«Soros» fondunun
məqsədi dövlətə qarşı müxalifət
hazırlamaqdır»
QHT təmsilçisi hesab
edir ki, adı korrupsiya qalmaqalında hallanan
fond Azərbaycanın milli-mənəvi dəyərlərinin
təbliği ilə məşğul olan
təşkilatlara heç vaxt
pul ayırmır
Bu yaxınlarda “Soros” fondunda böyük korrupsiya faktlarının ortaya çıxması haqqında mətbuatda məlumatlar yer aldı. Belə ki, “Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun («Soros») bağlanması, fondun 10 nəfərə yaxın əməkdaşının ixtisara düşməsi, gələn ilin martına kimi təşkilatın digər əməkdaşları ilə sağollaşacağı, ümumiyyətlə, fondun Azərbaycanda fəaliyyətinə son qoyacağı, təşkilatın Bakıda yerləşən beşmərtəbəli ofisinin artıq hərraca çıxarılması və qərarın fondun Nyu-Yorkda yerləşən mərkəzi ofisi tərəfindən verilməsi barədə məlumatlar yayılıb. İlk olaraq “Qafqazinfo”nun yaydığı informasiyanın ardınca məsələ ilə bağlı apardığımız jurnalist araşdırması digər nüansları da ortaya çıxardı. İlk növbədə yayılan xəbərlər fondun fəaliyyəti barədə çoxdan dolaşan söz-söhbətlərə bir növ üst-üstə düşdü.
Belə
ki, indiyə kimi fond tərəfindən layihələrə
ayrılan iri məbləğlərin yalnız kağız
üzərində icra olunması, vətəndaş cəmiyyətinin
inkişafına yönələn vəsaitlərin təyinatı
üzrə xərclənməməsi, layihələrin məbləğlərinin
həddən artıq şişirdilməsi, eyni təşkilatlara
vəsait ayrılması və s. faktlar fondun fəaliyyətinin
qeyri-şəffaf olması barədə ittihamların əsaslı
olmasını qismən üzə çıxardı.
Xatırladaq ki, Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun (“Soros”) İdarə Heyətinin sədri Mehman Əliyev də bizimlə söhbətində fondda ciddi dəyişikliklərin aparıldığını etiraf edərək struktur dəyişikliklərinin və ixtisarların həyata keçiriləcəyini gizlətmədi («Kaspi»nin 25 noyabr sayı). M.Əliyev həmçinin fondun əvvəlkindən fərqli prinisiplər və yeni əsaslar əsasında fəaliyyət göstərəcəyini də vurğuladı.
Fonda qarşı yönələn korrupsiya ittihamları ilə bağlı fikirlərini öyrənməyə çalışdığımız ekspertlər, o cümlədən Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının (VCDK) rəhbəri Razi Nurullayev də qəzetimizə açıqlamasında “Soros” fondu ilə bağlı ciddi iradların ortaya çıxdığını bildirmişdi. Belə ki, onlarla QHT-in “Soros” fondunun Nyu-York təşkilatına şikayət dolu məktublar ünvanlanması, fondun Azərbaycan ofisində layihələrin düzgün qiymətləndirilməyəsi, müəyyən adamlara üstünlüklərin verilməsi və strateji partnyorların düzgün seçilməməsi faktları meydana çıxıb. VCDK rəhbəri həmçinin bu gün fondun ətrafında yaranan söz-söhbətlərin səbəbinin donor təşkilatının rəhbərliyinin öz işinə qənaətbəxş yanaşmaması ilə əlaqələndirib.
Günah yerli QHT-lərdə deyil
İndi
ayrı-ayrı QHT rəhbərlərini və ictimaiyyətin
nümayəndələrini düşündürən və
narahat edən bir məsələ
var: «Soros» fonduna qarşı korrupsiya ittihamlarının səslənməsi
xarici donorlarda Azərbaycan QHT-lərinə inamı azaltmayacaq
ki?
QHT-lərə Dövlət Dəstəyi Şurasının katibliyinin icraçı direktoru Fərasət Qurbanovun fikrincə, ümumiyyətlə, «Soros» fondu ilə bağlı QHT-lərin münasibəti birmənalı deyil: “Layihəsi maliyyələşən QHT-lər fonddan razı qalır, maliyyələşməyən QHT-lər isə hansısa korrupsiya faktlarının olması ilə bağlı fikirlər söyləyirlər. Bu, bütün donorlara münasibətdə belədir». F.Qurbanov hesab edir ki, hansısa xarici təşkilatı əsassız ittiham etmək düzgün deyil. Yəni ittihamla bağlı hər hansı faktlar varsa, bunlar ictimaiyyətə söylənməlidir. İcraçı direktorun fikrincə, «Soros» fondunda hansısa korrupsiya hallarının olması xarici donorların ölkəmizdə olan QHT-lərə münasibətini dəyişə bilməz. «Çünki «Soros» fondu özü də beynəlxalq təşkilatdır və əgər burda hansısa korrupsiya halı varsa, demək, bunu özləri yaradırlar, bizim QHT-lər yox. Əgər «Soros» fondu kimi nüfuzlu bir təşkilat korrupsiya halına yol verir və onun əməkdaşları buna gedirlərsə, onda günah heç də milli QHT-lərdə deyil. Çünki, Azərbaycanda digər fondlar da fəaliyyət göstərir və onlarla bağlı bu cür ittihamlar səslənmir. Bu da onu deməyə əsas verir ki, səslənən fikirlər heç də xarici donorların bizim QHT-lərə münasibətinə hər hansı təsir göstərə bilməz».
Əgər
narazılıq halları varsa…
«Soros» fondunun ümumilikdə Azərbaycandakı fəaliyyətini dəyərləndirən F.Qurbanov bildirib ki, fond uzun illərdir ki, ölkədə vətəndaş cəmiyyətinin formalaşması, gücləndirilməsi istiqamətində iş aparır. Belə ki, onların fəaliyyəti nəticəsində həm regionlarda vətəndaş cəmiyyətlərinin gücləndirilməsi, insanlarda ictimai şüurun artırılması, təhsil, səhiyyə, insan hüquqlarının müdafiəsi sahələri ilə bağlı yüzlərlə layihə maliyyələşdirilib və həyata keçirilib. F.Qurbanovun fikrincə, fond ölkəmizdə ictimai, vətəndaş cəmiyyəti institutunun formalaşması ilə yanaşı, onun maariflənməsi, təlimlənməsi və təcrübə toplamasına böyük xidmətlər göstərib. «Soros» fondu bizim QHT-lərin üz tutduğu bir məkan olub. Ölkədə xarici donorların kəskin azaldığı bir vaxtda «Soros» fondu QHT-lərin layihələrini dəstəkləyib, onlara müəyyən mənada ümid verib və bir çoxlarının da layihələrini maliyyələşdirib. “Bu cür fəaliyyət təbii ki, qiymətləndirilməlidir. Əgər ayrı-ayrı xırda narazılıq halları varsa, bu, görülən işə kölgə sala bilməz».
İcraçı
direktor ümumiyyətlə, xarici donorların, o cümlədən
«Soros»un vəsaitləri dövlət maraqları ilə ziddiyyət
təşkil edən layihələrə yatırmaları ilə
bağlı fikrə də münasibət bildirib: «Dövlət
maraqlarının pozulması hallarına heç kəs yol
verməməlidir. Əgər xarici
təşkilatın belə bir niyyəti olsa belə, öz millətini,
dövlətini sevən QHT belə bir
işə getməməlidir. Yox əgər layihə ətraf mühitlə, insan sağlamlığı və ya təhsilə yönəlik məsələsi
ilə bağlıdırsa, onda bu layihələrdə dövlətin
maraqlarına zidd olan
hansısa məsələlərin ola biləcəyinə
inanmıram. Çünki bunlar
hamımızın ümumi problemləridir.
Amma demokratikləşmə, insan hüquq və
azadlıqları ilə bağlı dövlətə zidd olan hansısa məqamlar
varsa, əlbəttə, bu
məqamlar haqqında deyilməli, bu cür faktlar ümumi yox, konkret şəkildə
söylənməlidir. Mən hələ ki,
bizim QHT-lərin konkret
faktlar səsləndirmələrini az eşitmişəm”.
F.Qurbanovun fikrincə, layihənin mövzusundan, donorun, xarici təşkilatın istiqamətindən asılı olmayaraq, milli QHT-lərin layihələrinin əsas qayəsi dövlətçilik və milli maraqların müdafiəsi olmalıdır. «Belə olan halda heç kəs Azərbaycanda dövlət maraqlarına zidd olan fəaliyyətlə məşğul ola bilməz». Ümumilikdə F.Qurbanov hesab edir ki, «Soros» fondunun Azərbaycanda vətəndaş cəmiyyətinin güclənməsində xidmətləri olub və bu xidmətlər danılmamalıdır. Belə ki, «Soros» fondu təkcə QHT-lərlə əməkdaşlıq edib, o, dövlətə də böyük məbləğdə qrantlar verib. «Amma «Soros» fondunun qarşıya qoyduğu missiyaya uyğun olaraq onun fəaliyyətinin qiymətləndirilməsi bir qədər təhlil tələb edən məsələdir. Ona görə də «Soros» fondunun missiyasının qiymətləndirilməsi məsələsi ekspertlər səviyyəsində araşdırılandan sonra qiymətləndirilməlidir”.
“Fondda
korrupsiya halları var”
Ancaq
təhlillər müsabiqələrin şəffaf
keçirilməməsi, layihələrin bir qayda olaraq eyni təşkilatlar
arasında bölüşdürülməsi və vəsait
ayrılan QHT-lərin müxalifət yönümlü
olması şərtlərini əsas götürülməsi
faktlarını ortaya çıxarır. Fərasət Qurbanov da “Mən hələ ki,
bizim QHT-lərin konkret
faktlar səsləndirmələrini az eşitmişəm”-a deyə bildirdi. Demək, az da olsa faktlar
var.
Azərbaycanın işğal olunmuş ərazilərindəki Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatı İB-nin sədri Faiq İsmayılov «Soros» fondunun Azərbaycandakı fəaliyyətindən narazılığını bildirir. İB sədrinin fikrincə, fond Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği ilə məşğul olan təşkilatlara ümumiyyətlə, pul ayırmır və layihələrə əlavə təşkilatlar cəlb etmir. «Hansı ki, həmin təşkilatlar Azərbaycanın ərazi bütövlüyü, tarixinin qorunması üçün çalışırlar. Onlar öz əhatələrini genişləndirməkdə, cəlb etdikləri QHT şəbəkəsinin inkişafında maraqlı olmalıdırlar».
F.İsmayılov qeyd edir ki, fond yalnız bir qrup hüquq müdafiəçisinə maliyyə ayırır. «Fond Azərbaycanda məskunlaşdığı dövrdə hansı təşkilatları tanıyıbsa onlarla işləyir. Başqa təşkilatları tanımaq, onlarla əlaqə qurmaq və ya onları QHT kimi canlandırmaq onların planlarında yoxdur. Mən və digər həmkarlarım bunu görmürük». İB sədrinin fikrincə, ümumiyyətlə, donor təşkilatlar hansı ölkələrdə fəaliyyət göstərirlərsə vətəndaş cəmiyyətlərinə kömək etməlidirlər. Belə ki, dövlətin nəzərindən qaçan problemlər, vətəndaşların hüquqları və s. məsələlərin həlli istiqamətində həyata keçirilən layihələrə qrant ayırmalıdırlar. «Ancaq “Soros” fondu tamam başqa istiqamət tutub. Mənə elə gəlir ki, onların fəaliyyəti ölkənin içərisində bir növ dövlətə qarşı müxalifət hazırlamaqdır».
«Vəsaitin 30-50 faizi fonda qaytarılır»
F.İsmayılov
bildirir ki, onu narahat edən məsələlərlə
bağlı hətta, fond rəhbərliyinə də suallar
ünvanlayıb. Aldığı cavab
isə «Biz eyni təşkilatlarla
işləmək istiqamətində
formalaşmışıq. Həmin təşkilatlar təcrübə
qazanıblar. Yeni təşkilatları
işə cəlb edib təcrübə
keçmək, onları inkişaf etdirmək
üçünsə vəsait lazımdır» - sözləri
olub.
İB
sədri “Soros” fondu ətrafında korrupsiya ilə
bağlı hallanan fikirlərə də aydınlıq gətirib:«Eşitdiyimə
görə, fondda korrupsiya halları var. Bildiyim qədər,
QHT-lərə ayrılan vəsaitin 30-50 faizi fonda
qaytarılır”.
F.İsmayılov
QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən
QHT-lərə vəsait bölgüsü zamanı bu cür
hallara rast gəlmədiklərini də bildirir. «Düzdür, şuranın o
qədər imkanı yoxdur ki, böyük maliyyə
vəsaitləri ayırsın. Yalnız 5-8 min
civarında qrantlar ola
bilir. Ancaq heç vaxt şurada korrupsiya
hallarına rast gəlməmişəm».
Araşdırmalarımız zamanı “Soros”un adı ətrafında hallanan korrupsiya faktlarının mövcud olduğunu təsdiq edib, sadəcə adlarının hallanmasını istəməyənlər də oldu. Təbii ki, Fondda “struktur” dəyişikliklərinə ümid bağlayıb yandırmaq istəmədikləri körpülərlə geri qayıtmaq arzusunda olanlarla yanaşı, həmişə fonddan damağı islananlar da təşkilatın şəffaflığını isbata çalışacaqlar. Hər halda, “Soros” fondunun 15 illik fəaliyyəti dövründə yaranan söz-söhbətlər, mətbuatda yayılan informasiyalar, ekspert rəyləri və nəhayət, Fondun İdarə Heyəti sədrinin açıqlaması heç də xoş dəyişikliklər vəd etmir...
Təranə Məhərrəmova
Kaspi.-2011.-2 dekabr.- S.9.