Ali təhsildə
keyfiyyət problemi
Bu sahədə
həllini gözləyən
çox məsələlər
var
Azərbaycanda ali təhsilin səviyyəsi ilə bağlı xeyli müddətdir müzakirələr
gedir. Bu sahədə problemlərin
olması heç kimə sirr deyil. İndiyədək bunu təsdiq edən çoxsaylı faktların şahidi olmuşuq. Ali məktəblərimizin dünya
universitetlərinin reytinq
siyahılarında yaxşı
nəticələr göstərməmələri,
Avropa ölkələri
bir kənara dursun, qonşuluqdakı Gürcüstan və Ermənistandan da geri qalmaları düşündürücü faktdır.
Bunun səbəbləri ilə
bağlı ötən yazılarımızda ekspert rəylərinə
yer vermişdik. Budəfəki yazımızda isə ali təhsil
müəssisələrimizdəki problemlərdən bəhs
edəcəyik. Bu problemlər həqiqətən də
mövcuddur. İllər keçsə də, bu sahədə
çoxsaylı islahatlar aparılsa da, ali təhsilin keyfiyyətinin
artırılması ilə bağlı ciddi bir uğura nail
ola bilməmişik. Məsələn, ali məktəblərə
ən yüksək balla daxil olan abituriyentlərin semestr
imtahanlarını verə bilməmələri ilə
bağlı faktlar mövcuddur. Yəni bizim universitetlərin əksəriyyətində
keyfiyyətə deyil, kəmiyyətə üstünlük
verilir. Universitetlər öz tələbələrini gələcəyin
ixtisaslı kadrları kimi yetişdirməkdən çox,
onlara verdikləri diplomu düşünürlər.
Ümumilikdə Azərbaycanda ali təhsil sahəsində yeni
proqramlara və yanaşmalara ehtiyac var.
Bizim ali təhsil müəssisələrinin
əsas problemlərindən biri kadr korpusu ilə
bağlıdır. Məsələ burasındadır ki,
universitetlərdə əməyin qiymətləndirilməsi
yüksək səviyyədə olmadığından
ixtisaslı kadrların bir qismi öz gələcəyini
başqa sahələrlə bağlayır. Universitetlərdə
dərs deməyi isə ikinci işləri kimi görürlər.
Eyni zamanda əmək haqları aşağı olduğundan
müəllimlər bir deyil, bir neçə universitetdə
işləməyə məcburdurlar. Digər tərəfdən,
sovet dövründən qalma tədris korpusu sürətlə
qocalmaqdadır. Onları əvəz etmək üçün
Avropa təhsil standartlarını ölkəmizdə bərqərar
etməyə qadir olan gənc kadrlar isə kifayət qədər
deyil. Pedaqoqların peşə səviyyəsinin
yoxlanılması, mütəmadi olaraq attestasiyanın
keçirilməsi praktikası yoxdur.
Ali məktəblərimizin digər problemi
Boloniya prosesinə qoşulmaqla əlaqələndirilə bilər.
Ölkədəki ali təhsil müəssisələrinin
hamısı bu prosesə qoşulduqlarını bəyan etsələr
də, bunu praktiki cəhətdən reallaşdıra bilməyiblər.
Onların tədris proqramlarında ciddi dəyişikliklər
edilməyib. Proqramlar cüzi dəyişikliklərlə yeni
sistemə uyğunlaşdırılıb. Universitetlərimizin
əksəriyyəti Boloniya prosesinə sanki məcburiyyətdən
qoşulublar.
Ali məktəblərimizdə
narahatlıq doğuran digər məqam hələ də pul və
tapşırıqla qiymət yazılma ənənəsinin
qalmasıdır. Düzdür, son illər bu sahədə bir
sıra islahatlar aparılıb və bunun müsbət nəticələri
var. Amma ümumilikdə problem hələ də qalmaqdadır.
Universitetlərimizin dünyadakı ali təhsil
müəssisələri ilə rəqabətə girməsini
çətinləşdirən digər məqam maddi-texniki bazanın
çağdaş tələblərə cavab verməməsidir.
Ölkədəki əksər universitetlərin
yataqxanaları hələ də tələbələrin
deyil, qaçqın və məcburi köçkünlərin
ixtiyarındadır.
Xatırladaq ki, keçən il Dünya
Bankının Azərbaycanda ali təhsilin vəziyyəti ilə
bağlı hesabatında da son illər ölkəmizdə təhsilin
keyfiyyətinin aşağı düşməsi fikri yer
almışdı. Hesabatda qeyd olunurdu ki, Azərbaycan təhsilində
nöqsanlar qalmaqda davam edir. Dünya Bankının baş
iqtisadçısı Lire Ersado o vaxt
vurğulamışdı ki, Azərbaycanda təhsil alan tələbələrin
bilik səviyyəsi, dünyagörüşü,
hazırlığı, informasiya texnologiyaları sahəsindəki
bilik və bacarıqları qənaətbəxş deyil. O
tövsiyə etmişdi ki, hökumət ali təhsilin
inkişaf etdirilməsi üçün bir sıra islahatlar həyata
keçirməlidir.
Ali təhsildəki problemləri
keçən il Prezident Administrasiyasının rəhbəri,
Prezident yanında Təhsil Məsələləri üzrə
Komissiyanın sədri Ramiz Mehdiyev də vurğulayıb. O, bəzi
tədris müəssisələrində təhsilin keyfiyyətinin
aşağı olduğunu qeyd edib. Bildirib ki, dövlət qulluğuna
qəbul olunmaq üçün keçirilən imtahanlar eyni
zamanda, müxtəlif şirkətlərin keçirdiyi
sınaqlar ali məktəblərin məzunlarının
heç də hamısının bilik səviyyəsinin
günün tələblərinə cavab vermədiyini üzə
çıxarıb. Bütün bunlar isə ali məktəblərin
fəaliyyətindəki qüsurlardan xəbər verir.
Turizm
İnstitutunun rektoru Cəfər Cəfərov
hesab edir ki, ali təhsil müəssisələrimizin rəqabətə
davamlı olmasını təmin etmək üçün bir
çox problemlər həllini tapmalıdır. İlk
növbədə universitetlərin maddi-texniki bazası
gücləndirilməlidir: «Əgər sərhədləri
ortadan götürüb universitetlərimizin problemlərinə
dünyanın təhsil məkanı prizmasından
yanaşsaq, problemlərimizi və zəifliklərimizi görərik.
Bu gün ali təhsildə zəif yerlərimiz həqiqətən
çoxdur. Düzdür, bu gün bu problemin aradan
qaldırılması üçün iş aparılır.
Bununla bağlı prezident səviyyəsində sərəncam
imzalanıb. Hər il yüzlərlə azərbaycanlı tələbə
dövlət hesabına xaricdə təhsil almağa göndərilir.
Biz gərək xaricdə təhsil alıb qayıdan vətəndaşlarımızın
bir qismini müəllim kimi ali məktəblərimizə cəlb
edək». C.Cəfərov hesab edir ki, elə mühit yaratmaq
lazımdır ki, xaricdə təhsil alıb qayıdanlar
öz ali məktəblərimizdə işləməyə
maraqlı olsun. Bunun üçün müxtəlif
stimullaşdırıcı tədbirlər görülməlidir.
C.Cəfərovun fikrincə, ali məktəblərdə təhsilin
səviyyəsinin artırılması üçün şəffaflığın
da artırılmasına ehtiyac var.
Turizm İnstitutunun rektoru hesab edir ki, ali
məktəblərdə təhsilin keyfiyyətinin
artırılması üçün ilk növbədə tələbələrə
həqiqi təhsilin verilməsini təmin etmək
lazımdır: «Biz təkcə öz standartlarımızla
kifayətlənməməliyik. İşimizdə
qloballaşan dünyanın standartlarına üstünlük
verməliyik. Fikirləşməliyik ki, universitetlərimizi
bitirən tələbələr diplom alandan sonra hazır kadr
olsunlar. Gəlin baxaq görək bizim məzunlar dünya əmək
bazarında iş tapa bilirlərmi? Yeri gəlmişkən, bu
amil universitetlərin reytinq göstəricisində də ən
mühüm faktorlardan biridir. Bizim dünya ilə
ayaqlaşmağımız böyük fədakarlıq istəyir.
Özü də bu, təkcə təhsil müəssisəsində
işləyənlərdən asılı deyil. Bu istiqamətdə
hər bir vətəndaş çalışmalıdır».
C.Cəfərov hesab edir ki, ali təhsilin səviyyəsinin
artırılması ölkədə həyata keçirilən
nəhəng infrastruktur layihələrindən az əhəmiyyətli
məsələ deyil. Onun fikrincə, universitetlərimiz
heç olmasa, özümüzün günü-gündən
işçiyə artan tələbatımızı ödəməlidirlər.
Rektorun fikrincə, yerli universitetlərin
hazırladığı kadrlar nəzərdə tutulan işləri
görə bilməyəcəksə, onları əcnəbilər
əvəz edəcəklər. Yəni ölkə əlavə
pul xərcləyib xaricdən kadr gətirməli olacaq.
Özümüzünkülər isə onların əlinin
altında işləyəcəklər: «Mənim fikrimcə,
təhsil məsələsi son dərəcə
mühümdür və ölkənin milli təhlükəsizliyi
ilə birbaşa bağlıdır. Məncə, bu, həm də
millətin şərəf məsələsidir. Gələcək
inkişafımız, sabahımız millətimizin təhsil səviyyəsinə
bağlıdır. Əgər milləti savadlandıra bilməsək,
işimiz yaxşı olmayacaq». C.Cəfərovun fikrincə,
ali təhsildə keyfiyyətin artırılması
üçün cəmiyyətin münasibətinin dəyişməsinə
də ehtiyac var. Onun sözlərinə görə, hələ
də bizdə pul və ya tapşırıqla qiymət
yazdırmaq istəyən insanlar mövcuddur: «Bəziləri tələbəni
tapşırmağı adi bir hal kimi qəbul edirlər. Hələ
adama minnət də qoyurlar ki, adam adama söz deyər də. Mənim
fikrimcə isə xalqa bundan böyük düşmənçilik
yoxdur. Bu, son dərəcə əcayib bir xüsusiyyətdir və
bizə utanc gətirməlidir. Məsələn, bizim
universitetdə bu məsələ artıq həllini tapıb.
Əvvəllər kimisə tapşırmaq istəyəndə,
müvafiq cavab almayanda küsürdülər. Amma artıq
öyrəşiblər. Yəqin bu səbəbdəndir ki,
artıq müraciət edənlər də yoxdur. Mən əminəm
ki, yaxın müddət ərzində bu məsələ
bütün universitetlərdə
yığışdırılacaq. Etiraf etməliyik ki, bu
tipli məsələlərlə bağlı şüurumuz
pozulub və onun bərpa edilməsi xeyli əziyyət tələb
edir. Camaat da sanki buna öyrəşib. Amma olmaz. Bizim universitet
reytinqlərində yer almağımız üçün bu
cür xırda problemlərdən başlamaq lazımdır. Biz
birinci bu xırda məsələləri həll edib, sonra
böyük məsələlərə keçməyilik».
Milli Məclisin deputatı,
təhsil sahəsində
böyük təcrübəyə
malik Asəf Hacıyev isə hesab edir ki, ali
təhsil sahəsindəki
problemlərin həlli
üçün orta məktəb, qəbul prosesi və ali təhsil arasında lazımi koordinasiya yaradılmalıdır. Onun fikrincə, universitetlərimizin
reytinq siyahılarına
düşə bilməmələri
bizim üçün
ciddi bir siqnal olmalıdır. Buna əsaslanaraq təhsil sahəsindəki
islahatları sürətləndirməliyik.
A.Hacıyev deyir ki, ali təhsilin
keyfiyyətinin artırılması
çox mürəkkəb
məsələdir. Bunun
üçün təkcə
ali təhsil müəssisələri çalışmamalıdır.
Keyfiyyətin artırılması
üçün işə
orta məktəblərdən
başlanılmalı, qəbul
sistemi keyfiyyətli olmalıdır.
Beləliklə, yuxarıda qeyd olunanlardan belə bir nəticə
çıxır ki, cidanı çuvalda gizlətmək mümkün
deyil. Ali təhsil müəssisələrimizin əksəriyyətində
tədrisin keyfiyyəti
çox aşağıdır
və bu da gələcəyimiz üçün yaxşı
heç nə vəd etmir. Ona görə də təkcə universitetlər, onların
rəhbərliyi deyil,
ümumilikdə bütün
cəmiyyət bu problemin həlli üçün çalışmalıdır.
İlham QULİYEV
Kaspi.- 2011.- 25
fevral.- S. 5.