Heyvanlar üçün karvansara
Hekayə
Hekayəni yuxumdakı toğludan başlamalı idim; başlayıram da.
“Toğlu” söylənəndə, əlimizi əlimizə sürtür, vəhşilər kimi dişlərimizi qıcayırıq: bəh, yeməli bir şey... Kosmosdan baxsaq, Yer kürəsini zərif bir toğlu qatının örtdüyünü görərik. Toy-yas zamanı bu qat sanki deşilir, “ozon dəliyi”nə bənzər “toğlu dəlikləri” yaranır.
Dünya bir ucdan toğlularla dolub-boşalırsa da, ümumi toğlu obrazı daim durur. Başları kəsilən sanki heç onlar deyil. Doxsan yaşlı kişi də, beş yaşlı uşaq da toğlu haqqında eyni bilik və təsəvvürə malikdir. Otuzuncu illərin sovet romanlarında da, bugünkü postmodern nəsrdə də toğlu toğludur. Sənət cərəyanları toğludan yan keçir. Manqal və şiş-kabab bütün dövrlərdə realistikdir. Hətta sürreal rəsmlərdə də toğlu və kabab realistcə çəkilir. Sənətşünaslar bəzən bunu rəssamın səhvi kimi yozur.
İnsanlıq bir tək gödən barəsində hoqqabazlıq etmir.
Toğlularda erkəklik ən qabarıq cəhətdir. Hələ təxəllüsləri də var - “erkək”. Məhz elə bu, faciələrinin kökündə durur. Di gəl, bədəndən üzülmüş başları xaş üçün dəyərləndirilib, bazarda piştaxtalara düzüləndə belə bu faciə faciə kimi qavranılmır.
Toğluların faciəsi tarixlik deyil və heç zaman aktual olmur.
Toğlu kəndçi həyatının orta statistik rifah göstəricisidir, di vəssalam.
...Otarırlar, kökəldirlər...
“Balam əsgərlikdən salamat qayıtsın, toğlu kəsək”.
“Qurbanlıq erkəklər yetişdiririk”.
“Bizə məşhur bir şair gələcək...”
Gör ha, toğlu hələ yaşayarmış, fəlakət ona şairin məşhurluğundan gəldi. Xalqın şairə məhəbbəti toğlunun başında çatladı. Şöhrət ölüm saçdı.
“Ay ağsaqqal, qızımız nişanlanır, bizə toğlu...”
Balam heeey...
Hamılıqla yeyək-içək, torpağa keçək.
Birdən gözümə tüllü-pərdəli zifaf gecəsi görsəndi. Qarşıda təptəzə sarmaşmalar, öpüşüb-qucaqlaşmalar olacaq. Oğlan qızın məmələrini beş öpüb, bir dişləyəcək. Qız oğlanın çiyninə ağız atacaq.
Ey insan, olmayaydın kaş...
Bu planları duyurmuş kimi toğlu hərdən “məə” edib anasını çağırır.
Hardasan-burdasan, daha “məə” xeyir etməz; ana
balanı çoxdan unudub.
Burası
nəğmə yeridir: gözəl başlar onsuz da gödək
olan ömrün ən parlaq çağında təndən
üzülür.
Toğluların çeçələ barmaq
yoğunluqda damarlarından qan fışqırdıqca, bəşəriyyətin
üzü gülür. Cızqırıb göydə kəsişən
qanlar insan çöhrəsinə xoşbəxtlik mənzərəsi
cızır.
Göydə kəsişən qanların yerdə
kölgələri oynaşır.
Bakıdan
zəng: “...Gədə, eşit, bu saat atamız “respublikanski”də
keçindi. Gətiririk, gör orda kimdən
toğlu tapırsan”.
Bu qoca
ayğır bir neçə gün də artıq
yaşasaymış, çöldə-xəndək
döşündə ot otlayan naməlum
toğlu da bir neçə gün artıq
yaşayacaqmış. Qoluna-damarlarına,
dalına iynə soxdurmaqla beş-üç gün artıq
yaşatmışdılar; sanki elə o davacatın
gücünə də toğlu beş-üç gün
artıq yaşadı. Bir az
ayıbdı da, kələkbaz bu beş-üç günə
nağdı üç-dörd gənc qoyuna atılıb...
Noolsun ancaq, ondan olacaq quzular onluq deyil onsuz.
Toğlularda həyat bir tükdən asılıdır. İnsanların
xoşbəxtliyi də o tükə ağır gəlir, bədbəxtliyi
də.
Xilas şansı yox.
“Əcəb
insanlarda nə xoşbəxtlik ola, nə bədbəxtlik,”
– toğlular, uzunsov başlarına Allah ağıl
qoysaydı, hökmən belə düşünəcəkdi.
Tövsiyə və məsləhətləşmələr,
soraqlaşma və ismarıcların qaynar vaxtı hansı
toğlunun qulağı cingildədisə, qurbanlıq da o
olur.
Birdən
malxulyadan qopmuş kimi oluram: neylədim, bunları niyə
yazdım... Axı, mən yuxuda inək
görmüşəm.
Toğlu inək obrazına soxulub.
Hekayəmin bu parçası yanlışdan doğdu.
Eybi yox, bunu toğlunun şıltaqlığına
yozaq. Şıllaq atarkən inəyi mənə unutdurub.
Mənzərə
təmiz xatirimdədir: inək obaşdan yuxuma girdi və birbaşa
üzü hekayə səmtə gəldi. Bəlkə
də hekayəni axurunda yem olası tövlə sanıb.
O, fəhmlə hekayəyə sarı gəlirdi. Məhz elə bunu da yazacaqdım. Özümə çay süzüb oturanda, plan bu
idi.
Bu “erkək”
az aşın duzu deyil: buynuzlarına
güvənib hər yerə soxulur. Uğurları
buynuzlarındadır.
Düzdür, inəyi yuxuda görməyim də
özlüyündə səhvdir. Qarşıda
dambadurum, nağara-qaval gözlənirsə, nə inək,
cöngə görməli idim. Qıvraq cöngə əti
ilə müqayisədə inəyinki əsgi kimi olur: ipdən
assan, külək onu yellədər. Bir cöngə
bir toyu yola verər.
İşə bax, yuxuda cöngə
düşünüb, inək görmüşəm. Məcburam,
cöngəni hekayəyə günün bu günorta
çağı - oyaqlıqda əlavə edim. Nə ziyanı var, qoy inək də qalsın –
vaxtı gələr, lazım olar, cöngəni rəmzləndirər.
Cöngə də onun balası... Qoy mənim bu
hekayəmdə cöngə də olsun, inək də. Bədii əsər heyvanatla nə qədər zəngin
olsa, bir o qədər yaxşıdır. Həm
xeyir-bərəkətdir, həm də əsərləri
heyvanla dolu müəlliflər siyasi qorxunc sayılmır.
Diktaturalarda belə onlar qətiyyən izlənmir.
Saman altdan su yeridir, asta-asta sözünü deyirlərsə də,
“heyvandan yazanın dərin ağlı olmaz”, diktator
düşünür, əsərlərindəki heyvanlara
görə də həmin yazıçıları elə
heyvana tay tutur.
Əsərdə heyvan nə qədər gözəl təsvir
edilərsə, müəllif bir o qədər əminliklə
heyvan zənn edilər.
Mən də burda heyvanata üstünlük verdim.
Ölürəm,
heeey...
Hekayəmdə cöngə keçicidir. Ötəri və
müvəqqəti. İnsanlar mal
bazarına gəlirmiş kimi, gec-tez gəlib onu məndən
alacaq. Bəlkə hətta icazəsiz
götürüb apardılar. Böyürdə-böyürdə,
bağırda-bağırda kəsəcəklər.
Hekayəmdə cöngə boşluqları
qaçılmazdır.
Gələcək oxucularımdan hekayədəki cöngə
boşluqlarına görə indidən üzr istəyirəm.
İnək ilbəil doğacaq, buraları dana-buzov
basacaq.
Hekayəmdə əbədiyyət boyunca artım
gözlənilir.
İnək, hekayədən alınaraq, boynundakı ciyə
ilə kəsilməyə sürütlənən cöngələrdən
bir xatirə olaraq qalacaq.
İnək olmasa, cöngə olmaz, cöngə olmasa -
inək. İnəklər cöngələri doğur,
cöngələr - inəkləri. Ona
qalsa, cöngələr kənd təsərrüfatının
gələcəyini də doğur. Bəzən səbəbsiz,
ya xırda bir səbəbdən, cöngəyə-zada
ağac vururuq: bax, onda öz gələcəyimizə, kənd
təsərrüfatına zərbə endirmiş oluruq. Cöngənin taqqa sümüklərində
sınıb ikipara olan ağac görəndə, adamın əti
ürpəşir. Zatən, qalın
ağac, hətta nazik çubuq zərbəsi belə,
onların qanında adrenalini artırır, son nəticədə
cöngələrin əti acı olur. Biz
də o əti yeyib zəhərlənirik.
Qoy bir də
yada salım: yuxuda ancaq inək görmüşəm. Onun indi hamıya açacağım faciəsi də
yuxuya aiddir. Bəlkə inək
özlüyündə yuxuma gəlməzdi də. Faciəsi onu dartıb içəri saldı. Faciə yuxumdakı inəyin mənası idi. Mən onu görəndə, bu faciə hələ
şərh olunmamışdı. Ona dair
sözlər, süjetlər yoxdu. Bax, o
işi burda mən görməliyəm və görürəm.
Günahımı da qabaqcadan boynuma alım ki,
faciə kifayət qədər təhrif olunacaq. Bədiilikdə faciə təbiilikdən
çıxır, qeyri-adi olur. Amma təhrif
olunacaqsa belə, burda faciəni yazmayıb ötmək olmaz.
Bağışlanmaz olardı bu. Onsuz da mən,
yazıçı olaraq, nəsə bir şey yazmalıyam, ya
yox? Qoy elə bir hücrəyə çəkilib,
inəyin bu halal-hazır faciəsini yazım daa. Vacibdi həmişə
fantaziyaya güc verəsən?..
Onsuz fantaziyalar həyat önündə pəs olub,
onları piy basıb.
...Gücənə-gücənə
fantaziya doğmağın qəbizliyə bənzəri
vır.
Allah bu faciəni mənim onu yazmağım
üçün göndərdi. Faciəni də
görüb, komediya yazası deyiləm ki? Fikirləşəndə,
adam dəli olur: bu dünya faciələrlə
necə doludursa, hətta yuxulardan da aşıb-daşır. Yuxular faciələrlə ləbələbdir.
Bir yerdə faciələr həyatdan yuxulara
sızırsa, başqa yerdə yuxulardan həyata
şoruldayır.
Yuxulardakı faciələr həyatı sel suları
kimi bürüyür.
Bir
gün yuxuda görəm, ölkədə, həyatdakına
paralel, qara-qara qoşunlar yeriyir... Elə san,
yola qaynar qır axıdıblar. Qır
“marşrutka”ları ötür, örtür.
Birdən nəfəsim tıncıxdı, yerimdən dəli
kimi qalxdım.
Yuxumu hərə bir cür yozdu. Biri dedi, səndə bu, tarixi mənşəlidir:
qədimlərdən ta bugünəcən vətənimizə
soxulmuş qoşunları rəmzləndirir. Başqası
yalan-doğru – “Yuxuda qoşun qorxulu deyil,” dedi. Güman, sən
“ana Vətən”i sevirsən... Vətəni sevməyənlərin
yuxusu tam başqa cür olur. Barı səndəsə
abırlı bir şey gördük.
Sabahı qəbulunda olduğum psixiatr da məndə “vətənsevərlik”
tapdı. Utandım, əridim. Beşcə
dəqiqə keçməmiş də mənə, elə
öz sağlamlığım naminə, Vətəni
çox sevməməyi tövsiyə etdi. “Vətən səni sevir ki – sən də onu sevəsən?”
Ağzı ayıra qaldım, matım-qutum
qurudu. Vətəni sevməyin axırı şəhidlikdir,
dedi. Birdən utanarsan, əyil, qulağıma de: sənə
şəhidlik lazımdır, yoxsa həyat? Bağırsaqların
şlanq kimi boynundan sallana-sallana cənnətə getmək
niyyətindəsən? Ay-hay, o sənin xam
xəyalın.
Qəfildən onun çənəsindəki keçi
saqqalı mənə pas atmış kimi görsəndi.
Başqa bir yuxu. Göydə quşlar uçub-uçub
başımız üstə çatdıqca, görəm,
qövs cızıb həyətimizdəki quyuya doluşur.
Quyu quşları özünə maqnit kimi
çəkirdi. Onun dibindəki yumru və
işıltılı su, həqiqətən də, maqnitə
bənzəyirdi. Quşlar quyuya düşən kimi də
yoxa çıxır: suyun üzündə barı
bir lələk gözə dəyə... Əsas
qorxum bütün dünya quşlarının bu quyunun
badına gedəcəyindən idi.
Yerimdən qan-tər içində qalxdım. Qaşlarımdan
navalça kimi su damcılayırdı.
Mollaya dua
yazdırdılar: əsəri olmadı. Cindar
fırıldaqçı çıxdı. Mərdəkandakı çıldaq da dərimdə
yanıqdan başqa bir iz qoymadı. Axır
təzədən həkimə qaçası oldum. “Həmin oğlansan?” – peysəri
qatbaqat olan psixiatr, arxası mənə, əlini
sabunlaya-sabunlaya soruşdu. Yuyub bir də
sabunladı, bir də. Sabun yuyulub getdikcə,
əllərindən-barmaqlarından çırtmaya oxşar səslər
çıxırdı. Hərdən
başını ötəri mənə sarı çevirir,
mən də məqamı tutub, razılıqla
başımı tərpədir, günah işlədibmiş
kimi, onun sözünü təsdiqləyirdim.
O,
başımın yarısını gözünün
yarısı ilə görə bilirdi.
“Bura gəlməyimə baxmayın, dəli-zad deyiləm,”
– bəri başdan özümü sığortaladım.
“Kim sənə
dəli dedi ki”.
“Birdən deyə bilərdiniz”.
“Bir də hansı dəli özünə dəli deyər?”
“Dəli öz ayağı ilə psixiatrın qəbuluna
gəlməzdi”.
“Orası düzdür, təcrübə göstərir
ki, ağıllı özünə dəli deyə bilər,
dəli – heç vaxt”.
“...Gördüm,
dünyadan quşlar qurtaracaq, tez bura yüyürdüm”.
“Ağıllı
ol, dünyadan quş qurtarmaz: onlar sizin quyuya şəlalə şəklində
tökülsələr belə. Quyunun çevrəsi
buna imkan verməz. Həm də
quşların artım sürəti quyunun onları udma
tezliyindən ölçüyəgəlməz dərəcədə
çoxdur. Orta məktəbdə riyaziyyat
keçibsən?”
“Niyə keçməmişəm?”
“Onda özün niyə hesablamırsan?”
Amma
psixiatrın son sözü ümidverici oldu: ye-iç, kef elə,
bütün bunlar boş şeydir, səndə absurd fikirlər
nevrozu var, bir də görəcəksən öz-özünə
keçib.
“Darıxma,
get. Hərdən gəl”.
Bayaq nə
dedim: toğlu bu hekayədə artıqdır. Toğlunu
inək yerinə yazmışam. Lakin madam
xatırlanıb, öz əl-ayağı ilə bura gəlib,
elə burda da qalması vacibdir. Hekayəm
bəlkə heyvanlar üçün karvansara rolu oynamaqla bir əhəmiyyət
kəsb edə. İndən belə tək
bu yox, başqa yazılarıma da praktik əhəmiyyətli
işlər calayacağam.
Artıq boş sözlərə boş verirəm.
Toğlu hətta ən azı kult mənasında burda
saxlana bilər.
Hekayədə erkəkləri, fallosu özünə
kult seçmiş qədim tayfaların xatirəsini əziz
tutaraq, qoruyaq.
Təkrarçılıq çıxmasın, burda
cöngə də artıqdır. Toğlu kimi cöngə
də inək obrazına soxulub. Nədənsə,
inək obrazına bütün erkəklər soxulur.
Hekayəmin əsas personajı inəkdir. Lakin guya biz
indi cöngəni burdan silib atsaq, yerimiz genələcək?
Cöngədir, qoy qalıb. Məncə,
onun olmamağından olmağı yaxşıdır. Birdən biri inəyini “çəkdirməyə” gətirdi.
Onda cöngə odey, şah kimi durub!
Yarım
heeey...
Dünyanı
sel-su basandan sonra, həyat təzədən
çağlayanda, barı qoy hər
heyvandan bircəciyinisə hekayəmdən tapsınlar. Heyvanlar dəftər-kitabda yox olacaqsa da,
virtuallıqda hökmən duracaq. Hekayəmin
bəlkə bu yolla ümumbəşəri bir faydası oldu.
Nuhun gəmisi rolunu oynayar. Yeni
bəşər övladları mal-heyvanı “pitomnik”ə bənzər
hekayəmdəncə götürüb çoxaldar. Heyf, onlar da cöngəyə-toğluya zülal mənbəyi
kimi baxacaq. Qədim insanlar da onları yeyərmiş,
deyib, özlərinə haqq qazandıracaqlar.
Mən bu işlərə ciddi yanaşıb, hər
şeyi köklü-köməcli, ətraflı-əhatəli
təsvir etməliyəm. Qoy gələcəkdə təsəvvürlər
yanlış olmasın: erkək və dişiləri, tənasül
alətlərinə qədər, dəqiq verməliyəm. Koitusu da unutmamaqla, tənasül alətini həm
ölü, həm də durmuş vəziyyətdə göstərməli.
Mübadilə yanlışlıqları öz
aramızda nə qədər yolveriləndisə də, gələcəyə
ötürülən informasiyalar bir o qədər səhih
olmalıdır.
Yuxuda görəm, inək acdır. Qısırlığı
səbəbindən, sabah toyda kəsəcəklər.
Skelet ev sahibi, yemə qənaət
üçün, artıq ona heç nə vermir. Həm də qısırlığının cəzasıdır
bu. Siqaret damağında, səhərdən bəri ikinci mərtəbəyə
azından yüz kərə qalxıb-düşüb. Kim də qabağına çıxdı, it kimi
qapacaq. Şirin sözü - zəhərdir.
“Sabah uşağın toyudur, bir gülər üzün
olsun,” deyən, acı sözü bal dadan
arvada necə dirsək atdısa, yazıq böyrünü
tuta-tuta getdi ağlamağa. Bu qurumuşun nəzərində
inək artıq yox kimi idi. Aclığı-susuzluğu
da bir əhəmiyyət kəsb etmir. Artıq
faciə sayılmır bu. Rəhm uydurma şeydir. Həm də onsuz indiyəcən
yığdığı əti bircə günə tökən
deyil ki. Ətə milçək
qonmaması üçün inəyin sübh tezdən kəsilməsinə
qərar verib. Bu dünyadan inəyə
qalan yeganə yaxşılıq onun üzü qibləyə
kəsilməsi olacaq. Qiblə də bu
kişiyə elgözünə lazımdır. Qanmaz belə
şeyi qanmaz: üzü bu tərəfə kəsdin, ya o tərəfə,
cənuba, ya şimala, tərsinə, ya avandına, fərq etməz,
deyəcək. Vurub-çıxıb, hesablayıb: inəyin
qarnını doyurmaq bir gün yeməyib tökəcəyi ətdən
baha başa gələrdi. Bu təcrübəni
qabaqkı oğul və qızlarının xeyir işində
əxz edib. O, inəyin boğazından kəsdiyi yemlə
də həyatda irəli düşmək niyyəti
güdürdü. İnək beşdövrə
bağlandığı polad dirəyin ətrafında
çevrə cızır, kəndirin hamarlayıb dairəyə
çevirdiyi yerdə ağıza dəyəsi bir şey
axtarır. Mənim yuxumda inəyin həndəvərindəki
əşyalar real idi: köhnə vedrə,
böyür-başı qırıq rəngli karandaşlar... Onu deyim ki, inək elə görən kimi o
karandaşlara ağız atdı, dərhal süpürləyib
çeynədi. Amma ha dartındı,
sarı karandaşa ağzı çatmadı, onu eləcə
dilini uzadıb yapışdırmaqla çəkdi. Dili ağzından, yalan olmasın, bir metr
çıxmışdı. Güman,
karandaşların qrafit içlikləri dadlı idi. Mən onları turşməzə təsəvvür
edirəm. Qrafitdə kalori də fərz
olunur. İşə bax, sabah kəsiləcəksə
belə, inəyin bədəni qida istəyirdi. Hətta
dəstəyi qırıq alüminium qaşığı cəhənginə
salıb, dadına baxıb, yerə buraxdı. Təbiət inəyin tənində saat kimi dəqiq
işləyirdi. O, vedrəni bir neçə dəfə
burnuyla gah ağzı üstə, gah dalı
üstə çevirdi. Universal vasitə olan
diliylə onun dibini yaladı, ora yapışmış
buğda dənələri və alaq otlarını içəri
ötürdü. Mən alaq otunun bir əyri
yaşılını gördüm. Damağı
yaralanırdısa da, inək artıq yaxınlıqdakı
ağaca diş vurmağa başlamışdı. Dilini də tez-tez ilan kimi ağacın gövdəsinə
dolayır, bir dad-tam duymadığından məyus olur, geri çəkilirdi.
Onda gözləri kədərdən
aşağı dartılır, keçiəmcəyi
üzüm dənələri kimi uzunsov olurdu. Dirək armaturdan yox, ağacdan olsaydı, bəlkə
onu yeməkləsə burdan canını qurtara biləcəkdi.
Bu saat o, daşdan yumsaq nə olsa yeyər, təki
diş batsın. Təəssüf, getdikcə
dili də taxta kimi quru olur – hərdən ağaca dəyəndə,
elə bilirdin ağac ağaca dəyir. Uzaqdakı
qoxulu it yalağından suyu sümürməklə canına
çəkdi. Bu əsnada mömin bir kişi
həyətə girib, bunu görəsi. Ay balam,
Şümür deyilsiniz ki: bu inəyə su versəniz... Allaha da xoş gedər. Ev sahibi qaçaraq buna
vaxt olmadığını, həm də onsuz sabah
kəsiləcəyini söylədi. “Bura Kərbəla
çölü deyil, insafınız olsun”.
Damağı siqaretli ev sahibi burnunun
altında donquldanmağa başladı: “Kərbəla
çölündə İmam Hüseyn susuz qalıb, inək
yox ki”. Donquldandıqca da, siqaret sözlərin
ahənginə uyğun tərpənirdi. “Toya
şıdırğı hazırlıq gedir, bu da
böyürdən saplayıb”. Niyə bu
möminlər həmişə belə gərəksiz işlərlə
məşğul olur? İnəkdi dəə,
ət ehtiyatı kimi hazır durub. Nəfəsi
gedib-gəlirsə, sanki əti “xaladinnik”ə qoyubsan. Gəlibsən, keç otur. Heyvanpərvər
çıxıb mənə! Sabaha nə qalıb bəyəm...
İnəkdi – sənin kimi oruc tutub elə bil.
Yox, mömin dil boğaza qoymur: su, su, su. Günahdır
bu, cəhənnəmlikdir. “Boşboğazı
görürsən?” Axır onun tələbi
ilə bir vedrə su gətirdilər. İnək
acı quyu suyunu qurtaqurtla içəri ötürdü.
Qısırlığın cəzası sanki
bir qədər yüngülləşdi. Gözlərinə
işıq gəldi. Dünyanı təzəcə
görürmüş kimi ətrafa boylandı. Nəyəsə ümidlənmişdi də. Ağzını ayırıb, çənəsini
oynatdı. Arada fınxırdı,
zılığı əvvəl şahə qalxıb, sonra
üzünə yaxıldı. Başını
sol çiyninə çırpıb, iri bir gögeyini
öldürdü. Quyruğunu
gümrahcasına sağa-sola yellətdi. Burda
demək caizsə, kranı açılıbmış kimi əvvəl
şoruldatdı, sonra da durduğu yerəcə isti bir lomba
qoydu. Bunların üstündən bir dəfə
də böyürdü. Olsun ki, yadına
gömgöy çəmənlər
düşmüşdü. Skelet gəlib ordan keçəndə,
inəyin, əyri qıçlarını da bulayıb yerə
düşmüş, “kak”ına
gözü sataşdı. Cin atına minmədi
bə? Var gücüylə inəyin
boş böyrünə bir təpik ilişdirib, taxta sinəsindən
qopan hayqırtı ilə arvadı səslədi. Hələ “kəsdirmədiyi” sonbeşik oğluna
da bir yağlı şillə yedirdib, bellə ona yeri
qaşıtdırdı. Oğlanın peysəri
mal dili uzunluqda qızardı.
“Adam ol, bir üzün gülsün, evdə insan var!” – arvad ərinin
yanına qaçıb, pıçıltıyla hirsləndi.
...Yuxuda səhər
tez açıldı. İnək gecənin bir aləmi kəsilib:
aclıq da bitib, susuzluq da. Daha Şümür
yada düşmür. Həyətdə
göllənən qan havaya buxarlanır. Toyuqlar
bu qan gölməçəsinə yaxınlaşır,
boylanır, bir şey anlamayıb yan ötürdülər.
Çibinlər qana qonurdu.
Qiblə,
bax, belədədir: inək düz kəsilib.
5-28 iyul 2011-ci il
Rafiq Tağı
Kaspi.- 2011.- 6-8 avqust.- S. 20-21.