«Qafqaz
Müsəlmanları İdarəsi problemin
həllində şəxsi nümunə göstərə bilmir»
Elşad Miri hesab edir ki, yas mərasimlərindəki
israfçılıq ictimailəşmiş bir problemə
çevrilib
Azərbaycanda yas və toy mərasimlərindəki
israfçılıqla bağlı müzakirələr
intensivləşib. Cəmiyyəti ciddi şəkildə
narahat edən bu məsələ çoxdandır həllini
gözləyir. İctimai tələbatı nəzərə
alan Qafqaz Müsəlmanları İdarəsinin Qazilər
Şurası və Elmi-Dini Şurası yas və toy mərasimlərindəki
israfçılığın qarşısının
alınması üçün vətəndaşlara müraciət
qəbul edib. İdarə gələcəkdə yas və toy
mərasimlərinin müasir dövrə uyğun, dinimizin
şərtlərinə cavab verən, ifratçılıqdan
uzaq formasını tapmağa çalışır. Bu istiqamətdə
vətəndaşların da təkliflərinin nəzərə
alınacağı bildirilib. Yəni Qazilər Şurası bu
istiqamətdə cəmiyyətdən də yardım istəyib.
Dinşünas Elşad Miri də Qafqaz Müsəlmanları
İdarəsinin son təşəbbüslərini
alqışlayır.
- Elşad bəy, Qafqaz Müsəlmanları
İdarəsinin yas və toy mərasimlərindəki
israfçılıqla bağlı vətəndaşlara
müraciətini necə qiymətləndirirsiniz?
- Bu
gec verilmiş olsa da, düzgün qərardır. Bizdə belə
bir misal var ki, zərərin yarısından da qayıtmaq
xeyirlidir. Bu nöqteyi-nəzərdən yanaşsaq son günlər
cərəyan edən prosesləri müsbət qiymətləndirmək
olar. Əslində Qafqaz Müsəlmanları İdarəsi bu
qərarı çoxdan verməli idi. Digər tərəfdən,
vətəndaşlara müraciət etməklə
yanaşı, onlara həm də nümunə olmaq
lazımdır. İnsanlara açıq şəkildə
deyilməlidir ki, islamda yas mərasimi anlayışı yoxdur.
Əgər biz bunu insanlara izah edib başa sala bilsək,
problemlər öz-özünə həll olunacaq. Bunun
üçün isə maarifləndirmə işlərinin
gücləndirilməsinə ehtiyac var. Amma hazırda Qafqaz
Müsəlmanları İdarəsi bu problemin həllində
şəxsi nümunə göstərə bilmir. Məsələn,
bu gün idarənin tabeçiliyində olan Təzəpir Məscidindəki
məclis yerləri ayrı-ayrı fiziki şəxslərə
icarəyə verilib. Həmin fiziki şəxslər də Təzəpirdəki
məclis zallarında təmtəraqlı yas mərasimləri
təşkil edirlər. Təbii ki, fiziki şəxslər bu
mərasimləri öz mənfəətləri naminə təşkil
edirlər. Təzəpirdə belə məclislər olursa,
başqalarından nə tələb edə bilərik? Ona
görə də Qafqaz Müsəlmanları İdarəsi
nümunə kimi ilk addımı özü atmalıdır.
İslamda vacib olan ölünün yuyulması, kəfənlənməsi,
cənazə namazının qılınması və dəfnidir.
Bundan sonrakı proseslərin isə ölüyə heç
bir aidiyyatı yoxdur. Ümumilikdə gecikmiş olsa da, bu məsələnin
gündəmə gətirilməsi çox təqdirəlayiq
haldır.
- Qafqaz Müsəlmanları
İdarəsindəki tədbirdə şeyx
Allahşükür Paşazadə bir neçə dəfə
vurğuladı ki, bu işdə ancaq maarifləndirməyə
üstünlük verilməli, inzibati metodlardan istifadə
olunmamalıdır.
- Mən şeyxin bu fikri ilə razıyam. Sabah hər hansı bir inzibati qadağa olsa deyəcəklər ki, dövlət dinə inzibati yollarla müdaxilə edir. Amma məsələnin digər tərəfi də var. Etiraf etməliyik ki, bu gün toy və yas mərasimləri ilə bağlı israfçılıq artıq ictimailəşmiş bir problemdir. Elə etmək lazımdır ki, bu mərasimlərin keçirilməsi ictimaiyyət nümayəndələrinə zərər verməsin. Hər hansı bir ailədə kiminsə vəfat etməsi çox ağır bir faciədir. Amma bu, heç kimə əsas vermir ki, öz ölüsü üçün məclis keçirmək məqsədilə çadır qurub yüzlərlə digər insanın yolunu kəssin. Bu, dolayısı yolla ictimai asayişin pozulmasıdır. Ona görə də ən müxtəlif yollardan istifadə edib yaranmış vəziyyəti dəyişməliyik. Məncə, biz həm maarifləndirmə işini gücləndirməliyik, həm də yeri gələrsə, inzibati resursları da işə salmalıyıq. Yalnız belə olan halda tezliklə məqsədimizə nail ola bilərik.
- Bu
cür məsələlər gündəmə
gələndə hiss olunur
ki, vətəndaşlarımızın dini maarifləndirmə səviyyəsi çox aşağıdır.
- Bəli,
təəssüf ki, bu, belədir. Bizim insanların dini bilikləri o qədər də zəngin deyil. Amma yas mərasimlərindəki
israfçılığı təkcə bununla da əlaqələndirmək
düzgün deyil. Reallıq budur ki, bizdə yas mərasimləri ilə bağlı yazılmamış qanunlar
mövcuddur. İnsanlar
elə bilirlər ki, indi dəbdə
olan formada yas mərasimi keçirməsələr, qınaq
sahibi olacaqlar. Buna görə də yaxşı olardı ki, problemin həllində
böyük maddi imkanları olan insanlar cəmiyyətə
nümunə olsunlar. Onlar öz yas
mərasimlərini sadə
formada yola versələr, digərlərini
də buna yönəltmək olar.
- Sizcə vətəndaşlarımızın dini savadlarının artırılması üçün
hansı addımlar atılmalıdır?
- Biz yalnız dinin insanlara doğru şəkildə çatdırılmasına
çalışmalıyıq. Bunun üçün isə düzgün və mükəmməl maarifləndirmə sistemi yaratmalıyıq.
- Məsələn,
orta məktəblərdə
dinin tədris edilməsi buna yardımçı ola bilərmi?
- Bu məsələ çoxdandır
gündəmdədir. Bizdəki
yekun fikir belədir ki, Azərbaycan dünyəvi
dövlət olduğundan
ölkədə dünyəvi
tədris sistemi mövcuddur. Bu sistem daxilində isə dinin tədrisi mümkün deyil. Amma xarici təcrübə
bunun əksini deyir. Məsələn, qonşu Türkiyə də dünyəvi dövlətdir. Amma orada orta məktəblərdə
birinci sinifdən yuxarə siniflərədək
«Din kültürü və
əxlaq bilgisi» adlı fənn tədris olunur. Bu, onu göstərir ki, bu cür
fənn bizim orta məktəblərdə
də tədris oluna bilər. Mənim fikrimcə, orta məktəblərdə
dinin tədris olunması gənclərimizin
zərərli dini təriqətlərə, başqa
dinlərə yönəlməsinin
də qarşısını
almağa kömək
edər. Dövlətimiz
bunu nəzərə almalıdır. Uşaqlarımız
kiçik yaşlarından
islam dini, digər dünyəvi dinlər haqqında müfəssəl məlumatlar
almalıdırlar.
- Amma məsələnin başqa
tərəfi də
var. Əgər biz yas
mərasimlərini məhdudlaşdırsaq
sayı heç də az olmayan
mollalar işsiz qalacaqlar.
- Buna görə narahat olmaq lazım deyil. İslamda ümumiyyətlə, molla
anlayışı yoxdur.
Belə anlayış
yoxdursa, mollalıq işi də yoxdur. Bilirsiniz, bu gün Azərbaycanda
mövcud olan dini ierarxiya islamda heç vaxt olmayıb.
- Bu da bir faktdır ki, bu gün
xarici dövlətlər
insanların dini hisslərindən istifadə
edərək öz məqsədlərini reallaşdırmağa
çalışırlar.
- Bəli, bu, faktdır. Mən deyərdim ki, bunu hətta təbii qəbul etmək lazımdır.
Sabah Azərbaycan da çox böyük imkanlara malik dövlət olanda islam dininin yayılması
üçün iş
apara bilər. Bu gün bu məsələ
Azərbaycanın gündəmində
deyilsə, o demək deyil ki, digər
dövlətlər də
belə düşünürlər.
Təbii ki, bəzi böyük dövlətlər öz maraqlarını təmin etmək üçün
din amilindən də istifadə edirlər. Bizim kimi dövlətlər
bu kimi halların
qarşısını almağa
hazır olmalıdırlar.
- Amma belə bir görüntü
var ki, müstəqilliyimizin
ilk illəri ilə müqayisədə bu gün Azərbaycanda missionerlik fəaliyyəti
bir qədər zəifləyib.
- Mən bu fikirlə
razı deyiləm. Diqqət etsək görərik ki, müəyyən dairələr
yenə də əvvəlki kimi Azərbaycanda missionerlik fəaliyyəti ilə məşğuldurlar. Missionerliklə
məşğul olanların
sayının azalması
görüntüsünün yaranması da səbəbsiz deyil. Məsələ burasındadır
ki, son vaxtlar dövlətin bu cür hallara qarşı gördüyü
tədbirlər güclənib.
Yerli qanunvericiliyə görə xarici ölkə vətəndaşlarının
Azərbaycanda missionerlik
fəaliyyəti ilə
məşğul olması
qadağan olunub. Bütün bunları nəzərə alan missionerlər öz işlərini mövcud reallıqlara uyğun qurarlar. Yəni onlar oyun qaydalarını
dəyişiblər. Missionerlik
fəaliyyəti həmişə
olub, bu gün də var, gələcəkdə
də olacaq. Elə bir din yoxdur ki, daha
böyük arealda yayılmaqda maraqlı olmasın.
- Son vaxtlar belə bir fikir
də səsləndirilir
ki, biz müstəqil bir dövlət kimi islam dininin
Azərbaycan modelini yaratmalıyıq. Siz bu fikirlə razısınızmı?
- Elmi cəhətdən yanaşsaq, islamın hansısa bir ölkəyə uyğun modeli ola bilməz.
Amma reallıqları nəzərə alıb islamın əsas prinsiplərini qorumaq şərti ilə milli adət-ənənələrimizi
özündə əks
etdirən model yaratmaq
olar. Biz bunu Azərbaycan modeli kimi təqdim etməməliyik. Sadəcə,
islam prinsiplərinə
zidd olmayan və öz reallıqlarımıza uyğun
olan forma tapmalıyıq.
İlham QULİYEV
Kaspi.- 2011.- 21 iyul.- S. 5.