“Hər rolu baş rola çevirmək aktyorun özündən asılıdır” 

 

Əməkdar artist Şövqi Hüseynov hesab edir ki, uğura nail olmaq üçün nəticəni gözləmədən işləmək lazımdır

 

Gənc Tamaşaçılar Teatrı keçən ay  82-ci mövsümünü Hüseyn Cavidin “Şeyx Sənan” faciəsi əsasında hazırlanan eyniadlı tamaşa ilə başa vurub. Daha sonra bölgələrə səfər edən truppa Mingəçevir, Göyçay, Yevlax və Kürdəmir rayonlarında Mirzə Fətəli Axundzadənin «Lənkəran xanının vəziri» tamaşası ilə çıxış edib. GTT-nin aktyoru, Əməkdar artist Şövqi Hüseynov  ümumilikdə mövsümün yaddaqalan olduğunu bildirib:

 

Müasir aktyordan tələblər

 

 - Builki mövsüm deyərdim ki, digər mövsümlərdən elə də fərqlənmədi. Əvvəllər necə işləmişdiksə yenə də elə işlədik. Həmçinin “Kontrabas” tamaşası ilə Brestdə keçirilən 14-cü «Belaya Veja» festivalında da iştirak etdik. Mən festivalın kiçik həcmli tamaşalar üzrə diplomuna layiq görüldüm. Hazırda teatrda rejissor Cənnət Səlimova «Romeo və Cülyetta» tamaşasını hazırlayır. Döyüşlərin və rəqslərin qurulması üçün Rusiyanın əməkdar incəsənət xadimi, məşhur Rusiya xoreoqrafı Sergey Qrisay Bakıya dəvət olunub. Tamaşanın  quruluşçu rəssamı isə  Tumanaşvili adına Gürcüstan Dövlət Dram Teatrının baş rəssamı Şota Qlurdjidzedir. Xoreoqrafla işimiz daha yaddaqalan oldu. Çünki tamam fərqli yanaşma gördük. O, Amerika, Kanada, Rusiya, Alm-Atıda tamaşalar hazırlayıb. Dünyada aktyorlardan nə tələb olunursa onları gözəl bilir və biz də iş prosesində özümüz üçün müasir aktyordan nəyin tələb olunduğunu aydınlaşdırdıq. Səhər saat 10-dan 11-ə qədər fasiləsiz olaraq onunla işləyirdik. Vaxt bir qədər az idi və biz hər şeyi çatdırmaq istəyirdik. Mövsümün ən yaddaqalan işlərindən biri də bu oldu.

 

- Bu yaxınlarda bölgəyə qastroldan qayıtmısınız. Tamaşaçıların teatra marağını nə qədər hiss edə bildiniz?

- Baxır bölgədəki insanlara nə təqdim edirsən. Bəzən deyirlər ki, bölgədəki tamaşaçıların marağı azdır və aktyorlar da “xaltura” edir. Əslində yaxşı tamaşa təqdim edəndə tamaşaçılar da maraqla baxır və xoş təəssüratlarla ayrılırlar. Axşam tamaşalarına yaşlı adamlar gəlirdilər və daha maraqla keçirdi. Gündüz tamaşaları isə həmişəki kimi məktəblilər, gənclər və s. olduğu üçün bir qədər zəif idi. Ümumən səfər yaxşı keçdi və sentyabr ayında daha iki tamaşa ilə həmin bölgəyə getmək haqqında razılıq əldə olundu.

- İndicə dediniz ki, iş prosesində müasir aktyordan nələrin tələb olunduğunu öyrənə bildiniz. Bu tələblər nədən ibarətdir?

- Məsələn, tamaşalarda rəqs qurulanda rəqs kimi də qəbul olunur. Amma əslində rəqs dramatik tamaşada qurulan aktyorun psixoloji halıdır. Yəni insan o vaxt oxuyur ki, deməyə söz çatmır. Və yaxud insan o vaxt rəqs edir ki, fikrini sözlə, mahnı ilə ifadə etmək mümkün olmur və daha geniş variantlardan istifadə edir. Burada söhbət sevincdən rəqs etməkdən yox, dramatik səhnənin psixoloji həllindən, fərdin rəqs etmək anına yetişməsi və xoreoqrafik, plastik hərəkətlər etməsindən söhbət gedir. Bizim bildiyimiz tamaşadakı rəqslər dünya teatrlarındakı, elə Rusiya tamaşalarındakı rəqslərdən də fərqlənirdi. Məsələn, «Romeo və Culyetta»da elə səhnələr var ki, orada Cənnət xanım onu tamamilə sözlərdən azad edib və səhnədə plastik həllə üstünlük verilib. Və yaxud məşhur «Bal” səhnəsindəki rəqslər söhbət edən rəqslərdir. Yəni təkcə oynanılan rəqslər deyil. Rəqsin özü süjet xəttinə malikdir. 

- Gürcü rəssamının işi də ənənəvi teatr rəssamlığından fərqlənirdi?

- Deməzdim ki, o qədər də fərqlənir. Sadəcə, bəzi məqamlar, fikirlər var ki, mənim xoşuma gəldi. Səhnəni o qədər də doldurmamaq, asılan bir-iki pərdə və ya ayrı bir detal, yüngül dekorasiya ilə ümumi tamaşanın həllini vermək baxımından çox maraqlıdır. Amma kostyumların eskizi o qədər də fərqlənmir. Baxmayaraq ki, tamaşada rəssam və rejissor tərəfindən neytral bir dövr götürülür – Şekspir dövrü. Çünki Şekspirdə hadisələrin zamanı yoxdur. İnsanla bağlı baş verən prosesləri zaman çərçivəsinə salmaq lazım deyil. Rəssam, xoreoqraf və rejissor da tamaşa boyunca bundan qaçıb. Təbii ki, aktyorlar da bu tələblərə cavab verərək işləyib. Hələ ki, tamaşanın məşqləri davam edir. 

- Tamaşada sizə də rol verilibmi?

- Tamaşada Merkusio rolunu oynayacağam. Bu obraz həm yaş, həm fəlsəfi düşüncələri baxımından mənə daha yaxındır. Bu, Romeonun yoldaşları içərisində fikir, idarəetmə, baxımından daha yaşlı və təcrübəlidir. Mən bu rolumdan razıyam. Bilirsinizmi, hər bir rolu baş rola çevirmək aktyorun özündən asılıdır. Kiçik bir rolu da baş rola çevirmək olar.

 

Adaptasiya dövrü

 

- Siz GTT-nin səhnəsinə çıxana qədər Kamera Teatrının kiçik səhnəsinə alışmışdınız və həmişə aktyorlarınız deyirdi ki, bu səhnədə oynamaq daha rahat və doğmadır. Böyük səhnəyə alışmaq çətin olmadı ki?

- Mən özümdə heç bir problem hiss etməmişəm. O mərhələni keçmək bizim üçün vacib idi ki, bu səhnəyə də adaptasiya olaq. Əgər uyğunlaşa bilməsəydik, ya sənətimizi dəyişməli, ya da ümumiyyətlə, bu səhnəyə gəlməməli idik. Düzdür, bu zəhmət, əsəb bahasına başa gəlirdi. Amma biz bunu mütləq əldə etməli idik. Hesab edirəm ki, iki il ərzində bu məqsədə nail olmuşuq.

- Bəs tamaşaçılarla necə dil tapa bildiniz?

- Əgər tamaşaçı açıq kassadan bilet alıb tamaşaya baxırsa, demək onlarla dil tapa bilmişik. Bizim teatrın hər tamaşasında kassa işləyir. Mövsümün axırıncı tamaşası olanŞeyx Sənan”da kassadan 86 bilet satılıb. Bu, mənim üçün çox sevindirici faktdır. Demək biz adaptasiya etməyi bacarmışıq. Əgər tamaşaçı özü gəlib bilet alırsa, demək problemlər aradan götürülüb. Baxmayaraq ki, biz Kamera Teatrı olaraq böyük səhnələrdə dəfələrlə çıxış eləmişik. Məsələn, qastrollarda, festivallarda kamera səhnəsi olmayıb. Hər halda kamera səhnəsində oynamaq böyük səhnədə oynamaqdan daha çətindir. Çünki Kamera Teatrı tamaşaçıya daha yaxındır.

- Siz Kamera Teatrında oynadığınız illərdə Cənnət Səlimovanın, İrina Perlovanın rejissor yozumlarına öyrəşmişdiniz. İndi həm ayrı rejissorlarla işləmək sizə çətinlik yaratmır ki?

- Bu yaxınlarda rejissor Vaqif Əsədov İlyas Əfəndiyevin «Məhv olmuş gündəliklər» əsəri əsasında eyniadlı tamaşanı hazırlayıb. Həmin tamaşada mənə rol verilib. Deyərdim ki, çox baxımlı bir tamaşa alınıb. Bütün hallarda biz bu işi görməyə, adaptasiya olmağa borcluyuq. Teatrın başqa rejissorları da tamaşa hazırlayır onların tamaşalarında truppanın ayrı-ayrı aktyorları da oynayır. Aktyorun borcudur ki, ona həvalə olunan rolu heç bir problem olmadan oynasın. Hər halda Cənnət Səlimovanın məktəbi bizim əl-qolumuzu bağlayan deyil, bizə geniş imkanlar, şanslar verən məktəbdir. Ona görə Kamera Teatrının aktyorları bu teatrda onlara verilən rolların ifası zamanı heç bir problem yaşamırlar.

- Demək olar ki, Kamera Teatrı artıq silindi?

- qədər ağır olsa da, demək lazımdır ki, bu teatr silindi. Bu teatrın adı köhnə afişalarda bizim yaddaşımızda qalıb. Biz o teatrda böyümüşdük, o teatrı dişimizlə, dırnağımızla qurmuşduq. Bura bizim evimiz idi. Mismarından tutmuş partasına qədər özümüz qurmuşduq. Yeganə teatr idi ki, 15 üzvündən 12-i ailəli idi. O teatr 20 il yaşadı mənə elə gəlir ki, çox dəyərli fəaliyyət göstərdi.  Ancaq indi hesab edirəm ki, gözümüzü arxadan yığışdırmalıyıq. Yoxsa insan depressiyaya düşə bilər. Xüsusən bizim sənətimizdə bu, daha çox baş verə biləcək hallardan biridir. Tək qalıb bu barədə düşünəndə isə təbii ki, ağrıdıcı məqamdır. Ona görə yalnız bu barədə düşünməyib işləmək lazımdır. Onu da qeyd edim ki, Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində «Kontrabas» tamaşasını bu yaxınlarda İpək Yolu Festivalı çərçivəsində kamera variantında oynayaraq festival iştirakçılarına təqdim etdim. Fikrimiz var ki, gələcəkdə o səhnə üçün bir neçə tamaşa hazırlayaq həmin stilimizi davam etdirək.

 

Prioritetim teatrdır

 

- Bu yaxınlarda LənkərandaYeni nəsilÜmumrespublika teatr festivalı keçirilib. GTT-nın festivalda çıxışı necə qiymətləndirilib?

- Mən həmin festivalda iştirak etməmişəm. Ancaq bilirəm ki, GTT festivalda «Ezop» tamaşası ilə çıxış edib. Bu, çox maraqlı tamaşadır. Vaxtilə biz həmin tamaşanı Kamera Teatrında oynamışıq. İndi heç bir əlavə olmadan böyük səhnədə oynanılır. Teatrşünaslardan Məryəm Əlizadə, professor İlham Rəhimli tamaşa haqqında yüksək fikir söyləyiblər. Eyni tamaşanın Lənkəran teatrının quruluşunda da oynanılmasına baxmayaraq, həmin teatrın direktoru İslam Həsənov da tamaşa haqqında dəyərli fikirlər səsləndirib.

- Reklamlara çəkilməyiniz yalnız kommersiya xarakteri daşıyır? 

- Burda yaradıcılıqdan heç bir söhbət gedə bilməz. Bu çəkilişlərdə yalnız maddi məqsəd rol oynayır. Reklamlara çəkilmək mənim prioritetim deyil. Mənim prioritetim teatrdır. Bunlar sadəcə teatrda məşqim olmadığı, məzuniyyətdə olduğum vaxtlarda görülən işlərdir. Əgər teatrda məşqim varsa, heç bir kənar gəlirdən, işdən söhbət gedə bilməz. Mən reklamla bu gün məşğul olmalıyam ki. sabah «Romeo Culyetta»da rahat məşq edə bilim.

- Ölkənin ümumi teatr mənzərəsi barədə deyə bilərsiniz? Ümumiyyətlə, başqa teatrların tamaşalarına gedirsinizmi?

- Bu, çox nadir hallarda mümkün olur. Çünki şənbə bazar günləri bütün teatrlarda tamaşalar olur. Demək olar ki, bütün tamaşalarda mən truppanın ayrı-ayrı üzvləri məşğul oluruq. Bu üzdən başqa tamaşalara baxmağa vaxt olmur. Amma ümumi prosesdənxaricdən rejissorların, rəssamların b. dəvət olunması, bizim rejissorların başqa teatrlarda tamaşa qoyması, sənət mübadiləsi hesab edirəm ki, inkişafa doğru addımlardır. Ümumilikdə, Azərbaycan teatrının bugünkü mənzərəsini qənaətbəxş hesab edirəm. Düzdür, dramaturgiyadan bir qədər az danışa bilərəm. Biz çox nadir hallarda müasir Azərbaycan dramaturgiyasından nümunələr hazırlaya bilirik. Ancaq bütün teatrlar müasir teatrdan tələb olunan qaydalarla ayaqlaşmağa çalışırlar. Hesab edirəm ki, nəticəni gözləmədən işləmək lazımdır.

 

 

Təranə MƏHƏRRƏMOVA

 

Kaspi.- 2011.- 14 iyul.- S.11.