«Yazılan romanların doxsan
doqquz faizinin nəsrə
dəxli yoxdu»
İlqar Fəhmi: «Zəif əsər onsuz da, zamanın süzgəcindən
keçməyəcək, tez unudulub gedəcək. Bu əsərlərin
oxucu zövqünü
korlayacağı fikriylə razı deyiləm»
İlqar Fəhmi qəzəl
ədəbiyyatında xüsusi yeri olan müəllifdir. Onun bəzi qəzəlləri var
ki, onlar klassik janrlarda da müasir, yeni mətnlər yazmaq mümkün olduğunu isbat etdi. Həm də onun oxuculara “Qarğa yuvası”, “Akrtisa”,
“Akvarium” kimi
romanları tanışdır. Əsərləri teatrlarda oynanılır, artıq 2 ssenarisinə
film çəkilib.
– Bildiyimiz kimi şeirdən nəsirə
güclü axın var. Siz bu amili nəylə əlaqələndirirsiniz?
– Nəsrə
yox, konkret olaraq romançılığa. Yəqin ki bu da
dəbdi. Axı kitab çıxartmaq
asanlaşıb. Əvvəllər kitab çap etmək çətin idi, qələm əhli yalnız qəzetlər vasitəsiylə
oxuculara çıxırdı,
onda hamı kiçik hekayələr və şeirlər yazırdı, indi romana meydan verilib,
hamı yazır.
Əlbəttə, yazılan romanların
doxsan doqquz faizinin nəsrə dəxli yoxdu, sadəcə roman adılyıla
orta məktəb şagirdlərinin inşaları
səviyyəsində yazılardı,
hamı elə bilir ki onun
hissləri duyğuları,
düşüncələri mütləq oxucuya maraqlı olmalıdı.
Yazıb
çap etdirirlər.
Bir tərəfdən də burda məncə pis heç nə yoxdu. Adam öldürmürlər, oğurluq eləmirlər,
yazırlar da. Zəif əsər onsuz da, zamanın süzgəcindən keçməyəcək,
tez unudulub gedəcək. Dediyim odu
ki bəziləri kimi mən zəif
əsərlərin oxucu
zövqünü korlayacağı
fikriylə razı deyiləm.
– Çəkilən
filmləriniz disk variantında
niyə satılmır?
- Ssenarilərimə çəkilən
əsas tammetrajlı filmlər dövlət sifarişiylə ekranlaşdırılıb,
onlar Mədəniyyət
və Turizm Nazirliyinin əmlakıdır,
onlar da disk yayımından əvvəl
kinoteatrlarda göstərmək
niyyətindədirlər. Artıq «Nizami»
kinoteatrı təmir olunub, yəqin ki yaxın vaxtlarda
həm mənim ssenarilərimə çəkilən
filmlərim, həm də yeni çəkilən
başqa milli filmlərimiz orada göstəriləcək.
– Eşitdiyimə görə
“Aktrisa” əsəriniz
Özbəkistanda böyük
tirajla çap olunub? Belə çıxır ki, onlar bizdən
çox oxuyur? Yoxsa əsərinizin dedektiv janrda olması ilə əlaqədardır?
– Orda əhali də çoxdur. Ümumiyyətlə, orda kitaba maraq bizdən çoxdu. Daha çox oxuyurlar.
Səbəbi bilmirəm nədi.
Ən bəyəndiyim detal isə sovet dövründən qalma kitab yayımı şəbəkəsini qoruyub
saxlamaqlarıdır. Yəqin bilirsiniz
ki bizdə «Azərkitab»ın bütün
kitab mağazalarını
doxsanıncı illərin
əvvəllərində özəlləşdirdilər.
Kitab yayımı şəbəkəsi
dağıldı. Bu da indi qələm
əhli üçün
böyük problemdir.
Əyalətlərə kitab gedib çıxmır. Amma onlarda
bu şəbəkə
qorunub saxlanılıb.
– Gənc yazarlardan bircə sizin əsərlərinizi
universitetlərdə tədris
edirlər. Bu hansısa rektorla münasibətinizin olmasından
irəli gəlir, yoxsa?
– Mənim əsərlərim
dərsliklərə salınmayıb,
proqrama salınıb.
Müasir Azərbaycan ədəbiyyatı
içində mənim
«Aktrisa», «Akvarium» «Qarğa yuvası» romanlarım və şeirlərim tədris olunur, kurs işləri,
diplom işləri, elmi işlər yazılır. Amma düzünə
qalsa, o proseduru bilmirəm ki, proqrama necə salınır. Yəqin
ki müəllimlər,
ali məktəbin
elmi rəhbərliyi oxuyub bəyənir, sonra proqrama salınır. Ən birinci Dillər
Universitetində və
Xəzər Universitetində
tədris eləməyə
başladılar, sonra
digər məktəblərdə
də proqrama salındı. Ali məktəblərdə görüşlərdə
də çox oluram.
– Ümumiyyətlə
alternativ dərsliklər
olmasını istəyərsinizmi?
-Yəqin ki, olsa pis olmaz. Amma hələ onlardan
necə istifadə etməyi təsəvvür
edə bilmirəm.
– Düzdü,
AYB-də işləsəniz
də, heç bir ədəbi qruplaşmanın üzvü
kimi görünmürsünüz.
Nə ət nə də ballıq məsələni
bənzəyir bir az?
– Mənim üçün heç bir qruplaşma filan yoxdu. Düzünə qalsa maraqlanmıram, heç xəbərim də yoxdu ki,
kim kimlə
qruplaşma təşkil
edir, kim kimlə birləşir, kimə qarşı mübarizə aparır. Hərdən
kənardan soruşurlar,
deyirəm xəbərim
yoxdu, inanmırlar.
Mən ümumiyyətlə qapalı
adamam, cəmiyyətdə
baş verən hadisələrdən də
çox gec xəbər tuturam. Televizora baxmıram, gündəlik
informasiyaları izləmirəm,
intriqalarla filanla da maraqlanmıram. İncəsənətdən, ədəbiyyatdan
kənarda çox az şey
mənə maraqlıdır.
Yəqin
ki bu düzgün
mövqe deyil, çünki insan sosial varlıqdı, sosiumun içindədi və bunu qəbul
etməlidi. Amma istəsəm
də alınmır.
Maraq yarada bilmirəm özümdə belə şeylərə. O ki
qaldı AYB-yə, mən indiyəcən çox şeyləri başa düşmürəm.
Əgər hansısa böyük
gəlir gətirən
bir müəssisə
olsa, intriqaları anlamaq olar. Axı Yazıçılar
Birliyi daha sovet vaxtındakı kimi ədəbiyyat nazirliyi deyil, daha burda ev, maşın, bağ paylamırlar. Məhdud imkanlara malik ictimai təşkilatdır,
o imkanlar çərçivəsində
nə mümkündürsə,
rəhbərlik həyata
keçirir. Başqa nə
olmalıdır ki?
Onun üçün də AYB
ətrafında didişmələr
mənə çatmır.
İstənilən dəyişiklik olsa
da, yenə həmin fəaliyyət olacaq. Çünki eyni imkanlarla
bundan artıq fəaliyyət göstərmək
mümkün deyil.
– AYB-nin qurultayı gəlir. Siz kimin seçilməsini istəyirsiniz?
– Anar müəllim artıq uzun illərdi bu təşkilata rəhbərlik
edir və bu təşkilatı düzgün idarə etmək üçün rəhbərliyin hansı keyfiyyətlərə malik
olmasını o hamıdan
yaxşı bilir. Onun tövsiyyəsi, onun seçimi daha düzgün olar. Kənardan hər şey asan görünür, amma şəxsən mən elə fikirləşirəm ki
AYB-yə rəhbərlik
etmək çox çətindir. AYB-də ambisiyalar böyükdür, hər
kəs özünü
dahi sayır, hər kəs başqalarından daha çox dəyərləndirilməyini
istəyir və bu qədər ambisiyaları olan adamlarla dil tapmaq
müşkül məsələdir.
Birini qabağa çəkən
kimi əllisi hay-küy qaldırır, birini fərqləndirən
kimi əllisi daş atıb başını tutur.
– Teləserialların
çəkilməsi barədə
dövlət dəstəyi
nəzərdə tutulub?
Bu problem sizə nə dərəcədə
maraqlıdır?
– Serial dövrün
tələbidir və
bizdə də olmalıdır. Əgər tamaşaçı bunu istəyirsə nəyə görə xarici seriallara baxmalıdır? Dövlətin dəstəyi də əsl vaxtında həyata keçirilir.
Amma mən tamaşaçılara
da müraciət edib deyirəm ki, bizdə çəkilən ilk seriallardan
hələ yüksək
keyfiyyət gözləməsinlər.
Bizdə
bu sahə üzrə peşəkarlar
formalaşmayıb, mütəxəssislər
yoxdu. Yəqin ki ilk iki il ərzində çəkilən seriallar
daha çox peşəkarların formalaşmasına
xidmət edəcək,
yalnız bundan sonra bizdə səviyyəli serialların
istehsalından danışmaq
olar. Mən özüm də
bu sahədə müəyyən fəaliyyət
göstərirəm Amma
müvəqqəti. Yəqin
ki serial yazan gənc ssenaristlərimiz formalaşandan sonra, mən kənara çəkiləcəyəm, çünki
ümumiyyətlə serial sevən
adam deyiləm.
Kinonu və teatrı sevirəm. Ötən
illərdə dövlət
sifarişiylə çəkilən
«Ölüm növbəsi»,
«Aktrisa» ssenarilərimdən
sonra, hal hazırda da artıq üçüncü
ssenarim Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
qəbul olunub, dövlət sifarişiylə
ekranlaşdırılacaq. Filmin hazırlıq
mərhələsi artıq
başlanıb. Bu tarixi detektiv janrında olan ssenaridi, təqribi adı «Dərvişin yazısı»dır. Ssenarini məşhur
rejissorumuz, Xalq artisti Eldar Quliyev
ekranlaşdırır. Ssenarini də birlikdə işləmişik. Yəqin ki
gələn ilin sonunacan film təhvil veriləcək. Mənim üçün
maraqlı cəhət
odur ki bu,
Azərbaycanda tarixi detektiv janrında ilk film olacaq.
– Bugünkü
romançılığımızda hekayələri
uzadıb roman edirlər. Sovet
dövründə isə povestləri artıraraq 500-600 səhifəlik
romanlar yazırdılar. Bu
paradoksun nədən yaranır sizcə?
– Tələbat olmasa uzatmazlar. İndi kiminsə
romanının çıxması yazarın
bioqrafiyasının vacib bir
atributuna çevrilib.
Onun üçün
də hamı yazır. Yəqin sovet
dövründə də belə olub.
– Son yazılan əsərlərdən
bəyəndiklərinizi və bəyənmədikləriniz
hansılardır?
– Azərbaycan ədəbiyyatı barədə deyirsənsə, son ayda Zərdüşt Şəfinin və Qismətin yeni kitabları çıxdı. İkisi də mənim sevdiyim, dəyərləndirdiyim gənc müəlliflərdi, kitabları da bəyəndim. Son bir ayda başqa yeni kitab oxumamışam. Əvvəlkilər çox olub, hamısı haqqında danışsam, uzun olar.
Fərid Hüseyn
Kaspi.-2011.-3-5 dekabr.- S.15.