Biliyə gedən yol 

 

Bakıda kitab bayramı keçirildi.

«Kitablar zamanın dalğalarında hərəkət edən və öz yükünü nəsildən-nəsilə çatdıran fikir gəmiləridir». Görkəmli ingilis yazıçısı Frensis Bekonun vaxtilə dediyi bu fikirlərin məna dərinliyini anlamaq üçün mayın 26-da M.Maqomayev adına Dövlət Filarmoniyasının bağında keçirilən “Kitab Bayramı – 2010”-un iştirakçısı olmaq kifayət idi. Bakı Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə artıq üçüncü ildir keçirilən Kitab Bayramı “Kitabla dünyanı fəth et!” şüarı altında təşkil olunub. Mərasimdə Vətən, ekologiya, tarix, coğrafiya, milli musiqi, mədəni irs və s. mövzularını əhatə edən 2056 adda 29260 nüsxə kitabın sərgisi təqdim olunub. Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan kitabxanalarla yanaşı, Bakı Kartoqrafiya fabriki, M.Seyidzadə adına kitabxana-mağaza, “Əli və Nino” kitab evi, Kitab klubu, Bakıda fəaliyyət göstərən “Qlobal Publishing”, “Nurlar”, “Beşik”, “Şərq-Qərb”, “Xəzər”, “Çinar-çap” və “Qanun” nəşriyyatlarının kitablarının sərgi-satışı da təşkil edilib. Belə ki, burada qonaqlar həm sərgilənən kitablarla tanış olmaq, həm də bəyəndikləri kitabları əldə etmək imkanı qazanıblar.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev tədbiri açaraq kitab sevənləri bu mühüm hadisə münasibətilə təbrik edib. Ə.Əliyev mərasimi keçirməkdə əsas  məqsədin əhalinin kitaba marağını artırmaq, yeni nəsildə kitaba məhəbbət aşılamaq və nəşr olunan kitabların satışını təşkil etməkdən ibarət olduğunu bildirib.

“Kitab - xalqın rəmzidir” – deyə  mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva kitabı gələcəyə, biliyə gedən yol adlandırıb: “Prezident İlham Əliyevin kitabxanalarımıza göstərdiyi diqqət və qayğını görməmək qeyri mümkündür. Prezidentimiz kitabxanalarımıza aid altı sərəncam imzalayıb. Xüsusi dövlət proqramı hazırlanıb. O proqrama əsasən latın qrafikası ilə 2 milyon kitab çap olunaraq bütün kitabxanalarımıza paylanılıb. Rayonlarda elektron kataloqlar və kitabxanalar yaradılıb”.

MM-in deputatları, Səbayel rayon İH rəsmiləri və ictimaiyyətin nümayəndələrinin qatıldığı mərasimdə Bakı şəhər musiqi məktəbləri və mədəniyyət evlərinin kollektivləri, Bakı Uşaq Teatrı, “Cəngi”, “Aysel” və “Şəms” rəqs qrupları çıxış edərək bayrama musiqi nömrələri ilə rəngarənglik veriblər.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətinin rəhbəri Samid Rzayev qəzetimizə bildirib ki, Kitab Bayramı  respublikanın bütün rayonlarında keçirilib və Bakıda keçirilən mərasimi  final tədbiri kimi dəyərləndirmək olar. Əhalinin  Kitab Bayramına marağına gəlincə, S.Rzayevin sözlərinə görə, ictimaiyyətin marağı ötən illərə nisbətən bu il daha çoxdur. Belə ki, insanlar təkcə sərgini seyr etmək üçün deyil, həmçinin alış üçün gəlirlər. “Biz daha çox gənclərin axınını gözləyirik”.

Dini-elmi kitabların satış sərgisini keçirən “Qlobal Publishing” nəşriyyatının tərcüməçisi Ülkər Əliyeva və M.Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kitabxanasının nəzdindəki kitabxana-kitab mağazasının nümayəndəsi əhalinin, xüsusən gənc nəslin sərgiyə marağının artdığını bildirib.

«Beşik» nəşriyyatının nümayəndəsi isə əhalinin sərgiyə marağının çoxaldığını etiraf etsə də, satışın azlığından gileylənib: “Daha çox sərgini seyr edənlər var, nəinki alanlar. Bu cür tədbirlər mütəmadi keçirilsə, məncə bu marağı artırmaq olar”.

Sərgi nümayəndələrinin bəziləri mərasimin bir neçə gün keçirilməsinin və təbliğatının gücləndirilməsinin tərəfdarı olduqlarını bildiriblər. Onların fikrincə, belə tədbirlərin təbliğatına efirdə xüsusi vaxt ayrılmalıdır. “Ola bilər ki, çox adamlar belə bir bayramın keçirilməsindən xəbərsizdir”.

Bayrama qatılan bəzi insanlar alıcılıq qabiliyyətinin aşağı olmasını kitabların qiymətinin qeyri-münasib olması, axtardıqlarını tapa bilməmələri, çağdaş çapa marağın azalması və s. ilə əlaqələndiriblər. Bəzi ictimaiyyət nümayəndələri isə mərasimi əsl bayram əhval ruhiyyəsi ilə qarşıladıqlarını qeyd ediblər: “Kitab bayramını ildə bir dəfə yox, bir neçə dəfə, özü də Bakının bütün rayonlarında təşkil etmək lazımdır”.

 

 

Təranə Məhərrəmova

 

Kaspi. – 2010. – 27 may. – S.15.