Nəriman Nərimanovun maarifçilik fəaliyyəti pedaqoji fikirləri 

 

Onun pedaqoji fikirlərində təhsil və tərbiyənin vəhdəti, təhsilin tərbiyəyə müsbət təsiri həyati faktlarla göstərilib

 

XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşayıb-yaratmış Nəriman Nəcəf oğlu Nərimanov məşhur pedaqoq, dramaturq, nasir, publisist, həkim olmaqla bərabər, həm də görkəmli dövlət xadimi idi. N.Nərimanovun həyatında onun pedaqoji-maarifçilik fəaliyyəti ayrıca əhəmiyyət kəsb edir. Pedaqoji elmlər doktoru, professor, Rusiya Təhsil Akademiyasının akademiki  Hüseyn Əhmədov göstərir ki, 1890-cı ildə Qori Müəllimlər Seminariyasını bitirən Nərimanov Tiflis quberniyası Borçalı qəzasının Qızılhacılı kənd məktəbinə müəllim göndərilir.

 

 Bir il sonra o, Bakıya gəlmiş, əvvəlcə Bakı realnı məktəbinin müəllimi A.İ.Pobodonostsev tərəfindən təşkil edilən 6 sinifli progimnaziyanın hazırlıq sinfinin aşağı şöbəsində, xüsusi məktəbdə, sonra isə Bakı oğlan gimnaziyasında müəllimlik etmişdir. XIX əsrin sonlarında Rusiyanın digər milli ucqarlarında olduğu kimi, Azərbaycanda da maarifpərvər müəllimlər yalnız dərs deməklə kifayətlənmirdilər. Onlar ədəbiyyat və incəsənətə, mətbuata xalqın ictimai yaralarını müalicə edən qüdrətli bir vasitə kimi baxırdılar. Odur ki, həmin ziyalılar bədii əsərlər yazır, qəzet və jurnallar çap etdirir, yeni üsullu məktəb açır, qiraətxana və kitabxanalar təşkil edir, dərsliklər hazırlayırdılar. Belə müəllimlərdən biri də Nərimanov idi. O, istər 1891-1902-ci illərdə Bakıda müəllimlik etdiyi zaman, istərsə də sonralar Azərbaycanın qabaqcıl ziyalıları ilə bərabər bir sıra mədəni, ictimai və pedaqoji məsələlərin həllində fəal iştirak etmişdir. Nərimanov dövrün görkəmli müəllimlərindən olan S.M.Qənizadə, H.Mahmudbəyov, Ə.Cəfərzadə və başqalarının yaxından iştirakı ilə 1894-cü ildə Bakıda ilk milli kütləvi kitabxana-qiraətxananın əsasını qoymuşdur.  Kitabxana-qiraətxanada N.Gəncəvi, M.Füzuli, Ə.Firdovsi, M.P.Vaqif, Q.Zakir, M.F.Axundov, S.Ə.Şirvani... kimi görkəmli şair və yazıçıların əsərləri, "Əkinçi", "Ziyayi-Qafqaziyyə", "Kəşkül" qəzetlərinin əldə olunan nüsxələri toplanmış, onların kataloqu düzəldilmişdir. Xalq arasında "Nərimanov qiraətxanası" adlanan bu kitabxana az müddət ərzində şəhər zəhmətkeşləri və ziyalılarının böyük rəğbətini qazanmışdır. N.Nərimanov xalqın maariflənməsi və milli dirçəlişində mətbuatın roluna ayrıca əhəmiyyət verirdi. O deyirdi ki, əgər bir mühazirəni ən çox 500-600 nəfər dinləyirsə, qəzeti minlərlə adam oxuyur. Əgər bir müəllim 30-40 şagirdi öyrədirsə, qəzet bütün xalq kütləsini öyrədir. Dövri mətbuatın geniş və kütləvi təsir qüvvəsini nəzərə alan Nərimanov 1896-cı ildə "Sovqat" adlı uşaq jurnalı nəşr etməyə təşəbbüs göstərmişdir. Jurnalı açmaq mümkün olmadığından o, 1899-cu ildə "Təzə xəbərlər" adlı həftəlik qəzet çıxarmaq fikrinə düşmüş və bunun üçün nəşriyyat işləri baş idarəsinə, Qafqaz Senzura Komitəsinə müraciət etmişdir. 1900-cü ildə N.Nərimanov yenidən "Məktəb" adlı xüsusi pedaqoji jurnal nəşr etdirmək üçün Qafqaz Senzura Komitəsindən icazə istəmişdir. Beləliklə, N.Nərimanov Bakıya gəldiyi ilk günlərdən xalq maarifi sahəsində həvəslə çalışmış, pedaqoji, ədəbi və ictimai fəaliyyət göstərmişdir. O, bir-birinin ardınca "Şamdan bəy" (1894), "Bahadır və Sona" (1896), "Nadir şah" (1899) və s. kimi məşhur əsərlərini yazmışdır. N.Nərimanov bu illərdə bədii əsərlər yazmaqla yanaşı, bir sıra dərsliklər də tərtib etmişdir. 1899-cu ildə nəşr etdirdiyi "Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi", "Müəllimsiz türk dilini öyrənməkdən ötrü ruslar üçün asan kitabça", "Müsəlmanlar üçün müəllimsiz rus dilini öyrənməkdən ötrü asan kitabça" əsərləri dərsliklərin tərtibi işində irəliyə doğru  atılmış bir addım idi.

 

Azərbaycan dili və onun tədrisi metodikası ilə bağlı çox qiymətli bir irs qoyan mütəfəkkir

 

N.Nərimanov təkcə praktik pedaqoq deyil, eyni zamanda pedaqogika tarixi, psixologiya, Azərbaycan dili və onun tədrisi metodikasının bir sıra nəzəri məsələləri ilə də məşğul olmuş və çox qiymətli bir irs qoymuşdur. Böyük ədibə görə, tərbiyənin məqsədi öz vətənini, millətini sevən, mərd, mübariz, xeyirxah, insanlığa xidmət edən, mənəvi cəhətdən saf, fiziki cəhətdən sağlam, elmi biliklərlə silahlanmış yüksək şüurlu adamlar yetişdirməkdən ibarətdir. N.Nərimanovun pedaqoji fikirlərində təhsil və tərbiyənin vəhdəti, təhsilin tərbiyəyə müsbət təsiri həyati faktlarla göstərilmişdir. "Nadanlıq" əsərində təsvir edilən Ömər oxumuş, təhsil almışdır. Ona görə də o nəinki pis işlərlə məşğul olmur, həm də qardaşı Vəlinin dələduzluğuna qarşı ciddi etiraz edir. Doğrudur, onun etirazları nəticəsiz qalır, avamlıq, nadanlıq öz işini görür, hətta onu "düz yoldan çıxmış hesab edirlər". Lakin Ömərin timsalında oxumağın, təhsilin uşağın mənəvi aləminə, tərbiyəsinə müsbət təsiri həyati faktlarla sübut olunur. N.Nərimanovun əsərlərində insan şəxsiyyətinin formalaşmasında tərbiyənin rolu xüsusilə qiymətləndirilir. Pedaqoji fəaliyyətinin ilk dövründə tərbiyənin rolunu yüksək qiymətləndirməsi onun dünyagörüşündə demokratik maarifçilik mövqeyindən irəli gəlirdi. O, şəxsiyyətin təşəkkülündə elmin, təhsilin əhəmiyyətini göstərməklə kifayətlənmir, tərbiyənin roluna daha üstünlük verirdi. Heç təsadüfi deyildir ki, 90-cı illərdə elm insana ancaq bilmədiyi şeyləri təlim verir, adam olmağa isə tərbiyə gərəkdir, - fikrini geniş təbliğ edirdi. Bu fikir onun pedaqoji görüşlərinin əsasında dururdu. Cəmiyyətin böyük rolunu qeyd edən N.Nərimanov tərbiyənin rolunu ayrıca qiymətləndirirdi. Tərbiyənin roluna dair Nərimanovun fikirləri içərisində nəzəri cəlb edən cəhətlərdən biri də şəxsiyyətin təşəkkülündə tərbiyə, mühit və irsiyyət məsələsidir. N.Nərimanov insan şəxsiyyətinin təşəkkülündə tərbiyə ilə bərabər quruluşun, ictimai mühitin də rolunu göstərirdi. İnsan şəxsiyyətinin təşəkkülündə tərbiyənin rolunu yüksək qiymətləndirən N.Nərimanov maarifin demokratikləşdirilməsini insanların ümumi, bərabər inkişafına mane olan mövcud quruluşun, ictimai-iqtisadi həyat şəraitinin inqilabi yol ilə dəyişdirilməsi ideyasını təbliğ edirdi. O yazırdı ki, müəyyən bir sinfin, ağa və mülkədarın zəhmətkeşlərə etdiyi vicdansızlıq: oğruluq, quldurluq, qan tökmək, insan və millət balalarını ayaqyalın, başıaçıq, sərgərdan çöllərə salıb, elmdən, fəndən məhrum qoymaq. Bütün insanların və millətin aralarına ziddiyyət salıb, bir-birinə vuruşdurmaq, bunların əxlaqını pozub, heyvan dərəcəsinə gətirmək... və s. bütün bunlar mövcud cəmiyyətin, sosial mühitin və bu mühitdə verilən tərbiyənin nəticəsidir. Uşaqların tərbiyəsində valideynlərin rolunu yüksək qiymətləndirən N.Nərimanov "Teatr barəsində bir neçə söz" adlı məqaləsində yazırdı ki, "Heç ata-ana istərlərmi uşaqları bədbəxt olsunlar? Heç kəs istəməz ki, oğlu qazamatda illərlə çürüsün. Amma çi fayda, bunların hamısını görürük və gözlərimizdən qanlı yaşlar tökülür. Bəs lazım gəlmirmi bu dərdin dərmanını tapaq? Nə vaxtadək qoca ata və analarımız sudlara düşəcəklər?... Bəyəm günah qazamatda çürüyən uşaqlarımızdadır? Xeyr. Günah özümüzdədir". N.Nərimanovun tərbiyə haqqındakı fikirləri içərisində diqqəti cəlb edən cəhətlərindən biri də verilən tərbiyənin tamlığını və ardıcıllığını tələb etməsidir. N.Nərimanova görə, tərbiyəçi tərbiyə işində ardıcıl olmalı, uşağa verilən tələblərdə natamamlığa yol verməməlidir. N.Nərimanovun pedaqoji fikirləri içərisində əxlaq və əxlaqi tərbiyə də mühüm yer tutur. Onun əxlaq məsələlərinə dair fikirləri xalqın ictimai tərəqqisi və azadlığı uğrundakı mübarizəsi ilə əlaqədardır. O, xalqın, o cümlədən gənclərin əxlaq tərbiyəsi məsələsini siyasi mübarizənin tərkib hissəsi hesab edirdi. N.Nərimanovun əsər və məqalələrində əxlaqın tarixi və sinfi kateqoriya olması göstərilir. "Həyat" qəzetində dərc edilən məqalələrindən birində o qeyd edirdi ki, hər bir sinfin özünəməxsus fikri, əqidəsi, dolanacağı, başqa sözlə desək, əxlaqi normaları vardır. Zəmanənin dəyişməsi ilə əlaqədar olaraq, əxlaqi normalar da dəyişir və inkişaf edir. N.Nərimanov gənc nəslin əmək tərbiyəsi işində məktəbin rolunu ayrıca qeyd edirdi. Azərbaycan müəllimlərinin qurultayında N.Nərimanov deyirdi ki, əməyin nə olduğunu gənclərə bildirən məktəbdir. Bu da ki, bizim həyatımız və bütün fikrimizdir. Çünki biz yer üzərində ancaq zəhmətin hökmranlığının bərqərar olmasına çalışırıq. Öz zəhməti ilə Vətənə xidmət etməyi, o, ən yüksək mənəvi borc hesab edirdi. N.Nərimanovun pedaqoji irsində təlimin məzmunu və üsullarına aid də çox dəyərli fikirlər vardır. O, bir tərəfdən köhnə məktəbləri, "Zavallı uşaqların, gələcək millət balalarının fəhmlərini, zehinlərini korlayan, orta əsrlərdən qalma üsul ilə dərs keçilən" mollaxanaları, digər tərəfdən isə dövlət məktəblərinin ruslaşdırma siyasətini kəskin tənqid və ifşa edirdi. Təlimin ana dilində aparılması ideyası onun pedaqoji fikirlərinin əsasını təşkil edir. "Millətin dilini bilmədən, onun dərdinə dava etmək çətindir", - deyən N.Nərimanov müəllim işini həkimliklə müqayisə edir və göstərir ki, "həkim azara görə dərman verdiyi kimi, müəllim də tələbə görə bilik verməlidir". O deyirdi ki, naxoşun ruhunu təmizləməkdənsə, qanını təmizləyin. İnsanın dili onun qanıdır. Qan təmiz olanda ürək yaxşı işlədiyi kimi, dilin də saf olması millətin tərəqqisinə səbəb olur.N.Nərimanov ana dilini xalqdan uzaq salanlara qarşı çıxmaqla, onların fikrini böyük etiraz və coşqunluqla rədd edir, ana dilinin tədrisi məsələsində haqqın, ədalətin qalib gələcəyinə inanırdı. Ana dilinin məktəb proqramından çıxarılmasını istəyənləri və buna görə əl çalanları mənasız hesab edən N.Nərimanov yazırdı: "Qoy çalsınlar! Lakin haqqı batil edə bilməyəcəklər. Bəşərin fitrət və təbiətində məknun olan hissiyyatı - aliyeyi nabud edəməyəcəklər!... Analarımızın laylalarını qulaqlarımızdan çıxarmayacaqlar, illər ilə bilüzum bir şey kimi ayaq altına aldıqları o gövhəri qiymətdən saqid ödəməyəcəklər. Ana dilimiz hər halda qüvvət tapacaqdır...".

 

 

Hazırladı: Azər NURİYEV

 

Kaspi.- 2011.- 5 aprel.- S. 11.