Azərbaycan mədəniyyəti Parisi fəth etdi
Mehriban Əliyeva:
«Azərbaycan qısa bir zamanda çox böyük nailiyyətlər
əldə edib. Bu gün Azərbaycan bölgənin ən
sürətlə inkişaf edən ölkəsidir»
Azərbaycan mədəniyyətinin
təntənəsi ötən həftə dünyanın mədəniyyət
paytaxtı olan Parisdə yaşanıb. Prezident İlham Əliyevin
Azərbaycanın müstəqilliyini bərpa etməsinin 20-ci
ildönümünün qeyd olunması ilə bağlı
imzaladığı Sərəncama əsasən təşkil
edilən möhtəşəm mərasim Azərbaycan mədəniyyətinin
təbliği baxımından mühüm addım olub.
Parisdə respublikamızın müstəqilliyini
yenidən bərpa etməsinin 20-ci ildönümünə və
“Azərbaycan” kitabının təqdimatına həsr
olunmuş təntənəli mərasim Heydər Əliyev
Fondunun, ölkəmizin Fransadakı səfirliyinin təşəbbüsü
və dəstəyi ilə baş tutub.
Mərasimdə Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban Əliyeva iştirak edib.
Fransanın mədəniyyət naziri
Frederik Mitteran Azərbaycanın müstəqilliyinin bərpa
edilməsinin 20-ci ildönümü münasibətilə təbriklərini
çatdıraraq Fransanın Azərbaycan mədəniyyətinin
ən yaxın dostlarından biri olduğunu vurğulayıb.
“Azərbaycanı
yaxşı tanıyırıq”
Nazir qeyd edib ki,
Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin
təşviqi sahəsində mühüm işlər
görüb və bu sahədə böyük rol oynayıb. “Biz
bilirik ki, Azərbaycan muğam və aşıq musiqisi ölkəsidir.
Bu baxımdan Azərbaycan mütəmadi olaraq festivallar və
musiqi tədbirləri keçirir, bu tədbirlər isə
böyük uğurla nəticələnir. Kinorejissor Maqsud
İbrahimbəyov indi artıq çox yaxşı
tanınır və mən onun soyadını bu cür tələffüz
etməklə bildirmək istəyirəm ki, deməli, biz həm
də Azərbaycanı yaxşı tanıyırıq. Biz cənab
Rüstəm İbrahimbəyovu da tanıyırıq və bu
şəxslər gözəl əsərlərin müəllifləridir.
Azərbaycan, eyni zamanda, dahi Sabirin, Nəsrəddin Xocanın vətənidir.
Bütün bu zəngin mədəni irsdən danışarkən
demək istəyirik ki, biz Üzeyir Hacıbəylinin də əsərlərinə
yaxşı bələdik. Bu əsərlər həm bizim
auditoriya qarşısında səslənib, həm də
aşıqların gözəl
çıxışlarını fransız
yazıçısı Jorj Sand öz əsərlərində
təsvir edib. Fransa çox şaddır ki, bu cür mədəni
zənginliyə malik olan Azərbaycan bizim ölkədə
getdikcə daha yaxşı tanınır. Biz istəyirik ki, Azərbaycanın
mədəni irsi burada daha çox təşviq olunsun”.
F.Mitteran
Azərbaycanın paytaxtının muğam şəhəri
kimi məşhur olduğunu, ölkəmizin
xalçaçılıq məktəbinin də getdikcə
tanındığını vurğulayıb: “Bu, onu göstərir
ki, ölkənizin mədəniyyəti zəngindir. Azərbaycan
nəinki bu cür möhtəşəm konsertləri təşkil
etməklə fərqlənir, eyni zamanda, ölkəniz Luvr
muzeyində aparılan bərpa işlərində də
öz rolunu oynayıb və muzey tam bərpa olunduqdan sonra
öz qapılarını ictimaiyyətə açıb. Deyə
bilərəm ki, bu məsələdə Azərbaycan
nümunəvi fəaliyyət göstərib”. Fransalı nazir
qeyd edib ki, ölkələrimiz
arasında mədəni mübadilə daimi olaraq genişlənir,
möhkəmlənir. F.Mitteran Fransa ilə Azərbaycan
arasındakı mədəniyyət sahəsində əməkdaşlığın
Mehriban Əliyevanın şəxsi
iştirakından qaynaqlandığını
vurğulayıb. Belə ki, Mehriban Əliyeva Fransa Respublikasının
prezidentinin bir il əvvəl qəbil etdiyi rəsmi qərarla
Fransanın Fəxri Legionu ordeni ilə təltif edilib. Bu orden
ölkənin birinci xanımına Luvr muzeyində aparılan
bərpa işlərində göstərdiyi xidmətlərə
görə verilib. Eyni zamanda, Mehriban Əliyeva Bakıda
fransızdilli məktəbin açılmasında müstəsna
rol oynayıb. “Qeyd edim ki, gələn il Azərbaycan
“Plezyiğ düfğans” adlı sərgini qəbul edəcəkdir.
Bu, elə bir layihədir ki, mən bu layihəyə çox
bağlıyam və ona öz dəstəyimi verirəm. Bakıda
açılacaq həmin sərginin davamı da olacaqdır. Bu
sərgi vasitəsilə biz Fransanın incəsənət
nümunələrini Azərbaycanda daha yaxşı tanıda
biləcəyik. Beləliklə, Bakı bu prosesə
böyük təkan vermiş şəhər olacaqdır.
İnanıram ki, biz münasibətlərimizin keyfiyyətindən
çıxış edərək bu əməkdaşlığı
daha da genişləndirməliyik. Hesab edirəm ki, biz
hamımız ölkələrimizin mənafeyi uğrunda
prezident İlham Əliyevin qeyd etdiyi və onun atasının
çalışdığı kimi işləməliyik. Bu,
bir daha onu göstərir ki, Fransa ilə Azərbaycan
arasında keyfiyyətli dostluq əlaqələri mövcuddur
və biz istəyirik ki, bu irəliləyiş bundan sonra da
davam etsin”.
Bölgənin
ən sürətlə inkişaf edən ölkəsi
Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyeva Azərbaycanın müstəqilliyinin bərpa
olunmasının 20-ci ildönümünə həsr olunan ilk
tədbirin Fransada - dünyanın ən möhtəşəm,
ən gözəl və ən zövqlü şəhərlərindən
biri olan Parisdə keçirilməsindən qürur
duyduğunu bildirib: “Müstəqil
ölkə kimi Azərbaycan çox gəncdir. Lakin Odlar yurdu
adlanan bu diyarın tarixi kökləri uzaq keçmişə
gedib çıxır. Burada - Cənubi Qafqazda, Xəzər dənizinin
sahilində ilk dövlətlər hələ eramızdan əvvəl
2-ci, 1-ci minilliklərdə mövcud idi. Ölkəmizin ərazisindən
tarixi İpək Yolu keçir. Sivilizasiyaların və mədəniyyətlərin
qovuşduğu strateji bir məkanda yerləşən Azərbaycan
uğrunda əsrlər boyu mübarizələr
aparılıb. Baxmayaraq ki, müxtəlif dövrlərdə
Azərbaycan müxtəlif imperiyaların tərkib hissəsi
olub, xalqımız öz tarixini, mədəniyyətini, dilini
qoruyub saxlayaraq milli mənliyini itirməyib”.
Müstəqillik yolumuzun asan və hamar
olmadığını xatırladan Mehriban Əliyeva bu yolda
itkilərimiz, ağrılarımız,
acılarımızın da kifayət qədər olduğunu
diqqətə çatdırıb: “Bütün bu illər Azərbaycan
xalqı müstəqillik arzusu ilə yaşayırdı. Nəhayət,
1991-ci ildə Azərbaycan xalqı öz taleyinin, öz
torpağının, öz ölkəsinin sahibinə
çevrildi. Şübhəsiz ki, tarixi baxımdan 20 il o qədər
də böyük dövr deyildir. Lakin biz ötən illərə
nəzər salsaq aydın olur ki, Azərbaycan qısa bir
zamanda çox böyük nailiyyətlər əldə edib. Bu
gün Azərbaycan bölgənin ən sürətlə
inkişaf edən ölkəsidir”.
Azərbaycan iqtisadiyyatının sürətlə
inkişaf etdiyini, ölkədə sosial yönümlü
layihələrin uğurla həyata keçirildiyini, ölkəmizdə
neft və qaz kəmərlərinin, qeyri-neft sektorunun yüksəlişini,
yeni iri infrastruktur layihələrin inkişafımızı təmin
etdiyini diqqətə çatdiran Mehriban Əliyeva bildirib ki,
paytaxtımızın və başqa şəhərlərimizin
yeni siması, ultramodern binalar, yollar, körpülər, bərpa
olunan və yeni tikilən muzey və salınan parklar
inkişafımızın sübutudur.
Varlığımız
- mədəni irsimiz
Mehriban xanım mərasim
iştirakçılarının diqqətinə
çatdırıb ki, bizim əsas
varlığımız mədəni irsimizdir, Azərbaycanın
qədim xalçaçılıq məktəbi, nadir
miniatürləri, ədəbiyyatı və poeziyası,
musiqisi, rəqsləri, təsviri sənəti, memarlıq abidələridir.
Mehriban xanım vurğulayıb ki, bütün bu nailiyyətləri
ölkəmiz Dağlıq Qarabağ münaqişəsi kimi
uzun sürən və hələ də həllini
tapmamış problemin mövcudluğu şəraitində əldə
edib: “Biz əminik ki, gün gələcək və Azərbaycanın
ərazi bütövlüyü bərpa olunacaq, hər bir məcburi
köçkün, hər bir qaçqın öz doğma
torpağına qayıdacaqdır. Bizim hər bir nailiyyətimizin
arxasında Azərbaycan vətəndaşının zəkası,
biliyi, bacarığı, istedadı və əməyi durur. Azərbaycan
gələcəyə istiqamətlənən dövlətdir.
Biz böyük yolun əvvəlindəyik. Müstəqil və
dünyəvi dövlət olaraq, tariximizə və köklərimizə
sadiq olaraq, mədəniyyətimizi və ənənələrimizi
qoruyaraq biz ümumdünya dəyərlərinə,
azadlıq, demokratiya, aşkarlıq, dünya birliyinə
inteqrasiya yolunu seçmişik”.
Milli musiqimiz,
xalçalarımız, mətbəximiz...
Mərasim Azərbaycan musiqiçilərinin
konsert proqramı ilə davam edib. Milli musiqimizin ən gözəl nümunələri
auditoriyanı heyrətə salıb. Xalq artisti Teymur
Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan
Dövlət kamera orkestrinin ifasında Üzeyir Hacıbəylinin
“Koroğlu” operasının uvertürası, Şirzad Fətəliyevin
balabanda orkestrin müşayiətilə ifa etdiyi “Sən gəlməz
oldun” mahnısı, Üzeyir bəyin “Arşın mal alan”
musiqili komediyasına yazdığı uvertüra, Fikrət Əmirovun
bəstələdiyi əvəzsiz sənət əsərləri
Azərbaycan musiqisinin nə qədər zəngin olduğunu tədbir
iştirakçılarına bir daha sübut edib. Dahi bəstəkar
Qara Qarayevin bəstələdiyi rəqs və İsfar
Sarabskinin ifa etdiyi “Novruz” caz kompozisiyası, xanəndə
Mirpaşa Şükürovun ifasında “Qarabağ şikəstəsi”
də mərasimə xüsusi əhval-ruhiyyə bəxş
edib.
Maraqlı və rəngarəng konsert
proqramı Azərbaycan mədəniyyətinin nadir incilərinin
sorağının mötəbər mərasimlərdən gəldiyini,
mədəniyyətimizin inkişafına dövlət səviyyəsində
qayğının, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin
təbliğində oynadığı əvəzolunmaz rolu
bir daha təsdiq edib.
Mərasim iştirakçıları
“Vals”ı, Niyazinin “Arzu”su, “Küçələrə su səpmişəm”
məşhur xalq mahnısı, Natiq Şirinovun “Azərbaycan
ritmləri” mərasimə sirli bir ovqat bəxş edib. Gecənin
yekununda Fikrət Əmirovun dünyada məşhur “Min bir gecə”
baletindən bir parça Fransa tamaşaçılarında
ölkəmizə, onun zəngin musiqisinə böyük maraq
oyadıb.
Mərasim iştirakçıları Azərbaycan
sərgisinə də maraqla baxıblar. Sərginin ən əhəmiyyətli
məqamı burada Qarabağ xalılarının
nümayiş etdirilməsi olub. Ölkəmizin ayrılmaz
parçası olan Qarabağda toxunan xalılar öz gözəlliyi,
rəng çaları, ornamentlərin quruluşu ilə
tamaşaçıları heyran edib. Bu mədəniyyət
nümunələri Qarabağın əzəli Azərbaycan
torpağı olduğunu bir daha təsdiqləyib. Xalçalarımıza
olan maraq təsdiqləyib ki, dünya mədəniyyətinin
inkişafına yetərincə təsir edən Azərbaycan
xalçaları tarix boyu öz gözəlliyi ilə
bütün dünyanı heyran qoyub. Belə ki, indi Azərbaycan
xalıları dünyanın ən məşhur
saraylarını, muzeylərini bəzəyir. Sərgidə qədim
misgərlik məmulatları da maraqla nümayiş olunub. Qədim el sənətinə verilən dəyər
Avropa tamaşaçılarını heyrətə gətirib.
Sərgi çərçivəsində
“Azərbaycan” kitabının fransız dilində nəşr
olunan versiyasının təqdimatı da keçirilib. Qeyd edək
ki, Heydər Əliyev Fondunun ən mühüm layihələrindən
olan “Azərbaycan” nəşrinin doğma dilimizdə olan
versiyası ötən ilin əvvəlində Bakıda
prezident İlham Əliyevin və Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın iştirakı ilə təqdim
olunub.
Ölkəmizin tarixi, mədəniyyəti,
təbiəti, insan qaynaqları, bölgələrimiz
haqqında oxucuda kifayət qədər dolğun təəssürat
yaradan nəşrdə Azərbaycan,
onun Şərq və Qərb koloritlərinin cəmləndiyi
paytaxtı tərənnüm edilib.
Qonaqlara həmçinin Azərbaycan milli mətbəxinin
nümunələri təqdim olunub.
Azərbaycan mədəniyyətinin
Parisdə nümayişi əsl hadisə kimi yadda qalıb.
Təranə Məhərrəmova
Kaspi.- 2011.- 22
fevral.- S. 9.