“Gözləntilərimiz
böyükdür”
Şahin İsmayılov «Azərbaycan
gəncliyi 2011-2015-ci illərdə» Dövlət
Proqramının real nəticələrinin qısa müddətdə
hiss olunacağına inanır
Məlum olduğu kimi, prezident İlham Əliyev
«Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət
Proqramının təsdiq edilməsi haqqında sərəncam
imzalayıb. Dövlət Proqramı üzrə həyata
keçiriləcək tədbirlərin icrasını Gənclər
və İdman Nazirliyi
əlaqələndirəcək. Həmin məqsədlə Gənclər
və İdman Nazirliyi
tərəfindən aidiyyəti dövlət
orqanlarının və ictimai təşkilatların
nümayəndələri cəlb Əlaqələndirmə
Şurası yaradılacaq. Gənclər və İdman Nazirliyi Dövlət
Proqramının həyata keçirilməsinə aidiyyəti
beynəlxalq və qeyri-hökumət təşkilatlarının,
elmi tədqiqat müəssisələrinin
və yaradıcılıq ittifaqlarının cəlb olunmasını
təmin etməlidir.
Dövlət Proqramında regionlarda gənclərin intellektual klublarının yaradılması, gənclərin daha geniş kütləsinin intellektual fəaliyyətə cəlb edilməsi, asudə vaxtın səmərəli təşkil olunması də nəzərdə tutulub. Eyni zamanda, Azərbaycanın “online fikir bankı”nın yaradılması, informasiya texnologiyaları vasitəsilə gənclər arasında innovativ düşüncənin təşviq edilməsi də proqrama daxil edilib. Eyni zamanda cəzaçəkmə müəssisələrindən azad olan gənclərin reabilitasiyası məqsədilə tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulub. Sənəddə əvvəllər məhkum olunmuş gənclərin cəmiyyətə inteqrasiyasının təmin edilməsinə isə xüsusi diqqət ayrılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, tələbələrin elmi, mədəni fəaliyyətinin dəstəklənməsi və sosial müdafiəsi, “Azərbaycan tələbə kartı”nın tətbiq edilməsi və gənclərin vahid beynəlxalq güzəştli kartlar sisteminə qoşulmasına şərait yaradılması təhsil alan gənclərə sosial dəstəyin artırılması da ora daxildir. Proqrama tələbə yataqxanaları sisteminin təkmilləşdirilməsi, tələbələrin sosial-məişət problemlərinin həll edilməsi də daxildir.
Bununla bağlı
suallarımızı Azərbaycan Tələbə Gənclər
Təşkilatları İttifaqı (ATGTİ) sədri Şahin İsmayılova ünvanladıq.
- Şahin müəllim, ölkə
prezidenti tərəfindən təsdiqlənmiş Dövlət
Proqramında nəzərdə tutulan məsələlər gənclərin
gözləntilərinə cavab verirmi?
- Əlbəttə
ki, Dövlət Proqramında nəzərdə tutulan məsələlər
əvvəlcədən müzakirə olunan mövzuları əhatə
edir. Proqramın hazırlanması ilə
bağlı keçirilən forumlarda bizim təşkilat tələbələrin
problemlərini qabardırdı. Biz tələbələrin
sosial vəziyyətinin
yaxşılaşdırılması, digər problemlərin həll
edilməsi ilə bağlı güzəştlərin nəzərdə
tutulmasını istəyirdik. Əgər bu gün biz
təsdiqlənmiş Dövlət Proqramına diqqət yetirəriksə,
burada bizim təkliflərimizin
nəzərə alındığını görərik. Hətta mən deyərdim ki,
indiyədək bizdə heç bir dövlət proqrammı bu qədər müzakirədən sonra qəbul olunmamışdı. Bilirsiniz ki, proqram qəbul olunmamışdan öncə bizim gənclər təşkilatlarının
təmsilçilərinin cənab prezidentlə görüşü oldu.
Sonra müvafiq
dövlət qurumlarının, partnyor təşkilatların
iştirakı ilə birgə müzakirələr keçirdik. Bu müzakirələr
zamanı bütün istək və arzularımızı
ifadə etdik. Sevindirici
haldır ki, imzalanmış proqram çox konkret xarakter
daşıyır. Bölmələr üzrə nəzərdə
tutulan tədbirlərə hansı
dövlət qurumlarının məsul olduğu
dəqiq şəkildə göstərilib. Nəzərdə tutulan işlərin hansı tarixdə həyata
keçiriləcəyi də dəqiqləşdirilib. Bütün bunlar onu deməyə əsas verir
ki, bu dövlət
proqramı kifayət qədər praktik olacaq. Proqramda nəzərdə
tutulan işlərin həyata keçirilməsi
üçün xüsusi
Əlaqələndirmə Şurasının
yaradılması da nəzərdə tutulur. Düşünürük
ki, bu proqramın
icrasından sonra – 2015-ci ildə Azərbaycan
gəncliyi öz inkişafının yeni bir mərhələsinə
qədəm qoyacaq. Həmin dövrdə
Azərbaycan gəncliyi indikindən də gözəl simada təqdim olunacaq. Mənim
fikrimcə, bu proqram gəncliyimizin
inkişafına təkan verəcək.
- Gənclər təşkilatları
bu proqramın imzalanmasını necə qiymətləndirirlər?
- Səmimi
şəkildə deyim ki, hələ ölkə prezidenti bu
proqramın hazırlanması ilə bağlı sərəncam
verdiyi andan bu qərar çox böyük əks-səda
doğurdu. Gənclər təşkilatları prezidentin təşəbbüsünü çox böyük ruh yüksəkliyi ilə qəbul etdilər. Dərhal müzakirələr başlandı,
çoxsaylı təkliflər irəli sürüldü.
Proqramın imzalanması da böyük ruh yüksəkliyi
ilə qarşılandı. Sosial şəbəkələrdəki
müzakirələri izləməklə gənclərin bu proqrammı necə böyük
ümidlə qarşıladığını görmək
mümkündür. Gənclər təşkilatları
da imzalanmış Dövlət
Proqramından razı qaldılar. Hansı sahədə
çalışmasından asılı olmayaraq
hər bir gənc bu proqramdan müəyyən bir
stimul aldı. Bu dəqiqə
də proqram ətrafında çox qızğın müzakirələr
getməkdədir. Proqram imzalandıqdan sonra biz gənclər
arasında rəy sorğusu da keçirdik. Sorğunun nəticələrinə əsasən,
əminliklə demək olar ki, gənclərimiz imzalanmış sənədi
çox böyük ruh yüksəkliyi ilə
qarşılayıblar. Gənclər xüsusi ilə də onların sosial vəziyyətinin
yaxşılaşdırılmasına yönəlmiş, yataqxana probleminin həlli,
gənc ailələrə dəstək, məşğulluq problemi və digər məsələlərlə
bağlı proqramda nəzərdə tutulan işləri yüksək qiymətləndiriblər. İndi bizim istədiyimiz odur ki, bu
proqram həqiqətən də real nəticələrini versin
və ölkə gəncləri onun həyata
keçirilməsində yaxından iştirak
etsinlər. Çünki Dövlət
Proqramına diqqət yetirsək, orada nəzərdə
tutulan işlərin bir
qismi məhz gənclərin özləri
tərəfindən həyata keçirilməlidir. Yəni bizim bu proqramla bağlı
gözləntilərimiz böyükdür.
- Proqramla bağlı müzakirələr
getdiyi ərəfədə gündəmə gətirilən əsas
məsələlərdən biri də gənclərin mənzil
şəraitinin yaxşılaşdırılmasına dəstək
idi. Bunun üçün
güzəştli ipoteka kreditlərinin
şərtlərinin daha da
yüngülləşdirilməsi təklif olunurdu.
Amma Dövlət Proqramında bununla bağlı müddəalara rast gəlinmir.
- Bəli, doğrudan da müzakirələr zamanı gənclərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin görülməsinə ehtiyac olduğu vurğulandı. Bizim gənclər təşkilatları rəhbərlərinin cənab prezidentlə görüşündə də bu məsələ gündəmə gəldi. Orada qeyd olundu ki, ipoteka kreditləri ilə bağlı dünyada müxtəlif təcrübələr var. O vaxt tapşırıq verildi ki, bununla bağlı qısa müddət ərzində təkliflər hazırlanıb təqdim olunsun. Artıq bununla bağlı müzakirələr başlayıb. Hazırda ipoteka kreditləri 35 min manat həcmində verilirsə, gələcəkdə bunun 50 min manata çatdırılması nəzərdə tutulur. Bundan əlavə, kreditlər üçün nəzərdə tutulan faiz dərəcələri də böyük ehtimalla aşağı salınacaq. Proqramda bu məsələ əksini tapmasa da ölkə rəhbərliyi səviyyəsində bu barədə tapşırıq verilib. Yəqin ki, ən münasib dünya təcrübəsi seçiləcək və buna müvafiq qərar qəbul olunacaq. Mən ümid edirəm ki, son nəticədə ipoteka kreditləri ilə bağlı biz gənclərin gözləntilərinə uyğun standartlar müəyyənləşdiriləcək.
- Biz
bu proqramın real nəticələrini
gənclərin həyatında nə vaxt hiss edə biləcəyik?
-
Dövlət Proqramına diqqət yetirsək, orada nəzərdə
tutulan işlərin bəzilərinin icrası elə 2011-ci
ildən başlamalıdır. Düşünürəm
ki, biz ən qısa
müddətdə bu istiqamətdə həyata
keçirilən işlərin şahidi
olacağıq. Buna heç
bir şübhə olmamalıdır. Çünki ortada çox böyük siyasi iradə, dəqiq tədbirlər
planı, kifayət qədər maddi resurs var. Allaha şükür
ölkəmizin iqtisadi vəziyyəti
Dövlət Proqramında nəzərdə tutulan
işlərin həyata keçirilməsinə imkan verir. İnanıram ki, müvafiq dövlət
qurumları da proqramın həyata
keçirilməsinə ən yüksək səviyyədə
dəstək verəcəklər. Bütün
bunları reallaşdıra bilsək, qarşıdakı aylarda gənclərimiz proqramın real nəticələrini öz
həyatlarında hiss etməyə başlayacaqlar.
İlham QULİYEV
Kaspi.- 2011.- 22 iyul.- S.8.