. -2010. – 5 fevral. – S.11.