Qurban olum, dəyməyin mahnılarıma” 

 

Flora Kərimova: “Mənim keçdiyim yolu bütövlükdə heç bir ssenaridə açmaq mümkün deyil

 

Azadinform”un suallarını Xalq artisti Flora Kərimova cavablandırıb.

 

- Əvvəlcə sizin 70 illik yubileyinizi təbrik edirik.

- Mənə verdiyiniz bu qiymətə, bu dəyərə görə çox sağ olun. Amma çox təəssüf ki, mənim doğum günüm Ağdamın işğal günü ilə eyni vaxtda düşür. Ona görə mən bunu ürəkdən qeyd edə bilmirəm. Mən inanıram ki, biz yenidən o torpaqlarda ən xoş günlərimizi qeyd edəcəyik.

- Flora xanım, biz “Azərbaycan səhnəsinin əvəzedilməz sənətkarı kimdir?” mövzusunda bir sorğu keçirdik. əksəriyyət sizin adınız bildirdi. Bəs siz necə düşünürsünüz, Azərbaycan səhnəsinin əvəzedilməz sənətkarı kimdir?

- Hər halda mən deyiləm (gülür). Bu gün sənətdə əvəzolunmaz sənətkar yoxdur. Çünki sənətkar hər bir tərəfdən yaradıcı olmalıdır, kimisə təkrar etməməlidir, kiminsə yolun getməyə çalışmamalıdır, kiminsə fikirlərin eşidib öz dilindən təkrar etməməlidir. Sənətkar bütöv olmalıdır. Ancaq elə olur ki, görürsən ki, insan sənətdə yaxşı, bütöv olur, amma bir insan kimi o qədər cılız olur ki, heç onun yanından keçmək istəmirsən.

- Flora xanım, 70 yaş.... 3 nöqtədən sonra ilk ağlınıza gələn hansı fikirlər olur hisslər keçirirsiniz?

- Heç , qızımın qızın istəyirəm. İki oğul nəvəm var. Mənim ad günümdən bir gün əvvəl böyük nəvəmin 20 yaşı tamam oldu.

- Ən unudulmaz ad gününüz vaxt olub? Necə xatırlayırsınız?

- Unudulmaz ad günüm olub mən qızımı xəstəxanada gözləyəndə. Ağır ayağımdaydım, bir həftədən sonra qızım doğuldu. Bax, o, unudulmaz ad günüm idi. Ancaq başqa  unudulmaz ad günlərim olub: yoldaşımın mənə boyum hündürlüyündə çələnglər bağışlaması, mənə sevinc gətirən ancaq, heç vaxt taxmadığım zinət əşyaları. Taxmasam da, onlar mənə sevinc bəxş edib. Yığırdım, indi övladlarımın arasında bölüşdürmüşəm.

- Ən unudulmaz gözlənilməz hədiyyəniz olubmu?

- Elə ad günümdən bir gün əvvəl oğlum mənə 71 gözəl qızılgül bağışladı. dedi ki, “anam, 71 il bundan sonra yaşamağınızı arzu edirəm”. Ancaq bu qarğışdır, alqış deyil (gülür).

- Tədrislə məşğul olmaq istərdinizmi? Hansısa ali yaxud orta təhsil musiqi məktəbində sizi dərs demək üçün dəvət ediblər?

- Məsləhət ediblər, dəvət olub. Mən səsimdə olan diapazon ifamda olan imkanlarımı heç kimdə görmürəm deyə, düşünürəm ki, bu, vaxt itirməkdir. Bir tələbə ki, mənim dediyim sözü istədiyim kimi təkrar edə bilmədisə, bu, mənasızdır. Allah rəhmət etsin, mən Şövkət xanımın plastinkalarını dinləyirdim, özünün ifasını dinləyirdim. Hər bir yaxşı ifa istənilən tələbə üçün artıq məktəbdir. pis ifa da qadağadır. Hövsələm yoxdur, görə bilmirəm deyə hövsələm çatmır.

- Gənc müğənnilərə bir məsləhətiniz varmı?

- Bir xahişim var, ay müğənnilər, qurban olum, mənim mahnılarımı oxuyanda musiqisinə dəyməyin, sözləri dəyişməyin. Mən deyirəm ki, “Gəl, gəl, gülüm, gəl görüşə”, oxuyurlarGəl, gəl, gülüm, gəl görüşək”. Olmaz belə şey. Hər hərfin ahəngi var. Mən bir şey danışanda, bir şey oxuyanda musiqinin ahənginə fikir verirəm. Danışıq sözündə musiqi ahəngi olmalıdır o sözlərdə. Yenə deyirəm, qurban olum, dəyməyin mənim mahnılarıma. Pis oxuyursunuzsa, oxumayın, yaxşı oxuyacaqsınızsa, halaldır sizə, ancaq sözlərinə dəyməyin.

- Əlbəttə, bütün həyatımız Allahın qurduğu düzdüyü kimi gedir, amma öz əlinizdə olsaydı həyatınızda nəyi dəyişmək ya düzəltmək istərdiniz?

- Bəzi məqamları təbii ki, dəyişərdim - çətin, dözülməz, ağrıdan az qala huşumu itirdiyim günlərimi. Ancaq  mümkün deyil deyə heç bu, ağlıma da gəlmir.

- 30-40 il bundan əvvəl hansı səslə oxuyurdunuzsa yenə elədir. Səsiniz heç dəyişmir, yaş ya başqa heç səsinizi dəyişmir. Bunun xüsusi bir səbəbi varmı?

- Mən bu suala çox cavab axtarırdım. Düşünürəm ki, mən sənətdə nakam bir sənətkar, nakam bir müğənniyəm deyə bəlkə Allahın mənə yazığı gəldi deyə səsimdən məhrum etmədi, səsimi yaşıma tabe etmədi. Ona görə mən bu səsə malikəm. Yaş səsimə hakim olmadı. O qədər ki, mən əsəbiləşirdim, çabalayırdım, düşünürdüm ki, niyə belə oldu, çıxış yolu nədədir, bu səs qalmamalıydı. Nakam bir sənətkar olduğuma görə indi Allah mənə deyir ki, oxu, qədər oxuyursan.

- Filmoqrafiyanıza 25-ə yaxın ekran əsəri daxildir. Bunların çoxunda sizin səsiniz var - filmdəki mahnıları siz ifa etmisiniz. Eləcə özünüzü aktrisa kimi sınadığınız ekran əsəri varQanun naminəfilmi. Kino yaradıcılığınız necə başladı? Və niyə davam etdirmədiniz?

- 1967-ci ildə məni “Balaş”a çağırmışdılar. SonraZüleyxaya təsdiq etdilər.  O qədər naz-qəmzə ilə danışdım ki, Balaşın sözlərini Züleyxaya təsdiq etdilər (gülür). Onda həyat yoldaşım sağ idi, mən studiyanın qapılarını xanım kimi açırdım, ərkəsöyün idim. Mənim həyat yoldaşım çəkiliş heyətinə yeməklər sifariş verdirirdi. Yaxşı mənada xanım idim. Sonra həyatım dəyişdi. Sonra da yetim kimi ora gedimo pavilyonları görüm...... Orda boynu bükük nəyisə yadıma salım...... İnanın səmimiyyətimə, çox filmə “yox!” dedim. Ancaq ona görə ki, mənəvi məhv olmayım. Amma yeganə olaraq mənim həyatımın rolu olsaydı, çəkilərdim. Deyirlər qızım cavanlığıma çox oxşayır və düşüncə tərzində də oxşarıq. O məndən daha zəngindir: həm düşüncədə, həm müdriklikdə, yəni bir obraz kimi yox, bir insan, şəxsiyyət kimi daha yüksəkdədir. O mənim cavanlığımı oynasaydı, hə. Ancaq heç kəs tərpənmir (gülür). Daha demirlər ki, bu gün-sabah Flora xanım rəhmətə gedər, sonra necə olar?! Özüm indiki vaxtımı oynayardım, qızım da cavan vaxtımı oynayardı.

- Onda yəqin ki, ssenarini də özünüz yazmaq istərdiniz....

- Yox, bacarmıram, elə bir qabiliyyətim yoxdur. Nəyisə düzəldə bilərəm. Ancaq mənim keçdiyim yolu bütövlükdə heç bir ssenaridə açmaq mümkün deyil. (oxuyur)

 

                          Əzəl gündən dünya yalan dünyadı,

                          Ucuz alıb baha satan dünyadı.

                          Gedəcəyəm göylər məni çağırdı,

                          Daha yerdə qalmaq olmur, əzizim

 

Bax, bu mənim bioqrafiyamdır.

 

 

Ümidə Həsənli 

 

Kaspi.- 2011.- 4 avqust.- S. 16.