Dram teatrının aktrisası Beşinci Beynəlxalq Yay Teatr Məktəbində iştirak
edib
Akademik Milli Dram Teatrının
aktrisası Şəlalə Şahvələdqızı
Moskvada keçirilən Beşinci Beynəlxalq Yay Teatr Məktəbində
iştirak edib. Layihə Rusiya Federasiyasının (RF) rəhbərliyi
və Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin
dəstəyi ilə həyata keçirilib.
Milli
Dram Teatrının mətbuat katibi Elçin Cəfərovun
verdiyi məlumata görə, RF Teatr Xadimləri
İttifaqının V Beynəlxalq Yay Teatr Məktəbində
iştirak etmək üçün Azərbaycandan iki nəfər
- Akademik Milli Dram Teatrının aktrisası Şəlalə
Quliyeva (Şəlalə Şahvələdqızı) və
“Can as” studiyasından Mahir Cananov (Sumqayıt) dəvət
olunublar. Məktəbin işində Abxaziya, Azərbaycan, Ermənistan,
Belarus, Bolqarıstan, Böyük Britaniya, Macarıstan,
Almaniya, Yunanıstan, İsrail, Qazaxıstan, Kosta-Rika,
Qırğızıstan, Latviya, Monqolustan, Moldova, Portuqaliya,
Rumıniya, Rusiya, ABŞ, Türkmənistan, Özbəkistan,
Ukrayna, Çexiya Respublikası və Estoniyadan 85 gənc
aktyor iştirak edib. Bir ay ərzində iştirakçılar
Moskvanın və Sankt-Peterburqun aparıcı teatr məktəblərinin
tanınmış teatr pedaqoqlarının rəhbərliyi ilə
peşəkarlıq səviyyələrini yüksəldiblər.
Bu il layihənin
fəaliyyətinin 5 ili
tamam olur. Bu müddət ərzində
məktəb dünyanın
38 ölkəsindən 400 aktyor
üçün ikinci
əsl sənət məktəbinə çevrilib.
Ənənəyə uyğun
olaraq bu il də layihə
çərçivəsində Aleksandr Kalyagin, Lev Dodin, Adolf Şariro, Andrey Moquçiy, Sergey Yenovaç, Andrey Xryanovski, Konstantin Boqomolov kimi görkəmli teatr xadimləri ustad dərsləri keçiblər. Layihə çərçivəsində
4 tamaşa (2 dramatik,
1 kukla, 1 plastik) hazırlanıb. Tamaşaların premyeraları Moskvanın Zveniqorod və Serruxov teatr meydanlarında nümayiş
olunub.
Kaspi.- 2011.- 20 iyul.- S.16.