Türk litseyləridəki təhsil
niyə orta məktəblərdən üstündür?
Etibar Əliyev:
“Türk litseylərində çox gözəl təhsil
mühiti formalaşdırılıb»
Zəminə Əliqızı:
“Türk liseylərinin məzunlarının qəbul
imtahanlarında yüksək nəticələr göstərmələri
təbiidir»
Azərbaycanın
təhsil sistemində ölkəmizdə fəaliyyət
göstərən türk litseylərinin xüsusi yeri var. Hər
il qəbul imtahanlarının nəticələri
açıqlanandan sonra bu reallıq bir daha gündəmə
gəlir. Bu il də Bakıdakı türk litseylərinin məzunları
qəbul imtahanlarında rekord nəticələr göstəriblər.
Məsələn, Türkiyə Dəyanət Vakfı
Bakı Türk Litseyinin 2010-2011-ci tədris ilində məzun
olan 54 şagirdinin 27-si 600-dən çox bal toplayıb. Bu 27
nəfərdən 11-nin də topladığı bal 650-dən
yuxarı olub. Bu il Təhsil Nazirliyinin verdiyi 37 qızıl
medaldan 7-si və 16 gümüş medaldan 1-i Dəyanət
Litseyinin məzunlarının payına düşüb. Təbii
ki, bütün bunlar Azərbaycan şəraiti
üçün çox yüksək göstəricilərdir.
Çünki bizdə elə məktəblər var ki, bir məzunu
belə tələbə adını qazana bilmir. Bu cür yüksək
göstəricilər Çağ Öyrətim şirkətinin
litseylərində və Atatürk Litseyində də qeydə
alınmaqdadır. İstər-istəməz sual gündəmə
gəlir: Türk liseylərinin bu cür yüksək göstəriciləri
nə ilə əlaqədardır?
Müəllimlər sinifdə ancaq
dərs keçmək haqqında düşünür
Övladı
Atatürk Litseyində təhsil alan həmkarımız Fərəh
Sabirqızı deyir ki, ümumilikdə türk litseylərində
təhsilin səviyyəsi çox yüksəkdir. Bu litseylərdə
bütün diqqətlər şagirdlərin biliklərə
yiyələnməsinə yönəldilir. Müəllimlər
sinfə girərkən yalnız dərs keçib
uşaqların biliklərini artırmaq haqqında
düşünürlər. «Bizim ənənəvi məktəblərdə
isə belə deyil» - deyə F.Sabirqızı
vurğulayır. Onun sözlərinə görə,
Atatürk Litseyində lap aşağı siniflərdən
uşaqları nizam-intizamlı olmağa, yaxşı vətəndaş
kimi formalaşmağa sövq edilirlər: «Mənim
qızım hələ aşağı sinifdədir. Amma
görürəm ki, Atatürk Liseyindəki tədrisin səviyyəsi
bizim ənənəvi məktəblərdəkindən fərqlənir.
Həmişə biz valideynlərə deyirlər ki,
uşaqlarınızı zorla oxumağa məcbur etməyin, vərdişlərə
öyrədin. Elə edin ki, dərsləri ilə məşğul
olmaq onlarda bir vərdişə çevrilsin».
F.Sabirqızının sözlərinə görə,
türk litseylərinin bir üstünlüyü də odur ki,
burada təhsil alan şagirdlərin əlavə repetitor
yanına getməsinə ehtiyac qalmır. Müəllimlər
açıq şəkildə valideynlərə bildirirlər
ki, onların şagirdlərlə əlavə məşğul
olmasına, repetitor tutmalarına ehtiyac yoxdur. Həmkarımız
türk liseylərində oxuyan şagirdlərin müəllimə
münasibətinin də fərqli olmağını deyir. Onun
fikrincə, bu litseylərin şagirdləri müəllimlərinə
bizim ənənəvi orta məktəblərdəki
şagirdlərdə daha çox hörmət edirlər. «Yəqin
bu da onunla bağlıdır ki, türk litseylərində dərs
deyən müəllimlər heç vaxt subyektiv səbəblərdən
şagirdlərinin yanında başı aşağı
olmurlar» - deyə F.Sabirqızı vurğuladı.
Təhsilə ayrılan vəsait də
ilbəil artır, amma…
Təhsil
məsələləri üzrə ekspert, “XXI Əsr” Təhsil
Mərkəzinin rəhbəri Etibar Əliyev isə hesab edir
ki, QHT-in apardığı araşdırmalar və Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının
açıqladığı elmi-statistiki nəticələr
göstərir ki, türk litseylərinin qəbul
imtahanlarında yüksək nəticələr göstərməsi
öz təsdiqini tapır: «Doğrudan da, maraqlıdır ki,
müstəqillik illərində təhsilin keyfiyyətinin
artırılması üçün müxtəlif
addımlar atılıb. Bizim özümüzə məxsus təhsil
ənənələrimiz var. SSRİ-nin tərkibində
olduğumuz 70 il ərzində təhsilə xüsusi diqqət
yetirilib. Müstəqillik illərində kurikulum islahatları
aparılıb. Dövlət büdcəsindən təhsilə
ayrılan vəsait də ilbəil artır. Amma nədəndirsə
bizim ənənəvi məktəblərdə şagirdlərin
göstərdiyi nəticələr ilbəil pisləşir.
Azərbaycandakı bir neçə türk litseyinin şagirdləri
isə həm beynəlxalq olimpiadalarda, həm də
TQDK-nın keçirdiyi qəbul imtahanlarında çox
yüksək nəticələr göstərirlər».
Ekspertin
fikrincə, bunu bir neçə səbəbini göstərmək
olur. Birinci səbəb odur ki, türk litseylərində
çox gözəl təhsil mühiti
formalaşdırılıb. Bu litseylərdə müəllimlərə
yüksək əməkhaqqı verilir. Digər tərəfdən,
türk litseyləri adətən yuxarı sinif şagirdlərini
imtahan götürərək qəbul edirlər. Yəni, bu
litseylərdə bizim ənənəvi orta məktəblərin
seçilmiş şagirdləri oxuyur. Digər səbəb
odur ki, türk liseylərinin istifadə etdiyi təhsil
proqramları bizim ənənəvi təhsil proqramlarından
çox fərqlənir: «Ən önəmli səbəb odur
ki, türk litseylərinin şagirdləri yuxarı siniflərdə
repititor əməyindən bəhrələnmirlər. Onlar
yalnız məktəb təhsilinin hesabına imtahanlara
hazırlaşır və yüksək nəticələr
göstərirlər».
Hələ çox
çalışmaq lazımdır
E.Əliyev
hesab edir ki, Azərbaycanın ənənəvi orta ümumtəhsil
məktəbləri təhsilin keyfiyyətinin
artırılması üçün türk litseylərinin
bu müsbət təcrübəsindən istifadə etməlidirlər.
Onun fikrincə, Təhsil Nazirliyinin tabeliyində olan orta məktəblərin
təhsilin səviyyəsini artırmaq, nəticələrini
türk litseylərinin nəticələrinə
çatdırmaq imkanı var. Amma bunun üçün
çox çalışmaq lazımdır. «Təəssüf
ki, bizdə bu istək görünmür. Əgər Təhsil
Nazirliyi bir neçə məktəb seçsə, bu məktəblərdə
xüsusi proqramlar tətbiq etsə, eyni zamanda təhsilin əsas
komponentlərindən hesab olunan tərbiyə, fiziki
hazırlıq və tədrisi birgə həyata keçirə
bilsə, bizim orta məktəblərin məzunlarının nəticələri
də türk litseylərinin məzunlarının nəticələrinə
yaxınlaşa bilər». E.Əliyevin sözlərinə
görə, bizim orta məktəblərdəki əsas problemlərdən
biri odur ki, müəllimlər tədris etdikləri fənlər
üzrə təhsilin keyfiyyətinə görə məsuliyyət
daşımırlar. Yəni, məktəbdə hansısa bir
fənn üzrə ümumi göstərici aşağı səviyyədədirsə,
həmin fənnin müəllimlərinə buna görə
“gözün üstə qaşın var” deyən olmur. Halbuki
dünyada bununla bağlı çox müsbət təcrübələr
var. Nəticələri aşağı olan müəllimlər
əlavə tədris kurslarına göndərilir, hətta məktəblər
attestasiya olunur.
Türk litseylərindəki tərbiyə
və davamiyyət
Ekspertin
fikrincə, türk litseylərini bitirən şagirdlərin tərbiyəvi
baxımdan ənənəvi məktəbləri bitirənlərdən
fərqlənməsi də müəllimlərin əməyi
ilə bağlıdır. Çünki türk litseylərində
müəllimlər təhsilin keyfiyyəti ilə
yanaşı, uşaqların tərbiyəsinə və fiziki
hazırlığına görə də məsuliyyət
daşıyırlar.
Bundan
əlavə, türk litseylərində davamiyyətə də
çox ciddi diqqət yetirilir. Bizim məktəblərin
şagirdlərini isə tez-tez, dərs vaxtı əllərində
test kitabçası harasa tələsərkən görmək
mümkündür. «Buradan belə bir nəticə
çıxır ki, türk liseylərinin şagirdləri təhsili
kitablardan, bizim məktəblərin şagirdləri isə
test kitabçasından əldə etməyə
çalışırlar. Bunun nəticəsidir ki, türk
litseylərinin şagirdləri tədris proqramlarının
70-100 faizə qədərini mənimsəmiş olurlar.
TQDK-nın açıqlamalarına əsasən, bizim məktəblərdə
bu göstərici 21-59 faiz olur. Əlbəttə ki, bu
çox aşağı göstəricidir. Kiçikcik bir
jurnalist tədqiqatı aparsanız görərsiniz ki, qəbul
imtahanlarında 0-100 bal arası nəticə göstərən
12 mindən çox abituriyentin hamısı bizim ənənəvi
məktəbin şagirdləridir. Həmin şagirdlərin
arasında türk litseylərinin bir məzununa da rast gəlmək
mümkün deyil. Bu onu göstərir ki, artır həyəcan
təbili çalmağın vaxtı çatıb. Bizim məktəblərdə
uşaqlar 11 il oxuyurlar, sonda məlum olur ki, onlar nə
oxumağı, nə yazmağı, nə də
düşünməyi bacarmırlar».
Uğurun səbəbi nədədir?
Bakı
şəhər Təhsil İdarəsinin Beynəlxalq və
ictimaiyyətlə əlaqə sektorunun müdiri Zəminə
Əliqızı isə hesab edir ki, türk litseylərini
bitirənlərin nəticələrini bizim ənənəvi
məktəbləri bitirənlərin nəticələrindən
yüksək olmasını təhsilin səviyyəsi ilə əlaqələndirmək
diletantlıqdır. Onun fikrincə, türk liseylərinin
yüksək nəticələrinin əsas səbəbi
onların ənənəvi orta məktəblərin ən
yaxşı şagirdlərini imtahan yolu ilə qəbul etmələridir:
«Bu liseylərə adətən 7-ci sinifdən qəbul
başlayır. Ona görə də onların seçim
imkanları geniş olur. Həmin məktəblərə
yüzlərlə şagird sənəd verir, onların
arasından ən yaxşıları seçilir. Yəni onlar
bizim yaxşı şagirdlərimizi götürürlər».
Z.Əliqızının
sözlərinə görə, türk litseylərinin əldə
etdikləri yüksək nəticələr həm də bu tədris
ocaqlarında dərslərin xüsusi təhsil proqramları
üzrə keçirilməsi ilə əlaqədardır.
Bizim ənənəvi orta məktəblər isə
şagirdlərə ümumi səviyyəli təhsil verməklə
kifayətlənirlər. Türk litseylərində isə dərinləşdirilmiş
proqramlardan istifadə olunur. Seçilmişlərin
seçilmişi olan şagirdlər bu proqramları qavraya, son
nəticədə qəbul imtahanlarında yüksək nəticələr
göstərə bilirlər. Z.Əliqızının
sözlərinə görə, türk liseylərinin əksəriyyətində
təhsil ödənişli olduğundan orada
çalışan müəllimlərin də əmək
haqqı yüksək olur. «Bütün bu faktorlar nəzərə
alınarsa, türk liseylərinin məzunlarının qəbul
imtahanlarında yüksək nəticələr göstərmələri
təbii qəbul olunmalıdır» - deyə Z.Əliqızı
vurğuladı.
İlham QULİYEV
Kaspi.- 2011.- 28 iyul.- S.8.