Hansı universitetlər Bakıdan köçürüləcək? 

 

Ekspertlərin fikrincə, köçürülmə prosesi tədricən baş verməlidir. Bakı ətrafında ali məktəblərin korpusları tikilməli və tələbələr tədricən ora köçürülməlidir

 

Havaların get-gedə istiləşməsi, ictimai nəqliyyatdakı sıxlıq, yollarda hər gün üzləşdiyimiz tıxaclar yaşamımızı az qala dözülməz edir. Gündəlik qayğılarımıza qarışan bu cür  problemlər təəssüf ki, nəinki həllini tapmır, əksinə get-gedə dərinləşir. Elə təkcə səhər tezdən işə gələndə və ya axşam evə yollananda bu gərgin mənzərəni yaşamaq kifayətdir. Günorta saatları da istisna deyil. Bir sözlə, günün müəyyən saatlarında ictimai nəqliyyatdan istifadə əsil əzaba çevrilir.  İstifadə etdiyimiz nəqliyyatda salonun istidən boğulan havası, bir-birinə qarışan qoxular, çantalardan pulqabıların, mobil telefonların çırpışdırılması və s. əsəblərimizi tarıma çəkir. Ancaq problem barədə danışılsa da həlli çözülmür ki, çözülmür.

Bəziləri şəhər ərazisində yerləşən zavod və fabriklərin, inzibati binaların, müxtəlif obyektlərin və s.  paytaxtdan kənarlara köçürüləcəyi təqdirdə problemin həll olunacağını düşünür. Eləcə də paytaxtdakı əhali sıxlığından söhbət düşən kimi hami şəhərdə tələbələrin çoxluğundan  şikayətlənir. Dərhal da universitetlərin şəhərin kənarına köçürülməsi və tələbə şəhərciklərinin yaranması ideyası gündəmə gəlir.

 

Xarici ölkələrin təcrübəsi

 

Gündəmə olan problemin həlli yolları barədə mülahizələr irəli sürən mütəxəssislər də bildirirlər ki, Abşeron yarımadasında Azərbaycan əhalisinin az qala tən yarısı yaşayır və universitetlərin əksəriyyətinin şəhərin mərkəzində yerləşməsi isə əhali sıxlığını daha da artırır. Üstəlik bu təhsil ocaqlarında təhsil alan tələbələrin müəyyən bir qismi şəxsi avtomobillərdə hərəkət edir və bu da şəhərdə tıxacların yaranmasına səbəb olur. Xüsusən səhər, günorta və axşam saatlarında tələbə kütləsi ictimai nəqliyyatda böyük tıxacların yaranmasına gətirib çıxarır.

Qeyd edək ki, universitetlərin şəhərin mərkəzindən kənarlara köçürülməsi ilə bağlı layihələr inkişaf etmiş ölkələrdə uzun illərdir ki, həyata keçirilir. Heç uzağa getməyək, qonşu Türkiyədə universitetlərin çoxunun tələbə şəhərcikləri var. Bu tip tələbə şəhərcikləri tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunub. Ekspertlər hesab edirlər ki, gələcəkdə ali məktəblərin şəhərin mərkəzindən kənara köçürülməsi baş versə, onda tələbələrin hərtərəfli rahatlıq və şəraitini təmin edəcək şəhərciklərin salınması da reallaşa bilər.

 

Şəhərin kənarı, yoxsa mərkəz?

 

Problemə münasibətini bildirən təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında ali məktəblərin şəhərdən kənara köçürülməsinin ideyadan başqa bir şey olmadığını bildirib: “Hazırda bu barədə bir söz deyə bilmərəm. Bu gün universitetlərin hamısını köçürmək qeyri-mümkündür. Hər hansı bir universitet üçün şəhər ətrafında yer ayrılmasına və universitetlərin həmin ərazilərə köçürülməsinə müsbət baxıram, ancaq bu yerlər hazır olduqdan sonra mümkün olar. Hələ bu məsələ ilə bağlı konkret bir söz demək olmaz. Çünki nəzərdə tutulan planlar hələ söz-söhbət səviyyəsindədir”. Təhsil naziri onu da bildirib ki, hazırda şəhərin kənarında universitetlər üçün nə yer müəyyənləşib, nə də hansı universitetlərin hara köçürüləcəyi barədə konkret fikir var: “Buna görə də mən əsası olmayan məlumatlar verməklə ictimaiyyəti çaşdırmaq istəmirəm”.

Nazirin sözlərinə görə, universitetlərin köçürülməsi şəhərin kənarında onlar üçün yeni tədris binalarının tikildikdən sonra dəqiqləşəcək. Bununla belə, təhsil nazirinin fikrincə, universitetlərin şəhərin kənarına köçürülməsi özlüyündə yaxşı ideyadır: “Bir tərəfdən, ali məktəblərin inkişafı üçün geniş imkanlar yaranacaq. Digər tərəfdən isə şəhərin mərkəzində sıxlıq azalacaq. Dünyanın inkişaf etmiş ölkələrin hamısında ali təhsil müəssisələri şəhərin kənarında yerləşir. Bizdə də belə olması lazımdır”.

Bakı şəhərinin Baş Planında təhsil müəssisələrinin köçürülməsi məsələsini qaldıran tanınmış memar Emil Axundovun fikrincə, universitetlərin Bakının nisbətən ətraf ərazilərinə köçürülməsi reallaşsa bu, hamının ürəyincə olar: “Amma bunun üçün külli miqdarda vəsait lazımdır. Bu məsələ indinin işi deyil. Köçürülmə prosesi tədricən baş verməlidir. Bakı ətrafında ali məktəblərin korpusları tikilməli və tələbələr tədricən ora köçürülməlidir”. E.Axundovun sözlərinə görə, bu bir qədər gec qaldırılmış məsələdir. Belə ki, məsələni özəl ali məktəblər yeni yarananda həll etmək lazım idi. Düşünürəm ki, Bakı ətrafı rayonlarda geniş torpaq sahələri ayırıb orada Avropa standartlarına uyğun universitet şəhərcikləri salmaq olar". Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev  universitetlərin köçürülməsini dəstəkləsə də yaranacaq problemləri də diqqətə çatdırıb: “Mən bunu müsbət qarşılayıram, amma bir neçə məsələ var ki, bu nəzərə alınmalıdır. Məsələn, tələbələr harada yaşayacaq? Onların imkanı çatacaqmı hər gün kənar rayona gedib-gəlsin? Müəllimlərin durumu buna imkan verirmi? Belə suallar açıq qaldıqca universitetləri şəhərdən kənara köçürmək olmaz. İlk növbədə sosial məsələlər öz həllini tapmalıdır".

 

Hansı ali məktəblər köçsün?

 

Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlının fikrincə, ümumiyyətlə ali təhsil mərkəzləri kənarda yerləşməlidir. “Ancaq bütün universitetlərin şəhərdən kənara köçürülməsinə ehtiyac yoxdur. O universitetləri köçürmək lazımdır ki, onlar şəhərin mərkəzində tıxacların yaranmasına səbəb olur, gediş-gəlişi çətinləşdirir. Elə universitetlər var ki, onların həyətləri, sahəsi, bağ-baxçası yoxdur. Həmin universitetlərin şəhərin mərkəzində olmasının heç bir əhəmiyyəti yoxdur. Bəzi institutların, maşın saxlamaq, tələbələrin hərəkəti üçün yol problemi var. Şəraiti olmayan ali təhsil ocaqlarının şəhər kənarında ayrıca bir şəhərcikdə yerləşdirilməsi daha məqsədəuyğun olardı”. A.Naxçıvanlı onu da bildirdi ki, ali təhsil ocaqlarının şəhər kənarında yerləşdirilməsi ideyasının rəhbərlik etdiyi instituta aidiyyəti yoxdur: «Bizim institut şəhərin mərkəzində yerləşmir. İnstitutumuzun ətrafı bağlıdır. İçərisində kompleks tipli yataqxana, yeməkxana, qiraət zalı, muzey, idman zalı var. Biz heç kəsə mane olmuruq. Ona görə də bu cür şəraiti olmayan universitetləri mərkəzdə saxlamaq lazım deyil». A.Naxçıvanlının sözlərinə görə, problemin həlli o qədər də çətin deyil. Belə ki, şəhərdən kənarda boş sahələr çoxdur. «Böyük sahələrdə yerlər ayırıb binalar tikmək olar. Dünyanın böyük ölkələrində universitetlər şəhərdən kənarda yerləşir. Tələbələr uzun məsafələri qət edərək oxumağa gedirlər. İnstitut tələbənin yanına deyil, tələbə instituta getməlidir». A.Naxçıvanlı bəzi universitetlərin ayrı-ayrı rayonlarda yerləşməsinin  tərəfdarı olduğunu da vurğuladı.

Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Rafiq Sadıqov bir çox universitetlərin şəhər kənarına köçürülməsini məqbul saysa da Mədəniyyət və İncəsənət Universitetinin köçürülməsinin mümkünsüzlüyünü bildirdi: “İncəsənət təmayüllü ali məktəblərin şəhər kənarına köçürülməsi düzgün deyil. Çünki incəsənət müəssisələrinin hamısı şəhərin mərkəzində yerləşir. Tələbələrin məşq yerləri, yaradıcılıq prosesləri ancaq teatr və kino-teatrların binalarında gedir. Həmin binalar isə şəhərin mərkəzində yerləşir. Ona görə də bu tip ali məktəblərin şəhərin mərkəzində qalması zəruri məsələdir».

 

 

Yaxşı olar ki...

 

Xəzər Universitetinin prorektoru Rafiq Əhmədov qeyd etdi ki, Amerikada və dünyanın başqa böyük ölkələrində universitetlər şəhərdə də, şəhərdən kənarda da yerləşir. Onun fikrincə, şəhərdə universitetlər üçün şəhərcik yaratmaq çətindir. “Yaxşı olar ki, universitetlər universitet şəhərciyində yerləşsin. Dünyanın bir çox ölkələrində universitetlərin şəhər kənarında ayrı-ayrı fakültələri, binaları, yataqxanaları, sosial obyektləri var. Bu, tələbələrin yaxşı təhsil alması üçün olduqca mühüm bir amildir. Şəhərdə isə həmin universitetin müxtəlif obyektləri şəhərin müxtəlif yerlərində yerləşir. Bu da həmin obyektlər arasında operativ əlaqələrin yaranmasına çətinlik yaradır”.  R.Əhmədovun fikrincə, Qafqaz Universiteti gələcəkdə şəhərdən kənarda yerləşəcək təhsil ocaqları üçün əsil nümunədir. “Onun bütün strukturları böyük bir ərazidə yerləşib. Ona görə də universitetlərin bir çox nöqteyi-nəzərdən şəhərdən kənarda yerləşdirilməsi məqsədəuyğun sayıla bilər”. R.Əhmədov universitetlərin köçürülməsinin çətinliyini də istisna etmir: “Bu, hər təhsil ocağının xüsusiyyətindən, mənsub olduğu sahədən asılıdır: Əgər onun sahəsi imkan verirsə, onun müxtəlif strukturlarını yerləşdirmək mümkün olsun, bu o qədər də çətin deyil. Ancaq elə universitetlər var ki, onların yalnız şəhərin mərkəzində bir binası var. Onun ayrı-ayrı strukturlarını ətrafında yerləşdirmək çətindir. Məsələn, təsəvvür edək ki, İqtisad Universitetinin bir binası  Nərimanov rayonun ucqar bir ərazisində yerləşir. Bu binalar arasında böyük çətinlik yarada bilər”. R.Əhmədovun fikrincə, hər hansı universitetin köçürülməsi hər bir institutun imkanları və inkişaf perspektivindən asılıdır.

Mütəxəssislər təhsil müəssisələrinin köçürülməsindən yaranacaq problemlərin həllini tapacağı təqdirdə yaxşı nəticələr verəcəyini birmənalı şəkildə qeyd edirlər: “Yalnız bu yolla əhalinin sıxlığının və tıxacların qarşısını almaq olar. Xaricdən yaxşı nümunələri götürmək lazımdır”.

 

 

Təranə Məhərrəmova 

 

Kaspi. – 2010. – 11 iyun. – S.8.