“Heç
vaxt Azərbaycanda doğulduğumu unutmuram”
Paul Murad yaxın gələcəkdə
gözəl bir azərbaycanlı qızı ilə evlənmək
istəyir
İlk baxışdan onun biznes və
siyasət üçün təkrarsız keyfiyyətlərə
malik olmasını hiss etmək mümkündür. Amerika mətbuatında
onun haqda yazılan yazılarda
da “Paul Murad bir neçə işin öhdəsindən
məharətlə gəlir” fikirlərinə rast gəlinir.
O, Las-Veqasda daşınmaz əmlak biznesində ekspertdir, biznes
konfranslarında natiq kimi çıxış edir və artıq bestsellərə
çevrilən “Las-Veqasın Manhettenləşməsi”
adlı kitabın müəllifidir. Paul Murad həmçinin
xeyriyyəçiliklə məşğuldur, kino və əyləncə
biznesi ilə geniş əlaqələri var. Dünya Azərbaycanlılarının
3-cü qurultayında ilk dəfə iştirak edən həmyerlimiz
“Kaspi”yə müsahibəsində Bakıya gəlişindən
qürur duyduğunu söyləyib:
Güclü qüvvə
- Dünya Azərbaycanlılarının 3-cü
qurultayından hansı təəssüratlarla
ayrıldınız?
- Qurultaya dəvət alanda təklifi
böyük fərəhlə qəbul etdim. Amerikadan gələn
diaspor nümayəndələrinin tərkibində
olmağımdan qürur duyuram. Qurultayda dünyanın hər
yerindən azərbaycanlılar iştirak edirdi.
Yaşadığım ABŞ-ın Nevada ştatının
Las-Veqas şəhərində barmaqla sayılası qədər
azərbaycanlı var. Amma biz özümüzü çox
güclü qüvvə hesab edirik. ABŞ-da Azərbaycan
diasporunun liderlərindən biri Amerika-Azərbaycan cəmiyyətinin
prezidenti Tomris Azəri, Amerika-Azərbaycan Şurasının
baş direktoru Cavid Hüseynov və
USAN təşkilatının həmtəsisçisi və
icraçı direktoru Adil Bağırov Azərbaycan diasporunun
fəaliyyətini durmadan genişləndirirlər. Bu təşkilatlar
Amerikanın bir çox ştatlarında fəaliyyət
göstərərək müxtəlif layihələr həyata
keçirirlər. Mən ABŞ-ın Nevada ştatında
aktiv fəaliyyətlə məşğul olmaqla
yanaşı, daim orada yaşayan azərbaycanlı icması ilə
də sıx əlaqə saxlayıram. Amerikanın ictimai,
siyasi və biznes dairələrindəki geniş əlaqələrimdən
istifadə edərək Azərbaycanla bağlı təbliğat
aparıram. Biz həmçinin türk diaspor təşkilatı
ilə birgə işləyirik. Birlikdə işləmək
bizim gücümüzü qüvvətləndirir.
- Amerikada yaşayan azərbaycanlılar ümumiyyətlə,
ölkənin siyasi hadisələrində rol
oynayırlarmı?
- Bu proses
təzəcə başlayır. Mən siyasi fəaliyyətimdə
Nyu-York, Kaliforniya, Texas, Hyustonda və başqa şəhərlərdə
yaşayan azərbaycanlılardan dəstək alıram. Onlar mənim
elektron ünvanıma məktublar göndərir, hətta,
maliyyə dəstəyi göstərirlər. ABŞ-da siyasi fəaliyyət
üçün maliyyə dəstəyi olmalıdır. Mən
sistemin belə olduğuna görə narazıyam. Maliyyə
ABŞ-ın siyasətinə çox təsir edir. Seçkilərdə
çox şey puldan asılıdır. Bu işdə mənə
orada yaşayan azərbaycanlılar kömək etdilər və
düşünürəm ki, Azərbaycan diasporunu təmsil
edən hər bir namizədə kömək edəcəklər.
Qurultayda prezident İlham Əliyev də qeyd etdi ki, biz nə qədər
yaxın olsaq, bir o qədər güclü olacağıq. Mən
onun bu sitatını həmişə yadımda saxlayaraq
düşünürəm ki, nəinki ölkədə, hətta,
dünyanın hər yerində yaxın olmaq, birləşmək
və siyasi məsələlərdə də bir-birinə dəstək
olmaq lazımdır. Biz bir-birimizə dəstək olmaqla
öz təşkilatımızın fəaliyyətini
genişləndirə və tarixi vətənimizə daha layiqli
xidmət göstərməli olarıq.
- ABŞ-da Qarabağ
münaqişəsi haqqında nə qədər məlumatlıdırlar?
- Amerikalılar bu barədə çox az bilirlər. Onlar daha çox
özlərinə aid olan münaqişələr, məsələn
Əfqanıstan, İraq münaqişələri haqqında
bilirlər. Düzdür, onların Azərbaycanın
diaspor təşkilatlarının fəaliyyətlərindən
Azərbaycan haqqında məlumatları var. Biz Amerika
Konqresinin və Senatının təmsilçilərini
mövcud vəziyyətlə tanış
edir və onların diqqətini bu məsələnin həllinə
yönəltməyə çalışırıq.
- Dünyanın ayrı-ayrı ölkələrində
fəaliyyət göstərən Azərbaycanın diaspor təşkilatlarının
bir-biri ilə əlaqələri necədir?
- Təkcə onu bilirəm ki,
Amerikanın daxilində münasibətlər sıxdır.
Başqa ölkələrin diaspor təşkilatları ilə
əlaqəm yoxdur. Ancaq eşitmişəm ki, orada da təşkilatlar
Azərbaycan naminə yaxşı işlər görürlər.
Sadəcə, ya internet, ya qurultaydakı görüşlər,
ayrı-ayrı ölkələrdə keçirilən
konqreslər zamanı yaxınlaşmaq lazımdır.
Heç olmasa ildə bir dəfə belə görüşlər
keçirməyə ehtiyac var. Mən də bu işə hər
cür kömək göstərməyə hazıram.
Uğurlu iş adamı
- Siz 5 yaşına qədər Bakıda
yaşamısınız. Uşaqlıq yaddaşınızda
qalan Bakı çoxmu dəyişib?
- Sonuncu dəfə 2008-ci ilin
oktyabrında Bakıda olmuşam. Qurultayın keçirildiyi
Heydər Əliyev Sarayını yaxşı
xatırlayıram. Uşaq vaxtı o binanın yanında o qədər
piyada gəzmişəm... Binanın qarşısındakı
fəvvarələrin yanında oynamağım da
yadımdadır. Hətta orada fotolarım da var. Sarayın
binası təzədən restovrasiya olunub,
qarşısındakı meydan da çox dəyişib.
İstər-istəməz o binanı görəndə ürəyimdə
nostalji hisslər yarandı. Uşaqlıqda gəzdiyim yerlərə
təzədən qayıtmağıma sevindim. Şəhərdə
həmçinin çoxlu təzə binalar var, tikintilər
davam edir. İqtisadi böhran başlayanda hətta
ABŞ-ın özündə də bir çox tikintilər
tamamilə dayanıb. Amma Bakıda nəinki tikintilər
dayanıb, hətta, qızğın iş gedir. Əgər
10-20 il əvvəl Amerikada gedən tərəqqidən
danışılırdısa, indi
Azərbaycandakı tərəqqidən danışmaq
lazımdır.
- İnternet səhifələrindən oxumuşam ki,
siz Bakıda iş qurmaq istəyirsiniz.
- Mən həmişə Bakıya
dönüb baxanda burada biznes, yoxsa başqa bir növ fəaliyyətlə
məşğul olmaq barədə düşünürəm.
2008-ci ildə bu barədə düşünürdüm və
görürəm ki, burada çoxlu imkanlar və potensial var.
Açıq gözlə ətrafıma baxaraq, faydalı və
gəlirli imkanlar üçün fikirləşirəm. 20 ildir ki, Amerikada yaşayıram. Sovet İttifaqı
dağılandan sonra oraya getmişəm. İnstitutu
bitirib beynəlxalq biznes üzrə təhsil aldım. Universitetdə təhsil illərimdə həmçinin
bir semestr Honq-Konqda, həmçinin İspaniyada oxudum. Dünyanı daha yaxşı öyrənmək
üçün başqa dilləri öyrənirdim. Rus, ingilis və ispan dillərini bilirəm.
İspan dilində danışmağım isə mənim
Nevada ştatının ümumi əhalisinin 30%-i təşkil
edən latın amerikalıların
icması ilə təmaslarım üçün vacibdir. Maliyyə üzrə təhsilimi bitirdikdən sonra Cənubi
Amerikada, Asiyada beynəlxalq korporasiyalarda işlədim.
Qismət olsa burada da iş qurmaq istəyirəm.
- Necə fikirləşirsiniz, siz uğurlu biznesmensiniz?
- Əlbəttə, mən Amerikada
uğurlu iş adamıyam. Mən hər
şeyi sıfırdan başlamışam. 16 yaşımda iki çamadanla, valideynlərim
yanımda olmadan Amerikaya getmişəm. Cibimdə
bir neçə yüz dollar vardı. Ətrafda
heç kəsi tanımırdım. Yeni ölkə,
yeni dil, yeni insanlar... Əlbəttə,
başlanğıc üçün çox çətin
idi. Amma mənim Amerika arzularım
vardı. Həyat təcrübəsi
olmadan tanımadığım insanların içərisində
işləmək asan deyildi. Öz taleyimə,
təhsilimə özüm cavabdeh idim. Əlbəttə,
ailəm, qohumlar, dostlar, amerikalılar mənə köməklik
göstərdilər. Xüsusi məktəbdə,
universitetdə oxudum. O vaxtdan işləyirəm. Dünyanın bir sıra ölkələrində də
işləməklə yaxşı təcrübə
toplamışam. Bir sıra mükafatlarım, təltiflərim
var. 2006-cı ildə Las-Veqasda dərc olunan biznes jurnalı məni
40 yaşına çatmamış aparıcı iş
adamlarının siyahısına salıb. Bu dəyərləndirmədən
şərəf duyuram. Həmin şəhərdə
biznes fəaliyyətim siyasi və ictimai fəaliyyətimlə
yanaşıdır. Keçən ilin
sonlarında Nevada ştatının qubernatoru məni dövlət
komitəsinin daşınmaz əmlak məsələləri
üzrə üzvü təyin edib. Mən
həmin komitədə ən cavan adamam. O komitədə
həm də Azərbaycanı təmsil edirəm. Heç vaxt Azərbaycanda doğulduğumu unutmuram.
Ulu öndər Heydər Əliyevin «Mən həmişə
fəxr etmişəm ki, azərbaycanlıyam» fikirlərini
özüm üçün sitata çevirmişəm.
- Siz həmçinin Nevada ştatının
vitse-qubernatoru seçilmək istəmisiniz.
- İki il bundan əvvəl
Nevada ştatının vitse-qubernatoru seçilmək istədim.
Onu da qeyd edim ki, mən Nevada ştatı tarixində
dövlət səviyyəli vəzifəyə namizədliyini
irəli sürən ilk immiqrant, Amerika tarixində isə bu qismdə olan ilk azərbaycanlıyam.
9 ay ərzində çox güclü seçki kampaniyam keçdi. Amerikada
yaşayan azərbaycanlıların USAN təşkilatı, “Azerbaijani
American Council və Turkish Council”
kimi təşkilatlar və digər icmalar mənə dəstək
verdilər. Güclü
rəqibim vardı. Ancaq seçkinin son gününə
qədər nə siyasi jurnalistlər, nə də ekspertlər
kimin seçiləcəyini sona qədər bilmirdi. Çox
təəssüf ki, mən seçkilərdə uduzdum.
Ancaq uduzsam da bütün ştatdan çoxlu səs
toplaya bildim. Ola bilsin ki, növbəti
seçkidə iştirak edim.
Amerika arzusu
- Haqqınızda oxumuşam ki, siz bir neçə
humanitar layihələr həyata keçirmisiniz. Xeyriyyəçilik layihələrinizin istiqaməti
nədir?
- Mən 16 yaşında Amerikaya gələndə
amerikalılardan kömək gördüm. Onlar
mənə orta məktəbdə təhsilimə, universitetdə
və sonra da kömək etdilər. İndisə
bunları qaytarmaq istəyirəm.
Yaşadığım
imkansızlıqlar seçki kampaniyası apardığım
vaxt sadə insanların problemlərini daha yaxşı
başa düşməyə kömək etdi. Əslində mən buna
üstünlük kimi baxıram. Mən indi o adamlara
kömək etmək istəyirəm ki, onların buna ehtiyacı
var. Hələ 16 yaşımda müxtəlif sosial,
dünyada dostluğun inkişafına kömək və s. təşkilatlarda
iştirak etmişəm. Nevada ştatında elə
təşkilatlar var ki, orada yalnız yaşlı adamlar xeyriyyə
məqsədi ilə çalışırlar. Mən ətrafıma baxaraq “bəs gənclər
hardadır?”- deyə düşündüm və iki il bundan
əvvəl Gənc Xeyriyyəçilər
Cəmiyyətini yaratdım. Bu şirkət
könüllü fəaliyyət göstərməklə
20-30 yaş arası gəncləri öz icmalarına dəstək
verməyə çağırır. Artıq
2 ildir ki, bu təşkilat işini uğurla davam etdirir. Hazırda bu təşkilatın rəhbərliyini
başqa adamlara vermişəm. Mən həmçinin,
Las Veqasda yerləşən “Opportunity Village” xeyriyyə
qrupunun direktorlar şurasına daxiləm. Bu
təşkilat da fiziki qüsurları olan uşaqlara yardım
göstərməklə məşğuldur. Bundan başqa bir
sıra ictimai və siyasi təşkilatlarla da sıx əməkdaşlıq
edirəm.
Məqsədim təkcə
özümçün uğurlu olmaq yox, həm də
başqalarına kömək etməkdir. Amerika və Nevada mənə
bu arzumu gerçəkləşdirmək imkanı verib.
- Özünüzü Bakıda qonaq kimi hiss edirsiniz?
- Görün neçə ildir ki,
Bakıdan ayrılmışam. İndi yalnız
qonaq kimi gəlirəm. Hər dəfə
gələndə də burda insanların böyük qonaqpərvərliyinin
şahidi oluram. Azərbaycan bütün
dünyada öz qonaqpərvərliyinə görə məşhurdur.
Mən 5 yaşına qədər Azərbaycan
dilində sərbəst danışmışam. Sonra isə rus dilində oxumuşam. 20 ildir ki, ingilis dilində yazır, oxuyur və
düşünürəm. Ancaq Azərbaycan
dilində sərbəst danışmaq, müsahibə vermək
mənim arzumdur. Əgər Ələddinin
sehrli çırağı əlimdə olsaydı, ondan ilk
növbədə bunu istəyərdim.
- Bəs o biri arzularınız nədir?
- İkinci arzum -
yaxın gələcəkdə gözəl bir azərbaycanlı
qızı ilə evlənmək istəyərdim. Üçüncü arzum
isə bütün azərbaycanlılar xoşbəxt və
rahat yaşasınlar. Əlbəttə,
arzularım çoxdur, ancaq bunlar ani olaraq ağlıma gəldi.
- Bakıda nə qədər qalmağı
planlaşdırırsınız?
- İyulun 12-də
doğum günümdür. Əlimə fürsət
düşmüşkən ad günümü Bakıda -
tarixi vətənimdə, qohumlarımın və
dostlarımın əhatəsində qeyd etmək istəyirəm.
Bu, mənim doğum günümə ən
böyük hədiyyəm olacaq. İyulun
14-də isə Amerikaya gedəcəyəm. Qarşıda hələ böyük işlər
var.
Təranə MƏHƏRRƏMOVA
Kaspi.-2011.-12 iyul.- S.8.