Kiçik toyun böyük dərdi

 

Oğlan toyu, qız toyunda ev sahibləri borca-xərcə düşür. Amma kiçik toyda bunların heç biri olmur, uşağın bəylik paltarından başqa...

 

Ötən yazılarımızda demək istədik ki, toy mafiyasının qurduğu bu sxem nəhəng bir iqtisadi sistemdir, biznes aparatıdır, pul qazanma mexanizmidir.

Bu mexanizm saat kimi işləyir və minlərlə insanın cibini doldurur: şadlıq evləri tikilir, onların personalı, musiqiçiləri, ərzaq təminatçıları, müğənnilər, ən əsası, sahibləri hamı burada həm hərfi, həm də məcazi mənada qazan doldurur. Sadə insanlarsa toya ya bir sosial öhdəlik, ya da qarşılıqlı borclaşma mexanizmi kimi baxırlar. Ya fikirləşirlər ki, getməsəm, olmaz, ya da kimlərin toyuna nə qədər pul saldıqlarına dair siyahılar tuturlar ki, vaxtı çatanda verilən borclar geri qayıtsın.

Bu mexanizm həm də ona görə çox rəvan işləyə bilir ki, milli mentalitet adlanan dəyərlər sistemindən tam dəstək alır. Axı həmin dəyərlərə görə də iki nəfərin sevişməsi və birgə yaşayışı heç zaman onların şəxsi işi ola bilməz - mütləq bütün nəsil işə qarışmalı, ağsaqqal-ağbirçək xeyir-duasından tutmuş, yengəliyə qədər bütün milli institutlardan bir-bir keçilməlidir. Yəni bu o deməkdir ki, hüzr və toy mərasimləri bizim nə dərəcədə milli olmağımızın barometridir. Onsuz da Azərbaycan toylarında millilikdən çox az əlamət qalıb.

Əlbəttə, övlad toyu valideynin illər boyu həsrətlə gözlədiyi xoş məqamdır. Biz heç də demirik ki, toyda süfrə açılmasın, qazan qaynamasın, qonaqlar ac qalsın, musiqi səslənməsin, dərviş toyu olsun. Xeyr, qətiyyən. Amma biz demirik ki, Azərbaycan toyda başlayıb, yasda qurtarsın, toy və yas əhlinə bölünək.

Yəni vacibdirmi ki, özümüzü gücə salaq? Varlılar, imkanlılar belə təmtəraqlı məclisin birini yox, bəlkə on beşini də dalbadal yola verə bilər. Amma hamının bu cür təntənəyə gücü çatmır axı. Sadəcə olaraq, imkanı olmayanlar da oğul-qız yanında, qonaqlara görə, yaranacaq söz-söhbəti nəzərə alıb çalışır ki, onun da toy-düyünü başqalarından seçilməsin. Belə olan halda haqlı suallar ortaya cıxır: həm maddi, həm də mənəvi cəhətdən insanlarımızın rifahına mənfi təsir edən bugunkü toy mərasimlərimiz üçün bu qədər xərc çəkmək kimə lazımdır? Niyə toy mafiyası üçün işləyirsiniz? Mənim əzizlərim, bir fikirləşin, getdiyiniz toydan zövq almaq mümkündürmü? Sadəcə musiqi və rəqs mənzərəsini xatırladım, söhbətimizi sona verək.

Ötən il mənə çox yaxın olan dostumun qardaşının toyunda iştirak edirdim. Bəyi yaxından tanıyıram, gözümüzün qabağında böyüyüb deyə getmişdim. İnanın Allaha, həyatıma o qədər nifrət etməmişdim. Yox, hər şey qaydasında idi. Bircə musiqiçilərdən başqa. Tanınmış triodur: 3 cavan, yarlı-yaraşıqlı, müasir oğlanlardılar. Bu 3 nəfər toyun sonuna qədər susmaq, kirimək bilmədilər. İlahi, insanın əsəblərini nə qədər korlamaq olar? Dözmək mümkün deyil.

Ona görə deyirik ki, indi toyxanalar yalnız xəlvətdə oxumağa gücü çatanların ixtiyarındadır. Belələri necə gəldi oxuyurlar, təki mahnının ritmi oynaq, sümüyə düşən olsun, kimdir xırdalıqlara əhəmiyyət verən. Daha yaxşı səs, zil səs, şirin avaz bir o qədər də gərək deyil, ən önəmlisi, ara mahnıları oxuyub, camaatı oynatmağı bacarmaqdır. Musiqi mənəvi qidadır. Əzab vermək üsulu deyil. İndi manıslar musiqini də bizə zülm etmək üçün istifadə edirlər. Hələ fonorqamla oxuyub yarım saatına 4-5 min manat alan qulağı sırğalıları demirəm. Guya tanınmış bir müğənni gəlib fonoqramla iki mahnı oxumasa, toy maraqsız keçəcək.

Bir az da ansamblar haqda. Müstəqillik əldə etdiyimiz vaxtlarda biz ayıldıq ki, daha Simfonik Orkestrin möhtəşəm ifaçılarını toylarda görə bilməyəcəyik. Sovet vaxtında qeyd edilən orkestrin əməkdaşlarını toya çağırmaq dəb idi. 1990-91-ci illərdə ayıldıq ki, bizim estradamız da, muğamımız da, məişətimiz də, adət-ənənəmiz də toyda imiş! Burda isə əsl musiqiyə yer yoxdur. Əsl musiqidə gitara, canlı akustik zərb alətləri dəstgahı, klarnet, nağara, tar, qaval olur. Bizdə bu işin çox asan həllini tapıblar: sintezator! Özü müşayiət edən sintezatorlar əslində, məişət alətidir- onda balaca uşaqlar özləri üçün məzələnə bilərlər. Bir sintezatorla hazırlanmış mahnını normal ölkədə lentə yazdırmaq və ya bir sintezatorun müşayiəti ilə səhnəyə çıxmaq çox gülüncdür! Eşitdiyimə görə, Siyavuş Kərimi və Nazpəri Dostəliyeva Bakıda sintezatorların köməyi ilə lentə aldıqları mahnıları Norveçdə göstərərkən, norveçlilər "demo (qaralama, nümunə) kimi yaxşıdır" deyiblər. Halbuki, demək olar ki, bizim toy musiqimiz əslində demodan - qaralamadan ibarətdir. Beləliklə, bir müğənni və sintezatordan ibarət ansambl yarandı, oldu "Manıs dəstəsi". Onlarla məşq etmək də lazım deyil - "manıslar" bütün toy mahnılarını əzbər bilirlər. Sintezatora meyil etmənin əsas səbəblərindən biri də mental tənbəlliyimiz və yığılan paranın parçalanmadan qorumaqla bağlı nəfsdir.

Mahnılara gəlincə, dad yarımçıq əlindən deyiblər. Manıslar si bemoldan sol majora elə keçirlər ki, adamın ağzı açıq qalır. Və fikir vermisiniz, bacardıqları qədər asta tempi sürətli tempə çevirməyə çalışırlar. Təki hamı atılıb-düşsün. Xüsusən də qardaş bu ceyranı hardan almısan? qədər əxlaqsız bir mahnını Leyli can, Leyli stili, tempi, forması bəlli olmayan şıdırğı səs-küylə əvəz etməyi ancaq manıslarımız bacara bilərlər.

Atalar sözüdür: "Vayda ağlayarlar, toyda oynayarlar". Allah bunu deyənlərə qəni-qəni rəhmət eləsin. Amma onlar bu günü görsəydilər deyərdilər ki, məhz belə oynamaqdansa, elə toyda da ağlamaq yaxşıdır. Oynamaq... Mənim əzizlərim, bu oynamaq deyil, bu, faciədir. Birincisi, hamının eyni zamanda oynaması dəhşətdir. Ikincisi, kimin necə gəldi oynamasıdır. Mahnı dınqıldayırsa, mütləq ayağa durub atılıb-düşmək lazımdır. Üçüncüsü, yaşınıza görə əl qaldırın. Vallahi-billahi, 50-55 yaşlarında saçı-saqqalı ağarmış kişilərin İran təranələrini oynamasını görmək qədər həyatı tükədən ikinci nəsnə tanımıram. Nəhayət, dördüncü. Bəzi şadlıq saraylarına xüsusi rəqqasələr dəvət olunurlar. Hörmətli azərbaycanlılar, nəzərə alın ki, bu, rəqqasədir və işinin peşəkarıdır. Əgər meydanda o rəqs edirsə, vacib deyil ki, yarım hektarlıq qarnınızı ona sürtə-sürtə yırğalanasınız. Ayıbdır, kənardan baxanlar var. Toy-düyündə hərə öz yerini, oturuşunu-duruşunu, danışığını bilməli, söz və musiqi, lap elə şıdırğı rəqslər də gözəl bir vəhdət təşkil etməlidir.

Nəhayət, toylarla bağlı sonuncu qeydim. Azərbaycan adətləri arasında ən tərbiyəsiz, ən utanmaz adətlərdən biri kimi kiçik toyların keçirilməsini görürəm. Yalnız Azərbaycanda 3 növ toy olur: oğlan toyu, qız toyu və kiçik toy. Oğlan, qız toylarını başa düşdük, amma kiçik toyun keçirilməsini anlaya bilmirəm ki, bilmirəm. Deyək ki, ailə quranların insanları musiqili məclisdə bir araya toplamasına birtəhər göz yumub dözmək olar. Bəs oğlunun sünnətinə görə toyxana sifariş edib, səs-küylü məclis quranlar nə fikirləşirlər? Kimsə oğlunu sünnət edir, buna görə qohum-əqrəbanın zəhləsini tökmək lazımdır?

Anlayıram ki, bu, İslamın şərtidir, bunu etmək lazımdır, həta amerikalılar bu mərasimi kütləviləşdirirlər, Bibliyada, yəhudilərdə də bu adət olub. Bu haqda saatlarla, günlərlə danışa bilərəm. Amma heç kim demir ki, bu prosesi belə açıb-ağardın, heç kim demir ki, sənin 3 oğlunun kiçik toyuna bir adam 3 dəfə gəlməlidir. İnanın, bir dostumuz iki-üç ay öncə az qalırdı ağlasın. Onların bir kəndçisi son 4 ildə dördüncü dəfə, dördüncü oğluna kiçik toy edirdi və hər dəfə kəndçisi, bizim dostumuzu toya çağırırdı. Bu həm də soyğunçuluqdur.

Oğlan toyu, qız toyunda ev sahibləri borca-xərcə düşür. Gəlin paltarı, qızıl, maşın, kamera, yengə, daha nə bilim nə... amma kiçik toyda bunların heç biri olmur, uşağın bəylik paltarından başqa. Qalanları toya zülmlə gələn qohum-qardaşın və bu işə heç bir aidiyyəti olmayan, vaxtilə səhvən uşağın atasına salam vermiş qonşunun, iş yoldaşının, daha nə bilim hansı bədbəxtin hesabına ödənilir.

Qələminə hörmət etdiyim Aydın Xanın bir yazısı ilə fikirlərimi tamamlayıram. Nəticəni özünüz çıxarın: Dünən zəng etmişəm Əmioğluya (!), oğlunun sünnət toyudur! (Mikrofonu açıb telefonu verdilər tamadaya (işə düşdük, vallah!)

- Mübarək olsun, Əmioğlu, bağışla, vallah imkanım olmadı, iştirak edə bilmədim və s.

Tamada həzin-həzin anladır qonaqlara - sağ olsun, halal olsun neçə kilometrdən zənq vurub.... bir tuş

- Bir daha mübarək olsun... böyük oğlan....

Əmoğlu nəsə deyir (çəngəl-bıçaq (bağişlayın qaşıq səslərindən eşidilmir)...

Tamada: Əmin oğlu küsüb, deyir ki, mən də onun sünnətinə (???) getmiyəcəm.

Mən gülməyimdə olum, telefonu verdilər Əmioğlunun xanımına: - Ömrün uzun olsun, Allah adını sansın (nə gözəl sözlər), oğluna da, qızına da (... !!!) qismət olsun!!!! Bu da sizin üçün bir tuş!!!

Bəli, toy böyük bir sistemdir; özünün qanunları, mexanizmləri, şablonları var; kiməsə həmin şablondan çıxmaq müyəssər olmur bu, sistemə qarşı üsyan deməkdir. Heç kimin özünün istədiyi kimi toy etməsi mümkün deyil bütün ştamplar artıq hazırdır, sadəcə, onların sizin də taleyinizə vurulması üçün pulunuzu ödəyin və - Allah mübarək eləsin!

Bax belə. Həmişə qapınıza xeyir işlərə gələk. Amma siz Allah, mentalitet, abır-həya, qonum-qonşu nə deyər qalxanlarınızı özünüzə saxlayın. İyrənirəm bu yalançı sözlərdən...

 

 

Sənan

 

Kaspi. -2010. 19 fevral. S.8.