Sovet
dövründə “Kaspi”nin ilk tədqiqatçısı
Şıxəli
Qurbanov dedi ki, zaman gələcək, xalq bu həqiqətləri
biləcək
...1930-80-ci illər.
Bu illərlə bağlı gördüklərimi,
oxuduqlarımı və eşitdiklərimi düşünəndə
özüm də bilmədən yadıma hələ tələbə
ikən elmi kommunizm kitablarından bizə dönə-dönə
oxutdurulan və əzbərlədilən bir fikir
düşür: “Avropada bir kabus, kommunizm kabusu
dolaşmaqdadır”. Tarixən faciələr, vahimələr
yaradan bu kabus xalqımıza
Moskvanın xeyir-duası ilə
sapı özümüzdən olan baltalar vasitəsilə
1920-ci, 1937-ci və 1990-cı illər faciələrini “bəxş”
etdi. Parçalandıq, şaqqalandıq. Ağa qara–qaraya
ağ, düzə əyri-əyriyə düz deyərək
özümüz-özümüzə, tariximizə qənim kəsildik...
Bu
qanlı faciələrin nəticələri ilə
barışa bilməyənlər arasında daha çox qələm,
söz əhli oldu. Təqiblərə, təhqirlərə,
sürgünlərə məruz qalaraq, “vətən xaini”,
“xalq düşməni” kimi damğalanaraq gedər-gəlməzin
qurbanı oldular. Yazdıqları, yaratdıqları isə
“mürtəce”, “burjua”, “millətçi” adı ilə
damğalandı...
Müstəmləkəçilik
və böyük dövlətçilik siyasətini yeridən
Çar Rus hökuməti bir müddət Azərbaycanda ana
dilli mətbuatın fəaliyyətinə qadağa qoydu. Belə
olduqda qələm əhlimiz üz tutdu rus dilli mətbuata. Belə
mətbuat orqanlarından biri də 1881-1919-cu illər ərzində
fəaliyyətdə olan “Kaspi” qəzetidir. “Kaspi” rus dilli qəzet
olmasına baxmayaraq milli intibah və istiqlal hərəkatımızın
təlatümlü dövründə Azərbaycan jurnalist və
publisistlərinin yetişməsində mühüm rol
oynadı. Azərbaycanlı qələm əhli məhz bu qəzetin
vasitəsilə arzusunu, etirazını böyük cəmiyyətin
diqqətinə çatdırmaq imkanı əldə etdi.
Sovet
dövründə neçə-neçə “akademik”imizin,
“professor”muzun “burjua qəzeti” deyərək geninə-boluna
qamçıladığı bir zamanda “Kaspi” və onun Azərbaycan
mədəniyyətinin, mətbuatının inkişafında
rolu haqqında ilk dəfə fikir söylənildi.
Bu
ilk və cəsarətli addımı BDU-nun Filologiya fakültəsini
yenicə bitirib N.Gəncəvi adına Azərbaycan Ədəbiyyatı muzeyində işə başlayan gənc
bir qız atdı.
Kiçik tanışlıq. Movlayeva Səmayə Ələkbər qızı. 1934-cü ildə Bakı şəhərində hərbi jurnalist Ələkbər kişinin ailəsində dünyaya göz açıb. Orta məktəbi gümüş medalla bitirərək, 1953-cü ildə BDU-nun Filologiya fakültəsinə daxil olub. 1957-ci ildə zamanın “böyük fənni” olan Elmi kommunizmdən dörd aldığı üçün universiteti qırmızı diplomla deyil, adi diplomla qurtarır. Həmin ildən bu günə kimi N. Gəncəvi adına Azərbaycan Ədəbiyyatı muzeyində işləyir. Bu illər ərzində muzeydə izahatçı, kiçik elmi işçi, böyük elmi işçi, elmi katib və şöbə müdiri vəzifələrində çalışıb.
60-dan çox elmi-publisistik məqalələrin
və “Azərbaycan mədəniyyətinin “Kaspi” qəzetində
təbliği” adlı monoqrafiyanın müəllifidir.
İki qızı, iki nəvəsi var. 2010-cu ildə muzeyin 70
illik yubileyi ilə əlaqədar
Azərbaycan Respublikası Prezidentinin “Tərəqqi”
medalı ilə təltif olunub. Mətbuatımızın
görkəmli tədqiqatçısı, professor Alxan
Bayramoğlunun köməkliyi ilə Səmayə xanımla Ədəbiyyat
muzeyində görüşdüm. Əsl alim təmkini,
ziyalı müdrikliyi sanki onun qanına-canına hopub. O,
söhbətə xalqımızın tarixində və
taleyində silinməz iz qoyan, milli azadlığı
uğrunda son ana kimi mübarizə aparan Ə. M.
topçubaşov, Ə.Hüseynzadə, Ə.Ağaoğlu
ilə başladı.
“Qızım,
onlar təpədən-dırnağa, bütün
varlığı ilə xalqa bağlı ziyalılar idi. Onları
yalnız bir amal, bir məqsəd, xalqının
azadlığı və xoşbəxtliyi
düşündürürdü. Bu amal uğrunda da hər
şeylərindən keçərək, ömürlərinin
sonuna kimi mübarizə etdilər. Xalqını maarifləndirmək,
onun hüquqlarını qorumaq, mədəni səviyyəsini
inkişaf etdirmək üçün hər vasitəyə əl
atdılar. Mən “Kaspi”ini oxuduqca dönə-dönə bunun
şahidi oldum.
-Səmayə xanım axı,
1960-70-ci illər hələ də “Kaspi” tədqiqatçı
alimlərimiz tərəfindən “burju mətbuatı”
adlandırılırdı. Belə bir vaxtda necə oldu ki, bu
mövzuya müraciət etdiniz?
-Doğrudur.
O illər “Həyat”a, “İrşad”a, “Füyuzat”a,
“Açıq söz”ə, o cümlədən “Kaspi”ə də
münasibət çox pis idi. Bu mətbuat orqanları və
onların yazarları tədqiqatçılarımız tərəfindən təhqir, tənqid
edilirdilər. Amma bizim xalqın xoşbəxtliyi ondadır ki,
ən çətin, ən amansız dövrlərdə belə
xalqının gələcəyini düşünən, onun
mənəvi dəyərlərini, adət-ənənəsini
yaşatmaq istəyən oğulları da olub. Belə
insanlardan biri də Şıxəli Qurbanov idi. Bu mövzunu da
o mənə təklif etdi. Mən təhsilimi rus dilində
aldığım üçün dili yaxşı bilirdim. Bir
gün Şıxəli müəllim məni yanına
çağıraraq dedi: “Səmayə xanım, “Kaspi”də
bizim böyük qələm və əqidə sahiblərimiz
çalışıb. Onların fəaliyyətini gələcək
nəsillərə çatdırmaq lazımdır. Bilirsən
ki, indi onlara münasibət tam başqadır. Ona görə
də sən “Kaspi”də Azərbaycan mədəniyyətinin və
ədəbiyyatının inkişafını üzə
çıxarmaq adı ilə onların fəaliyyətini,
amalını, məqsədini öyrənməlisən. Zaman
gələcək, xalq bu həqiqətləri biləcək”.
Beləliklə,
Şıxəli müəllimin köməyi ilə mövzu
çox çətinliklə Azərbaycan Milli Elmlər
Akademiyasında təsdiq olundu və görkəmli alim,
akademik Əziz Mirəhmədov elmi rəhbər təyin
edildi.
- Əziz
müəllimin onlara münasibəti necə idi?
- Çox yaxşı. Amma zaman başqa idi. Rəhmətlik Əziz müəllim mənə həmişə deyərdi ki; “Qızım, biz klassiklərimizə
qarşı haqsızlıq etdiyimizə görə peşman
olacağıq və zaman gələcək bunu etiraf edəcəyik.
Doğrudan da belə oldu. O, sonralar bu etirafı mətbuat vasitəsilə
bütün xalqının qarşısında etdi. Bu böyük
işdir. Çoxları hələ bu günə kimi də
etiraf etmək fikrində deyil. Hətta Əziz müəllim
ömrünün son illərində daha gərgin işləyərək
deyirdi; “Mənə belə gəlir ki, əsl elmlə
yalnız son illər məşğul olmuşam. Taledən
çox razıyam ki, mənə bu günlərə qədər
yaşamaq imkanı vermişdir...”.
- Səhv
etmirəmsə sizin də monoqrafiyanız da dövrün
abu-havasına uyğunluqlar hiss olunur...
- Tamamilə
haqlısınız. Burada yenə də Əziz müəllimin
fikrinə istinad etmək istərdim. “Biz klassiklərimizi tənqid
edirik, bilə-bilə ki, bunun üçün heç bir əsasımız
yoxdur”. Unutmayaq ki, biz hansı şəraitdə
yaşamışıq və işləmişik.
Başımız üstündə Demokl qılıncı
vardı. Respublikanın Baş Mətbuat idarəsi yalnız
hakim kommunist partiyasının siyasətini həyata
keçirməyi tələb edirdi.
Səmayə
xanım amma etiraf edək ki, bəzən
ifratçılığa daha çox yol verilib. Mən bu günlərdə “Kaspi” ilə bağlı bir
neçə kitabxanada, arxivdə oldum. M.F.Axundov adına mərkəzi
kitabxanada sifariş verib gözləyirdim. Qonşu masada bir
jurnal gözümə dəydi. Vaxtı keçirmək
üçün götürüb vərəqlədim. 1970-ci
ildə çap olunan elmi jurnallardan biri idi. Mündəricata
baxdım. 113 səhifədən 84-ü Leninə həsr
olunub. Müəlliflərə diqqət yetirdim. M.Arif “Lenin və
ədəbiyyatşünaslığın bəzi məsələləri”,
M.Cəfər “Klassiklərə münasibəti Lenindən
öyrənək”, Q.Xəlilov “Sənətdə
partiyalılığa dair Lenin təlimi”, (rəhmətlik Qulu
müəllim mənə universitetdə dərs dediyi
üçün onu çox yaxşı
tanıyırdım. Baxmayaraq
ki, Qulu müəllim bu hakim partiyaya qarşı secilirdi, amma
onun bu haqda yazdığı yazı bunun əksini deyirdi). “Q.S.Əlibəyova “Lenin bədiilik
haqqında”, Q.Qasımzadə “Dostluq səhifələri”,
M.İ.Məmmədov “Rəsul Rzanın “Lenin”
poemasının bəzi üslub xüsusiyyətləri”, Ə.B.Salamzadə
“Mədəni irs haqqında Lenin təlimi və Azərbaycan
memarlığı abidələrinin qorunması”, M.Nəcəfov
“Azərbaycan təsviri sənətində Lenin surəti”. Məncə
şərhə ehtiyac yoxdur...
- Nə
isə qayıdaq yenə “Kaspi”yə. Yəqin ki, tədqiqat
zamanı çətinlikləriniz
də olub. Müntəzəm olaraq 38 il fəaliyyətdə
olan qəzeti araşdırmaq çox vaxt və səbir tələb
edən bir işdir.
- Əlbəttə.
Mövzu ilə bağlı mən yalnız Bakıda deyil bir
müddət Sankt-Peterbruqun mərkəzi kitabxanasında və
Moskvada (o zaman Lenin adına idi)
kitabxanada araşdırmalar apardım. Qəzetin
çapa başladığı 1881-ci iyul sayından, 1919-cu
ilin 1 aprel sonuncu sayına kimi hamısı ilə hər iki
kitabxanada tanış oldum. Araşdırmalar zamanı mənə
aydın oldu ki, Ə.M.Topçubaşovun, M.Şahtaxtlının,
H.Zərdabinin, Ə.Hüseynzadənin və Ə.Ağaoğlunun redaktorluğu zamanı qəzet
milli ziyalıları ətrafına toplayaraq milli
düşüncəli mətbuat orqanına çevrilib. Bu
ziyalılar 20-ci yüzilliyin ilk illərində Azərbaycanda
yeniləşmə hərəkatının önündə
gedərək hər vasitə ilə xalqı maarifə,
yeniliyə, azadlığa səsləyirdilər. Mən
bütün bunları öyrəndikcə dəhşətə
gəlirdim ki, belə insanları neçə “xalq
düşməni” adlandırmaq olar? Amma çox təəssüflər
ki, o zaman çoxlarının zehnində, fikrində bu
yanlışlıq dərin kök salmışdır. Bunu mən
müdafiə zamanı da hiss etdim. 1971-ci ildə AMEA-da “Kaspi”
qəzetində ədəbiyyat məsəlləri”
mövzusunda namizədlik dissertasiyası müdafiə etdim.
Çox gərgin bir müdafiə keçdi. Lakin Əziz
müəllim çox rahat idi. Gözləri
gülürdü. Dili ilə deyə bilmədiklərini sanki
gözləri deyirdi. Bunun səbəbini mən çox
sonralar anladım. Müdafiə zamanı mətbuatın
tanınmış tədqiqatçısı, görkəmli
alim Ş.Hüseynov çıxış edərək işi
yüksək qiymətləndirdi və təklif elədi ki;
“müəllifə iki fəxri ad həm tarix, həm də
filologiya elmləri namizədi adı verilsin”. Respublikanın
bir çox görkəmli alimləri də müdafiə
haqqında öz xoş sözlərini və qiymətli fikirlərini
bildirdilər. Lakin sonradan Bakıdan Moskvaya bu işlə
bağlı anonim məktublarda getmişdir. Ona görə mən
təsdiqimi bir az gec aldım. (O, zaman elmi işlər təsdiq
olmaq üçün Moskvaya
göndərilirdi).
Səmayə
xanım bu sözləri deyərkən hiss olundu ki, səsi
titrədi, gözləri doldu.
Aradan uzun illər keçməsinə baxmayaraq bu
ağrı hələ də onun qəlbini
sızladır...
Özüm
də hiss etmədən dedim: “Görəsən niyə biz bu
qədər özümüz-özümüzə qənim kəsilmişik?”.
Qərənfil Dünyamin qızı
BDU- nun mətbuat tarixi
və ideoloji iş metodları
kafedrasının müəllimi,
filologiya elmləri namizədi
Kaspi.- 2011.- 21 iyul.- S.9.