Kimdir haqlı? 

TQDK nazirlikdən şikayətçidir, nazirlik müəllifdən, müəllif də korrektordan

 

Azərbaycanda çap edilən orta məktəb dərsliklərində nöqsanların olması ilə bağlı fikirlər təzə olmasa da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin bu günlərdə keçirdiyi mətbuat konfransında yenidən, həm də faktlarla gündəmə gəlib. Belə ki, TQDK sədri yeni çap olunan BiologiyaTarix dərsliklərində səhvlərin yer aldığını bildirib. “Tarix dərsliyindəki səhvlər mənəvi, həm də siyasi nöqteyi-nəzərdən yaxşı hal deyil”- deyən M. Abbaszadə “Şagirdlər həmin səhvləri düzgün məlumat kimi qəbul edə bilərlər”- narahatlığını da dilə gətirib.

Təhsili Nazirliyi nəzdində Dərsliklərin Qiymətləndirilməsi Şurasının sədri Elmina Kazımzadə isə TQDK sədrinin fikirlərinə münasibət bildirərkən Biologiya və Tarix dərsliklərində olan səhvləri bu dərsliklərin yeni meyarlarla hazırlanmaması ilə əlaqələndirib.

Tarix müəllimlərinin, valideynlərin və ictimaiyyətin ayrı-ayrı nümayəndələrinin də dərsliklərlə bağlı narazılıqları eşidilməkdədir.

İnhisarda qalan məsələ

Bir neçə ay bundan əvvəl «Müasir İnkişaf» İB-nin QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi «Azərbaycan tarixi dərsliklərinin monitorinqi» (V-VIII  siniflər) layihəsi çərçivəsində tarix dərslərində səhvlərin və ziddiyyətlərin olduğunu meydana çıxarıb. 

İB-nin sədri Mübariz Aşırlı tarix dərsliklərindəki səhvlərlə bağlı təkliflər hazırlayaraq Təhsil Nazirliyinə göndərdiklərini bildirir. Belə ki,  6, 7, 8 sinif dərslikləri ilə bağlı redaktə xarakterli təklifləri yazaraq nazirliyə göndəriblər. 8-10 səhifəlik nəticələr konsepsiya şəklində hazırlanaraq nazirliyə ünvanlanıb. Nazirlikdən “sənədi qəbul etmişik, üzərində araşdırma aparırıq,  sonunda cavab verəcəyik”-desələr də hələ heç bir soraq yoxdur.

M.Aşırlı bildirir ki, layihəyə  start veriləndə tarix müəllimləri də, valideynlər də dərsliklərdə nöqsanların olduğunu bildiriblər. Layihə çərçivəsində aparılan araşdırmalar zamanı  da nöqsanlar ortaya çıxıb. “Təhsil Nazirliyi nöqsanları qəbul edir və hansısa redaktələri həyata keçirir. Amma əvəzində ortaya başqa problemlər çıxır”.

İB sədri problemin həlli kimi Təhsil Nazirliyinin dərsliklərlə bağlı konsepsiyasının vacibliyini vurğulayır:«Tarix dərslikləri yazarkən məhz bu hədəflənməlidir. Bundan əlavə, tarix dərslikləri yaza biləcək heyət formalaşmalıdır. Belə ki, bu, akademik də, orta məktəbin tarix müəllimi də ola bilər. Onun elmi dərəcəsi önəmli deyil. O, hər şeydən əvvəl dərslikləri yaza bilmək standartlarına bələd olmalıdır və hər il bu qrup təkmilləşdirilməlidir. Biz 20 ildir müstəqilik, amma hələ bu problemlərimiz həll olunmayıb». M.Aşırlı dərsliklərin yazılması ilə bağlı problemlərin həll olunmamasını ortada pul vəsaitinin olması ilə əlaqələndirir: «Ortada azya çox miqdarda pul məsələsi var. Dərsliklər yazılan zaman daha çox bizim dövlətçilik məsələləri və vətənpərvərliklə bağlı məqamlar deyil, pul amili nəzərə alındığına görə problem həll olunmur. Bu məsələ kiminsə inhisarında qalıb. Ziyanı da millətimiz, şagirdlərimiz çəkir. Təhsil Nazirliyi bu işdə birbaşa məsuliyyət daşıyır.

M.Aşırlının fikrincə, növbəti ildə dərsliklərlə bağlı problem çıxarsa, bu təbii qarşılanmalıdır: “Bunu hansısa akademikin və ya professorun nəzarətindən çıxarmaq lazımdır. Onun elmi adı var deyə «Bu məsələləri yalnız o yazmalıdır» fikrinə son verilməlidir. O, akademik ola bilər, ancaq həmin akademik orta məktəbdə tarix dərsi tədris etmir. O bilmir ki, yazdığı dərslik hansı problemləri ortaya çıxarır. Bu işi bilən adamlara həvalə etmək və onlara imkan vermək lazımdır”.

M.Aşırlı TQDK sədrinin rəhbərlik etdiyi qurum tərəfindən yeni Biologiya dərsliyinin nəşrinə də münasibət bildirib: «Bildiyim qədər TQDK-nın vəzifəsi ali məktəblər üçün test imtahanı keçirməkdir. Amma əgər problem həll olunmursa, TQDK da bunun həlli üçün bir addım atmaq istəyirsə və göstərdikləri cəhd müsbət nəticə verəcəksə, onları yalnız alqışlamaq lazımdır. Bir halda ki, Təhsil Nazirliyi bu işi yarımçıq görürya tam olaraq görə bilmir».

Məsuliyyətli yanaşma

Azərbaycan Tarix Müəllimləri İB İdarə Heyətinin üzvü və 72 saylı məktəb-liseyin tarix müəllimi Aydın Allahverdiyev tarix dərsliklərində ziddiyyətlərin olduğunu istisna etmir:

«Müstəqillik əldə etdikdən sonra dərsliklərin bir neçə nəsli nəşr olunub. Üzərində də daim təkmilləşdirmələr aparılır. Ən böyük narahatlıq doğuran məsələlərdən biri dərsliklərdə həcmin azalmasıdır. Faktlar saxlanmaq şərti ilə şərhlər ixtisar olunub. Bu isə düşünmə qabiliyyətinə mənfi təsir göstərir». A. Allahverdiyev dərsliklərin çoxşaxəli olduğuna görə onun yalnız bir müəllif tərəfindən yazılmasının ümumiyyətlə, əleyhinədir. «Dərslik bir neçə müəllif tərəfindən yazılmalıdır. Hər kəs müəyyən bir fəsli yazır və o birisinə cavabdehlik daşımır. Bu baxımdan dərsliklərdə yanaşmalarda müxtəliflik var. ziddiyyətlərin çoxu da buradan qaynaqlanır. Əslində isə müəlliflər hamısı bir-birinin işi ilə yaxından tanış olmalıdır. Üslubun, faktların udintifikasiyası, sadədən mürəkkəbə doğru davamlılıq məsələsi, təkrarçılıq, fikirlərdə ziddiyyətlər və s. faktlar mövcuddur». A.Allahverdiyev tarix  dərsliyinin konsepsiyasının hazırlanmasının tərəfdarıdır: «Məsələn, dövlətçilik maraqları ilə bağlı zamanın tələblərinə uyğun ideyalar var. Həmin ideyalar mövzular vasitəsilə həyata keçirilməlidir. Deyək ki, Azərbaycan Avropaya inteqrasiya olunur. Ancaq gəlin görək bizim istiqamətimiz sözdə, yaxud işdə Avropayadır? Ona görə biz elə etməliyik ki, şagirdlər orta məktəbi bitirənə qədər Avropada mövcud olan dəyərləri həyat kredolarına çevirsinlər ki, Avropanın içərisində yaşaya bilsinlər. Biz necə Avropaya inteqrasiya olunuruq ki, qəbul olunan bir sıra dəyərlər bizim dərsliklərdə öz əksini tapmayıb? Biz işimizi elə qurmalıyıq ki, dərsliklərdə milli vəhdətə, birliyimizə nail olan dəyərlər olmalıdır. Eləcə də din məsələsində həssas olmalıyıq. Dərsliklərimizdə bu cür qüsurlara rast gəlirik».

A.Allahverdiyev 10-cu sinif tarix dərsliyində yer alan «Lənkəran üsyanı» və «Qazma üsulu ilə neft quyusunun qazılması ilə bağlı mövzularda da yanlışlıq olduğunu bildirib: “İlk dəfə bizdə buruq üsulu ilə neft çıxarılıb. ABŞ bizdən 10 il sonra həmin üsulla neft çıxarıb. Ancaq biz öz ölkəmizin «Qazma üsulu” ilə neft çıxardığını göstərərək birinciliyi Amerikaya veririk. yaxud 9-cu sinif tarix dərsliyinin son nəşrində «Qubalı Fətəli xanın siyasəti ilə bağlı məqamda qüsurludur: «Əvvəllər bu, Fətəli xanın birləşdirmə siyasəti kimi yazılırdı. Amma son nəşrdə düzəlişlər zamanı kimsə bunu «işğal»la əvəz edib: «Təəssüf ki, Fətəli xan Azərbaycanın Şimal xanlıqlarını işğal edə bilmədi”. Maraqlıdır, dünyanın hansı ölkəsində hər hansı xalq özünün işğal olunmamasına təəssüflənər?”

A.Allahverdiyev internet dövründə uşaqların kitabla ünsiyyətinin yalnız dərsliklər vasitəsi ilə mümkün olduğunu qeyd edir. “Uşaqların kitab oxumaq mədəniyyəti yalnız dərsliklərlə bağlı  qalır. Bu baxımdan dərsliklər məsuliyyətli yanaşma tələb edir. Çünki bununla bütöv bir nəsil yetişir”. 

Korrektorun səhvi?

"Ümumi Biologiya" dərsliyinin həmmüəllifi Almaz Həsrət isə  TQDK sədri-nin TQDK-nın Təhsil Nazirliyinin orta məktəb dərsliklərindəki səhvlər barədə iddialarını yanlış adlandırıb: “Dərslik müəllifi elə belə sıradan çıxan bir insan deyil, onlar professional və həmin sahənin mütəxəssisi olan akademik və professorlardır. Öncə bu insanlara sayğı ilə yanaşmaq lazımdır. Dərsliklərdə olan texniki səhv dərsliyi yazan müəllifin səhvi deyil. Bu yalnız nəşr səhvi olduğu üçün korrektorun səhvi sayıla bilər. Deməli, TQDK öz iradlarını nəşriyyatlara yönəltməlidir. Mən TQDK-nın söylədiyi həmin səhvləri özüm götürüb bir-bir araşdırmağa başladım. Sonda ən çox nəyi aşkar etmişəm. Məlum oldu ki, TQDK-nın səhv adlandırdığı qüsurlar abituriyent jurnalında verilən sualın dərslik müəllifinin verdiyi cümləsi ilə üst-üstə düşməməsidir”. A.Həsrət hesab edir ki, bu "səhvlər"in biologiya dərsliklərində də olması ilə bağlı fikirlər TQDK-nın yeni hazırladıqları vəsaitlərin reklamından başqa bir söhbət deyil.

Bizlik deyil

Nə Təhsil Nazirliyinin rəsmiləri, nə müəlliflər, nə də nəşriyyatlar meydana çıxan səhvləri boynuna çəkmək istəmir. Amma hamısı da günahkar ovuna çıxıb. Təhsil Nazirliyi özünə haqq qazandırır. Problemdən yaxasını kənara çəkərək, «Bizlik deyil», «Biz sifarişçiyik» - deyir, ya da dərsliklərin xırda-para səhvlər istisna olmaqla mükəmməlliyini isbata çalışır.  TQDK-da öz növbəsində səlahiyyətində olmayan işlə bağlı addım atmaq istəyir. Ortada isə təhsilə, dərsliklərə və ən əsası tarix fənnini mənimsəməli olan millətin balalarına ziyan dəyir. İddialar, münaqişələr, dərslik davası kimlərəsə qazanc gətirdiyi halda  yetişən nəslə ziyandan başqa heçvermir. Bu aksiomanın isə müzakirəyə ehtiyacı yoxdur.

Təranə Məhərrəmova 

Kaspi.-2011.-13 dekabr.- S.9.