“Psixoloji
testlərlə ehtiyatlı olmaq
lazımdır”
Praktik Psixoloqlar
Assosiasiyasının prezidenti Elmira Mirzəyeva hesab edir ki bu
gün psixoloq haqqında real təsəvvür yox, mif var
Azərbaycan Praktik Psixoloqlar
Assosiasiyası 1998-ci ildə yaranıb. Psixologiya elmləri
doktorları Əbdül Əlizadə, mərhum İsa Məmmədov
və Elmira Mirzəyevanın təsisçiliyi ilə yaranan
assosiasiyanın yaradılmasında əsas məqsəd
ölkəmizdə praktik psixologiyanı inkişaf etdirərək,
nailiyyətlərindən faydalanmaq olub.
Assosiasiyasının prezidenti Elmira
Mirzəyeva “Kaspi”yə müsahibəsində rəhbərlik
etdiyi qurumun yenə də eyni məqsəd və xətt üzrə fəaliyyət
göstərdiyini bildirib:
Yanlış nəticələr
qorxusu
- Ölkəmizdə psixoloji xidmətin
təşkili və ümumiyyətlə, psixoloji xidmətin vəziyyəti
hansı səviyyədədir?
- Bu
suala Avstriya psixoanalitiki Ziqmund Freydin bir fikri ilə cavab vermək
istərdim. Ziqmund Freyd Eynşteynə: «Mən sənə qibtə
edirəm» - deyə bildirir. «Nə üçün qibtə
edirsən?» sualına isə «Bu gün heç kəs fizik
olmaq istəmir, amma hamı özünü psixoloq
adlandırır» - deyə cavab verir. Mən Ziqmund Freydin fikirlərini
Azərbaycanda psixoloji xidmətin bugünkü səviyyəsinə
şamil edərdim. Bu gün yaxşı psixoloqlarımız
var və xalqa yüksək səviyyədə elmi-praktik xidmət
göstərirlər. Amma bununla yanaşı, psixologiya elmindən
heç xəbəri olmayan falçı, baxıcı kimi
tanınan insanlar da özlərini psixoloq elan edirlər. Ən
dəhşətlisi budur ki, bəzən özlərinə
psixiatrik yardım lazım olan insanlar da əhaliyə psixoloji
yardım göstərməyə cəhd edirlər. Bu gün
Azərbaycan əhalisi psixoloqa üz tutursa, bu təqdirəlayiq
haldır. Bizdə nəzəri psixologiya güclü olsa da, praktik psixologiya
bir qədər zəif idi. Bu gün isə praktik psixologiya
xeyli inkişaf edib. Psixoloqlara müraciətlər həddindən
artıq çoxdur. Məni narahat edən odur ki, insanlar
savadlı mütəxəssislərə müraciət etsinlər.
Psixoloji xidməti həyata keçirən mütəxəssisin
mütləq müvafiq təhsili olmalıdır.
Dünyanın hər yerində bu, belədir. Psixologiyanın
sahələri həddən artıq çoxdur. Bu gün
insanı 250-yə yaxın elm öyrənir. Amma insanın
ruhunu, qəlbini, daxili aləmini, psixikasını öyrənən
elm psixologiyadır. Psixoloqun obyekti sağlam ruhdur. Bu gün
bizim cəmiyyətdə insanların çoxu psixoloqla psixiatr
arasındakı xətti tuta bilmir. Bu gün ölkəmizin
bütün məktəblərində psixoloqlar
çalışır. Psixoloqlar məktəblərdə
özlərinə kabinetlər açırlar. Demirəm ki,
bu kabinetlər dünya standartlarına uyğun olsun, heç
olmasa həqiqətə uyğun, keyfiyyətli olsun. Bu
baxımdan istənilən psixoloqun təhsili ilə
yanaşı, psixoloji işi həyata keçirməyə ona
icazə verən sertifikatın olması mütləqdir.
- Yanlış psixoloji analizlər
nəyə gətirib çıxara bilər?
-
Bunun çox yanlış nəticələri ola bilər. Psixologiyanın neytral orta xətti
yoxdur. Psixoloji diaqnostika ya
xeyir, ya da ziyan verir.
Bu gün Azərbaycanda
psixoloji test keçirmək
dəbdədir. İstənilən insana tətbiq edilən testin mənşəyi məlum
olmalıdır. Xarici ölkələrdə
müvəffəqiyyət qazanan
testi Azərbaycanda kor-koranə tətbiq etmək düzgün deyil. Çünki ağır nəticələr
alına bilər.
Ümumiyyətlə, Azərbaycanda psixoloji
test yoxdur. Cəmi bir
dəfə 1936-cı ildə
Fuad İbrahimbəyov
tərəfindən test tərtib
olunub. Qalan testlər isə
kiminsə tərəfindən
tərcümə olunan
xarici mənşəli
testlərdir. Əvvəla, hər bir psixoloji
test psixoloji laboratoriyada
sınaqdan keçir.
Yalnız bundan sonra həmin testin bu və ya
digər ölkədə
tətbiq edilib-edilə
bilməyəcəyindən söhbət gedir. Çünki, hər bir xalqın özünəməxsus
milli dəyərləri
var.
Psixoloji testlərlə ehtiyatlı
olmaq lazımdır. Mən psixoloji
testləri cərrahın
skalpelinə bənzədirəm.
Özünüz də bilirsiniz
ki, praktik psixologiya keçmiş
SSRİ-də yasaq idi. Psixologiyanın inkişafı Azərbaycanda
1980-ci illərdən başladı.
Bizdə
praktik psixologiyanın
banisi rəhmətlik İsa Məmmədovdur.
Onun bu sahədə sanballı kitabları var və məktəblərdə
psixoloqlar bundan istifadə edirlər.
“İnsan qəlbinin mühəndisləri”
- Sizcə bu gün insanlar
psixoloqa ən çox hansı problemlə bağlı müraciət edirlər?
- Hər bir insan
unikal, təkrarolunmazdır.
Hər bir insanın problemi də sırf ona məxsus
olan problemlərdir.
Məsələn, kimin üçünsə
problem olan bir məsələ digəri
üçün çox
adidir. Bu gün insanlar psixoloqa əsasən ailə mənşəli münaqişələr,
övlad-valideyn münasibətləri
və s. problemlərlə
bağlı müraciət
edirlər. İndi bizim istənilən
bir gənci psixoloji testdən keçirib onun meyli, marağı, psixoloji durumu haqqında valideynlərinə
məlumat vermək imkanlarımız var. Bəzən
övladlarımızda elə
potensial olur ki, biz ondan xəbərsiz
oluruq. Azmı insanlar ömürlərinin
sonuna yaxın tamam başqa sahələrdə özlərini
doğruldurlar? Kimsə ömrünün
yarısını yaşayandan
sonra şeir yazmağa, musiqi bəstələməyə və
s. başlayır. Bu gün
az ailələrdə
uşaqlara imkan verirlər ki, öz istədikləri peşənin ardınca getsin. Demirəm ki, biz milli dəyərlərimizi itirək.
Həyati vacib seçimlərə qalanda,
övladlarımızın işinə müdaxilə
etməməliyik. Yüzlərlə insan tanıyıram ki, onların istəyi tamam başqa peşəyədir,
ancaq valideynlərinin təhriki ilə ürəklərinə görə
olmayan sənət arxasınca gediblər.
Belə məsləhətlər çox
vaxt uşaqların həyatda özlərini tapıb təsdiq etmələrinə mane olur.
Bu fikri ailə
qurarkən həyat yoldaşlarının seçiminə
də şamil edərdim. Dahilərdən biri deyib ki, hər bir
insan həyat yoldaşı seçimində
səhv edə bilər, ancaq onsuz bunu başa
düşə bilməz.
- Bu yaxınlarda Şüvəlan qəsəbəsində
Uşaq və Ailələrə Dəstək
Mərkəzində olarkən
mərkəzin psixoloqu
valideynlərin öz uşaqlarının problemi
və ailədaxili münaqişələrlə bağlı
müraciət etməyə
çəkindiklərini bildirdi.
Sizcə baryeri necə aradan qaldırmaq, psixoloqlara inamı necə artırmaq olar?
- Psixoloq heç kəsin həyatına müdaxilə edib onun əvəzinə qərar qəbul edə bilməz. Psixoloq insanın çətin məqamında onun yanında olub, həmin çətin məqamı yaradan faktorları onunla birgə yaşayıb çıxış yolları
axtarır və bir neçə yol göstərir. Psixoloq heç kəsin həyat müqəddəratını
öz üzərinə
götürə bilməz.
Psixoloqun
göstərdiyi yollar
arasında seçim etmək ona müraciət edən şəxsin ixtiyarındadır.
Çünki həmin həyat
onundur. Psixoloq ilk növbədə yaxşı dinləyici, həmsöhbət olmalıdır.
O, səni dinləyir və düşünür.
O, sənə edəcəyi
terapiyanın yollarını
ayırd edir. Bəzən insanlar psixoloqa ona görə müraciət etmirlər ki, kiminsə hər hansı diletant psixoloqla acı görüşü
olub. Kiminsə buna maddi durumu
imkan vermir və s. Xaricdə peşəkar psixoloqun bir saatlıq işi 250 dollardır. Bizdə isə bu iş
üçün 50 manat
verən olmur. Ona görə də bir müddət Azərbaycanda işləyib
xaricə çıxıb
gedən psixoloqlar çoxdur. Bizdə psixoloqa maraq
var, amma hələ tam inam yoxdur. Bunun da əsas səbəblərindən biri
odur ki, özünü «psixoloq» adlandıran şəxslər
xalqı qane edəcək xidməti onlara göstərə bilmirlər. Bu gün psixoloq haqda real təsəvvür
yoxdur, mif var. Bəzən elə hesab edirlər ki, psixoloq sehrli
çubuğunu tərpədən
kimi hər şey düzələcək.
Amma psixoloqun işi zərgər işindən
də çətindir.
Buna görə də bəzən psixoloqları xalq arasında «insan qəlbinin mühəndisləri»
adlandırırlar.
İnam yoxsa dəb?
- Xaricdə kino ulduzlarının və populyar müğənnilərin, eləcə
də varlı insanların şəxsi psixoloqları var. Sizcə
bu inam, yoxsa dəbdir?
- Əgər bu,
xaricdədirsə, əminəm
ki, bu, inamdır. Hələ ki,
bizdə insanlar psixoloqun yanına gələndə bunun sirr qalmasını istəyirlər. Psixoloq «ziyan
vurma», «kömək
et» və «sirri qoru» prinsipləri əsasında işləyir.
Psixoloqun
otağında çözülən
məsələ kənara
çıxa bilməz.
Psixoloq konflikt situasiyanı həll edərkən özü neytral nöqtədə qalmalıdır.
Psixoloq söhbət əsnasında
yardımçı suallarla,
ona müraciət edənin vəziyyətini
aydınlaşdırmalıdır. Çünki ilk söhbət ilk tanışlıq xarakteri
daşıyır. Psixoloqun yanına
insanlar özləri gəlir, psixiatrların yanına isə onları aparırlar.
Psixoloq, müəyyən psixoterapevtik
vasitələrdən istifadə
edərək yardım
edir, psixiatr isə müəyyən dərman preparatlarından
istifadə etməklə
müalicə edir.
- Bu gün təhsil prosesində tələbələr bu elmin daha çox
praktik, yoxsa nəzəri metodlarından
yararlanırlar?
- Bu sahədə son illər universitetlərdə vəziyyətin
necə olduğunu deyə bilmərəm. Əvvəllər pedaqoji universitetlərdə
cəmi bir semestr ümumi psixologiya keçirilirdi.
Bu isə psixologiya sahəsində
ən ağır sahədir. Tələbə bu fənnin
çətin olduğunu
görüb oxumur və yaxud imtahan
verib qiymət almaq üçün oxuyur.
Qeyd edim ki, çalışdığım
Xəzər Universitetinin
tədris proqramını
çox bəyənirəm. İkinci kursdan
təhsil fakültəsində
artıq psixologiya tədris olunur. Bir elm kimi tələbələrin
psixologiya haqqında yetərincə təsəvvürləri
yaranır. Tələbələr
psixologiyanın bütün
metodlarından - psixoloji
müayinə, müşahidə,
müsahibədən istifadə
etməklə təcrübə
keçirlər. Onlar üçün
hər dərs günü bayramdır.
- Rəhbərlik
etdiyiniz Assosiasiyanın
fəaliyyəti barədə
nə deyə bilərsiniz?
- Fəaliyyət göstərdiyimiz
müddət ərzində
heç bir xarici ölkədən qrant almamışıq. Çünki ölkədə xarici donorların həyata keçirdiyi layihələrin öz gözləmələri var. Öz
gücümüzə xalqımıza
xidmət etmək istəyirik. Bu baxımdan,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,
Ombudsman Aparatı, Azərbaycan
Qızıl Aypara Cəmiyyəti, UNİSEF-lə
və digər təşkliatlarla birgə
işləyirik. Məqsədimiz demokratik inkişafda olan ölkəmizə və xalqımıza layiqli xidmət etməkdən ibarətdir.
Təranə MƏHƏRRƏMOVA
Kaspi.- 2011.- 20 iyul.- S.9.