Sağlam ailə modeli
Ailə qurarkən insanlar
yanlış meyarlara üstünlük verməməlidirlər
“Ailə kiçik cəmiyyətdir.
Tikilən binaya oxşayır, təməli necə qoyulursa elə
də davam edir. Ailə qurarkən ilk növbədə
seçdiyimiz insanı nəzərdən keçirməliyik.
Düzgün insan olmasa o da, gec-tez fəsad törədəcək”.
Bu fikirlər zaman-zaman müdriklərin dilindən səslənib.
Gerçək həyatda isə öz əksini tapıb. Elə
əzəldən Azərbaycanda ailə anlayışına
ciddi yanaşılıb. Ailə müqəddəs
sayılıb. Onun əmələ gəlməsi və
möhkəm olması böyük məsuliyyət hesab olunub.
Ekspertlər cəmiyyətin möhkəmliyinin,
davamlılığının, ailələrin sabitliyindən,
mənəvi kamilliyindən asılı olduğunu sübuta
yetiriblər. Bu mənada ailələrin yarandığı
ilk çağlardan etibarən cəmiyyətin
ağıllı insanları, ağsaqqalları və
ağbirçəkləri həmişə ona böyük
önəm veriblər.
Bu
gün dövlətin ailə siyasətini həyata keçirmək
məqsədi ilə Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi (AQUPDK) üzərinə
düşən vəzifələri layiqincə icra edir.
“Sağlam ailə” prinsipini həyata keçirən dövlət
komitəsi ailə hüquqları haqqında əhalinin maarifləndirilməsini
təmin edilməsi, ailə problemləri ilə bağlı
daxil olan ərizə və şikayətlərə
baxılması və qanunvericiliklə müəyyən
edilmiş qaydada tədbirlər görülməsi, ailə
zorakılığına, erkən nikah, insan alverinə
qarşı, qadın və uşaq
hüquqlarının qorunmasına nail olmaq, bu istiqamətdə dövlət proqramlarının
hazırlanmasında və həyata keçirilməsində və
s. mühüm rol oynayır. Belə ki, dövlət komitəsi problemlərin
aradan qaldırılması üçün həftədə
iki dəfə açıq qapı günləri keçirir.
Həmin günlər ölkənin hər yerindən insanlar
problemləri ilə bağlı komitəyə müraciət
edirlər. Həmçinin komitəyə çoxlu məktublar
daxil olur. Həmin məktublarda çoxuşaqlı, aztəminatlı,
xüsusi qayğıya ehtiyacı olan ailələrin, kimsəsiz
qadınların sosial problemləri və s. öz əksini
tapır. Komitə qanun çərçivəsində olan
problemləri həll etməyə çalışmaqla bərabər, maarifləndirmə kampaniyaları həyata
keçirir. Ayrı-ayrı rayonlarda fəaliyyət göstərən
ailələrə dəstək mərkəzləri də yerlərdə
problemin həllinə çalışır.
Ailə institutu
Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədrinin müavini Aynur Sofiyeva Azərbaycan
xalqının unikal ailə modelinin olduğunu bildirib. Sədr
müavini hesab edir ki, ümumiyyətlə,
xalqımızın ailə modeli nəinki Qərbdə, həm
də Şərqdə unikal hesab olunan modeldir. “Buraya ailədaxili
münasibətlər, böyüklərə hörmət və
ehtiram, valideyn-övlad münasibətləri və s. kimi ənənələr
daxildir və fundamental milli dəyərlər ta qədimdən
bu günə kimi gəlib çatıb. Çox sevindirici
haldır ki, bizim araşdırmalarımız zamanı gənclərin
75-80 faizinin valideyn nəsihətinə fikir verməsi, hörmətlə
yanaşması faktları məlum oldu. Bu gün Qərbin ailə
institutları faktiki olaraq məhv olub. Orada uşaq müəyyən
yaş həddinə çatandan sonra valideynlər onu müstəqil
həyat qurmağa məcbur edir. Bu da ailə münasibətlərinə
təsir edə bilən
haldır. Çünki ailə elə bir institutdur ki,
mütləq bağlılıq qırılmamalıdır”.
A.Sofyeva
ölkəmizdə ailə problemlərinin mövcudluğunu
da istisna etməyib. “Təəssüf ki, bizdə az da olsa belə
hallar nəzərə çarpır. Bu isə göstərir
ki, hələ bu məsələlərlə bağlı
işləmək lazımdır. Bəzən
oğlu-qızı olan valideynlər gətirilib ahıllar evinə
qoyulur. Bu təəssüfləndirici haldır. Belə hallara
qarşı ictimai qınağa ehtiyac var”. A.Sofiyevanın
fikrincə, ölkəmizdə hər zaman Azərbaycan ailəsi
haqqında müsbət fikir
formalaşıb. Belə ki, ailə modelimizdə, adət-ənənələrimizdə
müəyyən dəyişikliklərin olması ilə
bağlı tez-tez səslənən
fikirlərə rəğmən Dövlət Komitəsinin ailə,
nikah məsələləri ilə bağlı apardığı araşdırma
da bunu sübut edib. Belə
ki, ötən il
yekunlaşdırılan və təqdimatı keçirilən
araşdırma ailə məsələləri
ilə əlaqədar ilk əsaslı araşdırma
sayıla bilər. “Nəticələr də müəyyən
mənada bizim optimist fikirlərimizə uyğun oldu. Amma ortada
hələ də müəyyən problemlərin olduğu
aşkara çıxdı. Son illərdə boşanma
hallarına nəzər saldıqda müəyyən dərəcədə
narahatlıq yaşayırıq. Ötən illər bu
göstərici qurulan nikahların 10-11 faizi nisbətində
olurdusa, hazırda bu rəqəm təəssüf ki,
artıb. Düzdür, bu artım cüzi olsa belə,
narahatlıq yaradır”.
Qeyd
edək ki, boşanmaların təhlili ilə bağlı
aparılan araşdırmalar göstərib ki, boşanmalara səbəb
sosial məsələlər yox, ailədə
uşağın dünyaya gəlməməsi
faktlarıdır. Respondentlərin müəyyən hissəsi
bəzi ailələrdə kişilərin zərərli adətlərə
- narkotikə, içkiyə qurşanmasını da
boşanmalara ciddi səbəb sayıb.
A.Sofiyeva
ailə məsələlərində erkən nikah problemini də
narahatlıq doğuran məqam adlandırıb. Belə ki,
problemlə bağlı Dövlət Komitəsi Milli Məclisə
öz təkliflərini verib. Nikah üçün yaş həddinin
17 yaşdan 18 yaşa qaldırılması ilə
bağlı verilən təklif istiqamətində müzakirələr
aparılsa da hələlik yekun qərar yoxdur. “Biz uşaq
konvensiyasına qoşulmuşuqsa, orada uşaq yaşı 18
yaşına qədər göstərilir. Əgər ildə
3 minə qədər qızlar erkən yaşda nikaha girirlərsə,
bu artıq problemdir. Xəstə doğulan uşaqların əksəriyyətini
erkən yaşda ailə qurmuş anaların dünyaya gətirdiyi
uşaqlar təşkil edir. İkinci bir tərəfdən, bu
cür ailələrdə boşanma halları daha çox
olur. Çünki uşaq yaşlarında artıq valideyn olan
belə insanlar problemlərlə qarşılaşır.
Bununla yanaşı, məişət zorakılığı
problemi erkən yaşda qurulan ailələrdə daha çox
nəzərə çarpır. Yaşı az olan qızlar
öz hüquqlarını qoruya bilmirlər”.
Ailəni necə
qorumalı?
AQUPDK-nin
ailə problemləri şöbəsinin müdiri Gülnarə
Məmmədova təmsil etdiyi qurumun əsas məqsədlərindən
birinin Azərbaycan ailələrinin statusunun yüksəldilməsi
istiqamətində görülən işlərdən ibarət
olduğunu bildirib: “Ailə bəşəriyyətin
beşiyidir və bu beşiyi daim qorumaq vacibdir. Ailə dəyərlərinə
önəm verilməsi, milli-mənəvi dəyərlərin
qorunub saxlanılması, nəsildən-nəsilə
ötürülməsi, yaşlılara hörmət,
kiçiklərə mərhəmət, vətəni və
torpağı sevmək, valideynlərinə hörmət etmək
– bütün bunlar Azərbaycan ailələrinə xas
xüsusiyyətdir”. G.Məmmədova hesab edir ki, ailəni
qorumaq təkcə qadından yox, həm də kişidən
asılıdır. Belə ki,
ailənin və uşaqların psixoloji durumunu qorumaq vacib şərtdir. Hazırda isə Azərbaycan ailələrini narahat
edən bir sıra problemlərin mövcudluğunu G.Məmmədova
da istisna etmir: «Dünyanın hər
bir guşəsində ailələri narahat edən problemlər
Azərbaycan ailəsindən də yan keçməyib.
Düzdür, bu problemləri bütün Azərbaycan ailələrinə
şamil etmək olmaz”. G.Məmmədovanın fikrincə, ailələrin
problemi ilk növbədə nikahın pozulması ilə
bağlıdır: “Təəssüf ki, nikahın
pozulması ildən-ilə azalmır. Statistika Komitəsinin
göstərdiyi məlumatlarda da bunu aydın görmək
olur. Amma dünyadakı rəqəmlərdən
aşağı olsa da, 8-10 faiz bağlanan nikahların
pozulması Azərbaycan üçün aşağı rəqəm
deyil. Çünki tarixən Azərbaycan xalqı ailəyə
müqəddəs varlıq kimi yanaşan xalqdır və ailənin
pozulması həmişə insanları narahat edib. Təəssüf
ki, bu gün boşanmaya adi bir hal kimi baxan insanların sayı
çoxalıb. Ancaq nikahın pozulması təkcə gənclər
üçün yox, həmçinin onların
uşaqları, valideynləri üçün də problemdir.
Həm də bu, dövlətin qarşısında problem
olaraq qalır. Çünki nikahı pozulan qadınlar
çox vaxt uşaqlarını uşaq evlərinə qoymaq,
özlərinə iş axtarmaq və s. məcburiyyətində
qalırlar”.
Ailələrin
dağılmasının səbəbini maddi problemlərlə
yox, düşüncələrin uzlaşmaması ilə əlaqələndirən
G.Məmmədova qeyd edib ki, Azərbaycan ailələrində
heç vaxt maddiyyata üstünlük verilməyib. Belə
ki, ailəni quranlar arasında əsasən əxlaqi,
düşüncə tərzi baxımından fərqlər
olduqda ailələr dağılır. “Qadınlar çox
dözümlü olurlar. Ancaq bu cür hallarla
qarşılaşarkən “daha dözə bilmirəm» deyirlər.
Onlar ailənin hər çətinliyini boyunlarına
götürürlər. Ailənin dağılmasında
kişilərin məsuliyyətsizliyi əsas rol oynayır.
Oğlanlar ailə qurarkən çox fikirləşməlidirlər.
Valideynlərə arxayın olub qurulan ailələrin sayı
daha çoxdur”.
Uşaqların əzabı
Nikah
pozulan zaman ailədə ən çox ziyan çəkən
uşaqlardır – bu, aksiomadır. İlk növbədə
uşaqların psixoloji durumunda problemlər yaranır. Valideynlər
uşağı dünyaya gətirərkən məsuliyyətli olmalıdır.
Çünki uşaq gözünü açanda həm
atasının, həm də anasının vahid bir ailənin
tamhüquqlu üzvü olduğunu görməlidir: “Ananı
gözüyaşlı görən uşağın psixoloji
durumu heç də sabit ola bilməz. Əgər həmin
uşaq bağçaya və ya məktəbə gedirsə
orada müəllimlər ona nəvazişlə
yanaşmalıdırlar. Onlar ailədə yaranan problemi həll
etmək bacarığına malik olmalıdırlar”. G.Məmmədovanın
fikrincə, valideynlər nikahı pozan zaman uşaqların
durumunu göz önünə gətirməli, ailə qurmağın nə qədər
asan olması ilə yanaşı, nikahı pozmağın bir o qədər çətin
olmasını da fikirləşməlidirlər. AQUPDK-nin
şöbə müdirinin fikrincə, valideynin əsas məsuliyyəti
dünyaya gətirdikləri körpəyə cavabdehlik
hissidir. Belə ki, gənclər
ailə qurulan zaman nikah müqaviləsi bağlanmağın
vacib olduğunu dərk etməlidirlər. G.Məmmədova həmçinin
nikahdan əvvəl tibbi müayinədən keçməyin
vacibliyini vurğulayıb: “Bəzən
ailələr qurulan zaman gözlənilən müddətdə
uşaq dünyaya gəlmir və yaxud xəstə uşaqlar
doğulur. Buna görə nikahdan əvvəl tibbi müayinədən
keçmək vacibdir”.
Yanlış meyarlar
G.Məmmədova illər keçdikcə müasirləşən
ailə modelinin müsbət və mənfi cəhətlərinin
də meydana çıxdığını vurğulayıb.
Belə ki, bəzi kişilərin öz həyat yoldaşlarına
və uşaqlarına qarşı o qədər də məsuliyyətli
olmaması faktları meydana çıxıb. “Bəzən
onlar aliment verməklə öz borclarını bitmiş hesab
edirlər. Çox vaxt isə nikahı pozulmuş qadınlara
köməklərini vacib saymırlar”. G.Məmmədova
alimentin verilməsi ilə bağlı qanunvericilikdə müəyyən
boşluqların olduğunu və bununla bağlı təkliflərin
də hazırlandığını bildirib.
Erkən
nikahların yaratdığı problemlərdən söhbət
açan AQUPDK-nın şöbə müdiri 17 yaşdan
aşağı oğlan və qızların ailə
qurmasının qanunvericiliyə
zidd olduğunu qeyd edib. Onun sözlərinə görə, belə
ailələrdə dünyaya gələn uşaqlar da qeyri-rəsmi
nikahdan doğulan uşaqların siyahısına
düşür. Nəticədə uşaqlar doğum
haqqında şəhadətnamə ala bilmir və s. problemlərlə
üzləşirlər.
Ailədə
zorakılıq hallarına toxunan G.Məmmədova qeyd edib ki,
təkcə fiziki yox, həmçinin ailədə qız
uşağının vaxtından əvvəl ərə
verilməsi, azyaşlı uşağın məktəbdən
yayındırılması və s. hallar da zorakılıq
sayılır. “Elə ailələr var ki, orada kişilər
qadını işləməyə qoymur, ona və
uşağına qarşı zorakılığa yol verirlər.
Ailə qurarkən insanlar yanlış meyarlara
üstünlük verməməlidirlər”.
Təranə Məhərrəmova
Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi
ilə hazırlanır.
Kaspi.-
2011.- 1 iyul.- S.9.