“Çalışacağam ki, bundan sonra
da mənə olan
etimadı doğruldum”
Prezident İlham Əliyevin sərəncamı ilə xalqlar arasında dostluğun
möhkəmləndirilməsi və Azərbaycan diasporunun
inkişafı sahəsindəki xidmətlərinə görə
təltif olunan bir qrup ictimai xadim arasında türk
dünyasının məşhur yazıçısı, bəstəkarı
və estrada müğənnisi Əhməd Şəfəqin
də adı var. Bu günlərdə Bakıda keçirilən
Dünya azərbaycanlılarının III qurultayında
iştirak edən məşhur
müğənni “Tərəqqi” medalına layiq
görülüb. “Azərbaycan prezidenti tərəfindən
«Tərəqqi» medalı ilə təltif olunmağım mənim
üçün gözlənilməz oldu. Bu təltif mənim
üzərimə yeni məsuliyyət qoyur.
Çalışacağam ki, bundan sonra da mənə olan
etimadı doğruldum. Həyatımın sonuna qədər
böyük türk milləti yolunda fəaliyyətimi davam
etdirəcəm. Hər bir azərbaycanlı hər bir türk
milləti və dövləti üçün əlindən
gələni təmənnasız etməlidir”- deyə
tanınmış müğənni bildirib.
Əhməd Şəfəq Azərbaycana
olan sevgisini təkcə mahnıları ilə deyil, bir
publisist kimi yazıları, əsərləri, ictimai fəaliyyəti,
kütlələr qarşısında yorulmaz
çıxışları ilə nümayiş etdirir. Vətənpərvər
müğənni “mənim gördüyüm hər bir
işdə Mirzə Cəlilin, Əli bəy Hüseynzadənin,
Əhməd Cavadın, Hüseyn Cavidin yolu var» sözlərini
əbəs yerə demir. Ona görə də Əhməd
Şəfəqi sənət həyatını türk
dünyasının ürəyi ilə birləşdirən sənətçi
kimi tanıyırlar. Bütün türk dünyasının
sənətçisi adını alan müğənni əsərləri
və mahnıları ilə bütünlüklə türk
dünyasına xidmət edir. Yaradıcılığı ilə
bütünlüklə özünü ifadə edən,
düşüncələrinin axtarışında olan sənətçinin bu günə
qədər 6 kitabı, 9 albomu işıq üzü
görüb. Albomlarında yer alan mahnılarda Əhməd Şəfəq bir tərəfdən
Vətənə olan və sonsuz
sevgisini anlatmağa çalışır, digər tərəfdən
eşq mahnıları oxuyur. Bu mahnılar arasında
yaratdığı harmoniya dinləyiciyə həm mücadilə,
həm döyüşkənlik ruhu aşılayır, həm
də həsrətdən, intəhasız
bir sevgidən
danışır... Müğənninin rok üslubunda ifa
etdiyi mahnılarında döyüşkənlik, mübarizlik
ruhu bütünlüklə türk millətinin ruhunu ehtiva
edir. Onun mahnılarını dinləyəndə adama elə
gəlir ki, hamı əlinə silah alıb
torpaqlarımızın azadlığı uğrunda
döyüşlərə yollanacaq. Sənətçinin
bütün məclislərdə oxuduğu “Azərbaycan-Türkiyə”
mahnısı iki qardaş xalqın marşı kimi səslənir.
Müğənni həmişə müsahibələrində
“Millətim əhval-ruhiyyədən düşdüyü vaxt
onları ruhlandırmaq üçün bir mücadilə
aparıram. O üzdən istəyirəm ki, toplum ruhdan
düşdüyü vaxt yenidən əhval-ruhiyyəyə
köklənsin. Onu parçalamaq istəyənlərə
qarşı milləti bütövləşdirmək
üçün mücadilə edirəm. Bu mücadiləmdə
dönməzəm”.
Vətən sevgisini ən böyük
sevgi hesab edən müğənninin ifa etdiyi mahnıların
çoxu da Vətən
haqqındadır. Bu mahnıların hər birinin
arxasında böyük milli fəlsəfə
dayanır - Türk milli fəlsəfəsi. «Ən
böyük özəlliyim böyük türk millətinə
sadiq olmağımdır» deyən müğənni özünü Mustafa Kamal
Atatürkün davamçısı adlandırır. Əhməd
Şəfəq “Bir sənətçi müğənni
olmamışdan öncə millətinə mənsub
olmalıdır» fikrindədir. Əhməd Şəfəq
yaradıcılığında türk millətinin ruhunu incəliklə
ifadə edir. O, təkcə
mahnıları, əsərləri ilə deyil, bütün
varlığı ilə həmişə xalqımızın
yanında olduğunu bildirir.
İki ay öncə bəstəkar-müğənninin
Heydər Əliyev Sarayında
“Azəri-Türk Qadınlar Birliyi”nin təşkilatçılığı
ilə “İki bədəndə
bir can” adlı solo-konserti də Azərbaycanla Türkiyə
arasında dostluq və qardaşlığın bariz nümunəsinə
çevrildi. Elə həmin konsertdə giriş sözü lə
çıxış edən Dünya Azərbaycanlıları
Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı
tək müğənni kimi yox, həm də yazar kimi də
tanındığını və yazıları ilə Azərbaycanı
Türkiyə mətbuatında təbliğ etdiyini diqqətə
çatdıraraq müğənninin səsini "tarixin səsi"
adlandırıb.
“Yaşa, Azərbaycan” oxuyan Əhməd
Şəfəqin repertuarında yer alan lirik və vətənpərvərlik
ruhunda olan mahnıları Saraya toplaşanların
yaddaşına yazılıb.
Əhməd Şəfəq Azərbaycanı
«Xəzinə ölkə» adlandırır. «Dünyanın
gözü Bakının üstündədir» - deyir. «Bakı
sadəcə bir şəhər deyil, eyni zamanda bir tilsimin
adıdır. Elə qocaman, böyük, bir ucunu gəzərkən
digər ucunu itirəcəyimiz ölçüdə bir şəhər
deyil. Çox böyük deyil, amma əsrarlı bir havası
var. Çox böyük deyil, amma sizi içinə çəkərək
dərinlərində itirəcək bir parıltıya salar».
Böyük auditoriyalarda
çıxış etməyə alışan, yüz minlərlə
insanların qarşısında oxuyan sənətçi həmişə
Azərbaycanın bayrağının yüksəklərdə
olmasını arzulayır. Onun mahnılarını,
televiziyalarda, mətbuatda çıxışlarını
dinlədikcə, əsərlərini oxuduqca bir daha əmin
olursan ki, Əhməd Şəfəq Azərbaycan dərdini elə xalqımızın
özü qədər anlayan və onun problemlərinin
çözülməsində yaxından iştirak edən sənətçidir.
Əhməd Şəfəqin yaradıcılığı həmçinin Türkiyə-Azərbaycan
münasibətlərinin qorunub sıxlaşmasına, daha da
sıxlaşmasına xidmət edir. “Türkiyə ilə Azərbaycan
dünyadakı gerçək qardaş, gerçək dost,
gerçək müttəfiqdir. Bu gün 7-dən 77- yaşa
qədər bütün azərilərin ortaq qəbulu olan
«Bir millət, iki dövlətik» sözü bu torpaqların
köklərindən püskürür” deyə müğənni
bildirib.
Təranə
Kaspi.-2011.-8 iyul.-S.15.