Yaz sessiyası üçün iş bolluğu

 

Parlament iş planına daxil etdiyi 3 məcəllə və 6 qanun layihəsini müzakirəyə çıxara bilməyib

 

Dekabrın 29-da Milli Məclis payız sessiyasını başa vurdu. Bundan sonra deputatlar tətilə yollandılar. Sessiya çərçivəsində Milli Məclisin 10 plenar iclası keçirildi. İki dəfə isə deputatlar müxtəlif məsələlərlə bağlı dinləmələrdə iştirak etdilər. Bəs görəsən, parlament payız sessiyası çərçivəsində qarşısına qoyduğu məqsədlərə nail ola bildimi?

Hələlik parlament rəhbərliyi payız sessiyasının yekunları ilə bağlı hesabat verməyib. Amma sessiyanın ilk iclasında təsdiqlənən iş planının icra vəziyyətinə əsasən parlamentin payız sessiyasına qiymət vermək mümkündür. Qeyd edək ki, deputatların özləri tərəfindən təsdiqlənən iş planına 22 məsələ daxil edilmişdi. Payız sessiyası çərçivəsində ən geniş müzakirə olunan məsələ 2010-cu ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri oldu. Parlamentin 10 iclasının 5-də büdcə məsələləri müzakirə edildi. Deputatlar həm növbəti ilin dövlət büdcəsini, həm Dövlət Sosial Müdafiə Fondunun büdcəsini təsdiqlədilər, həmçinin yaşayış minimumu, ehtiyac meyarı ilə bağlı qanunlar qəbul olundu.

Bundan əlavə, deputatlar iş planında nəzərdə tutulan "Bank olmayan kredit təşkilatları haqqında" qanun layihəsini üç oxunuşda müzakirə edib qəbul etdilər. Payız sessiyası çərçivəsində "Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında" qanun layihəsi də iki oxunuşda qəbul edildi. Bu qanun layihəsi Azərbaycan silahlı qüvvələrinin sülhməramlı əməliyyatlarda iştirakının hüquqi əsaslarını müəyyən edir. Qanun layihəsi ilə bağlı millət vəkilləri arasında elə bir fikir ayrılığı yoxdur. Çox güman ki, layihə parlamentin yaz sessiyasında sonuncu oxunuşda da problemsiz qəbul ediləcək.

Parlamentin Aqrar siyasət komitəsinin hazırladığı "Pambıqçılıq haqqında" qanun layihəsi də ilk oxunuşda ciddi fikir ayrılığı yaratmadı. Amma deputatlar sessiyanın sonuna qədər bu qanun layihəsini sonuncu oxunuşda qəbul edə bilmədilər.

İş planına daxil edilən "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanun layihəsi də yalnız dekabrın sonlarında müzakirəyə təqdim olundu. Qanun layihəsi vətəndaşların şəxsi mülkiyyətində olan torpaqların dövlət ehtiyacları üçün alınması qaydalarını müəyyənləşdirir.

Parlamentin Regional məsələlər komitəsi tərəfindən hazırlanan "Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi haqqında" əsasnamə layihəsi də payız sessiyasında yalnız birinci oxunuşda qəbul edildi. Qanun layihəsinin komitədəki müzakirələri çox uzun çəkdi. Müəyyən fikir ayrılıqları və dəqiqləşdirmələrə ehtiyac olduğundan komitə müvafiq dövlət qurumları təmsilçilərinin iştirakı ilə qanun layihəsini bir neçə dəfə müzakirə etməli oldu. Nəticədə əsasnamənin layihəsini birinci oxunuş müzakirəsinə yalnız payız sessiyasının sonuncu iclasında təqdim etmək mümkün oldu.

Parlamentin Sosial siyasət və İqtisadi siyasət komitələri tərəfindən birgə hazırlanan "İstehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta haqqında" qanun layihəsi də birinci oxunuşa yalnız dekabr ayında təqdim olundu.

Milli Məclisin Sosial siyasət və İqtisadi siyasət komitələri tərəfindən hazırlanan "İnsanın immun çatışmazlığının profilaktikası haqqında" qanun layihəsini də yalnız bir oxunuşda müzakirə etmək mümkün oldu. Ölkədə HİV/AİDS virusuna yoluxmuş insanlarla bağlı münasibətləri tənzimləyən bu yeni qanunun növbəti oxunuş müzakirələri yaz sessiyasına qaldı.

Sessiya çərçivəsində millət vəkiləri ölkə prezidenti tərəfindən parlamentə qanunvericilik təşəbbüsü qaydasında təqdim olunmuş bir sıra məsələlərə də baxdılar. Məsələn, ölkədə qeyri-iş günü hesab olunan bayramların sayı artırıldı. 6 noyabr - Dövlət Bayrağı gününün qeyri-iş günün hesab olunması ilə bağlı Əmək Məcəlləsinə əlavə və dəyişikliklər edildi. Parlament Azərbaycanın orden və medallarının sırasına daha üçünü əlavə etdi.

Ümumiyyətlə, sessiya çərçivəsində çoxsaylı qanunlara əlavə və dəyişikliklər edildi. Parlament insan alverinə qarşı mübarizə üzrə milli koordinatorun hesabatını dinlədi.

Amma millət vəkilləri heç də nəzərdə tutulan bütün qanun layihələrini müzakirəyə çıxara bilmədilər. İş planında nəzərdə tutulan üç məcəllədən (Tikinti Məcəlləsi, Şəhərsalma Məcəlləsi və Rəqabət Məcəlləsi) heç biri müzakirəyə çıxarılmadı. Qeyd edək ki, iki oxunuşda qəbul edilən Rəqabət Məcəlləsi artıq 2 ildən çoxdur üçüncü oxunuş müzakirələrini gözləyir. Əvvəlcə qanun layihəsi ilə bağlı müəyyən fikir ayrılıqları var idi. Xüsusilə də yaradılacaq rəqabət orqanının tabeçiliyi ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdü. Sonradan bu məsələnin ölkə prezidenti tərəfindən həll edilməsi təklif edildi. Buna baxmayaraq, hələ də məcəllənin son variantından xəbər-ətər yoxdur. Milli Məclisin İqtisadi siyasət komitəsi məcəllənin taleyi ilə bağlı heç bir açıqlama vermir.

Tikinti və şəhərsalma məsələləri ilə bağlı münasibətləri tənzimləyən Tikinti Məcəlləsi və Şəhərsalma Məcəlləsinin nə vaxt müzakirəyə çıxarılacağı da məlum deyil.

İş planına daxil edilən 6 qanun layihəsi ilə bağlı isə sessiya dövründə heç bir müzakirə aparılmadı. Parlamentdə təşkil olunan dinləmələrdə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun qəbulunun vacibliyi birmənalı şəkildə zəruri hesab edilsə də, layihə müzakirələrə təqdim olunmadı. Məlum olduğu kimi, parlamentin Sosial siyasət komitəsi tərəfindən hazırlanan bu qanun layihəsi birinci oxunuş müzakirələri zamanı ciddi müqavimətlə üzləşmişdi. Bəzi millət vəkilləri qanun layihəsinin milli mentalitetə zidd olduğunu önə sürmüşdülər. Etirazların çox olduğunu görən parlament rəhbərliyi qanun layihəsini yenidən işlənmək üçün geri qaytarmışdı. Növbəti mərhələdə qanun layihəsinin hazırlanması işinə Hüquq siyasəti və dövlət quruculuğu komitəsi də cəlb olundu. Amma bu da layihənin müzakirələrə təqdimatının yolunu aça bilmədi. Eyni taleyi yaşayan "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsinin qəbulu da payız sessiyası çərçivəsində reallaşmadı. Halbuki layihənin hazırlanmasında iştirak edən işçi qrupunun üzvləri etirazlara səbəb olan müzakirələrdən sonra sənəddə xeyli təkmilləşdirmə işlərinin aparıldığını, "surroqat ana", süni mayalandırma ilə bağlı məsələlərin layihədən çıxarıldığını elan etmişdilər. Amma sessiyanın sonuna qədər layihənin son variantı heç bu işin tapşırıldığı Sosial siyasət və İnsan hüquqları komitələrində də müzakirə olunmadı.

Martın 18-də Konstitusiyaya edilən əlavə və dəyişiliklərlə əlaqədar qəbulu nəzərdə tutulan "Bələdiyyələrin hesabatları haqqında" qanun layihəsindən də bir səs-soraq çıxmadı. Qeyd edək ki, bu qanun layihəsi bələdiyyələrin parlament qarşısında hesabatı hansı formada verəcəyini müəyyənləşdirməli idi. Qanun layihəsini parlamentin Regional məsələlər komitəsi Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi ilə birlikdə hazırlamalı idi.

Deputatlar payız sessiyasında "İctimai asayişin təmin edilməsində vətəndaşların iştirakı haqqında" qanun layihəsinin müzakirəsinə də nail ola bilmədilər. Ümumiyyətlə, bu qanun layihəsinin nə vaxt müzakirəyə çıxarılacağı da məlum deyil.

Parlamentin Elm və təhsil komitəsi də payız sessiyasını çox passiv keçirdi. Komitə iş planında nəzərdə tutulan 3 qanun layihəsindən ("Elm və dövlət elmi texniki siyasəti haqqında", "Ali təhsil haqqında", "Kəşflərin hüquqi qorunması haqqında") heç birini müzakirəyə təqdim edə bilmədi. Halbuki bu qanun layihələrinin hər biri cəmiyyət və elm ictimaiyyəti tərəfindən səbirsizliklə gözlənməkdədir. Komitə rəhbərliyi müzakirəsi nəzərdə tutulan qanun layihələrinin nədən ləngidiyini də izah etmədi. Bu baxımdan adıçəkilən qanun layihələrinin yaz sessiyasında müzakirəyə çıxarılacağı da sual doğurur. Əgər bu komitənin hazırladığı "Təhsil haqqında" qanunun qəbulu tarixini yada salsaq, "Elm və dövlət elmi texniki siyasəti haqqında", "Ali təhsil haqqında", "Kəşflərin hüquqi qorunması haqqında" qanun layihələrinin qəbulunun ləngiməsini təbii qəbul etmək olar.

İş planında nəzərdə tutulan qanun layihələrinin bir çoxunun müzakirəyə çıxarılmaması bir neçə səbəblə əlaqələndirilə bilər. Birincisi, paralamentdə hesab edirlər ki, əsas səbəblərdən biri payız sessiyasında əsasən büdcə məsələlərinin müzakirəsidir. Belə ki, bu müzakirələr çox vaxt apardığından digər qanunların müzakirəsinə vaxt qalmayıb. Amma əsas səbəblərdən biri də parlament iclaslarının lazımi qədər keçirilməməsi də göstərilə bilər. Büdcə müzakirələrini nəzərə almasaq, Milli Məclis payız sessiyası çərçivəsində digər qanun layihələrinin müzakirəsi ilə bağlı cəmi 5 iclas keçirdi. Bu 5 iclasda isə təbii ki, iş planında nəzərdə tutulan bütün məsələlərin əhatə edilməsi mümkün deyildi. Buna görə də deputatlar özlərinin sonuncudan əvvəlki sessiyaları olacaq yaz sessiyasına xeyli iş saxladılar. Təki bu iş yeni çağırışda seçiləcək deputatlara saxlanılmasın.

 

 

Quliyev İlham

 

Kaspi. -2010. 9-11 yanvar. S.5.