«Hər bir xanəndə öz yolunu tədricən müəyyənləşdirir»

 

Ehtiram Hüseynov: «2007-ci ildə keçirilən muğam müsabiqəsində azyaşlı ifaçılardan Pərvaz İbrahimli və Elməddin İbrahimova görə çoxlu uşaqlar muğama qulaq asmağa başladılar»

 

Mart ayında Bakıda «Muğam dünyası» II Beynəlxalq muğam festivalı keçirilib. Festival çərçivəsində təşkil edilən muğam müsabiqəsində Azərbaycan, Türkiyə, Özbəkistan, Çin, Hindistan, İordaniya, İran, Küveyt və Mərakeşdən olan ifaçılar qatılıblar. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə 1-ci yer iki ifaçıya təqdim edilib. Belə ki,  Azərbaycanlı xanəndə Ehtiram Hüseynov və İranın-Tehran “Sepehr” ansamblı birinci yerə layiq görülüblər.

Xanəndə Ehtiram Hüseynov qəzetimizə müsahibəsində müsabiqədə qalibiyyətindən sonra böyük məsuliyyət daşıdığını bildirib.

 

 

Ustadın dərsi

 

- Müsabiqədə qalibiyyətiniz birmənalı qarşılanmadı ki?

- Fevral ayında müsabiqənin milli seçim turu keçirildi. Çoxlu gənc xanəndə həmin seçim turuna qatıldı. Keçirilən 3 turda üç nəfər – Aytən Məhərrəmova, Nişanə Baxışova və mən festivala vəsiqə qazandıq. Əlavə olaraq Babək Niftəliyev və Fərqanə Qasımova birbaşa müsabiqəyə qatıldılar. Hansı ölkələrdə muğam ifa olunursa o ölkələrdən təmsilçilər festivala qatılmışdı. 7 nəfərdən ibarət münsiflər heyətində Xalq artisti Siyavuş Kərimi, Arif Babayev, professor Ramiz Zöhrabov, Paris Milli Elmi Araşdırmalar Mərkəzinin professoru Jan Dürinq, türkiyəli musiqişünas, bəstəkar Ozan Yarman, amerikalı alim Uilyam Samts və iranlı bəstəkar, musiqişünas Ehsan Xezrlou təmsil olunurdu. Bütün iştirakçılar öz ölkələrinin muğamlarını ifa etdilər. Bundan əlavə, xaricdən gələn ifaçılar üçün «Qarabağ Şikəstəsi»ni ifa etmək barədə mütləq bir proqram var idi. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin “Qarabağ şikəstəsi”nin ən yaxşı ifaçısı nominasiyası üzrə mükafatı türkiyəli müğənni Yeşim Köksala, Milli Konservatoriyanın xüsusi mükafatı isə özbəkistanlı Camaləddin Avazovun ailə qrupuna təqdim edildi. Onların çıxışları çox maraqlı idi.  Çin Xalq Respublikasının Urumçi şəhərindən olan musiqi qrupu ikinci yerə layiq görüldü. Üçüncü yerləri isə Mərakeşin “Makam” və İordaniyanın “Şərq-bənd” ansamblları qazandı. İfamızdan sonra yekdilliklə münsiflər heyətinin bütün üzvləri mənim ifama yüksək səs verdilər. Təqdim etdiyimiz kompozisiya kifayət qədər uğurlu alındı və maraqla qarşılandı.

- Bizim muğamlarımızla başqa ölkələrdə ifa olunan muğamların hansı fərqləri var?

- Fərq böyükdür. Düzdür, onların da muğamları qəbul olunub. Ancaq Azərbaycan muğamı bütün dünyada Azərbaycan musiqisi kimi qəbul olunub. Çünki Azərbaycanda Üzeyir Hacıbəyov, Seyid Şuşinski, Cabbar Qaryağdıoğlu muğamı elə bir çərçivəyə salıblar ki, öz yığcamlığı, ahəngdarlığı ilə fərqlənir. Bizim muğamlarda darıxdırıcılıq yoxdur. Onların muğamlarına qulaq asanda isə adam yorulur.

- Münsiflər heyətinin əcnəbi üzvlərinin ifanız haqqında fikirləri necə  idi?

- Mən festivalda Cahangir Cahangirovun əsəri üzərində qurduğum  kompozisiyanı ifa etdim. Yəni klassik muğam ifa etməmişdim. Siyavuş Kərimi bizi bu istiqamətə yönəltdi. «Mən istəyirəm siz fərqli çıxış edəsiniz» - dedi. Çünki orada hamısı üçlüklə çıxır və muğamı klassik formada ifa edirdi.  Mən buna görə həmkarlarıma da təşəkkür edirəm. Ələkbər Ələkbərov, Əməkdar artist Elşən Mənsurov, Şirzad Fətəliyev, Nizami Allahverdiyev, Kamran Kərimov və başqalarının əməyi bu kompozisiyanın ifasında  çox oldu. Elə vaxt olurdu ki, gecə saat 3-4-ə qədər məşq edirdik.

 - Qazandığınız uğurlara görə özünüzü müəllimlərinizə borclu bilirsiniz, yoxsa bəzi xanəndələr kimi «Səs Allah vergisidir, bu uğurlar mənim haqqımdır» deyirsiniz?

- Musiqinin başqa janrlarından fərqli olaraq muğamda, aşıq sənətində, xalq musiqisi sahəsində mütləq ustadın olmalıdır. Əgər məktəbin yoxdursa, bu, təməlsiz evə bənzəyir. Gec-tez uçulub dağılacaq. Səs olsa da, onun düzgün istiqaməti olmur. Mən Asəf Zeynallı adına musiqi kollecində Xalq artisti Canəli Əkbərovun sinfini bitirmişəm. İndi isə Milli Konservatoriyanın 3-cü kursunda professor Arif Babayevin sinfində təhsil alıram. Mən müəllimlərimə həmişə minnətdaram. Onların istiqaməti olmasaydı, mən  bəlkə də heç bir uğur qazana bilməzdim.

 

 

Məhdudiyyətsiz meydan

 

- Bəs Televiziya Muğam Müsabiqəsi yaradıcılığınızda hansı rol oynadı?

- Hazırda dünyada ayrı-ayrı musiqi janrları üzrə müxtəlif müsabiqələr keçirilir. Televiziya Muğam Müsabiqəsi yeganə müsabiqədir ki, burada SMS rol oynamır. Bu müsabiqənin iştirakçısı olan dinləyici də rahatdır. Həmin layihəyə görə Heydər Əliyev Fonduna və onun prezidenti Mehriban Əliyevaya bütün muğam müsabiqəsi iştirakçıları adından minnətdarlığımı bildirirəm! Bizə məhdudiyyətsiz geniş bir meydan verilib. Bu müsabiqələrdə iştirak edən gənclər gələcəkdə böyük xanəndə olacaqlar. Bu müsabiqənin çətinliklərinə dözən gənclər sonra daha çox inkişaf etməlidirlər. Təsəvvür edin ki, beş gün ərzində yeni bir qəzəl, təsnif, muğamı səlis öyrənib oxumaq lazımdır. Belə bir ifa çox çətin və məsuliyyətlidir.

- Hazırda 3-cü Televiziya Muğam Müsabiqəsi davam edir. Gənc xanəndələr arasında müxtəlif sənətkarları, bəzən də öz müəllimlərini yamsılama halları görünür. Muğamda öz yolu olmaq nə deməkdir?

- Gənc yaşlarında bütün xanəndələr ustad sənətkarların ifalarına çox qulaq asır və onların oxu tərzini mənimsəyirlər. Müəllimlər də hər hansı bir qəzəli və ya muğamı öz tələbəsinə öyrədəndə, tələbə çox vaxt öz müəllimi kimi oxuyur. Bu təsirdən çıxmağın da öz yolu var. Əslində xanəndələr yalnız bir ifaçının oxumalarına qulaq asmırlar. Klassik ustadların hər birindən nəsə götürürlər. İstər-istəməz dinləyicini də azdırırlar. Hər bir xanəndə öz yolunu tədricən müəyyənləşdirir. Bu, hər şeydən əvvəl xanəndənin içindən gəlməlidir. O, üzərində işləməli, zəhmət çəkməli, həmişə öyrənməli və özünəməxsus ifasını üzə çıxarmalıdır. Əlbəttə, mümkün deyil ki, bütün muğam ifaçıları muğamları eyni tərzdə ifa etsinlər. Hər xanəndəni də ayrı-ayrı muğamlara görə tanıyırlar. Məsələn, Yaqub Məmmədovun «Mənsuriyyə»si, Arif Babayevin «Segah»ı, Sabir Mirzəyevin «Bəstə Nigar»ı həmişə dinləyicilər tərəfindən deyilir.

 

 

Üzərimdəki məsuliyyət

 

- Muğamı sona qədər dərk etmək, öyrənmək mümkündürmü?

- Məncə, mümkün deyil. Yeddi əsas muğam var. Bu muğamların hər guşəsində, hər şöbəsində o qədər böyük rəngarənglik, zənginlik var ki, hər dəfə öyrənəndə yenidən dərk edirsən. Ola bilər ki, öz məktəbini yaradan Seyid Şuşinski kimi dahi xanəndə öz vaxtında öyrənib. Onun yaratdığı muğam məktəbinin tədris proqramından gənc muğam ifaçılarına dərs keçilir. Bu proqramdan kənara çıxmaq olmaz.

- Sizcə, dinləyicilərimiz daha çox nəyə qulaq asmaq istəyir?

- Bu istək məkan və zamandan asılıdır. Bəzən elə bir məclis olur ki, orada muğamı dəsgah halında tələb edirlər. Amma elə yer də olur ki, orada kiçik bir təsnif, xalq mahnısı oxumaqla kifayətlənirsən.

- Xarici ölkələrdə muğamlarımıza auditoriyanın marağını necə hiss etdiniz?

- Biz fevral ayında Fransada çıxış elədik. Parisdə və Orleanda konsertlərimiz oldu. Çıxış etdiyimiz salonlarda azərbaycanlılar çox az sayda idi. Demək olar ki, əksər tamaşaçılar əcnəbilər idi. İnanın, o qədər diqqətlə qulaq asırdılar ki… Bu diqqət və maraq adama ruh verirdi. Ümumiyyətlə, salonun müsbət enerjisi ifaçıya həmişə yaxşı təsir edir.

Mart ayında isə ABŞ-da TÜRKSOY-un Novruz bayramı ilə bağlı tədbirində çıxış etdik. Bizə də qismət oldu ki, Nyu-Yorkda, BMT-nin zalında bütün türkdilli ölkələrin ifaçıları ilə yanaşı çıxış edək. İfamız çox maraqla qarşılandı.

- Bəs bizim dinləyicilərin diqqəti necədir?

- Bizim tamaşaçıların da içərisində diqqətliləri var. Amma çox vaxt onlar yanlarında oturanlarla söhbət edirlər. Bu cür məqamlar bizim fikrimizi yayındıra bilir. Salonun ab-havası ifaçı üçün çox önəmlidir.

- Son illər muğama gənclərin marağının artması nə ilə bağlıdır?

- 2007-ci ildə keçirilən muğam müsabiqəsində azyaşlı ifaçılardan Pərvaz İbrahimli və Elməddin İbrahimova görə çoxlu uşaqlar muğama qulaq asmağa başladılar. Artıq yeniyetmə yaşında uşaqlar da muğama qulaq asır və başa düşməyə çalışırlar. Televiziya təbliğat vasitəsidir. Hamı görür ki, telekanallarda muğamlarımıza daha geniş efir vaxtı verilir. Əvvəllər isə telekanallarda, ayrı-ayrı konsertlərdə muğam oxunmasını istəmirdilər. Böyük sənətkarlarımız deyir ki, Azərbaycanda heç vaxt muğama bu qədər diqqət, həvəs və dəstək olmayıb.

- Siz Beynəlxalq Muğam Müsabiqəsinin qalibi oldunuz. İndi yol hayanadır?

- Əgər mən həmin müsabiqədə qalib gəlmişəmsə, uğurumla bərabər üzərimə böyük məsuliyyət də düşür. Mən bu etimadı doğrultmalıyam. Təbii ki, yaradıcılıq planları çoxdur. Hələ hər şey irəlidədir.

 

 

Təranə Məhərrəmova

 

Kaspi. -29 aprel. 2011.- S. 13.