“Biz
qeyri-ciddi bir ölkə
ilə üz-üzəyik”
Prezident Administrasiyasının
ictimai-siyasi məsələlər şöbəsinin
müdiri Əli Həsənov Qarabağ
danışıqlarını Ermənistan rəhbərliyinin
pozduğunu bildirib
Prezident Administrasiyasının
ictimai-siyasi məsələlər şöbəsinin
müdiri Əli Həsənov iyulun 12-də “Media forum”
saytının suallarını cavablandırıb.
-
Nazirlər Kabinetinin bu gün keçirilən iclasında
Dağlıq Qarabağ münaqişəsinin həlli,
sülh danışıqlarında yaranmış vəziyyət
də müzakirə olunub. Məsələ yalnız
müzakirə səviyyəsində aparılıb, yoxsa hər
hansı bir qərar qəbul edilib?
- Prezident İlham Əliyev
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı aparılan danışıqlar, son vəziyyət
barədə geniş məlumat verdi. Dövlət
başçısı 2004-cü ildə başlanan Praqa
prosesindən tutmuş bugünkü vəziyyətə qədər
olan bütün proseslərdən danışdı.
İclasdan geniş məlumat yayılacaq və bu o deməkdir
ki, prezident həm də xalqı məlumatlandırdı.
Söhbət ondan gedir ki, 2004-cü ildən ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ, Fransa və Rusiyanı təmsil edən nümayəndələrin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar davam etdirilib. 2007-ci ildə Minsk qrupunun həmsədrləri Madrid prinsipləri adlandırılan təkliflər irəli sürüblər. 2009-cu ildə yenilənmiş Madrid prinsipləri adlandırılan sənəd ortaya çıxıb. 2010-cu ildə danışıqlar davam etdirilib. Prezident hansı mərhələdə danışıqların necə getməsindən, nələrin baş verməsindən, Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə danışıqların nəticəsiz qalmasından danışdı.
Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşündə də Ermənistan qeyri-konstruktiv mövqe tutub. Ermənistan dezinformasiya siyasətinə əl ataraq guya Kazan görüşündə Azərbaycanın yenilənmiş Madrid prinsiplərinə yeni düzəlişlər irəli sürdüyünü və bunun nəticəsində danışıqların heç bir razılaşma əldə olunmadan başa çatdığını iddia edib. Amma reallıq başqadır, Kazan görüşündə Ermənistan yenilənmiş Madrid prinsipləri əsasında ilkin sülh sazişinə dair sənədlərin imzalanmasına mane olub.
- Prezident İlham Əliyev Nazirlər Kabinetinin
iclasında deyib ki, Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı yeni vəziyyət yaranıb və belə
bir vəziyyətdə Ermənistanın son hərəkətləri
başa düşülmür. Yeni vəziyyət nədən
ibarətdir və söhbət Ermənistanın hansı hərəkətlərindən
gedir?
- Prezident İlham Əliyev yeni vəziyyətin nədən ibarət olmasına dair geniş açıqlama verdi. Dövlət başçısı dünya azərbaycanlılarının 3-cü qurultayında və ondan əvvəlki çıxışlarında da yeni vəziyyətin nədən ibarət olması haqda geniş açıqlama vermişdi.
Yeni vəziyyət ondan ibarətdir ki, artıq dünyanın bütün ölkələri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tam informasiyaya malikdir, Qarabağdakı reallığı bilirlər, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını bütün beynəlxalq təşkilatlar qəbul edib. Beynəlxalq təşkilatlar bundan çıxış edərək münaqişənin həlli istiqamətində səylərini davam etdirirlər.
Cənab prezident mövcud vəziyyətdə yeni reallıq deyərkən ilk növbədə ATƏT-in Minsk qrupuna həmsədr olan ölkələrin prezidentlərinin son bəyanatını, status-kvonun dəyişdirilməsinə dair tələblərini, bundan sonra münaqişəsinin həlli ilə bağlı mütləq formada irəliləyişə nail olunması istiqamətində həm ABŞ, Rusiya və Fransa prezidentlərinin, həm də xarici işlər nazirlərinin göstərdikləri səyləri nəzərdə tutur. Bir müddət əvvəl ABŞ, Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı birgə bəyanat imzalayıblar, orada status-kvonun aradan qaldırılması tələbi irəli sürülüb. Onun ardınca Kazan görüşü ərəfəsində həm Azərbaycan, həm də Ermənistan prezidenti Minsk qrupunun hər üç həmsədr ölkəsinin prezidentləri ilə ünsiyyətdə olublar, münaqişənin həlli istiqamətində ölkə prezidentlərinin arzu, istəkləri və iradələri ortalığa qoyulub. Digər tərəfdən isə bu ərəfədə xarici işlər nazirləri öz səylərini artırıblar. Bu görüşlərin artması, müzakirələrin intensivləşməsi həqiqətən münaqişənin həlli ilə bağlı yeni vəziyyətin yaranmasından xəbər verir. Bu onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil. Bu məsələ dinamik şəkildə müzakirə olunan, dünyanın gündəminə gətirilən, həlli vacib hesab edilən məsələlər sırasına qaldırılıb. Yeni vəziyyət budur.
Ermənistanın başa düşülməyən hərəkətləri isə ermənilərin hər dəfə bu və ya digər bəhanə ilə sülhyaratma proseslərindən boyun qaçırması, əvvəlki görüşlərdə razılaşdırılmış prinsip və məsələlərdən imtina etməsi, razılaşdırılmış məsələlərə dəfələrlə yenidən qayıtmasıdır.
2009-cu ildə irəli sürülən yenilənmiş
Madrid prinsipləri Azərbaycanın istəyi
deyil. Bu, həmsədr
dövlətlərin irəli sürdüyü
təkliflərdir. Hər iki tərəf
prinsipcə bu təkliflərlə
razı olduqlarını bildirmişdilər. Onda nəyə görə
ermənilər Kazan
görüşündə
razılaşdırılmış məsələləri
yenidən gündəmə gətirir, Dağlıq
Qarabağın statusu məsələsini
ön plana
çıxararaq mərhələli həll prinsipinə zidd təkliflər irəli sürürlər?
Bu misalları kifayət qədər
artırmaq olar. Ermənilər əvvəlki
illərdə yenilənmiş Madrid
prinsiplərini dəstəklədiklərini, onu
qəbul etməyə hazır olduqlarını bəyan etdikləri
halda Kazan
görüşündə həmin prinsiplərdən imtina ediblər.
-
Ötən həftənin sonunda Rusiyanın xarici işlər
naziri Sergey Lavrov Bakı və Yerevana səfər etdi və
prezident Dmitri Medvedyevin məktubunu Azərbaycan və Ermənistanın
dövlət başçılarına çatdırdı. Məktubda
nə yazıldığı isə açıqlanmayıb. Dmitri Medvedyevin məktubunda
nələr yazılıb və Azərbaycan bu
məktuba cavab verəcəkmi?
- Məsələ normal bir səviyyəyə gətirilməmiş onun cəmiyyətə açıqlanması, bu haqda məlumatların geniş ictimaiyyətə bildirilməsi diplomatik normalara ziddir və nizamlanma prosesinə mənfi təsir göstərər. Ona görə də lazımi məqamda bu məktublara münasibət bildiriləcək, onların nəticələri də ictimaiyyətə bəlli olacaq. Hazırda Azərbaycan o istəklə yaşayır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki yeni vəziyyət davam etdirilməlidir, dinamik inkişaf olmalı, ATƏT-in Minsk qrupu həmsədrlərinin iradəsi bu formada davam etdirilməlidir və danışıqlarda müəyyən yekun mərhələyə keçmək lazımdır.
Məktublardakı digər məsələlər haqqında da məlumat veriləcək. Təbii ki, hazırda müvafiq qurumlar məktubdakı məsələləri öyrənir. Məktub hansı missiyaya xidmət edir, bundan sonrakı addımlar nə olacaq, Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistana, ABŞ-a səfərlərinin yekunları necə olacaq - bu məsələlərə aydınlıq gəlməlidir. Eyni zamanda Azərbaycanın xarici işlər naziri bir müddət əvvəl Fransada səfərdə olub, görüşlər keçirib. Hər halda bütün bunlar Ermənistanın yenidən danışıqlar masasında konstruktiv mövqe tutmasına sövq edilməsinə və 2011-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hansısa konkret nəticənin əldə olunmasına istiqamətlənib.
- Azərbaycan
və Ermənistan prezidentlərinin Rusiyanın dövlət
başçısının vasitəçiliyi ilə
keçirilən Kazan görüşü uğursuz başa
çatandan sonra Dağlıq Qarabağ münaqişəsi ətrafında
diplomatik fəallıq artıb. İyulun 8-də Rusiya prezidenti Dmitri Medvedyev Azərbaycan
və Ermənistanın dövlət
başçılarına yeni təkliflərin
yer aldığı məktubla müraciət
edib. İyulun 11-də
ABŞ və Rusiya prezidentləri telefonla danışaraq Dağlıq Qarabağ münaqişəsini müzakirə
ediblər. Həmin gün Rusiya xarici işlər naziri Sergey Lavrov
ABŞ-a səfər edib.
O, Vaşinqtonda Qarabağ
müzakirələri aparacaq. Sizcə, bu diplomatik fəallıq nə
vəd edir?
- Bütün diplomatik fəaliyyət məhz nəticənin əldə olunmasına yönəlib. Əgər bir nəticə olmayacaqsa, dünyanın indiki gərgin ictimai-siyasi, maliyyə vəziyyətində üç aparıcı ölkə neçə illərdir Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmaz. Məgər onların işi-gücü yoxdur? Əlbəttə, onlar da istəyirlər ki, nəticə olsun, Cənubi Qafqazda sülh yaransın, dünya üçün əhəmiyyətli olan bu geostrateji məkan, nəhayət, dinc, mehriban qonşuluq şəraitində yaşasın. Bu da dünyada sülh və təhlükəsizliyin təmin olunmasında mühüm bir amil rolunu oynayacaq. Nəticənin olması üçün isə Ermənistana mütləq təzyiqlər artırılmalıdır, bu ölkələr sözün həqiqi mənasında ciddi bir iradə qoymalıdırlar.
Ermənistanın indiki siyasətinə rəhbərlik edənlər bir qədər qeyri-ciddi insanlardır. Bunu açıq deməliyik. Ermənistan prezidentinin, xarici işlər nazirinin, onun müavinlərinin çıxışlarına baxın. Müstəqil dövlətin prezidentinin, nazirlərinin bu formada mülahizələr irəli sürməsi təəssüf doğurur. Onların çıxışları lağlağı, qeyri-ciddi fikirlərdən ibarətdir. Biz qeyri-ciddi bir ölkə ilə üz-üzəyik. Bu qeyri-ciddi siyasət yalnız Azərbaycana, işğal olunmuş ərazilərdəki əhaliyə ziyan gətirmir, bütün Ermənistan əhalisini girovluqda saxlayır. Erməni xalqı faktiki olaraq hərbi rejimin girovuna çevrilib, neçə illərdir regionun, dünyanın inkişafından təcrid olunub. Ermənilər bir militarist qrupun biznes maraqlarının girovunda saxlanılır. Onlara qarşı ciddi tədbirlər görülməsə, bu insanlardan hər şey gözləmək olar.
- Əli
müəllim, ekspertlər hesab edirlər ki, yenilənmiş
Madrid prinsipləri Azərbaycanın maraqlarına cavab vermir. Bu prinsiplər indiyədək tam
açıqlanmayıb. Yenilənmiş Madrid
prinsiplərinin cəmiyyətə
açıqlanmasını mümkün hesab edirsinizmi?
- Minsk qrupu həmsədrlərinin irəli
sürdükləri prinsipləri nə Ermənistan, nə də
Azərbaycan qələbə kimi təqdim edə bilər. Bu prinsiplərdə tərəflərdən hər
hansı birinin tam qələbəsi
məsələsi yoxdur. İstənilən
halda qarşılıqlı güzəşt
var. Azərbaycanın
qarşılıqlı güzəşti Dağlıq Qarabağa keçid statusu verilməsindən ibarətdir. On illər sonra, normal sülh şəraitində
Dağlıq Qarabağın daimi statusu müəyyən olunana
qədər Azərbaycan ona keçid status verir. Nazirlər Kabinetinin
müşavirəsində prezident İlham Əliyev yenilənmiş Madrid prinsiplərini açıqladı. Yenilənmiş
Madrid sənədi 4 əsas prinsipdən
ibarətdir. Həmin prinsiplərin hamısı, əlbəttə
ki, Azərbaycanı tam
qane etmir. Münaqişənin həllinin Azərbaycanı tam qane etməsi üçün gərək Azərbaycan
müharibəyə başlasın, işğal
altında olan bütün
əraziləri azad etsin
və Ermənistanı bizi qane edən sülh sazişini imzalamağa məcbur
etsin. İndiki şəraitdə
isə bu, qeyri-mümkündür.
Ona görə də biz
konstruktiv bir mövqe nümayiş
etdirərək qarşılıqlı güzəştlərə
gedirik.
- Ermənistanda hakimiyyət
müxalifətlə görüşüb Dağlıq
Qarabağ münaqişəsinin həllini müzakirə edir,
ortaq mövqe formalaşdırır. Azərbaycanda da hakimiyyətin müxalifətlə bir araya gəlib məsələni
müzakirə etməsinə dair fikirlər
səsləndirilir. Yaxın vaxtlarda belə
bir müzakirələr keçirilə
bilərmi?
- Cənab prezident Nazirlər Kabinetinin müşavirəsində bəyan etdi ki, əgər Dağlıq Qarabağ məsələsi ilə bağlı hər hansı qərar qəbul olunsa, mütləq Azərbaycan xalqının rəyi nəzərə alınacaq. Hazırda ortada ciddi bir şey yoxdur. İndi söhbət Dağlıq Qarabağ münaqişəsinin həllinə qədərki müəyyən işlərin görülməsindən gedir. Azərbaycanın Dağlıq Qarabağa aidiyyəti olmayan, hətta Ermənistandan Dağlıq Qarabağa keçən dəhlizə aidiyyəti olmayan 5 rayonu işğal altındadır. Niyə bu rayonlar azad olunmasın, oradakı infrastruktur bərpa edilib əhali doğma yerlərinə köçürülməsin? İndi bu xarakterli məsələlərdən söhbət gedir və cənab prezident Azərbaycan xalqının iradəsinə söykənərək addımlar atır, öz səlahiyyətləri çərçivəsində bunları reallaşdırır.
Ermənistandakı məsləhətləşmələrin
hamısı imitasiyadır. Olmayan şeyin nəyini xalqla məsləhətləşəcəksən?
Ermənistan prezidentinin qəbul etdiyi qərarların hamısı qeyri-ciddidir. Onun bir tədbirdə bəyan etdiyi
fikirlə başqa tədbirdəki hərəkəti
uyğun gəlmir. Ermənistana sözü ilə əməli bir-birinə uyğun gəlməyən şəxs rəhbərlik
edir. Azərbaycanda isə xalqla
həqiqi məsləhətləşmə olacaq,
vətəndaşların rəyi soruşulacaq.
Amma bunun üçün danışıqlarda nəticə
olmalıdır.
Kaspi.- 2011.- 13 iyul.- S.3.