“Xəzəri ən çox Rusiya
çirkləndirir”
Ekologiya və təbii sərvətlər
naziri Hüseyn Bağırov: “Rusiya alimlərinin özləri
də etiraf edirlər ki, Xəzər dənizinin ən
böyük su payçısı Volqadır. Çirklərin
gətirilməsində də ən böyük pay Volqaya məxsusdur”
- 2010-cu ilin “Ekologiya ili” elan
edilməsi hansı zərurətdən yarandı?
- Ölkə rəhbərliyinin
həyata keçirdiyi uzaqgörən və qətiyyətli tədbirlər
nəticəsində Azərbaycanın müstəqilliyi
möhkəmlənib, ölkə iqtisadiyyatında yüksək
templə irəliləyişə nail olunub. Ətraf
mühitin mühafizəsi və təbii sərvətlərdən
səmərəli istifadə edilməsi sahəsində də
çox mühüm işlər görülüb.
Əvvəllər əhali
Kür-Araz çaylarından, kanallardan məcburi olaraq
içməli su kimi istifadə edirdi. İndi isə bu problem
demək olar ki, həllini tapıb. Bundan başqa, mətbuat
yazırdı ki, Xəzər dənizinin sahil zolağı
çirklidir və s. Artıq bu məsələ də həll
olunub. Xəzərin 86 km sahil zolağındakı sular da təmizdir.
Balaxanıda tullantıların yandırılmasına görə
Bakı əhalisi tüstüdən boğulurdu. İndi həmin
ərazidə böyük investisiyalar hesabına başa gələn
uğurlu addımlar atılır. Yəni artıq prinsipial
yeniliklər mərhələsinə gəlib
çatmışıq. Ona görə də ölkə
prezidenti 2010-cu ili “Ekologiya ili” elan edib. Bu o deməkdir ki,
ekologiya ilə bağlı işlərin intensivliyi kəskin
surətdə artacaq. Məlum olduğu kimi, prezident İlham Əliyev
Abşeron yarımadasında 3 milyon ağacın əkilməsi
barədə tapşırıq verib və Ekologiya və Təbii
Sərvətlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları,
ayrı-ayrı nazirliklər, müxtəlif kollektivlər bu
işə qoşulub.
- Prezident yanında
keçirilən ekoloji problemlərə həsr olunmuş
müşavirədə ölkənin ekoloji durumunun
yaxşılaşdırılması ilə bağlı bir
neçə prioritet istiqamət seçilib. Demək
olarmı ki, bu sahələr elə Azərbaycan
ekologiyasının əsas problemləridir?
- Təbii ki, müşavirədə
əsas prioritetlər səslənib, yalnız bir məsələdən
başqa - dağlarda bioloji müxtəlifliyin tükənməsi
və eroziyalar, aran rayonlarında isə səhralaşma
problemi. Bu da həddən artıq mal-qaranın
çoxalması ilə bağlıdır. Əgər bir
hektarda iki qoyun otlayırsa, həmin ərazinin gücü
çatacaq ki, özünü bərpa etsin. Bizdə isə
hazırda bir hektarda otlayan heyvanların sayı 20-24-dür. Bu
problemdən başqa bütün problemlərə
müşavirədə toxunuldu.
- Səhralaşmanın
qarşısını almaq üçün nazirliyin proqramı
varmı?
- Səhralaşmanın
qarşısının alınması ilə bağlı
dövlət proqramı mövcuddur və onun icrası davam
edir. Regionlarda fermerlərə Dövlət Ehtiyat Fondundan
mal-qaranın otarılması üçün torpaqlar verilir. Hazırda
bu torpaqlarda norma daxilində mal-qara saxlanması ilə əlaqədar
araşdırmalar aparılır. Min illərlə
yaranmış ənənəni dəyişmək çətindir.
Amma əminik ki, bu sahədə dönüş olacaq.
- Bu il Azərbaycan ərazisində
neftlə çirklənmiş hansı ərazilərin və
göllərin bərpa edilməsi gözlənilir?
- Neftlə çirklənmiş
torpaqlar Azərbaycan Dövlət Neft Şirkətinin
balansındadır. Məndə olan məlumata görə,
onlar təxminən 400 hektara yaxın torpağı
sağlamlaşdırmaq fikrindədirlər. Göllərə
gəldikdə, 8-9 gölün layihəsi artıq
hazırdır. 4-5 göldə bərpa, qalanlarında isə
qurutma işləri aparılmalıdır.
- Bu proses bu il başa
çatacaqmı?
- İnanmıram ki, bir il ərzində
bu proses başa çatsın. Abşeron yarımadasında
Sovet dövründə 1,5 milyon ton neft
çıxarılıb, 400-500 milyard dollar qazanılıb.
SSRİ o puldan Azərbaycana demək olar ki, heç nə verməyib.
O cümlədən neftin çıxarılması da o zaman
çox primitiv, bəsit texnologiyalara söykənib.
Böyük miqdarda pul qazanılmaqla törədilən fəlakətin
1-2 milyon manatla düzəlməsi qeyri-mümkündür.
Bunun üçün həm də vaxt tələb olunur.
Zığ gölünün ətrafı 2 milyon ton neft məhsulu
ilə çirklənib. Elə yerlər var ki, 9 metr
qalınlığında turşumuş,
qudronlaşmış neft məhsulları toplanıb.
- “Ekologiya ili” çərçivəsində
ağacəkmə kompaniyası geniş yayılıb. Amma hələ
də ağacların kəsilməsi hallarına rast gəlinir.
Nazirlik bununla bağlı nə qədər fakt
aşkarlayıb?
- Azərbaycanda təxminən
1 milyon insan dağlıq ərazilərdə yaşayır.
Onların bir qismi nativ yanacaqlardan istifadə edir. Buna baxmayaraq,
insanların ehtiyacları tam təmin olunmur və onlar ənənəvi
olaraq meşələrə üz tuturlar. Amerikanın bir
sıra saytlarında peykdən çəkilmiş təhlillərin
nəticələri BMT-yə ötürülür. Bu məlumatlarda
Azərbaycanda meşə örtüyünün 11,4 faizdən
11,8 faizə yüksəldiyi qeyd olunur. Bu isə 50 min hektar
meşə sahəsi deməkdir. Biz də deyirik ki, son 10 ildə
Azərbaycanda 72 min hektar yeni meşə sahəsi
salınıb.
- Ağacların qanunsuz kəsilməsi
ilə bağlı cərimələrin
artırılmasını da təklif etmişdiniz...
- Bəli, hazırda çox
sərt cərimələr tətbiq olunur. Lakin onların
ödənilməsində problemlər ortaya
çıxır. Bizim minlərlə işimiz məhkəmələrdədir.
- Sözügedən
müşavirədə bildirilib ki, atmosfer havasının
çirklənməsinin 70 faizi avtonəqliyyat vasitələrinin
payına düşür. Problemin miqyasını azaltmaq
üçün ölkəyə gətirilən avtomobillərin
sayı azaldıla bilərmi?
- Artıq Nazirlər
Kabinetinin də qərarı var ki, iyul ayının 1-dən
müəyyən tələblərə cavab verməyən
avtomobillərin ölkəyə gətirilməsi və
istismarına qadağa qoyulsun. Yəni artıq köhnə
maşınların ölkəyə gətirilməsi
halları azalacaq. Bunu birdən-birə etmək mümkün deyil,
çünki Azərbaycanda 800 min avtomobil və avtomobil istifadəçisi
var. Bunların əksəriyyəti də köhnə
avtomobildir. Amma addım-addım bu istiqamətdə işlər
görüləcək.
- Regionlarda
tullantıların idarə edilməsi üçün
poliqonların yaradılması nə zaman mümkün ola bilər?
- Layihələr var ki,
Şamaxıda Şamaxı, Ağsu, Qobustan,
İsmayıllı rayonlarını, Şirvanda Salyanı,
Hacıqabulu, Kürdəmiri və digər ətraf
rayonları, Gəncədə Gəncənin özünü
və ətraf rayonları əhatə edən poliqonlar
tikilsin. Bu da ona gətirib çıxaracaq ki, artıq
tullantılar hər yerə atılmayacaq, lazımi şəkildə
saxlanılacaq, ətraf mühitdən təcrid olunacaq.
- Hazırda Xəzərin
ekoloji durumu hansı səviyyədədir?
- SSRİ
dağıldıqdan sonra Xəzərə edilən
böyük, ağır təzyiqlər kəskin azalıb. Azərbaycan
dövləti dənizdə neft çıxarmaya həmişə
müasir metodlarla yanaşıb. Qalan dövlətlərdə
də bu təsirlər azalıb. Buna görə də Xəzərdə
ümumiyyətlə sağlamlaşma gedir. Bircə
bioresurslardan başqa. Bu sahədə də ardıcıl tədbirlər
davam edir. Məsələn, biz təkcə Xıllı
Balıqartırma Zavodundan dənizə il ərzində 7-8
milyon nərəkimi buraxırıq. Baxın, nə qədərini
tuturlar. Bununla mübarizəni biz də, Sərhəd
Qoşunları da, Gömrük Komitəsi də, Su Polisi də
aparır. Buna baxmayaraq, görürsünüz ki, bizim dənizə
buraxdığımız balıqları heç bir kiloqrama
çatmamış tuturlar. Bu, artıq insan şüurudur,
brakonyer məsələsi deyil. Sən axı niyə çəkisi
heç 1 kiloqram olmayan nərəkimini tutursan? Yaxud insanlar niyə
gedib o balığı alır və onun bazarını
yaradırlar? Sonra da inandırmağa
çalışırlar ki, cəmiyyət bu sahədə
qayda-qanun yaradılmasını və ETSN-in bunu etməsini istəyir.
Cəmiyyət heç olmasa bu qədər düzgün
olmayan bir işin iştirakçısı olmasın.
Toyuğun cücəsini satmırlar və heç kim də
almır ki, günahdır. Bəs balığın körpəsini
niyə belə həvəslə alırlar? Burada bizim də
payımız var, mübarizəni gücləndirməliyik.
- Hazırda Xəzər dənizi
hansı bölgə dövləti tərəfindən
çirkləndirilir?
- Rusiya alimlərinin özləri
də etiraf edirlər ki, Xəzər dənizinin ən
böyük su payçısı Volqadır. Çirklərin
gətirilməsində də ən böyük pay - 70-80 faiz
Volqaya məxsusdur. Yerdə qalan 20 faiz isə İran,
Qazaxıstan və Azərbaycan arasında bölünür. Ən
az çirkləndirən isə Türkmənistandır.
Çünki onun Xəzər sahilində inkişafı
çox azdır. Qazaxıstanda isə sahildə həm neft sənayesi
inkişaf edir, həm də orada dənizin içində su
basmış çoxlu konservləşdirilməmiş quyular
var ki, onlar da Xəzəri çirkləndirir. Azərbaycanda Xəzər
dənizi əsas iki mənbə tərəfindən
çirkləndirilir. Bunlardan biri Abşeron
yarımadasıdır. Bununla bağlı son illər ciddi tədbirlər
görülür. Neft sənayesi kökündən dəyişdirilir,
yeni qurğular quraşdırılır. İkinci mənbə
olan Kür çayına gəldikdə, onun cəmi 15-20 faizi
Azərbaycan, qalanı isə Gürcüstan və Ermənistan
tərəfindən çirkləndirilir.
- Son zamanlar Bakının mərkəzi
hissələrində binaların qaşınması prosesi
sürətlə aparılır. Bu, paytaxtın
ekologiyasına nə dərəcədə ziyandır? Nazir
kimi buna etirazınızı bildirmisinizmi?
- Sözsüz ki, bu proses
paytaxtın ekologiyasına təsir edir. Bu, əsasən
işi görən şirkətlərdən asılı məsələdir.
Görülən işlər bir tərəfdən
paytaxtı gözəlləşdirir, digər tərəfdən
isə şirkətlər daha bahalı müasir texnologiyalar əvəzinə,
bəsit texnologiyalara üz tutur, qənaət edir. Bu məsələdə
razıyam sizinlə. Dəfələrlə onlar cərimə
də olunub, bu sahədə müvafiq işlər də aparılıb.
Amma eyni zamanda bizim məqsədimiz bu işi dayandırmaq
olmayıb. Başa düşürük ki, bu, ölkənin
xeyrinə olan bir prosesdir. Onu da qeyd edək ki, artıq bu proses
- binaların restavrasiyası başa çatır. Tezliklə
küçələrin döşəmə
daşlarının yeniləşdirilməsinə
başlanacaq, yəni, bu problemin də ömrünə az
qalıb.
- Antarktidaya, And
dağlarına səfəriniz birmənalı
qarşılanmadı. Bu səfərlər Azərbaycana nə
verdi?
- Bu səfərlərə
çəkilən xərcləri Qərb universiteti ödəyib.
Universitetin elmi ekspedisiyaya dəstək verməsi təbiidir. Əgər
kimlərsə universitetin bu vəsaiti niyə xərclədiyi
sualını verirsə, bu, ədəbsizlik deyilmi? Dövlətdən
bir qəpik götürülmür, nazir də öz məzuniyyətində
gedib çadırda çox çətin və ekstremal şəraitdə
bu işlə məşğul olur. Necə olur ki, Norveçdə,
Polşada bu, şərəf gətirən bir iş olur, bizdə
yox? Əslində, ölkəmizdə bizim fəaliyyətimiz
çox rəğbətlə qarşılanır. Bir
neçə paxıl və ya düşüncələrində
geri qalmış insan ictimai rəy deyil.
Mən o səfərlərə
nazir kimi getməmişəm. Adi vətəndaş kimi, 30
kq-lıq çantam arxamda, xüsusi paltarım əynimdə,
4 kq-lıq ağır çəkmələrim
ayağımda ayaq döyüb öz işimi
görmüşəm.
Akonkaquada “2010 Azərbaycanda
Ekologiya ili - yaşıl dünya naminə” transporantı
açıldı. Bununla biz göstəririk ki, Azərbaycanda
bir ağac əkməklə bütün dünyaya kömək
edirik. Balaca bir ölkə olan Azərbaycan artıq karbon birləşmələrini
iki dəfə azaldıb. 3 milyon ağac əkməklə bunu
daha da azaltmağa can atır. Biz çalışırıq
bunu elə bir yerdən səsləndirək ki, eşidilsin.
Eşidilir də. Rus saytlarından başqa heç kim buna
ikimənalı qiymət vermir. Birmənalı qiymət verirlər,
“əhsən” deyirlər, başa düşürlər.
İngilis, Norveç səfiri, yaxud BMT-nin rezident əlaqələndiricisi
“orada nə işiniz var” sualını vermirlər. Deyirlər
ki, siz Antarktidaya iddialı olacaqsınız? Bu mənim şəxsi
işimdir, öz həyatımı nəyə həsr edirəm.
Qoy, bu işə birmənalı qiymət verməyən
insanlar bulvarda domino oynaya-oynaya qocalsınlar.
- Hava və Ekstremal İdman
Növləri Federasiyasının fəaliyyətinin daha da
gücləndiriləcəyini bildirmisiniz. Bu il hansı yeni
layihələr həyata keçiriləcək?
- Azərbaycana yuxarıdan
aşağı baxmağa cəhd edənlər gənclərimizi
bu işə cəlb etməyimizə mane olmağa
çalışır, qısqanclıqla yanaşırlar.
Amma biz bu işi gücləndiririk. Rayonlarda klublar
yaradırıq, gənclərə müvafiq avadanlıqlar
veririk, təlimlər keçirik ki, orduya gedəndə bu gənclər
daha da gözüaçıq olsunlar. Bu gün biz o
istedadlı uşaqları üzə
çıxarmalıyıq. Nəzərə alın ki,
qayayadırmanma artıq olimpiya növü olub. Biz indidən
niyə buna hazırlaşmamalıyıq? Kimlərsə
çox istəyir ki, bu, baş verməsin.
Manqurtlarımızdan da istifadə edirlər. Bizə
maraqlıdır ki, ucqar kəndlərimizdən olan gənclərimizin
gözü açılsın, dünya
çempionatlarında iştirak etsinlər, uçuş
aparatlarında uçsunlar. Qoy, bu uçuşların nə
qədər enerji verdiyini, təbiətə
yaxınlaşdırdığını görsünlər.
Yayda çalışacağıq ki, qayayadırmanma üzrə
beynəlxalq festival keçirək, 6-7 ölkədən gəncləri
dəvət edək. O vaxta qədər heç olmasa, 50-100 gəncimizi
bu yarışlarda iştiraka hazırlaya bilək.
Quliyeva Kəmalə
Kaspi. -2010. – 4 mart. – S.8.