Folknerin
vaxtsız gəlişi
1. Sabah…
İş vaxtının bitməsinə yeddi dəqiqə qalmışdı.
Eynəkli oğlan tərs kimi məhz bu vaxt yenə də peyda oldu. Onun qapını bircə dəfə tıqqıldadıb özünün də açmasından tutub istəyəcəyi kitaba qədər hər şey adamın əsəblərini qıcıqlandırırdı və əlbəttə ki, yenə də elə bir kitab istədi ki, vaxtımın beş dəqiqəsi fonda gedib onu tapmağa sərf olundu, qalan iki dəqiqəni də kitabı oğlanın anketinə yazıb qol çəkdirdim.
Hə,
saat altı tamam oldu.
İndi
görüm nə deyəcəkdi.
Mən
artıq elektrik plitəsini cərəyandan ayırıb
çantama əl atmışdım ki…
- Bir də
Folknerdən bir şey gətirin, – dedi.
- Sabah.
Folknerdən bir şey sabah olacaq. İndi isə iş
vaxtı bitib.
- Axı
mən tələbəyəm, mənə xidmət eləməlisiniz.
- Başa
düşmürsünüz? Dedim ki, iş vaxtı bitib.
- Mənim
hüququm var, – o, son bir ümidlə ən adi bir məmləkətin
ən adi bir əyalətinin ən adi bir universitetinin ən
adi bir elmi kitabxanasının ən adi bir abonement
işçisindən özünün ən adi tələbə
hüquqlarına hörmət tələb etməyində idi.
- Mənim
də hüququm var, – mən onun son ümidini də
özümün hüquqlarım altında sıxıb
darmadağın etməkdən çəkinmədim və
çantamı götürüb paltomu da geyindim. Arakəsməni
qaldırıb onunla üz-üzə dayandım. Bu qədər
soyuq və alaqaranlıq bir vaxtda gözlərindən
çıxarmadığı tünd qəhvəyi gün eynəklərinin
arxasından baxışlarının qəzəbini hiss etməyə
bilmədim. O, elə bilirdi ki, dünyanın ən ideal gənci
və ən ağıllı tələbəsidir. Elə buna
görə də mən onun qarşısında dimdik
dayanıb hər bir zaman əmrlərinə müntəzir
olmalıyam. Çıxdığı kasıb ailənin təhsil
haqqı ilə bağlı problemlərinin də, həmişə
hazır olduğu imtahan və zaçotlardan kəsilməsinin
də, ölkənin təhsil sistemindəki bütün
naqisliklərin də, təhsil islahatlarındakı ən
uğursuz layihənin də, lap elə onun vurulduğu
qızın birinci kursun ilk Yeni il şənliyində ilk dəfə
paytaxtdan gələn bir tələbəylə qol-boyun olub
aram rəqs etməsinin də, ikinci semestr
başlayar-başlamaz uzun ətəklərini dar cins
şalvara dəyişməsinin də, birdəncə peyda
olmuş mobil telefonunun bu oğlanın telefonundan daha bahalı
olmasının da acığını məhz məndən
çıxmalıdır.
-
Qalırsan burda? –mən artıq hövsələsizcə “sən”
müraciətinə keçərək arakəsməylə
onun arasında sıxılacağam az qala, – çıx daa..
- Mən
kitab istəyirəm, – o, sakitcə qəhvəyi gün eynəklərinin
arxasından məni sındırmaq cəhdinə davam edir.
- Qulaq as.
Bilirəm ki, sənə təcili Folkner lazım deyil. Qrup
yoldaşların bir nəfər kimi Tolstoyu alırdılar. Əgər
öz marağın üçün bu dəqiqə
lazımdırsa, get Mərkəzi Kitabxanadan al, ora
açıq olmalıdır. Mənimsə öz işlərim
var, evə tələsirəm. Sabah gəl apar.
- Sabah?
Sabahla bu günün nə fərqi var ki? Sabah da elə bu
gündür. Bunu Folkner deyib, bilmirsiniz? Mən
çıxmayacam burdan kitab verməsəniz.
- Lənət
şeytana! Oğlan, fond bağlıdır artıq. Başa
düşmürsən?
- Yox.
-
Yaxşı…- mən çölə çıxıb qapını
onun üstünə örtdüm və açarladım. O,
içəridə deyinməyə və qapını təpikləməyə
başladı. Ümumi qapıda məni gözləyən
iş yoldaşlarım yığışdılar.
İşin nə yerdə olmasını bilincə
gülüşdülər və bəlkə bu eynəkli tələbə
bundan sonra bizi dolamağı tərgidə deyə hamının
ürəyindən qara-qara tikanlar çıxdı da beton
döşəməyə səpildi.
-
Qapını açdım və aylardan bəri bizi təngə
gətirən eynəkli tələbə suyu beton döşəmədəki
qara-qara tikanların üstünə süzülə-süzülə
çıxıb getdi:
- Mən
rektora deyəcəyəm,- yenə son bir ümidlə ən
adi bir məmləkətin ən adi bir əyalətinin ən
adi bir universitetinin ən adi bir elmi kitabxanasının ən
adi bir abonement işçisindən özünün ən adi
tələbə hüquqlarına hörmət tələb
etdi.
- Elə
mən də, – yenə onun son ümidini də
özümün hüquqlarım altında sıxıb
darmadağın etməkdən çəkinmədim…
2. Bu gün…
Mən həmişə
belə işləmişəm. Vaxtını dəqiqəsinədək
düzgün bölüb səliqəylə yaşayanlara
hörmətim də sonsuzdur.
Amma bu
gün bircə saniyənin belə əlimdən qopub
boşuna itməsinə yol verməməliyəm.
Qızlar
başıma yığışıblar. Məni geyim
mağazalarına aparmaq istəyən kim, gözəllik
salonuna göndərən kim…
- Demək
dünəndən gəlib, hə? Bəs bütün
günü nə əcəb özünü sakit apara bilmisən?
- Həə,
qəribədir, heç kimə heç nə demədin.
- Amma mən
hiss eləmişdim, gözlərin elə qaynayırdı bu
gün, özün də yorğun idin, nahar etməyə də
halın olmadı deyəsən..
Onlar
gülürlər, amma bu doğrudan da belədir.
Bu gün
gözlərimi mümkün qədər gizlətməyə
çalışmışam hər kəsdən. Elə
bilirdim üzümə baxan kimi ötən gecəmi necə
keçirdiyimi biləcəklər.
Necə
keçirmişdim ki ötən gecəmi?
Sevmişdim.
Sevilmişdim.
Beş
illik fasilədən sonra ilk dəfə kişi bədəninin
təmasını duymuşdum, içimə çəkmişdim
o sönmək bilməyən dəli ehtirası.
Boynumda,
çənəmin altında gömgöy ləkələr
vardı öpüşlərdən. Boğazlı köynək
geyinməyim də ondandı bu gün, yoxsa heç sevmirəm
boynumun geyimlə sıxılmasını.
Mən
qızların təzyiqinə qarşı çıxa bilmirəm
və öncə yaxınlıqdakı mağazadan gözəl
bir don alıram, daha sonra isə salona gedib
saçlarımı düz beş il əvvəlki kimi kəsdirib
tünd şokolad rənginə boyadıram. Elə salondca kənar
otağa çəkilib əynimi dəyişirəm, paltomu
geyinməzdən öncə aynada özümə baxıb
rahat nəfəs alaraq həyatımdakı hər şeydən
razı bir halda özümə və yanımda dayanan iki rəfiqəmə
elə aynadanca gülümsəyirəm. Onlar təbəssümümün
əksini aynadan qəbul etməyə məşğulkən
paltomu geyinib də artıq çıxış
qapısından səslənirəm:
- Gəlin
də, gün bitdi ki…
Sonra da
marketdən onun çox sevdiyi “Napoleon” pirojnaları və bir
şampan alıb çantamdakı son metal qəpiyi və onun
üzərində pay kimi məmnun bir təbəssümümü
də marketdən azca aralıda dilənən qarıya verərək
evə sarı yollanıram.
Ayy,
dünya necə də gözəldir bu gün…
Dünən
mən bu yolu belə getmirdim.
Ayaqlarımı
sürüyə-sürüyə boş, soyuq, nəfəs
belə ala bilməyəcək qədər cansız mənzilimə
sarı addımlayırdım sadəcə.
Beş il
idi o cür gedirdim evə, dünənki kimi yəni.
Beş il
çəkmişdi dünənki gün.
Beş il
dayanmışdı zaman dünəndə.
Necə
dedi o eynəkli?
Dünən
də elə bu gündür?
Yalançının
elə…
3. Dünən…
İş
vaxtının başlamasına yeddi dəqiqə
qalmışdı…
İş
masamın üzərini silib plitəni cərəyana
qoşandaca qapı açıldı və eynəkli
oğlan qarşımda zühur etdi:
- Folkneri
istəyirəm.
- Folkner
düz yeddi dəqiqədən sonra olacaq. Çıx
çöldə gözlə.
- Siz ki
burdasınız.
-
İş vaxtım başlamayıb. Bu yeddi dəqiqə
özümə aiddir.
Onun sakitcə
çölə çıxması ilə rəfiqələrimin
içəri atılması eyni anda baş verdi.
- Nooldu?
- Necə
keçdi?
-
Danış…
-
Danııışşşşş….
Mən
özümü masanın üstündəki sənədlərlə
məşğul göstərməyə
çalışırdım, üzümü, gözlərimi,
onlardakı sevmədiyim duzlu suyu, sol gözümün
altındakı gömgöy ləkəni… halımdakı dəhşəti
gizlətmək üçün neyləyəcəyimi belə
bilmirdim. Əllərim əsirdi, deyəsən çiyinlərim
də… ayaqlarım sözümə baxmadı və stula
çöküb hıçqırdım…
Qızlar
başıma yığışdılar. Məni sakitləşdirməyə
çalışan kim, su içirdən kim,
saçlarımı sığallayan, gözlərimi silən
kim…
- Nolar,
nahar vaxtı gedək qaytarım donu..istəmirəm. Çox
bahadır, o qız, satıcı tanışdı,
götürəcək, amma tək getməyim, utanacam…
- Noolub
axı ? Niyə qaytarırsan ki? Bəyənmədi ərin?
- …
Onları
maraq bürümüşdü, amma mən heç nə deyə
bilmirdim daha.
Ötən
günün ikinci yarısı bütün dəhşətiylə
gözlərimin qarşısına gəldi .
Qapının
zəngini basınca gəlib açmışdı.
İçəri
keçincə boynuna sarılmışdım.
Paltomu
soyununca qarşısında fırlanıb
nazlanmışdım.
Çox
gözəl idim, lap çox…
Pirojnaları
və şampanı otağa aparıb masanın üzərinə
qoyunca isə…
Səhər
tezdən oyanıb o hələ yuxudaykən min-bir həvəslə
yığışdırıb bircə zərrə toz belə
saxlamadan bəzədiyim mənzildə hər şeyin yerlə-yeksan
olduğunu gördüm.
Nə
baş verdiyini soruşunca da o, üzərimə
şığıyıb mənə tüpürdü, sonra
qışqırdı, sonra evdə əlinə keçən
bütün qabları yerə çırpıb
sındırdı, hətta bufetin şüşəsini də
qırdı, sonra saçlarımdan tutub sadəcə
ardınca sürüdü, yerə
yıxıldığım zaman təpikləməyə,
söyməyə başladı. Heç nə anlamaq
iqtidarında deyildim. Nə baş verirdi, bilmirdim, bilmək
halında deyildim və artıq bilmək belə istəmirdim…
Yadımda
sadəcə bu sözlər qalıb:
- Hanı
pullar? Harda gizlətmisən? Yalan deyirsən! Ola bilməz
heç nəyin olmasın! Bəs mən necə düzəltdirəcəm
sənədlərimi, nəylə alacam pasportumu? Bilmirsən
xarabada hər şey pulnandı? Mən beş il türmədə
yatdım ki, indi sən 150 dollarlıq paltar alıb şampan
içəsən? Hər şeyi satacam yenə! Bütün
qızıllarını! Bütün paltarlarını!
Yatdığım hər günün heyfini alacam səndən,
ləçər! Hər günüm üçün cavab verəcəksən,
eşidirsən ? Yenə narkotik satacam, lazım olsa səni də
satacam, ananı da, bacını da…hə! Psixəm mən!
Manyakam! Get de hamıya! De!
Yox…
Kimsəyə
deməyəcəkdim bunu.
Amma donu
qaytarmam lazımdı, onu bir daha geyinmək istəməyəcəyimdən
əminəm. Saçlarımın isə rəngi də,
uzunluğu da uzağı bir aya dəyişəcək. Onun
növbəti məhkəməsinədək yəni…
Səhər
polislər gəlib apardılar çünki. Gecəykən
gedib onu beş il əvvəl ələ verən köhnə
dostunu bıçaqladığı üçün…
Qapı
bircə dəfə döyülüb açıldı və
eynəkli tələbə:
-
İş vaxtı başladı, -dedi, – Folkneri istəyirəm.
- Bu dəqiqə,
– mən gözlərimi silib ayağa qalxdım və
qızların da otağımı tərk etməkdən
başqa əlacları qalmadı.
Cavidan
Kaspi.- 2011.- 23-25 iyul.- S.24.