Xüsusi istedadı ilə seçilənlər
üçün yeni imkanlar açılır
Azərbaycanlı şagirdlər
dünyanın nüfuzlu müsabiqəsinə qatılacaqlar
Hər bir dövlətin intellekt yükünü öz
çiynində daşıyanlar ümumi əhalinin
payında təxminən 3-5 faizdən ibarət olan xüsusi istedada malik
insanlarıdır. Bu baxımdan,
istedadları zamanında üzə çıxarmaq və onun inkişafına münbit
şərait yaratmaq hər bir ölkə qarşısında dayanan başlıca şərtdir.
İntellektual sərvətin fəthi erasında hazırda müxtəlif layihələr, proqramlar icra edilir ki, onlardan biri də elmi-texniki yaradıcılıq üzrə Ümumdünya baxış müsabiqəsidir. Məhz bu tədbir ən maraqlı ideyaların nümayişi, ictimai təqdimatı üçün şagirdlər qarşısında geniş imkanlar açır. 2010-cu ildə baxış üçün təqdim olunan layihələr təbii fəlakətlərin çatdırılması üsulları, kor və əlil insanlar üçün internetə çıxışı təmin etmək, yenilikçi riyazi nəzəriyyə və s. kimi yeni təsvirləri də əks etdirib. Bir sözlə, hər il minlərlə belə yeni, innovativ üsullar Intel ISEF – Ümumdünya elm festivalında nümayiş edilir.
1950-ci ildə Amerika ictimaiyyəti tərəfindən təşkil edilən İSEF 13-18 yaşlı yeniyetmələr üçün bu sahədə olan yeganə beynəlxalq tədbirdir. Həmin dövrdən ötən müddətdə burada iştirakçılar 40 faiz artıb, nümayəndələrinin müsabiqədə təmsil olunduğu ölkələrin sayı isə 70 faizə qədər yüksəlib. Müsabiqə dünyanın 3 mindən artıq məktəblisini 15 elmi istiqamət üzrə hər il bir yerə toplayır. Münsiflər heyəti qismində isə Amerikanın aparıcı institutlarının əməkdaşları və professorları çıxış edir. Tədbirin maliyyə dəstəyinə gəlincə, 1996-cı ildən Intel korporasiyası tədbirin əsas sponsoru olaraq fəaliyyət göstərir. Intel ISEF-in mükafat fondu 4 milyon dollardan artıqdır ki, bu da qaliblərə mükafat və təqaüdlər formasında bölüşdürülür. Bu müsabiqənin qalibi olmaq isə çox nüfuzludur.
Artıq azərbaycanlı şagirdlər üçün də bu nüfuzlu tədbirin iştirakçısı olmaq əlçatmaz deyil. Belə ki, növbəti illərdə Azərbaycan da burada əsas iştirakçı ölkələrdən biri kimi təmsil olunacaq. “Mədəd” təşkilatının tədqiqat və inkişaf şöbəsinin meneceri Ülkər Babayeva müsabiqədə daha çox təbiət, fizika, kimya, biologiya fənlərinə, riyazi elmlərə, texnologiya, kompüter mühəndisliyi, proqramlaşdırma və s. kimi sahələrə üstünlük verildiyini deyir: ”Bu sahələr üzrə uşaqlar maraqlı mövzu seçir, o mövzu ətrafında tədqiqat aparırlar. Bu mövzu üzrə tədqiqatlarda isə mütləq məktəb laboratoriyasından istifadə olunmalıdır ki, seçilən sahənin praktik nəticələri olsun. Yəni sadəcə bir nəzəriyyə götürülərək araşdırılmır”. Müsabiqəni digərlərindən fərqləndirən əsas xüsusiyyətlərdən biri də təqdim olunan layihələrin təkrarlanmamağı şərtidir: ”Tutaq ki, uşaqlar müəyyən əşya yaratmaq istəyirlər. Onlar ilk növbədə belə bir əşyanın yaradılıb-yaradılmadığını öyrənməlidirlər. Şagirdlər yaradılanları təkrarlamamalı, fərqli funksiyalarla onun başqa formasını yaratmalıdırlar. Sonra onlar məktəb səviyyəsində elmi rəhbərlərinin vasitəsi ilə araşdırmalara başlayırlar. Müxtəlif statistik məlumat bazaları toplayır, onları analiz edir, məktəb laboratoriyalarında texniki əşyanı düzəldir, növbəti mərhələdə isə hazırladıqları əşyanı test etməyə başlayırlar”.
Ü.Babayeva Azərbaycan nümayəndə heyətinin bu ildən müsabiqədə iştirakının planlaşdırıldığını da deyir: ”Ancaq bunun üçün ilk növbədə Azərbaycanda daxili müsabiqə elan olunmalıdır. Hazırda Təhsil Nazirliyi ilə birgə biz bu məsələnin üzərində işləyirik. Ölkələr müsabiqəyə yeni qoşulanda İntel təşkilatı başlanğıc mərhələdə, təxminən 1-2 il müddətinə maliyyələşdirməni üzərinə götürür. Daha sonra isə dövlətlər özləri müsabiqədə iştirakını davam etdirir”. Daxili müsabiqədə iştirakçılara qarşı irəli sürülən tələblərə də toxunan Ü.Babayevanın sözlərinə görə, seçim zamanı şagirdlərin paytaxt və ya regionlardan olmasına fərq qoyulmayacaq: ”Hələlik nazirlik buna qərar verməyib. Ancaq ümumdünya təcrübəsinə əsasən, müsabiqə iştirakçıları ölkənin hər bölgəsini əhatə edir. Ola bilər ki, nazirlikdə müsabiqə ilə bağlı xüsusi İşçi Qrupu yarandıqdan sonra konkret tələblər bir qədər dəyişsin. Ən əsası, ölkə daxilində sənəd verən uşaqlar qrup halında mütləq 2 və ya 3 nəfər təşkil etməlidir”.
Əgər müsabiqədə iştirakçı tək təmsil olunmaq istəyərsə, o zaman təqdim olunacaq layihə ilə bağlı ilkin məlumat münsiflərə göndərilir: ”Bu zaman təsvir o qədər dolğun olmalıdır ki, münsiflər onu seçsin. Bu mərhələni keçdikdən sonra uşaqlar təqdim etdikləri təsvir çərçivəsində araşdırmaya başlayırlar. İkinci mərhələdə seçilən şagirdlər araşdırmanın nəticələrini hazırlayırlar. Nəhayət, müsabiqədə qalib olan şagirdlərin işlərindən ibarət stendlər düzəldilir. Münsiflər heyətinin üzvləri bu stendlərə yaxınlaşaraq tədqiqatlarla bağlı onları maraqlandıran sualları verirlər”. Nüfuzlu müsabiqənin iştirakçısı olmağın kifayət qədər bacarıq və təcrübə tələb etdiyini də deyən Ü.Babayeva ilk dövrlərdə mümkün çətinliklərlə qarşılaşacağımızı deyir. Bu çətinlik ilk növbədə şagird seçimində özünü göstərə bilər: ”Bizdə adi məktəblərdən güclü istedada malik uşaqları tapmaq çətin olacaq. Bu uşaqlar elmə xüsusi marağı olan uşaqlar olmalıdır”.
İştirakçı ölkələrdə təbiət, biologiya və s. kimi bəzi fənlərin fərqli tədrisi də qarşıdakı çətinlikləri artırır: ”Biz təbiət elmlərini başqa formada tədris edirik. Laboratoriyalarımız ancaq kimya və fizika fənni üzrə var. Məsələn, biologiyada hər hansı araşdırmalar aparmırıq. Bu mənada bizə çətin olacaq. Ona görə də ola bilər ki, biz bu gün ancaq kompüter texnologiyaları, fizika, riyaziyyat sahələri üzrə çıxış edək”. Daxili müsabiqəyə gəlincə, Ü.Babayeva bu ilin sentyabr ayında bununla bağlı elan veriləcəyinin gözlənildiyini deyir: ”Şərtlərə görə, bu müsabiqənin baş tutması üçün ən azı 50 layihə təqdim olunmalıdır. Təcrübə də göstərir ki, daxil olan layihələr bu saydan az olmur. Müsabiqədə əsas çətinlik müəllimlərin üzərinə düşəcək. Çünki uşaqlarda araşdırma mədəniyyətinin formalaşması bizdə hələ yeni-yeni başlayıb. Ona görə də şagirdlərə müsabiqədə iştirak etmək üçün lazımı istiqamətlər, təbliğat işləri bilavasitə müəllimlərdən gələcək”.
Həqiqət İSABALAYEVA
Kaspi.- 2011.- 3 avqust.-S.6.