Belçikada Azərbaycana xüsusi
diqqət ayrılır
Emin Eyyubov: “Əsas məqsədlərimizdən biri
Belçika sərmayəsinin Azərbaycanın qeyri-neft
sektoruna cəlb edilməsidir”
Azərbaycanın Belçika və
Lüksemburqdakı səfiri və Avropa İttifaqı
yanında nümayəndəliyinin rəhbəri Emin Eyyubovun
“Azadinform”a müsahibəsini təqdim edirik
- Azərbaycanla Belçika arasındakı ikitərəfli
əlaqələrin hazırkı vəziyyətini necə dəyərləndirirsiniz?
Münasibətlərin mövcud vəziyyətini qənaətbəxş
hesab etmək olarmı?
- Azərbaycan və Belçika arasında
siyasi münasibətlər bu gün hər iki tərəfi
qane edən səviyyədə inkişaf edir. Təbii ki, biz
bu münasibətlərin daha da irəliləməsində
maraqlıyıq və bunun üçün müvafiq
addımlar atırıq. Bildiyiniz kimi, bir çox Avropa
institutu Brüsseldə yerləşdiyindən o, Avropanın
siyasi mərkəzi hesab edilir. Ümummilli lider Heydər Əliyev
və prezident İlham Əliyev Avropa İttifaqı və
NATO-nun tədbirlərində iştirak etmək
üçün dəfələrlə Brüsseldə olaraq
bu ölkənin rəhbərləri ilə
görüşüb və ikitərəfli münasibətlərin
inkişafı məsələlərini müzakirə ediblər.
Ümumiyyətlə, hər iki ölkə yüksək səviyyədə
siyasi dialoqun inkişaf etdirilməsində, qanunverici və icra
hakimiyyəti orqanları arasında əməkdaşlığın
genişləndirilməsində maraqlıdır. Bu maraqdan irəli
gələrək Belçika və Azərbaycan parlamentləri
arasında da münasibətlər yaradılıb və
qarşılıqlı dostluq qrupları fəaliyyət
göstərir. Hər iki ölkə rəhbərliyinin siyasi
iradəsi nəticəsində Belçikanın 2007-ci ildə
Cənubi Qafqaz ölkələri içərisində
yalnız Azərbaycanda daimi əsasda fəaliyyət göstərən
səfirliyi açılıb və bu münasibətlərimizin
inkişafına olan marağın göstəricisidir. Əlaqələrimizin
daha intensiv xarakter alması və yeni əməkdaşlıq
sahələrinin müəyyən edilməsi
üçün bu il ölkələrimizin Xarici İşlər
nazirlikləri arasında siyasi məsləhətləşmələrin
keçirilməsi nəzərdə tutulur. Ancaq bəzi
hallarda obyektiv səbəblər üzündən münasibətlərimizdə
irəliləyişin ləng getdiyini müşahidə etmək
olar. Bunun səbəbi isə Belçikanın spesifik federal
quruluşa malik olması, hakimiyyətin tam olaraq federal
hökumətdə cəmləşməməsi və səlahiyyətlərin
bir qisminin region hökumətlərinə məxsus
olmasıdır. Bundan əlavə, Belçikada 2007 və
2010-cu illərdəki parlament seçkilərindən sonra
yaranmış siyasi böhran, hökumətin bir neçə
dəfə dəyişməsi və artıq bir ildən
çoxdur ki, yeni hökumətin qurulmaması bu prosesi ləngidən
amillərdən biridir. Qeyd edilənlərə baxmayaraq,
ümid edirəm ki, hər iki ölkə rəhbərliyinin
siyasi iradəsi nəticəsində ikitərəfli
münasibətlərimiz daha da inkişaf edəcək.
- İki ölkə arasındakı iqtisadi əlaqələrin
potensialından yetərincə istifadə olunurmu?
- İqtisadi əməkdaşlıqla
bağlı qeyd edilməlidir ki, bunun üçün
müvafiq hüquqi baza yaradılıb. “Azərbaycan
Respublikası Hökuməti və Belçika
Krallığı Hökuməti arasında hava əlaqələri
haqqında saziş”, “Azərbaycan Respublikası Hökuməti
və Belçika-Lüksemburq İqtisadi İttifaqı
arasında sərmayələrin qarşılıqlı təşviqi
və qorunması haqqında saziş”, “Azərbaycan
Respublikası ilə Belçika Krallığı arasında
gəlirlərə və əmlaka görə vergilərə
münasibətdə ikiqat vergitutmanın aradan
qaldırılması və vergitutmadan yayınmanın
qarşısının alınmasına dair Konvensiya” və
“Azərbaycan Respublikası Hökuməti və Belçika
Krallığı Hökuməti arasında gömrük məsələləri
üzrə qarşılıqlı inzibati yardımın
göstərilməsi haqqında ikitərəfli Saziş” həmin
hüquqi bazanın mühüm tərkib hissələridir.
İqtisadi əməkdaşlığı inkişaf etdirmək
üçün digər müqavilə və sazişlərin
də imzalanması istiqamətində işlər
görülür. İki ölkə arasında ticarət
dövriyyəsi onlar arasındakı iqtisadi münasibətlərin
əsas göstəricilərdən biri kimi
çıxış edir. Hər iki ölkənin iqtisadi sahədə
geniş imkanları bu münasibətlərin və mövcud əməkdaşlığın
daha da genişləndirilməsinə və dərinləşdirilməsinə
imkan verir. 2010-cu ildə Azərbaycanın Belçika ilə
xarici ticarət dövriyyəsinin həcmi 45,79 mln. ABŞ
dolları, 2011-ci ilin ilk 4 ayında isə 9,87 mln. ABŞ
dolları təşkil edib.
- Avropada Azərbaycanı böyük enerji
resurslarına malik ölkə kimi tanıyırlar. Təmsil
olunduğunuz ölkədə yalnız bununla məhdudlaşırlar,
yoxsa Azərbaycan iqtisadiyyatının digər sahələrinə
də maraq var?
- Bir sıra digər Avropa ölkələrində
olduğu kimi Belçikada da geniş enerji resurslarına malik
ölkə kimi Azərbaycana xüsusi diqqət ayrılır.
Bununla belə, iki ölkə arasında əməkdaşlıq
iqtisadiyyatın digər sahələrini də əhatə
edir və səfirlik olaraq əsas məqsədlərimizdən
biri Belçika sərmayəsinin Azərbaycanın qeyri-neft
sektoruna cəlb edilməsidir. Ölkəmizin təmsilçilərinin
iştirakı ilə 24 sentyabr 2009-cu il tarixində Brüssel
şəhərində Belçikanın Flandriya regionunun Sərmayə
və Ticarət Agentliyi tərəfindən təşkil
olunmuş “Azərbaycan və Gürcüstan: biznes
imkanları” adlı seminar keçirilib. Seminar çərçivəsində
Azərbaycanın sərmayə və ticarət imkanlarına
dair təqdimatlar nümayiş olunub, Belçika şirkətlərinin
nümayəndələri ilə görüşlər
keçirilib. Bunun davamı olaraq, 23 noyabr 2010-cu il tarixində
Bakı şəhərində Azərbaycan və Belçika
şirkətlərinin iştirakı ilə Azərbaycan-Belçika
biznes forumu təşkil edilib. Foruma hər iki tərəfin təmsilçiləri,
habelə Belçikanın Flandriya regionunun əsasən kənd
təsərrüfatı, sənaye, nəqliyyat və
daşıma, konsaltinq sahələrində
ixtisaslaşmış şirkət və qurumlarının
nümayəndələri, eləcə də Azərbaycandan
müvafiq şirkətlərin nümayəndələri
qatılıblar. Bu istiqamətdə işlər davam etdirilir
və gələcəkdə digər müvafiq təşəbbüslərin
həyata keçirilməsi müzakirə olunur. Qeyd edilməlidir
ki, Azərbaycan hökuməti tərəfindən
sahibkarlığın inkişafına verilən dəstək,
qeyri-neft sektorunun inkişafına göstərilən
xüsusi diqqət məhz bu istiqamətdə Belçika
şirkətləri tərəfindən Azərbaycana sərmayə
qoyuluşlarına töhfə verir. Hazırda Azərbaycanda
ticarət, nəqliyyat, daşıma, rabitə, habelə kənd
təsərrüfatı və yeyinti məhsullarının
istehsalı, layihə işləri, tikinti və
quraşdırma və s. sahələrdə fəaliyyət
göstərən Belçika şirkətləri
mövcuddur.
- Ölkələr arasındakı mədəni və
humanitar sahədəki əməkdaşlıq hansı səviyyədədir?
- Mədəniyyət, elm və təhsil
sahələrində əməkdaşlıq imkanları
genişdir. Bu və ya digər tədbirlər çərçivəsində
Belçikada hər il Azərbaycan incəsənət xadimlərinin
konsertləri təşkil olunur və tanınmış rəssamlarının
sərgiləri keçirilir. Bu tədbirlərin təşkilində
Heydər Əliyev Fondunun rolu əvəzsizdir. Bu mənada 2010
və 2011-ci illər olduqca səmərəli keçib. Məsələn,
Azərbaycanın Əməkdar artisti, Prezident təqaüdçüsü
və Beynəlxalq müsabiqələr laureatı pianoçu
Murad Hüseynovun, “Azərbaycan qartalları” rəqs
ansamblının, Əməkdar artist Tünzalə
Ağayevanın konsertlərini, Azərbaycanın gənc rəssamlarının
sərgisini və s. qeyd etmək olar. Mədəniyyət və
Turizm, Gənclər və İdman nazirliklərinin dəstəyi
ilə “Euronews” kanalında və digər KİV-də Azərbaycan
mədəniyyətinin təbliği ilə bağlı
reportajlar da öz töhfəsini verib. Mədəniyyətimizin
təbliği ilə bağlı tədbirlər davam etdirilir.
Təhsil sahəsi ilə bağlı qeyd etmək
lazımdır ki, son illərdə Belçikada təhsil alan
tələbələrimizin sayı artıb. Bura həm fərdi
qaydada, həm də dövlət xətti ilə gələnlər
aiddir. Səfirlik bu tendensiyanı dəstəkləyir. Lakin
digər imkanlar da var ki, bu da iki ölkənin universitet və
institutları arasında birbaşa münasibətlərin
yaradılmasına xidmət edir. Hazırda səfirlik Azərbaycan
və Belçika universitetləri arasında daimi əlaqələrin
yaradılması və tələbə-müəllim
mübadilələrinin həyata keçirilməsi istiqamətində
iş aparır. Belçikanın fransızdilli Valoniya regionun
Xarici Əlaqələr Baş Komissarlığı ilə əldə
edilmiş razılığa əsasən biri müəllim və
biri tələbə olmaqla hər il iki azərbaycanlıya təqaüd
ayrılır və onlar Brüssel Azad Universitetində və
Lövən Universitetində yay kurslarında iştirak edirlər.
- Erməni diasporu ilə yanaşı aparılan fəaliyyətdə
Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti
nə dərəcədə uğurlu alınır? Bu uğur
ən çox hansı sahələrdə hiss olunur?
- Bildiyiniz kimi, erməni diasporu
dünyanın bir çox bölgəsində və
nüfuzlu dövlətlərində uzun illərdir fəaliyyət
göstərir və güclü təşkilatlanma prosesi
keçib. Son illərə qədər onlar bu sahədə
bizdən çox irəlidə idi. Lakin Azərbaycan rəhbərliyinin
diaspor siyasətinə uyğun olaraq, xaricdə yaşayan həmvətənlərimiz
fəallıqlarını artırıb və təşkilatlanmağa
başlayıblar. Belçikada da bir sıra diaspor təşkilatımız
fəaliyyət göstərir. Təbii ki, onların
qarşıya qoyduğu əsas məqsəd erməni
diasporuna qarşı mübarizə və erməni
yalanlarını Belçika və Avropa ictimaiyyətinə
çatdırmaqdır. Fəal diaspor təşkilatlarımızdan
olan Belçika-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən
təkcə bu ilin başlanğıcında bir neçə
mühüm tədbir keçirilib. Misal olaraq, “20 Yanvar”,
“Xocalı soyqırımı”, “31 Mart Azərbaycanlıların
Soyqırımı günü” ilə bağlı mitinqləri,
işğal olunmuş ərazilərdə Azərbaycan mədəni
irsinin ermənilər tərəfindən
dağıdılması ilə bağlı Avropa Parlamentində
keçirilmiş konfransı və s. göstərmək olar.
Diaspor təşkilatlarımızın fəallaşması
erməniləri sözün əsl mənasında ciddi təşvişə
salıb.
- Belçikada Azərbaycan diasporunun təşkilatlanma
səviyyəsi necədir? Səfirliyin diaspor təşkilatları
ilə əlaqələri necə qurulur, təşkilatların
işinə necə dəstək verilir?
- Dünyanın digər yerlərində
olduğu kimi Belçikada da diasporumuz gəncdir və diaspor təşkilatları
əsasən respublikamız müstəqillik əldə etdikdən
sonra yaranıb. Onlar bacardıqları qədər fəal
olmağa, ölkəmizin bu və ya digər problemlərini
Belçika ictimaiyyətinə və Avropa İttifaqı
qurumlarına çatdırmağa çalışır,
ölkəmizin mədəniyyətinin təbliği istiqamətində
əsaslı fəaliyyət göstərirlər. Təbii ki,
bundan sonra da görüləcək işlər çoxdur və
fəallıq göstərmək həmişə
lazımdır. Səfirliyin diaspor təşkilatlarına dəstəyinə
gəlincə, biz dövlətimizin apardığı siyasətə
uyğun olaraq, onlarla müvafiq iş aparır, dəstək
verir və birgə işləyirik. Səfirlik ölkəmizin
təbliği ilə bağlı diaspor qurumlarından gələn
istənilən təklif və təşəbbüsləri dəstəkləyir.
- Avropa ölkələrinin bəziləri Azərbaycanla
bağlı ikili siyasət yürüdür. Bu nədən
qaynaqlanır? Azərbaycanın Avropadakı diplomatik nümayəndələri
bu ikili standartlara əsaslanan siyasətə son qoymaq
üçün hansı addımlar atıb?
- İkili siyasətin yürüdülməsi
kimi ünsürlər əsasən məlumatsızlıq və
yaxud yanlış, təhrif olunmuş məlumatların
yayılması nəticəsində yaranır. Məlum
olduğu kimi, erməni diaspor təşkilatları uzun illərdir
ki, Avropanın siyasi arenasında Azərbaycan əleyhinə təbliğat
kampaniyaları yürüdür və çox təəssüflə
qeyd etmək istərdim ki, son vaxtlara qədər bir sıra
hallarda onlar öz məqsədlərinə nail olurdular. Lakin
son illər ərzində Azərbaycanın fəal siyasəti
nəticəsində bu kimi halların qarşısı
alınmaqdadır.
Hesab edirəm ki, bu cür hallara
qarşı ən yaxşı vasitə həqiqətin və
düzgün məlumatların həm geniş Avropa ictimaiyyəti
arasında yayılması, həm də aidiyyəti siyasi dairələrə
təqdim olunmasıdır. Azərbaycanın Avropa
İttifaqı yanında Nümayəndəliyi Avropa
Komissiyası, Avropa Parlamenti, Brüsseldə akkreditə
olunmuş Aİ-yə üzv ölkələrin Daimi Nümayəndəlikləri,
habelə müxtəlif düşüncə mərkəzləri
və qeyri-hökumət təşkilatları ilə sıx
şəkildə işləyərək Azərbaycanın
xarici, iqtisadi və sosial siyasəti, ölkədə həyata
keçirilən siyasi və iqtisadi islahatlar, Ermənistan-Azərbaycan
münaqişəsi və Cənubi Qafqazdakı siyasi təhlükəsizlik
mühiti ilə bağlı onlara mütəmadi qaydada ətraflı
məlumatlar verir. Məhz bu uğurlu siyasətin nəticəsidir
ki, 2010-cu ilin 20 may tarixində Avropa Parlamentinin qəbul etdiyi qətnamədə
Cənubi Qafqaz ölkələrinin ərazi
bütövlüyü və suverenliyinə dəstək ifadə
edilib, Ermənistanın Azərbaycanın bütün
işğal olunmuş ərazilərini şərtsiz azad etməsi
və bu ərazilərdən qovulmuş azərbaycanlı məcburi
köçkünlərin öz doğma torpaqlarına
qayıtmaq hüququnun tanınması tələb olunub. Bu qətnamənin
qəbulu, həmçinin 2011-ci ilin yanvar ayında Avropa
Komissiyasının Prezidenti Xose Manuel Barrosonun Bakıya səfəri
zamanı Avropa İttifaqının Azərbaycanın ərazi
bütövlüyünü tanıdığını
açıq şəkildə bəyan etməsi artıq
Avropada Azərbaycanla bağlı gerçəklərin tam
şəkildə işıqlandırılmasının və
həqiqətin hər zaman saxta təbliğatdan üstün
sayılmasının bariz nümunəsidir.
Salmanqızı Elcan
Kaspi.- 2011.-8 iyul.-S.6.