«Discovery Azerbaijan»ın kəşfi 

 

Jurnalın yaradıcı heyəti qarşısına belə bir məqsəd qoyub: «Vətənimizin gözəlliklərini, xalqımızın nailiyyətlərini oxucunun sevəcəyi bir tərzdə qələmə almağa çalışmaq»

 

«Discovery Azerbaijan» jurnalının ilk sayı işıq üzü görüb. «Discovery” – kəşf deməkdir. Kollektivin özünün dediyi kimi, «Discovery» adı altında məlumatların başqa rakursdan müzakirə və mübadiləsi, birnəfəsə oxunan hadisələrin real ruhda və yeni baxışda təqdimatı, yenidən kəşfi. Bu ölkəmizin ecazkar turizm diyarı kimi tanıtmaqla bərabər, həm də əhatə olunduğumuz aləmin yenidən kəşfini ehtiva edir.

 

 

Qeyd edək ki, ölkəmizdə nəşr olunan jurnal məşhur «Discovery» brendinin Azərbaycan versiyası kimi çap olunur. Belə ki, jurnalın kollektivinin oxucuların diqqətinə çatdırmaq istədiyi əsas məqsəd dərginin adından bütövlükdə məzmununa sirayət edir.  “Ölkəmizdə sosial, ictimai, bir sözlə, həyatımızın bütün sahələrində dinamik inkişafın hökm sürdüyü bir zamanda qarşımızda hər addımbaşı kəşf olunası bir ümman açılır”.

Jurnalın yaradıcı heyəti qarşısına belə bir məqsəd qoyub: «Əhatə olunduğumuz dünyanın bir üzvü kimi, inkişafdan geri qalmayan, hətta, müxtəlif məqamlarda öndə gedən Vətənimizin gözəlliklərini, xalqımızın nailiyyətlərini oxucunun sevəcəyi bir tərzdə qələmə almağa çalışmaq».

Kollektiv məhsullarının özünəməxsus dəst xətti ilə oxucuların diqqətini cəlb edəcəyinə inanır. Yaradıcı heyətin fikri belədir: «Bu jurnalı hər hansı bir çərçivəyə salmaq mümkünsüzdür, konkret bir istiqamət vermək gərəksizdir. Belə ki, həyatın praktiki tərəflərini diqqətdən kənarda qoymayaraq, elmi-kütləvi, əyləncəli, düşündürücü, məlumatlandırıcı olması ilə bərabər, məqsədimiz oxucuların qəlbinə və beyninə xitab edərək ruhlarını oxşamağa çalışmaqdır».

«Discovery Azerbaijan»ın direktoru Şakir Eminbəyli qeyd etdi ki, layihəni gerçəkləşdirməzdən əvvəl hazırda ölkəmizdə çap olunan jurnalların fəaliyyəti, çapı və s. yaradığı heyət tərəfindən ətraflı müşahidə olunub. «İstərdik ki, istehsal etdiyimiz məhsul istər texniki, istərsə də yaradıcılıq baxımından digərlərindən fərqlənsin» -deyə direktor bildirdi. Ş.Eminbəyli bu gün cəmiyyətdə insanların mətbu orqanlara münasibətinin dəyişdiyini, ümumiyyətlə oxumaq həvəsinin  xeyli zəiflədiyini etiraf etsə də buna keçid  dövrü kimi baxır: «Təbii ki, bu gün internet bir çox şeyləri üstələyir. Ancaq çap məhsullarının öz yeri və üstünlüyü var. Bütün bu hesablamaları aparandan sonra jurnalı çap etdirmək qərarına gəldik. Fikirləşdik ki, jurnalın adının mənası geniş anlamdadır. İnsan bir şeyi kəşf etməmişdən öncə ilk növbədə özünü kəşf etməlidir”.

Ş.Eminbəylinin fikrincə, dərginin Azərbaycanda nəşr olunmasından ötrü həm ölkənin, həm də redaksiya kollektivinin böyük potensialı var. Belə ki, jurnalın əsas mövzusu mədəniyyət, turizm, tarix, etnoqrafiya və s. sahələri əhatə edir. Elə dərginin birinci sayında da «Vətənimin seyrinə», «Qonağımız», «Mən-zərrə», «İncə sənət», «Adama gəzmək qalır», «Tarixə nəzər», «Maraq dünyamız» və s. maraqlı rubrikalar yer alıb. Dünyada baş verən yeniliklər də jurnalda öz yerini tapıb. «Jurnal şou xarakterli deyil. Elmi-populyar dərgidir»- deyə direktor məlumat verdi.

Jurnalı vərəqlədikcə belə bir təbii sual yaranır: «Yeni dərgi marağı dəyişən, zövqü haçalanan oxucuya təzə nə verəcək?» Ş.Eminbəyli deyir: «Biz özümüzün vacib bildiyimiz mövzuları ortaya qoyuruq. Oxucu ilk növbədə alıcıdır. Alıcı isə dükana və bazara girərək özünə lazım olanı götürür. Əgər oxucu üçün maraqlıdırsa o, bu jurnalla maraqlanacaq və alacaq. İnsan var ki, qəzeti və ya jurnalı alır, orada yalnız idman və ya hər hansı başqa bir mövzu ilə bağlı xəbərləri oxuyur. Bu baxımdan bizim jurnalda da müxtəlif sahələri əhatə edən mövzular yer alıb”. Ş.Eminbəylinin sözlərinə görə, artıq jurnalın bəlli oxucusu formalaşır. “Oxucu kütləmizin təxminən kim olduğunu bilirik. Hədəfimiz bəllidir. Bəlli auditoriyaya yönəlik işimizi aparırıq».

Jurnalın birinci sayının işıq üzü görməsindən sonra müxtəlif insanların ayrı-ayrı rəyləri də formalaşıb. Heç bir yenilik birmənalı qarşılanmadığı kimi təbii ki, rəylər də haçalanıb: «Bu sahədə peşəkar fəaliyyət göstərən insanların fikri başqa, adi oxucuların fikri başqadır. Naşir fikri də ayrıdır. Biz bu müxtəlif fikirləri birləşdirib fəaliyyətimizdə yeniliklər axtara-axtara irəli getmək barədə düşünürük. Hər halda elə bir səviyyəyə gəlib çatmağa çalışırıq ki, təqdim etdiyimiz dərgidə hər kəs öz marağına, zövqünə uyğun mövzu tapa bilsın”.

Ş.Eminbəyli ölkədə nəşr olunan jurnallardan fərqli olaraq rəhbərlik etdiyi dərginin özəlliyini həm də nəşrdə müəllif yazılarının daha çox yer alması ilə də əlaqələndirir: «Tanınmış insanların çoxu jurnal üçün məqalə yazır. Hətta, piar məqalələrin müəllifləri də biz özümüzük. Müxtəlif saytlardan götürülən xəbərlər dərgidə azlıq təşkil edir. Bizim öz dəst-xəttimiz var”.

Jurnalın xaricdə yayımlanmasına və tanınmasına gəlincə, Ş.Eminbəyli “hələlik belə bir fikrimiz yoxdur”- deyə bildirdi: «Azərbaycandan kənarda yayımla məşğul olan, ölkəmizin haqqında məlumatların yayılması üçün kifayət qədər mükəmməl saytlar var. Xaricdə yaşayanlar həmin saytlar vasitəsilə ölkəmiz haqqında geniş  məlumatlar əldə edə bilirlər. Bundan əlavə, həmin boşluğu doldura bilən bir çox çap məhsulları da var. Biz hazırda ölkə bazarında çalışmaq istəyirik. Çünki hazırda Azərbaycanda jurnalla bağlı boşluq var və biz də onu doldurmağa çalışırıq”.

Ümumiyyətlə, «Discovery Azerbaijan»ın kollektivi oxuculara vəd edir: “İrəlidə yeni rubrikalar, bir-birindən maraqlı materiallar  oxucunu gözləyir. Sanballı yazılar, təklif və ideyalar diqqətdən kənarda qalmayacaq. İstənilən halda bu kimi məqamlar dəfələrlə redaksiya heyəti tərəfindən yoxlanılaraq ümumi razılıq və məsləhətlərdən sonra yayımlanacaq. Jurnalın səhifələrində hər ay xüsusi olaraq canlı müsahibələrin ən maraqlı mövzulara münasibəti, peşəkar fotoqrafların xüsusi çəkilişləri və s. öz əksini tapacaq”.

Ş.Eminbəylinin bildirdiyinə görə, jurnalda peşəkar heyət çalışır. 10 nəfərə yaxın yaradıcı və texniki heyət ayda bir dəfə işıq üzü görəcək və 5000 tirajla yayımlanacaq dərginin ərsəyə gəlməsində səy göstərirlər: «Elə böyük komandamız yoxdur. Həddən artıq insan toplusunu bura cəlb etmək fikrində də deyilik. Çünki AMEA-nın institutlarının, Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri və s. tanınmış şəxslər var ki, jurnalımıza həvəslə məqalə təqdim edirlər. Jurnal bizim üçün bir növ meydançadır. Maraqlanan insanlar öz yazılarını göndərirlər və biz də dərc edirik”.

Direktor jurnalın televersiyasının da hazırlanması layihəsi üzərində düşündüyünü bildirdi. Hazırda isə yalnız jurnala ayrı-ayrı şirkətlərin reklamlarını cəlb etmək yönündə işlər aparılır. “İlk sayımızda bəzi şirkətlər jurnalda iştirak ediblər. Bizimlə işləməyə hazır olan tərəfmüqabillər var. Bizdən isə yalnız keyfiyyətli jurnal buraxmaq tələb olunur”.

«Discovery Azerbaijan» oxucu ilə təkcə yol yoldaşı deyil, həmçinin yaxın dost və həmfikir olacağına ümid edir. Müxtəlif zövqlü oxucularla dil tapmağın özü də ən böyük KƏŞFdir.

 

 

Təranə Məhərrəmova

 

Kaspi.- 2011.- 24 fevral.- S. 11.