“Bu
gün zamana uyğun mətbuatımız var”
Azərbaycan
jurnalistikasında saç ağardan
həmkarımız Yusif Kərimov mətbuatımızın
bugünkü durumundan
razıdır
Milli mətbuatımız 136 illik bayramını qeyd edir. Bu ərəfədə keçilən yola nəzər salınır, əldə olunan nailiyyətlər, yol verilən qüsurlar bir daha gözdən keçirilir, gələcəklə bağlı planlar qurulur. Mətbuatımızın bugünü və gələcəyi ilə bağlı təcrübəli jurnalistlərimizin də fikirlərinə ehtiyac var. Bu mənada uzun illərdir Azərbaycan jurnalistikasında çalışan, bu işdə saç ağardan həmkarımız, vaxtilə məşhur "Azərbaycan gəncləri" qəzetinin baş redaktoru olmuş əməkdar jurnalist Yusif Kərimova müraciət etdik.
- Yusif müəllim, təcrübəli
bir jurnalist kimi mətbuatımızın bugünkü durumunu
necə qiymətləndirirsiniz?
- Mən mətbuatımızın bugünkü durumunu yaxşı qiymətləndirirəm. Demək olar ki, mətbuatımız zamanla ayaqlaşa bilir. Müstəqil dövlətimizin cəmi 20 yaşı var. Onun da 10 ilini aclıq və məhrumiyyətlərlə mübarizəyə sərf etmişik. İndi-indi inkişaf yoluna çıxıb medianın tərəqqisi haqqında fikirləşmək imkanı əldə edirik. Mən deyərdim ki, bu gün zamana uyğun mətbuatımız var. Biz yeni ictimai quruluşda yaşayırıq. Müstəqilliyin ilk illərində çox qarışıq dövr idi. 90-cı illərin mətbuatının vəziyyəti çox acınacaqlı idi. 2001-ci ildən sonra vəziyyət xeyli dəyişdi. Müstəqilliyin ilk illərində yalnız hədyan, şər-böhtan yazan müxalifət mətbuatı da bu gün reallıqları dərk etməyə başlayıb. İndi onlar xeyli yumşalıblar. Bir çox hallarda əldə olunan uğurları görməməzliyə vura bilmirlər. Amma müstəqilliyin ilk illərində müxalifət mətbuatında bir ənənə var idi ki, yaxşını görməyib, ancaq pisdən yazırdılar. Hər şeyi qara rəngdə təqdim edirdilər. Bu gün isə ümumilikdə jurnalistikamız inkişaf yolundadır. Mən nikbin adamam, hesab edirəm ki, jurnalistikamız yaxşılığa doğru gedir. yaxın vaxtlarda biz tamamilə dünya standartlarına uyğunlaşacağıq.
-
Yaradıcılıq baxımından bugünkü
jurnalistikaya münasibətiniz necədir?
- Diqqət yetirsək yaxşı qələmi olan insanlarımız çoxalıb. Sovet dövründə biz bir növ qəfəsdə idik. Xüsusilə də azərbaycandilli jurnalistikaya münasibət belə idi. Azadlığa qovuşandan sonra isə jurnalistikamızda bir növ püskürmə baş verdi. Yaxşı yazarlar peyda oldu. Özü də Azərbaycanda bu, daha qabarıq hiss olundu. Həmin vaxtlar bizdə torpaq problemi meydana gəldi. Torpağımız əldən gedirdi. Bu mübarizədə jurnalistlərimizin qələmi də böyük rol oynadı. Yazanlarımız həddindən artıq çox idi. Amma zaman keçdikcə mövzular da dəyişdi. Düzdür, Qarabağ mövzusu bu gün də bizim üçün əsas mövzulardandır. Amma bununla yanaşı digər mövzulara da çox diqqət yetiririk. İndi jurnalistikamız iqtisadiyyatımıza, incəsənətimizə, mədəniyyətimizə də daha çox diqqət ayırmağa başlayıb. Təbii ki, biz mətbuat olaraq bunları daha çox reklam etməliyik. Son vaxtlar internet jurnalistikası xeyli önə çıxıb. Hesab edirəm ki, Azərbaycan jurnalistikası da bunu diqqətdən qaçırmamalıdır. Amma jurnalistika təkcə xəbər demək deyil, jurnalistikada analitik mövzulara, adət-ənənələrimizin təbliğinə də diqqət yetirilməlidir.
- Dövlətin
mətbuata dəstəyini necə qiymətləndirirsiniz?
- Son vaxtlar dövlətimiz mətbuata dəstək istiqamətində böyük addımlar atır. Sevindirici haldır ki, mətbuatın da buna adekvat reaksiyası var. Bizdə belə bir misal var. Deyir say məni, sayım səni. Dövlət mətbuatı sayanda mətbuat da dəyər verildiyini görəndə daha nümunəvi olmağa, dəyişməyə çalışır.
- Mətbuatımızın
problemləri kimi nələri göstərərdiniz?
- Bu mənada reket jurnalistikasını qeyd edərdim. Sevindirici haldır ki,
bu gün artıq mətbuatımızın
bu bəlasına qarşı da ciddi mübarizə başlayıb. Mətbuat şurası
tərəfindən belə
bir mexanizm yaradılıb ki, reket qəzetlər ictimai qınağa məruz qalır və onların islahına çalışılır.
Bu gün elə
bir vəziyyət yaranıb ki, reket qəzetlər məhkəmələrdən çox
Mətbuat Şurasının
qınağından qorxurlar.
Jurnalistikamızda bu problemin yaranmasının obyektiv səbəbləri var idi. bir
vaxtlar özünə
iş yeri tapmayan, dolanışığını
təmin edə bilməyən təsadüfi
insanlar jurnalistikaya ayaq açmışdılar.
Bir vaxtlar onlar mətbuatımızı
bir növ alaq otları kimi korladılar. Amma get-gedə mətbuatımızı
onlardan təmizləyirik.
Digər
bir problem kimi mətbuatımızda ixtisaslaşmanın
hələ tam getməməsini
qeyd edə bilərik. Son vaxtlar qəzetlərimizdə
köşə yazıları
artıb. Amma köşə
yazarlarının konkret
mövzuları yoxdur.
Onlar hər şeydən yazırlar. Jurnalist üçün isə hər şeydən yazmaq çox çətindir.
Buna görə də ixtisaslaşma getməlidir. Jurnalist yazdığı
sahəni daha dərindən öyrənməlidir.
Məsələn, mən son vaxtlar
aviasiya ilə bağlı yazılar yazıram. İş prosesində görürəm
ki, milli aviasiyamızın terminologiyasının
formalaşdırılmasına, bu sahədə hansı formada yazılmasına diqqət
yetirmək lazımdır.
Biz həmişə bu mövzulara rus dilindən tərcümə ilə yanaşmışıq. Amma indi
özümüzün milli
aviasiyamız var. Bütün
bunlar nəzərə
alınmalıdır.
Bundan başqa,
mətbuatımızın dili
ilə bağlı da problemlərimiz qalmaqdadır. Bu yaxınlarda
Mətbuat Şurasında
bu problemlə bağlı geniş müzakirələr keçirildi.
Həmin
müzakirələrdə mətbuatımızın
dili ilə bağlı kifayət qədər tənqidi fikirlər səsləndirildi.
Gərək Azərbaycan dilinin
təmizliyini biz ilk növbədə
mətbuatımızda qoruyaq.
Bu sahədə isə hələlik qüsurlarımız çoxdur.
Bu yerdə bir
şeyi vurğulamaq istərdim ki, «Kaspi» qəzetində dilimizin saflığının
qorunmasına xüsusi
diqqət yetirilir.
Mən xeyli müddət bu qəzetin yazarı olduğundan bunu müşahidə etmişəm. Amma digər
qəzetlərdə dilimizi
korlayan zərərli elementlər müşahidə
olunmaqdadır.
- Yusif müəllim, ümumilikdə
mətbuatımız bugünkü
müstəqillik illərində
öz üzərinə
düşən yükü
qaldıra bilirmi?
- Məncə bu gün mətbuatımızın
yükü çox ağırdır. Bu yükü qaldırmaq üçün isə güc lazımdır.
Amma təəssüf ki, hələlik mətbuatımızın
gücü bu yükə müvafiq deyil. mətbuatımızın
maddi, kadr baxımından bu yükü qaldırmaqda problemləri var. Sevindirici
odur ki, istiqamət yaxşıdır.
Hamı çalışır ki,
mətbuata dəstək
olsun. Bu gün diqqət yetirsək mətbuat həm dövlətin, həm prezidentin diqqət mərkəzindədir,
qayğısı ilə
əhatə olunub.
dövlət mətbuata dəstək olanda mətbuat da mütləq bunu nəzərə alır. Amma hələ bunun üçün çox iş görülməlidir.
- Təcrübəli
bir jurnalist kimi mətbuatımızın
gələcəyini necə
görürsünüz? 15-20
ildən sonra mətbuatımız haqqında
daha ürəkli danışa biləcəyikmi?
- Mənə elə gəlir ki, bunun üçün 15 il çoxdur.
Biz mətbuatımızın
mövcud problemlərini
daha sürətlə
həll edəcəyik.
Ölkəmiz inkişaf etdikcə
mətbuatımız da
inkişaf edəcək.
Zaman özü hər şeyi ələkdən keçirəcək. Hesab edirəm
ki, 10 ildən sonra Azərbaycan mətbuatı haqqında daha ürəkli danışa biləcəyik.
Həmin
müddətə qədər
mətbuat orqanlarımız
öz maliyyə müstəqilliklərini təmin
edəcəklər. Bu
sirr deyil ki, mətbuat kimdənsə asılı
olmayanda daha müstəqil olur. Hesab edirəm ki, qısa müddətdə
bu problemi də həll edəcəyik.
İlham QULİYEV
Kaspi.- 2011.- 23-25 iyul.- S. 5.