Ana dilimiz unudulur
Musa Yaqub: «Televiziyalarda, radioda hər
an təbliğ olunan reklamlar,
mağazaların adları
yaddaşlarda qalır və dil tədricən unudulur»
Sabir Rüstəmxanlı: «Ana
dilimizə xəyanət var. Yarı ingiliscə, yarı rusca
danışırlar...»
«Azərbaycan dilinin qorunması və
işlənməsi həyəcan təbili
çalınası məsələdir. Xüsusən
reklamlarda, ticarət mərkəzlərinə, firmalara,
dükanlara verilən adlarda Azərbaycan dilinin işlənməsi
elə bil unudulub». Bu fikirlər Söz Azadlığı
Müdafiə Fondunun (SAMF)
“Küçə
reklamlarında Dövlət dilinin qorunması” adlı layihəsinin
təqdimatında səslənib. Belə ki, SAMF bu ilin noyabr ayında
küçə reklamlarında Azərbaycan dilinin qorunması
ilə bağlı monitorinq həyata keçirib. Fondun
monitorinqi keçirməklə əsas məqsədi
adıçəkilən istiqamət üzrə «Dövlət
dili haqqında» Qanunun tələblərinə əməl
olunması vəziyyətini öyrənmək və bu sahədəki
mövcud problemləri üzə çıxarmaq olub.
Qeyd edək ki, SAMF-ın 2010-cu ilin yanvar-aprel aylarında həyata keçirdiyi ilk monitorinqin nəticələri ürəkaçan olmayıb. Belə ki, monitorinq Binəqədi, Nərimanov, Nəsimi və Səbail rayonlarının 25 mərkəzi küçə və prospektlərdə mövcud olan 875 xidmət obyektini əhatə edib. Araşdırmalar nəticəsində müəyyən edilib ki, reklam xarakterli lövhələrin ümumilikdə 63 faizi ingilis dili (bu rəqəm 2010-cu ildə 27 faiz olub), 14 faizi rus dilində, 12 faiz (bu rəqəm 2010-cu ildə 11 faiz təşkil edirdi) türk, 6 faiz (2010-cu ildə bu rəqəm 62 faiz idi), Azərbaycan dilində, 3 faizi digər dillərdə olan sözlərdən istifadə olunub. Qalan 2 faiz sözün isə hər hansı məna daşıdığını müəyyən etmək mümkün olmayıb. Digərlərinin sırasına italyan, fransız, yapon və çin dilində olan sözlər aid olub. Azərbaycan dilində olmayan reklam lövhələrindəki sözlərin hamısı, yəni 94 faizi latın qrafikasında olmaqla ingilis dilində yazılıb.
Qeyd edək ki, reklamların yazılışı zamanı mövcud qanunun nəzərdə tutduğu «Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və s.) dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər, lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir» kimi çox vacib prinsipin tələbləri bir sıra parametrlərinə görə pozulub.
SAMF firma və digər təyinatlı obyekt adlarının yazılışındakı analoji vəziyyətin öyrənilməsini aydınlaşdırmaq məqsədilə 2011-ci il noyabr ayında yenidən növbəti monitorinqini də keçirib. Monitorinq zamanı «Million alıx roz», «Malışok», «Blessing», «Başmaçok» mağazalar şəbəkəsi, «Çudo Peçka», «Drujba», «Romaşka», «Xozyauşka», «Lidor kamin», «Woman Life», «Bon Apetit», «Home kredit», «Lakomka», «Parus», «Mebel showroom», «Skazka», «Merkez Lahmacun», «İnce Göl» və ingilis qrafikasında yazılan adlara, o cümlədən yüzlərcə bu tip reklam adlarına rast gəlinib. Həmin adların isə paytaxt küçələrində Azərbaycan dilində heç bir qarşılığına rast gəlinməyib.
Məsuliyyəti
heç kim boynuna götürmür
«Dilimizlə bağlı problem bizi çox narahat edir» - deyə SAMF sədri Musa Yaqub layihənin təqdimatına həsr olunan tədbirdə bildirib: “Ana dilinin qorunması haqqında qanun olsa da ona riayət olunmaması təəssüf doğurur. Azərbaycan dili işlənmir. Küçələrə çıxan kimi bunu görmək mümkündür. Qəribə adlar meydana gəlib. Reklam və elanlarda bu dil görünmür. Məsələn, Rəşid Behudovun adını daşıyan küçədə Azərbaycan dilini daşıyan bircə reklama da rast gəlməzsən. Bu məsələ bizə xırda görünür, amma çox böyük problemdir». SAMF sədri dilimiz ətrafında yaranan qorxunu da diqqətə çatdırıb: «Televiziyalarda, radioda hər an təbliğ olunan reklamlar, mağazaların adları və s. istər-istəməz yaddaşlarda qalır və dil tədricən unudulur». M.Yaqubun sözlərinə görə, bu məsuliyyəti heç kim boynuna götürmür. Belə ki, yerli icra hakimiyyəti orqanları, o cümlədən Bakı şəhər İH şəhər ərazisində yerləşdirilən reklamlara, dükanlara verilən adlara görə məsuliyyətdən yaxasını kənara çəkir: «Hamı deyir ki, problem mənlik deyil. Amma qanuna görə bu tələblərə riayət olunmalıdır. Təəssüf ki, həmin tələblər kağız üzərində qalıb». SAMF sədri hesab edir ki, ölkədə Azərbaycan dilini qoruyan qurum olmalıdır. “Yoxsa dilimiz əldən gedə bilər. Bilmirəm, bizim xalqımızın özündəndir, ya nədirsə, hər sözü başqa dildə demək istəyirlər». M.Yaqub dilimizin korlanmasında sahibkarların böyük rol oynadığını da vurğulayıb. Belə ki, onlar «Mənim firmamda, mağazamda elanı, adı necə istəyirəmsə, elə də yazmalısan» - deyə tələb edirlər, nəticədə də dilimizə xələl gəlir”.
Dilimizi də təqdim etməliyik
SAMF-ın icraçı direktoru Vüqar Tofiqli qeyd edib ki, küçə reklamlarında vəziyyətin qənaətbəxş olmaması təşkilatı yenidən monitorinqlər keçirməyə sövq edib: «Şəhərin küçələrinə çıxanda elə bilirsən ki, İtaliyanın küçələrində gəzirsən. Heç bir milli brendə rast gəlmək olmur. Azərbaycan kökəninə, türk mənşəli sözlərə diqqət göstərilmir. Başqa dilləri sevərək işlədirik, amma öz dilimizdə danışmağa elə bil əzab çəkirik». V.Tofiqlinin sözlərinə görə, monitorinqi keçirməkdə məqsəd mövcud durumu həm də dövlət orqanlarının diqqətinə çatdırmaqdır: «Biz monitorinqin nəticələri ilə bağlı əlaqədar təşkilatlara məktublar ünvanladıq. Onların bir çoxu məktubumuza reaksiya da verdilər. Amma görünür ki, həmin reaksiyalar «yola vermə» xarakteri daşıyıb”. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi cavab məktubunda reklam və elanlarda dövlət dilinin tələblərinin pozulmasının məsuliyyətinin birmənalı şəkildə qeydiyyat orqanlarının və sahibkarların üzərində olduğunu qeyd edib: «Reklam və elanların xarici dildə yazılışına hüquqi və fiziki şəxslər özləri maraq göstərirlər. Biz müdaxilə etsək də xeyri yoxdur». SAMF sədri qarşıda «Evrovizion-2012» müsabiqəsi ilə bağlı Bakıya çoxlu qonaqların gələcəyini diqqətə çatdıraraq bildirib ki, onlara xarici abidələrimizi, şəhərimizin gözəlliyini göstərməklə bərabər, dilimizi də təqdim etməliyik.
Vüqar Tofiqli mövcud qanunda dəyişiklik olmasını, normativ hüquqi sənədlərin hazırlanmasını təklif edib: «Ölkəmizdə dil komissiyası fəaliyyət göstərir. Ancaq komissiyanın əsasnaməsi bu günə qədər məlum deyil və fəaliyyəti hiss olunmur. Onların fəaliyyətinin genişlənməsinə ehtiyac var».
Xalq şairi Sabir Rüstəmxanlı dilə nə qədər hücumlar olsa da, onun ölməz olduğunu bildirib: «Amma dilə xəyanət var. Yarı ingiliscə, yarı rusca danışırlar. Ölkəmizdə işləməyə gələnlər də öz dillərini tətbiq etməyə çalışırlar. Ancaq gələnlər mənə hörmət edirlərsə, dilimizə də hörmət etməlidirlər. Burda məqsəd Azərbaycanın içində varlığımıza qarşı təzyiq göstərməkdir».
Millət vəkili ölkəmizdə «Dövlət dili haqqında», o cümlədən əlifba islahatları ilə bağlı qanunların qəbul olunduğunu və bu istiqamətdə bir çox tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb: «Bakının mərkəzində Azərbaycan dilində heç bir ofis və mağaza Azərbaycan dilində adlanmır. Qanunun tələbləri kobud şəkildə pozulur. Biz bu problemi ictimaiyyətin müzakirəsinə verməli, tələb etməliyik». S.Rüstəmxanlı ölkəmizdə dil komissiyasının ötən illərdəki fəaliyyətdən danışaraq onların idarələrdə ana dilinin işlənməsi səviyyəsini yoxlamaları və bu barədə aktlar tərtib etmələrini xatırlayıb: «Bütün bunlar dilin qorunub saxlanmasına kömək edirdi. Ancaq indi belə şeylər yoxdur». Millət vəkili Azərbaycan dilinin qorunması ilə bağlı yaratdıqları qurumun fəaliyyətindən də danışıb: «Biz həm Azərbaycanda, həm də Türkiyədə bir sıra tədbirlər, monitorinqlər həyata keçirmişik. Mətbuat bu barədə yazılar dərc edib. Ancaq heç bir faydası yoxdur. Monitorinqin nəticələrinə görə, biz bir neçə şirkət haqqında məhkəmələrə müraciət hazırladıq. Qoy dilimizin korlanması ilə bağlı məhkəmələr onların haqqında qərar çıxarsınlar».
S.Rüstəmxanlı hesab edir ki, ana dilinə hörmət hər kəsin özündən başlamalıdır. Bu, hamının vəzifəsi və məsuliyyət hissi olmalıdır: «Etiraf edək ki, biz biganə millətik. Öz dilimizə belə münasibət göstəririk. Azərbaycan öz dilinə sahib çıxmalıdır. Biz ümumi ictimai rəylə ölkədə dilimizə münasibəti dəyişməliyik».
Layihənin koordinatoru Nəciməmməd Quliyev dilimizin qorunması ilə bağlı müzakirələri taleyüklü məsələ adlandırıb. “Dövlət Dilinin qorunmasında hamılıqla iştirak etmək lazımdır. Yetmiş il imperiya əsarətində qalan bir xalqın dilinə təbii ki, gəlmə çox sözlər daxil edilib. Bunların dilimizdən təmizlənməsi, milli sözlərlə əvəzlənməsi üçün ideoloji, maarifləndirmə siyasətinə başlamaq lazımdır”.
Tədbirdə çıxış edən digər ziyalılar da “əgər, bu məsələyə laqeyd yanaşsaq, dilimizin varlığı və sabahı sual altında qala bilər”- deyə vurğulayıblar.
Dəyirmi masanın sonunda Milli Məclisə müraciət qəbul edilib.
Təranə Məhərrəmova
Kaspi.- 2011.- 22 dekabr.- S.9.