“ABŞ şirkətləri Azərbaycana döyüş sursatları sifariş veriblər” 

 

Müdafiə sənayesi naziri Yavər Camalov: “Ermənistanla müharibə başlasa, hərbi qurumlarımızın silah-sursatla təchizat məsələsində heç bir problem olmayacaq”

 

Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun APA-ya eksklüziv müsahibəsi

- Cənab nazir, öncə bu gün başa çatan SOFEX-2010 xüsusi qüvvələr sərgisini dəyərləndirmənizi istərdik. Bu sərgidə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi də təmsil olunurdu...

- SOFEX bizim üçün uğurlu bir sərgi oldu. Sərgidə 34 dövlətdən 350-dən artıq şirkət iştirak edirdi. Biz də bu sərgidə 55-dən artıq adda müdafiə təyinatlı məhsulumuzu əyani olaraq nümayiş etdirdik. Onu da deyim ki, sərgidə həm təmsil olunan şirkətlər, həm də ziyarətçi kimi qatılan şirkətlər, dövlət qurumları Azərbaycanın məhsullarını maraqla qarşıladılar. Sərgi çərçivəsində bir sıra şirkətlərlə niyyət protokolları da imzalandı. Onlardan üçü ABŞ şirkətidir. Belə ki, bu şirkətlərdən biri Azərbaycana 82 mm çaplı minaatanlar, PKM pulemyotları, 7,62x54 çaplı patronlar, həmçinin 2,5 milyon ədəd 7,62x39 mm çaplı patron, 82 mm çaplı minaatanlar üçün döyüş sursatları, eləcə də lüləaltı qumbaraatanlar üçün 4 min ədəd VOG-25 tipli döyüş sursatı sifariş verdi. Bu layihənin reallaşması üçün artıq müvafiq niyyət protokolu da imzalandı. Yaxınlarda həmin şirkətin nümayəndələri Azərbaycana gələrək öz testlərini keçirəcəklər. Bundan sonra qeyd olunan məhsulların alınmasına dair müqavilələr bağlanacaq.

 İkinci Amerika şirkətinin isə 500 min ədəd 12,7x108 mm çaplı, 250 min ədəd 14,5x110 mm çaplı patron və lüləaltı qumbaraatanlar üçün VOG-25 döyüş sursatlarına böyük ehtiyacı var. Bu şirkətlə də niyyət protokolu imzaladıq. Onlar bildirdilər ki yaxın zamanlarda nümayəndələrini Azərbaycana göndərəcəklər. Bizim istehsalatla tanış olandan sonra intensiv əməkdaşlıq edəcəyik. Üçüncü Amerika şirkəti isə 5 il ərzində 60 milyon ədəd 9x19 mm çaplı patron almaq istəyir. Artıq bizdə rotor xətti qurulub. NATO standartlarına uyğun patronlar istehsal olunur. Bu şirkətlə niyyət protokolu imzaladıq və yaxın günlərdə alğı-satqı müqaviləsini imzalayacağıq. Bundan əlavə Türkiyənin Makina və Kimya Sənayesi (MKE) şirkəti ilə 10 min ədəd RPQ-7V qumbaraatanı, 120 mm-lik minaatanlar üçün 10 min ədəd döyüş sursatı, 7,62x39 mm çaplı patronlar üçün 40 milyon ədəd kapsul və bu patronlar üçün 400 tona yaxın içlik sifarişini qəbul etmişik. Bununla bağlı da bir niyyət protokolu imzalanıb. Yaxın vaxtlarda MKE-nin nümayəndələri Azərbaycana gələcək. Bizim bu şirkətlə müştərək işlərimiz də var. Bizim ekspert qrupu da yaxın günlərdə MKE-nin zavodlarına səfər edəcək. MKE ilə bir neçə atıcı silahın müştərək istehsalına dair müqavilə imzalayacağıq.

- MKE-nin rəhbəri Azərbaycan mühəndislərinin yaratdığı 14,5 və 12,7 mm çaplı snayperlərin birgə istehsalına maraqlı olduqlarını ifadə edib. Bu silahların birgə istehsalı barədə nə deyə bilərsiniz?

- MKE-nin hər iki snayper tüfənginə marağı böyükdür. Onlar istəyir ki, 12,7 mm çaplı snayper tüfənglərini MKE ilə birgə istehsal edək. Biz bu məsələyə baxırıq.

- İordaniyanın kral II Ağdullahın Layihə Bürosuna (KADDB) daxil olan «NP Aerospace Jordan» şirkəti ilə imzalanmış müqavilə barədə də məlumat verməyinizi xahiş edirik.

- İordaniya ilə Azərbaycanın münasibətləri yüksək səviyyədədir. İki dövlət arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq inkişaf edir. Cari ilin 3 ayında ölkələr arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,5% artıb. Biz iki layihə üzrə müqavilə imzaladıq. Bunlardan birincisi zirehli mühafizə köynəklərinin, ikincisi isə dəbilqələrin birgə istehsalı ilə bağlıdır. Həmçinin bir neçə istiqamətdə danışıqlar davam gedir. Yəqin ki yaxın vaxtlarda həmin layihələr üçün müqavilələr imzalanacaq.

- Belə demək olarmı ki, artıq Azərbaycanın silah və sursatı Amerika bazarına da çıxır?

- Buna qədər Azərbaycanın hərbi təyinatlı məhsulları Amerika bazarlarına çıxarılmayıb. Əslində o şirkətlər bu döyüş sursatlarını İraqda istifadə etmək üçün alır. Bu sursatların məsafə və daşınma baxımından Azərbaycandan alınması daha səmərəlidir.

- Türkiyə ilə 30 milyon ədəd patronun alğı-satqısına dair razılaşmanız vardı. Bu sahədə hansı yeniliklər var?

- Türkiyə ilə müqavilə imzalanıb və hazırda biz maliyyələşmənin başlanmasını gözləyirik. Müqaviləyə əsasən qarşı tərəf başlanğıcda 30% ödəniş həyata keçirməlidir.

- Bu gün Azərbaycan müdafiə sənayesinin inkişafını necə qiymətləndirmək olar? Ötən 4 ildə müdafiə sənayesinin ümumi sənaye istehsalında payı hansı səviyyəyə çatıb?

- Bununla bağlı bir faktı qeyd etmək istəyirəm ki, prezident İlham Əliyev tərəfindən müdafiə sənayesinin inkişafına böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsində müdafiə sənayesi inkişaf edir. Bütün zavodların rekonstruksiyadan sonra açılışlarında dövlət başçısı şəxsən özü iştirak edib. İstehsal olunan məhsulların çeşidləri və keyfiyyəti ilə şəxsən maraqlanır. Dövlət başçısı bizim qarşımıza yeni texnologiyaları Azərbaycana gətirməyi, müasir, beynəlxalq standartlara cavab verən məhsul istehsal etməyi tapşırıq olaraq qoyub. Artıq belə məhsullar istehsal olunur. İstehsal həcminin artımına gəldikdə isə deyə bilərəm ki, 2009-cu illə müqayisədə istehsal 2,7 dəfə çox olacaq.

- Müdafiə sənayesinə rəhbərlik edən bir şəxs kimi fikrinizi bilmək istərdik. Azərbaycan müdafiə sənayesi ölkənin Silahlı Qüvvələrinin ehtiyaclarını nə zaman tam qarşılamağı, hərbi texniki asılılığı minimuma endirməyi hədəfləyir?

- Bu gün iqtisadi cəhətdən səmərəli olan bütün layihələri qısa müddətdə həyata keçirəcəyik. Amma elə layihələr də var ki, onların Azərbaycanda reallaşdırılması çox çətindir və zəruri deyil. Məsələn, tank istehsalı. Tank istehsal edən zavodun tikintisi və belə texnikanın yaradılmasına külli miqdarda vəsait tələb olunur. Azərbaycanın tələbi isə çox azdır. Məqsədəuyğundur ki həmin tank texnikasını, təyyarə və helikopterləri inkişaf etmiş ölkələrdən alaq. Perspektivdə zəruri olan silahlar, döyüş sursatları, artilleriya silahları, artilleriya silahları üçün mərmilər, pilotsuz təyyarələr və s. layihələr tam həyata keçdikdən sonra belə layihələrə də baxıla bilər.

Buna baxmayaraq MSN-in müəssisələri tərəfindən bu gün tanklar, helikopterlər, təyyarələr üçün ehtiyat hissələri istehsal edirik. Hətta təyyarə və helikopterlər üçün istehsal etdiyimiz hissələr Rusiyanın müəyyən şirkətlərinə də satılır.

- Xəzər regionunda son illər sürətli silahlanma yarışı gedir. Bəzi sahil dövlətləri tərəfindən çoxlu sayda hərbi gəmilərin, üzmə vasitələrinin sifarişləri verilməsi barədə məlumatlar mövcuddur. MSN-in dəniz-naviqasiya qurğuları, gəmi, sürücüsüz üzmə vasitələri və s. bu kimi texnologiyaların istehsalı ilə bağlı layihələri varmı?

- MSN Azərbaycanda Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər qurumların sifarişləri əsasında layihələr həyata keçirir. Əgər həmin qurumlar tərəfindən sifarişlər olarsa, təbii ki, biz dünyanın tanınmış şirkətlərini də cəlb etməklə belə bir layihələri həyata keçirməyə hazırıq. Hələ ki bizə belə bir sifarişlər daxil olmayıb.

- Azərbaycan və Türkiyənin müdafiə sənayesi sahəsində yeni layihələri varmı? Ötən gün Türkiyənin müdafiə naziri APA-ya müsahibəsində bildirib ki, Azərbaycan tərəfi istərsə, ATAK zərbə helikopteri, «Altay» milli tankı və digər əhəmiyyətli layihələrdə iştirak edə bilər.

- Belə layihələr var. Mən qeyd etdim ki, MKE ilə 12,7 mm çaplı snayper tüfəngi də daxil olmaqla 3 atıcı silahın birgə istehsalının həyata keçirmək üçün müəssisə yaratmağı planlaşdırırıq. Ötən gün Türkiyənin müdafiə naziri Vəcdi Könüllə görüşümüzdə də əməkdaşlığın perspektivlərini müzakirə etdik. Gələcəkdə Türkiyənin bir sıra layihələrində biz də iştirak edəcəyik.

- Azərbaycan stendində nümayiş etdirilən 14,5 mm çaplı «İstiqlal» snayper tüfənginə əcnəbi hərbçilər tərəfindən daha çox maraq vardı. Bu snayper tüfəngi barədə məlumat verməyinizi istərdik. «İstiqlal»ın yeni modelinin nə zaman seriyalı istehsalına başlanılması planlaşdırılır?

- “İstiqlal” yarımavtomatik snayper tüfəngidir. Bu silah snayper tüfənglərinin əksəriyyətindən bu özəlliyi ilə fərqlənir. Darağı 5 patron tutur və patronlar lülə qutusuna avtomatik şəkildə ötürülür. Dəqiqliyi də sınaqdan çıxarılıb və 2200 metr məsafədə hədəfi məhv etmə qabiliyyətinə malikdir. Bu gün elə bir snayper tüfəngi yoxdur ki, bu məsafədə hədəfi məhv etmə qabiliyyəti olsun. İndi «İstiqlal»ın 12,7 mm çaplı versiyası yaradılıb və hazırda sınaqdadır. Eyni zamanda 23 mm çaplı snayper tüfənginin yaradılması üzərində iş gedir.

- Azərbaycanın istehsalı olan avtomat tüfəngi barədə nə deyə bilərsiniz? “Kalaşnikov” avtomatına «bənzəyən, həm də bənzəməyən» bu silahın seriya ilə istehsalına nə zaman başlamağı planlaşdırırsınız?

- Bu silah əslində AK-74M silahının bazasında yaradılıb. Ancaq bir sıra özəlliklərinə görə “Kalaşnikov” avtomatından fərqlənir. Məsələn, AK-larda gecəgörmə cihazları, nişangah və işıqlandırma sistemi qurmaq üçün əlavə detallar qoymaq lazımdır. Bizim avtomatın üzərində bunlar nəzərə alınıb. Həmçinin silahın qundaq hissəsi dəyişdirilib. Silahın seriyalı istehsalı üçün hazırda Rusiya tərəfi ilə danışıqlar gedir. Türkiyənin MKE şirkətinin verdiyi məlumata görə, xaricdə bu avtomatlara tələbat böyükdür. Daxili tələbatı ödədikdən sonra biz bu silahı da ixrac etməyi planlaşdırırıq.

- Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında imzalanmış müqaviləyə əsasən müharibə yenidən başlarsa, üzv ölkələr Ermənistana güzəştli şərtlərlə silah, sursat və hərbi texnika sata bilər. Azərbaycanın hərbi sənaye kompleksi necə, başlana biləcək hər hansı müharibədə Silahlı Qüvvələrin ehtiyacını qarşılaya biləcəkmi?

- Müdafiə Sənayesi Nazirliyi Müdafiə Nazirliyi və digər hərbi qurumları istənilən sayda döyüş sursatı və silahla təmin etmə imkanına malikdir. Hərbi əməliyyatlar başlanarsa, təchizat məsələlərində heç bir problem olmayacaq. 

 

 

Kaspi. -2010. – 15-17 may. – S.4.