«Kaspi» işıqlı ziyalıların tribunası idi 

 

Səmayə Movlayeva: «Kaspi» tək Qafqazda deyil, Rusiyanın digər bölgələrində, xüsusən Orta Asiyada, həmçinin Misirdə, Hindistanda oxunurdu»

 

Onun haqqında ilk dəfə Bakı Dövlət Universitetinin müəlliməsi, mətbuat tariximizin araşdırmaçısı Qərənfil xanımdan eşitdik. Sən demə sovet dövrünün ideoloji buxovlarına baxmayaraq üzərində «burjua mətbuatı» damğası olan «Kaspi» qəzeti hələ ötən əsrin 60-cı illərində elmi tədqiqat predmetinə çevrilibmiş. Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda işlədiyi dövrdə Şıxəli Qurbanov tərəfindən təklif olunmuş mövzu əsasında namizədlik dissertasiyası müdafiə edilir. Bu cəsarətli işin öhdəsindən gələn isə Səmayə Movlayeva olur. Sovet dövründə “Kaspi” qəzetinin ilk tədqiqatçısı və bu mövzuda birinci monoqrafiyanın müəllifi Səmayə Movlayevanı böyük məmuniyyətlə redaksiyamıza dəvət etdik. «Kaspi»nin 130 illiyi ərəfəsində qəzetin üç əsrdə keçdiyi yola tədqiqatçı gözü ilə işıq saldıq.

 

«Bu mövzunu axıra qədər işləyin»

 

- Bildiyimiz qədər “Kaspi”də mədəniyyət məsələlərinin araşdırılmasını sizə Şıxəli Qurbanov məsləhət görüb. Şıxəli Qurbanov görkəmli ziyalı olmaqla bərabər partiya xadimi idi. Maraqlıdır ki, o, nə üçün sizə məhz «Kaspi» qəzetindən yazmağı təklif etdi?

 

- Şıxəli Qurbanov çox sadə adam idi. Şöbə müdirim rəhmətlik Dilarə Əliyeva məni Şıxəli Qurbanovun yanına apararaq: «Bu xanım mövzu götürmək istəyir» - deyə bildirəndə Şıxəli müəllim fikirləşmədən «Kaspi»ni tədqiq etməyi məsləhət gördü. Yəqin ki, o, çoxdandır bu mövzu haqqında düşünürmüş. Bəlkə də Şıxəli Qurbanov özü mənim elmi rəhbərim ola bilərdi. Ancaq o, Ədəbiyyat İnstitutdan yenidən partiya işinə aparıldığı üçün Əziz Mirəhmədov elmi rəhbərim təyin edilir. Mən bu mövzuya çox həvəslə yanaşdım, qəzetin bütün saylarını araşdırdım. Əvvəllər «Kaspi» ilə tanış olmaq üçün o zaman Bakıda Şaumyanın adını daşıyan partiya arxivinə gedirdim. Arxivin qəzet şöbəsinin müdiri erməni qadın idi. O, «Kaspi»ni heç kəsə vermirdi. Mən tanınmış Əbdürrəhmanovlar ailəsinin gəlini olduğumdan və qaynımı tanıdığından mənə çox çətinliklə də olsa icazə verdi. Qəzetin qalan bütün nömrələri Sankt-Peterburqda Saltıkov Şedrin adına kitabxanada və Moskvada Lenin adına kitabxanada saxlanılırdı. Qəzetin bütün sayları Rusiyaya göndərildiyindən oradakı kitabxanalarda saxlanılıb. Bakıda isə bütün sayları yoxdur. Həm də burada onu saxlamırdılar, yandırırdılar.

- Siz tədqiqatınız zamanı «Kaspi»ni yalnız mədəniyyət məsələləri ilə bağlı araşdırmısınız?                                                                                                                                                                                                       

- Mən 1967-ci ildə tədqiqata başladım, 1971-ci ildə müdafiə etdim. «Kaspi»də ədəbiyyat və mədəniyyət məsələlərini araşdırararq mədəniyyətimizin “Kaspi” qəzetində təbliği mövzusunda monoqrafiya yazmışam. Monoqrafiyamda Əlimərdan bəy topçubaşov, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadəni vermişdim. Elmi rəhbərim isə mənə «çox dərinə getmə, vaxt gələr onları üzə çıxararsan» demişdi. Çünki, sovet dövrünün ideologiyası bunu tələb edirdi. «Kaspi»də çalışanlara «pantürkist» damğası vurulmuşdu. Elə mənim kitabımda da bu fikir əksini tapıb. Amma sonra müstəqillik dövründə yazdığım məqaləmdə həmin damğanı götürdüm. Mənə elə gəlir ki, bununla da öz günahımı yumuş oldum. İlk dəfə bu mövzunu namizədlik dissertasiyası kimi mənə veriləndə yalnız 1905-ci ilə qədərki dövr götürülmüşdü. Bir ilə işi başa çatdırıb Əziz müəllimə yaxınlaşaraq «Mən hazıram» dedim. O isə: «Bu mövzunu axıra qədər işləyin. Qoy «Kaspi» qəzetinin tarixinin araşdırılması sizin adınızla bağlı olsun» - dedi. Mən onun təkidi ilə yenidən mövzu üzərində işlədim və 4 ilə başa çatdıraraq müdafiə elədim. Çoxlu çətinliklərlə də rastlaşdım. Dissertasiya müdafiəmdən sonra Moskvaya anonim məktublar yazırdılar. Ona görə təsdiqimi bir qədər yubatdılar.

 

Tribuna

 

- «Kaspi»nin fəaliyyətində Hacı Zeynalabdin Tağıyevin rolu nə dərəcədə olub?

- Tağıyev çox işıqlı şəxsiyyət idi, o, millətin maariflənməsini istəyirdi. Ziyalılar arasında çoxlu sayda dostları var idi, onlardan da biri Həsən bəy Zərdabi idi. Tağıyev 1897-ci ildə qəzeti alaraq onun sahibi olur və baş redaktorluğu Zərdabinin məsləhəti ilə Əlimərdan bəy topçubaşova tapşırır. Bundan sonra qəzetdə milli ruh güclənir və təsadüfü deyil ki, camaat arasında artıq onun adına müsəlman «Kaspi»si deməyə başlayırlar. 1916-cı ildə Hacı Zeynalabdin Tağıyev qəzeti Andrey Veynberqə satır.

-Nə üçün?

-Hacı Zeynalabdin Tağıyev heç vaxt siyasəti xoşlamayıb. Bütün ziyalılar qəzetə cəmləşəndən sonra onlar milli problemlər və daha çox siyasi yönümlü məqalələr yazırdılar. Qəzet siyasi yönümə istiqamətlənəndə Tağıyev çox mədəni şəkildə ondan uzaqlaşıb. Bu da bir siyasət idi. O, həm də öz işlərini sahmana salmaq üçün bu addımı atırdı. Veynberqin namizədliyini də Topçubaşov özü vermişdi. O, Zərdabiyə yazdığı məktubunda «Bundan layiqlisini tapa bilmədim» - deyə bildirib. Veynberq kifayət qədər mülayim adam idi, ədəbiyyatı yaxşı bilirdi. Ona görə də topçubaşov onu seçmişdi.

Digər bir məsələ də var ki, Topçubaşov qəzetin redaktorluğundan uzaqlaşaraq özünü tamamilə siyasətə həsr edir. O, 1907-ci ildən siyasətlə məşğul olmağa başlayır. Bakı Dumasının üzvü, sonra sədri olur. Rusiyada yaşayan müsəlmanların vahid təşkilatının – "İttifaqi müslümün" yaradılması və fəaliyyətində iştirak edir, onun proqram sənədlərini tərtib edir, Nijni-Novqorodda, Sankt-Peterburqda keçirilən qurultaylar demək olar ki, onun sədrliyi ilə keçir. Onun qəzetlə məşğul olmağa vaxtı qalmırdı.

 

«Kaspi»ə ədəbiyyat

 

- Bəs nə üçün senzura «Kaspi»nin türk dilində «Çıraq» əlavəsinin buraxılmasın imkan vermir?

- Viktor Kuzmin qəzetin ilk redaktoru olub. O, çox proqressiv, demokrat adam idi. Ancaq ona icazə vermədilər. Çarizmin senzurası qorxurdu ki, «Kaspi»də yazılan məqalələr yerli xalqın dilində nəşr olunub yayılsa bu, təhlükəli ola bilərdi.

O dövrdə Azərbaycan ziyalıları qəzetdən tribuna kimi istifadə edirdilər. Onlar çox böyük iş görürdülər. Senzuranın qırmızı qələmi daim Əhməd bəy Ağayevin, Əli bəy Hüseynzadənin məqalələrinin üzərində gəzirdi. Onların məqalələri daim qəzetin səhifələrindən çıxarılırdı.  Qəzetə pantürkist burjua qəzeti damğası vurmuşdular.

- Yəqin ki, «Kaspi» qəzetinin ilk vaxtlar hansı formatda çap olunduğunu da araşdırmısınız.

- Qəzet əvvəlcə neft sənayesinin orqanı kimi çıxış edib. Formatı çox kiçik olan qəzet yalnız iki səhifədən ibarət idi. Neft sənayesi haqqında məqalələr, yerli xəbərlər qəzetin səhifələrində yer alıb. Qəzet tədricən ictimai-siyasi yükünü qorumaq şərtiylə ədəbiyyat yönümündə fəaliyyət göstərməyə başlayıb. 1897-ci ildə qəzetin redaktoru Sokalinski olub. O, qəzeti 10 il redaktə edib. Sokalinski həqiqətən yerli əhaliyə qarşı xeyirxah olub. Məqalələrini də “Dobryak” imzası ilə dərc etdirib və ədəbiyyat məsələlərinə geniş yer ayırıb.

- Bəs o vaxt «Kaspi»nin dövrülüyü və oxucular tərəfindən necə qarşılanması haqqında nə deyə bilərsiniz?

- «Kaspi» 38 il fasiləsiz nəşr olunub, ilk illəri çıxmaq şərti ilə gündəlik oxucuların görüşünə gəlib. Qəzet bütün Rusiya müsəlmanlarının pozulmuş hüquqlarından, milli ucqarlardakı dözülməz vəziyyətdən yazırdı. Buna görə də «Kaspi» tək Qafqazla məhdudlaşmayıb, Rusiyanın digər bölgələrində, xüsusən Orta Asiyada, habelə Misirdə, Hindistanda oxunurdu. Qəzet öz dövrünün aparıcı informasiya vasitəsi idi və çox böyük tirajla yayımlanırdı.

 

Əziyyətli iş

 

- Tədqiqatınız boyunca maraqlı, sizi təəccübləndirən nələrlə rastlaşdınız?

- Nəriman Nərimanovun məqalələri mənə çox maraqlı görünürdü. Nərimanovun «Yazan ziyalılar haqqında bir neçə söz» adlı məqaləsində yazırdı ki, «Bizim ziyalılar paytaxtda çıxan rusdilli qəzetlərdə iştirak etməlidirlər. Kim rus dilini bilirsə, o, bunu mütləq etməlidir. Çünki biz öz mədəniyyətimizi, dilimizi, cəhd və arzularımızı genişləndirməliyik. Bizim xalqımız hansısa unudulmuş xalq deyil» - deyə yazırdı.  

Maraqlı bir məqam da Əziz Mirəhmədovun “Kaspi” qəzetində çap olunan bir məqaləyə baxaraq kənarında «Cəlil Məmmədquluzadə» - sözlərini qeyd etməsi oldu. Bu, Mirzə Cəlilin «Kaspi» qəzetinə göndərdiyi yeganə məqaləsi idi.

- “Kaspi”nin mətbəəsinin dağıdılması ilə bağlı hansı məlumatlarınız var?

- 1918-ci ildə ermənilər redaksiyanın yerləşdiyi mətbəəni dağıtdılar. Mart qırğınları zamanı mətbəə top atəşinə tutulub yandırılmışdı. Bir qədər keçəndən sonra mətbəənin müəyyən hissəsi öz işini bərpa edə bilir və «Kaspi» 1919-cu ilin aprelinə kimi nəşr olunur.

- Fotosənədlər arxivindən əldə etdiyimiz bir fotoda «Kaspi» kollektivi arasında yalnız bir qadının şəkli var. «Kaspi» qəzetində qadın jurnalistlərdə fəaliyyət göstəriblər?

- Qadın müəlliflərin iştirakı çox zəif olub. Fotodakı həmin şəxs isə çox güman ki, azərbaycanlı deyil.

- Deyə bilərsinizmi, bəs ölkəmiz müstəqillik əldə etdikdən sonra nə üçün «Kaspi»nin tədqiqinə maraq olmayıb?

- Təvazökarlıqdan uzaq da olsa deməliyəm ki, bu, əziyyətli işdir. Tədqiqatçılar dərinə getmək istəmirlər. Qəzetin bütün sayları burada yoxdur. Bunun üçün Rusiyaya getmək lazımdır. Qəzet 38 il ərzində 10 min nüsxə ilə çıxıb. Bunun tədqiqatı ilə məşğul olmaq o qədər də asan deyil. Qəzetdə ədəbiyyat məsələləri artıq yazılıb. Mən bütün dövrü araşdırmışam. Ancaq kimsə Əlimərdan bəy topçubaşovun, Əhməd bəy Ağayevin və başqalarının publisistikasını ayrıca araşdıra bilərlər, bu çox vacibdir. «Kaspi»də tədqiqatçısını gözləyən çoxlu sayda məsələlər var.

- «Kaspi» qəzetinin 1999-cu ildən yenidən fəaliyyətini bərpa etməsindən xəbəriniz var idimi?

- Bilirdim ki, qəzet yenidən nəşr olunur. Bu, Azərbaycanın işıqlı ziyalılarının çalışdığı mətbuat olub, onun qorunub yaşadılması tariximizə hörmətdir. İlk tədqiqatçı kimi bu il «Kaspi»nin 130 illik ildönümünün qeyd edilməsi təşəbbüsünüzü də alqışlayıram.  

 

 

Təranə Məhərrəmova 

 

 Kaspi.- 2011.- 29 iyul.- S. 9.