Azərbaycan musiqisinin simvolu

 

Eldar Quliyev: Mən ata kimi onun haqqında danışmağa çətinlik çəkirəm

 

Tofiq Quliyev - bəstəkar, pianoçu, dirijor, böyük musiqi xadimi. Yarım əsrdən çoxdur ki, onun mahnıları səslənir. Bu mahnıları iri konsert salonlarından, radio və televiziya verilişlərindən, böyük məclislərdən eşitmək olur. Bu mahnılar insanlara mənəvi rahatlıq gətirir, onlara sevinc bəxş edir. Kədərli və fərəhli, lirik, oynaq nəğmələr yalançı pafosdan uzaq bir dillə insan həyatından danışır. Bu mahnılarda insan taleyinə aid, onun qəlbinə toxunan çox şeylər var. Cəsarətlə demək olar ki, ölkəmizdə bu mahnılara biganə olan bir adam tapmaq çətindir. Onun hər mahnısı milli vokal sənətimizin bir mirvarisidir. Böyük bəstəkar öz əsərləri ilə incəsənətimizə çox qiymətli xəzinə bəxş edib.

Görkəmli bəstəkarın doğum günü ərəfəsində oğlu, tanınmış kinorejissor Eldar Quliyevlə söhbətləşərkən: Mən ata kimi onun haqqında danışmağa çətinlik çəkirəm. Əgər yaradıcılığı haqqında da "onun musiqisi, mahnıları mənim xoşuma gəlirdi" - desəm, bir az düz çıxmaz. Deyərlər ki, atasını tərifləyir" - desə də xatirələrini həvəslə danışdı.

 

Ən nəğməli şəhər

 

- Tofiq Quliyevin musiqiyə bağlanmasının ailə kökləri ilə bağlılığı vardımı?

- Əlbəttə, musiqini ailələrində sevmişdi. Evlərində həmişə skripka, fortepiano çalınır, vallar oxunurdu. Ailənin başqa bir məşğuliyyəti ədəbiyyat, teatr idi. Babamla nənəm uşaqlarını sənətə məhəbbət ruhunda tərbiyə etməyə çalışırdılar. Təhsilə və musiqiyə maraq böyüyən uşaqlarda lap erkən yaşlarından oyanmışdı. Təsadüfi deyildi ki, Tofiq Quliyev musiqi təhsilini 12 yaşında Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki hazırlıq sinfində almağa başlamışdı. Bu illərdə onun intəhasız istedadı üzə çıxmışdı. O, siniflərində oxuyan bütün uşaqlardan fitri istedadı ilə fərqlənirdi. Royalda gözəl çalır, improvizələri, yüngüllüklə musiqi bəstələmələri hamını heyran qoyurdu. Konservatoriyada təhsilinin ilk illərində məşhur bəstəkar Asəf Zeynallı onda böyük təsir yaratmışdı. Sonralar da Konservatoriyanın iki fakültəsində - Aysberqin fortepiano, Ştrasserin dirijorluq siniflərində oxuyur, dahi Üzeyir Hacıbəyovun sinfində məşqlərə başlayır. Ondan xalq musiqisinin, muğamatın sirlərini öyrənmək sənət yoluna qədəm qoyan gənc üçün musiqinin sirli qapılarını açır. Tofiq Quliyev bu sirli dünyanın gözəlliklərini dərk edir. Üzeyir bəy onun həyatında böyük rol oynayır. Dünya klassikasının və musiqi təhsilinin sirlərini öyrənmək üçün dahi bəstəkar Çaykovski adına Moskva Dövlət Konservatoriyasına göndərdiyi Qara Qarayev, Cövdət Hacıyev, Zakir Bağırov kimi tələbələr sırasına Tofiq Quliyevi də daxil edir. Moskva mühiti, böyük pianoçu və pedaqoq Henri Neyqauzla tanışlığı, maddi qazanc xətrinə Moskvanın gur konsert və teatr həyatına qarışması və "estrada" adı ilə caz konsertləri ifa etməsi, məşhur pianoçu, Ümumittifaq caz orkestrinin rəhbəri Çfasmanın orkestrində çalışmaları Tofiqin istedadının genişlənməsinə şərait yaradır.

Bu illərdə Tofiq Quliyevdə özünün milli caz orkestrini yaratmaq arzusu yaranır. Bu arzu ilə 1939-cu ildə Moskvadan Bakıya qayıdır. O vaxtlar Bakı keçmiş ittifaqın ən nəğməli şəhərlərindən biri sayılırdı.

- Tofiq Quliyev bu orkestri yaratmağa necə müvəffəq oldu?

- Məşhur yazıçı-dramaturq Mirzə İbrahimovun köməyi ilə orkestri yaradır. O, musiqiçiləri yığır, alətləri Leninqrada sifariş verir, repertuarla ciddi məşğul olur. Estrada, caz - bütün bunlar sənət aləmində yeni idi. Xalqa daha çox milli məzmunlu əsərlər lazım idi. Tofiq Quliyev xalq mahnı və rəqslərini öz fantaziyası ilə işləyir, eyni zamanda, orijinal əsərlər yazırdı. Müharibə illərində Tofiq Quliyevin rəhbərlik etdiyi orkestr döyüşən əsgərə çevrilərək 402-ci diviziyanın tərkibində özünün cəbhə həyatına başlayır. Bu orkestri hədər yerə Qızıl Ordu ansamblı adlandırmırdılar. Qafqazın müdafiəsi zamanı müharibədə fəaliyyətinə görə Tofiq Quliyev bir neçə medallarla təltif olunur.

Sonrakı illərdə isə atamın yaradıcılığının daha zəngin dövrləri başlayır. O, ömrünün sonuna qədər çalışır və Azərbaycan musiqisinə gözəl mahnılar, təkrarsız musiqilər bəxş edir. Qara Qarayev ona yazırdı: "Heç vaxt indiki qədər mənə aydın olmamışdı ki, sən adamlara nə qədər xeyirxahlıq etmisən. Onlara sənin musiqin nə qədər lazımdır! Bir daha aydın oldu ki, daima və gündəlik əməyinlə sən bütün həyatını musiqiyə həsr etmisən. Mən sənə qiymətə gəlməyən, Azərbaycan xalqının mənəvi sərvətinə gətirdiyin xəzinəyə görə təşəkkür edirəm!" Bu sözlər həqiqətdir. Elə bir məclis yoxdur ki, orda Tofiq Quliyevin mahnıları ifa olunmasın. Elə bir müğənni yoxdur ki, repertuarında Tofiq Quliyevin mahnısı olmasın. Sənətkar üçün çox böyük şərəfdir ki, yaratdığı ondan sonra yaşayır. Necə deyim ki, pis çıxmasın: mən bilən Tofiq Quliyevin adı Azərbaycan musiqisinin, Azərbaycan mahnısının simvolu olub. Onun mahnılarını heç nə ilə müqayisə etmək olmaz. Çox maraqlıdır, Tofiq Quliyev dünyasını dəyişəndən sonra çoxları mənə "Tofiq müəllim!", sonra da üzr istəyərək "Eldar müəllim!" - deyə müraciət edir. O, sağ olanda mənə belə müraciət edən yox idi. Mən hələ də bunun niyə belə olduğunu başa düşmürəm.

- Orta məktəbdə oxuyanda Tofiq Quliyevin oğlu olmağınız sizin üçün hansısa qapıları açırdımı?

- Bilsələr də, bunun mənim qiymətlərimə heç bir təsiri ola bilməzdi. Bir də axı o zaman Tofiq Quliyev hələ klassik bəstəkar hesab olunmurdu. O zaman Tofiq gənc bəstəkar idi. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, mən məktəbdə öz gücümə əlaçı olmuşam. Ümumiyyətlə, təbiətən öyrənməyi sevən insanam. Daha çox fizika və riyaziyyat elmlərinə meylli idim və bu sahələr üzrə keçirilən bir neçə olimpiadanın qalibi olmuşdum. Məqsədim orta məktəbi bitirəndən sonra, Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmaq idi. Amma bir dəfə "Vətən" kinoteatrında təsadüfən "Durnalar uçur" adlı bir rus filminə baxdım. Bu film həyatımı dəyişdi və mən kinorejissor olmaq qərarına gəldim. Anamın qınağına baxmayaraq, həyat yolumu müəyyən etdim.

 

Damarlaramızda axan qan

 

- Sonrakı illərdə atanızın yaradıcılığınıza heç təsiri olubmu?

- Desəm ki, onun sənətinin yaradıcılığıma heç təsiri olmayıb, bu, düz olmaz. Damarlaramızda axan eyni qandır. Moskvada institutda oxuyanda daha çox xarici yazıçıların əsərlərindən istifadə edirdim. Açığı, Moskvada qalmaq fikrim vardı. Bəlkə də çox istəsəydim qala bilərdim. Ancaq məni evdən çağırdılar. Avropa və dünya ədəbiyyatı, incəsənəti sahəsində böyüdüyüm üçün bilirdim ki, mənə Bakıda çətin olacaq. Azərbaycan həyatı, Azərbaycan xarakteri burda əsasdır. Ancaq ilk diplom işim olan Salam Qədirzadənin bir əsəri üzərində çəkdiyim film, daha sonra "Bir cənub şəhərində" filmi mənimçün ən azərbaycanlı filmlər oldu. Mən necə görürdümsə, elə çəkirdim. Ona görə deyirəm ki, bu, azərbaycanlı qanıdır. Bu mədəniyyət mənə qanla keçib.

- Sizin söhbətləriniz adətən sənətlə bağlı olurdu?

- Biz Tofiqlə həmişə görüşəndə ailə söhbətləri aparmırdıq, daha çox sənət söhbətləri edirdik. Aramızda ata-oğul pərdəsi həmişə qalırdı. Bu, məncə, bütün ailələrdə belə olmalıdır. O vaxtın sənətkarları daxildən çox maraqlı adamlar idi. Onlarla tək musiqidən yox, dünya tarixindən və mədəniyyətindən, siyasətdən, incəsənətin bütün sahələrindən söhbətlər eləmək olardı. Tofiq də o nəslin parlaq nümayəndəsi idi. Mən bir dəfə telefonda onunla danışarkən Salvador Dalinin "Dahinin gündəliyi" kitabını almağımı deyəndə "hardan almısan, mənimçün də al" - dedi. O, kitablarla çox maraqlanır, mütaliəni hədsiz sevirdi. Onun çox zəngin kitabxanası, çox gözəl rəsm albomları vardı. Həmişə ad günümdə "sənə nə bağışlayım" - soruşanda, "nə istəyirsən" - cavabını verirdim. Bilirdi ki, kitabxanasında 1-2 kitaba gözüm düşüb. Bir dəfə ad günümdə sürücüsü ilə kinostudiyaya hədiyyə göndərmişdi. Gördüm ki, sürücü böyük bir qutu gətirdi. Ürəyimdə "burda nə isə böyük bir hədiyyə ola bilər" - düşündüm. Qutunu açanda üstdə istədiyim kitabların, altda da Brejnevin, bütün qurultayların kitablarının yığıldığını gördüm. Zəng edib "bunları mən neynirəm?" - deyəndə, "gərək onları da biləsən" - deyə cavab verdi.

- O, ümumiyyətlə sizin yaradıcılığınıza qarışırdımı?

- Tofiq mənim yaradıcılığıma heç qarışmırdı. Nə yaxşı, nə də pisdir deyirdi. Təkcə təbrik eləməklə kifayətlənirdi. Ancaq mənə belə bir məsləhət verdi: "Öz təcrübəmdən götürəndə hər rejissorun öz ətrafında operator, ssenarist, bəstəkar, aktyor, rəssamlardan ibarət bir qrup olur. Onlar bir-birlərini yaxşı başa düşürlər". Mənə məsləhət gördü ki, öz yaşıdlarımdan ibarət bir kollektiv yığım. Mən iki filmimi Fərəc Qarayevlə, ondan sonrakı filmlərimi isə Polad Bülbüloğlu ilə işləməyə başladım. Poladla 7-8 film işlədim.

- Bəs Tofiq Quliyevlə necə, film işləyə bildinizmi?

- Bir dəfə onunla birgə işləməyə imkan yarandı. "Babək" filminin üzərində əvvəlcə Həsən Seyidbəyli işləyirdi. Onun öz qruppası vardı və bəstəkarı da Tofiq Quliyev idi. Onlar həmçinin dost idilər. Demək olar ki, Həsən Seyidbəylinin filmlərinin musiqisini Tofiq Quliyev bəstələmişdi. "Babək"dən əvvəl isə onlar "Nəsimi" filmini işləmişdilər. Sonra Həsən müəllim xəstələndiyi üçün filmdən imtina elədi. Filmi mənə verdilər. Mən də dedim ki, Həsən müəllim, siz xəstəsiniz, nə vaxt gəlib deyərsiniz, onda mən qırağa çəkilərəm. Dedi ki, davam elə. O, bütün qrupu yığmışdı. Dedi ki, onlarla işlə. Mən elə bilirdim ki, həm də Tofiq Quliyevlə işləyəcəyəm. Polad Bülbüloğlu eşidəndə ki, filmdə Tofiq Quliyev işləyir, dedi ki, mənim sözüm yoxdur və inciməyəcəyəm. Mən sınaq üzərində işləyirdim. Bir aydan sonra Tofiq zəng vuraraq ərizə yazıb filmdən çıxmaq istədiyini bildirdi. Dedim ki, niyə, sonra başa düşməzlər, elə bilərlər ki, mən səninlə işləmək istəmirəm və ya sən mənimlə işləmək istəmirsən. "Yox, bilirsən, mən Həsənlə dostam. Həsən filmdən çıxdı, mənsə qalıram. Sonra Həsən deyər ki, dostluğu itirdi, oğlu ilə işləyir. Heç nə deməsə də, daxildən inciyər. Bir də sən Poladla işləyirsən, mən niyə sizin aranıza girim? O, cavan bəstəkardır, niyə onun əlindən filmini alım? Mən olmasaydım, sən yəqin ki, onu dəvət edəcəkdin. İndi isə sən də dostluğunu itirməyəcəksən, mən də. İnşallah, bəlkə gələcəkdə belə bir imkan yarandı, onda birgə işləyirik" - deyib ərizə yazaraq filmdən getdi. Camaat da bunu başa düşdü. Mən filmi Poladla işlədim. Elə bilirəm, bu, Poladın ən yaxşı kino musiqilərindən biridir. Ancaq Tofiqlə birgə işləmək bizə qismət olmadı.

 

Yerinə yetirilən borc

 

- Necə bilirsiniz, bir övlad kimi onun qarşısında yerinə yetirmədiyiniz borcunuz qalıbmı?

- Onun qarşısında yerinə yetirmədiyim böyük bir borcum vardı. 1992-ci ildə biz onun haqında film çəkməyə başladıq. Təəssüf ki, filmi bitirə bilmədim. Materiallar qalmışdı. Özümdən başqa heç kəsi qınamırdım. Görüşəndə işarə ilə "bu filmi nə vaxt qurtaracağıq?" - deyə maraqlanırdı. O, filmi çox gözləyirdi. Açığını deyim ki, bu filmi çəkmək mənimçün çətin idi. Bəlkə bu bizim birgə işlədiyimiz ilk film olacaqdı. Mənim onun sənətini necə görməyim Tofiq Quliyev üçün maraqlı idi. Hər il "gərək bu il bitirim" - desəm də, nəsə bir çətinlik hiss edirdim. Nəhayət, atamı haqqında 35 dəqiqəlik Nəğməli ömür sənədli filmini çəkdim. Keçən həftə Bəstəkarlar İttifaqındaMüasirlərlə dialoq layihəsi çərçivəsində Tofiq Quliyevin xatirəsinə həsr olunan tədbirdə film nümayiş olundu və maraqla qarşılandı. Gecədə vurğulanan fikirlər isə həqiqət idi: Tofiq Quliyev musiqi mədəniyyətimizdə dərin və dəyərli izlər qoyub. Onun musiqiləri sevilir, dinlənilir, hər zaman da belə olacaq.

Biz Tofiq Quliyevin hər doğum gününü beləcə qeyd edirik. Ancaq doğum günü barədə maraqlı bir məqamı açıqlayım. Hamı elə bilir ki, atamın doğum günü noyabrın 7-idir. Ancaq nənəm danışırdı ki, atam noyabrın 5-də doğulub. Sadəcə hansısa səbəblərə görə, bu tarix sənəddə noyabrın 7-i kimi qeyd edilib.

 

 

Təranə Məhərrəmova

 

Kaspi.- 2010.- 9 noyabr.- S. 11.