Ali məktəblərə sənəd verənlərin sayı azalıb 

 

Son illərdə ilk dəfə olaraq qəbul imtahanlarında oğlanların sayı qızlara nisbətən artıb

 

2011/2012-ci tədris ili üzrə ali təhsil müəssisələrinə sənəd verənlərin sayı azalıb. Belə ki, bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 110423 abituriyent ərizə verib. Ərizələrin sayı ötən illə müqayisədə 1,85 faiz, yəni 2085 nəfər azalıb.

Bu barədə dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasının gedişinə həsr olunmuş növbəti mətbuat konfransında məlumat verib. Məleykə Abbaszadənin sözlərinə görə, ərizələrin sənəd qəbulu komissiyalarında (SQK) təsdiqi üçün nəzərdə tutulmuş son müddət mayın 31-də başa çatmalı olsa da, həmin tarixə elektron ərizə doldurmuş, amma SQK-da təsdiq etdirməmiş abituriyentlərin sayı çox olub. Bunu nəzərə alınaraq, TQDK ərizələrin təsdiqini daha bir gün uzadılıb: ”Ərizə qəbulunun aparılması məqsədi ilə 127 məntəqədə sənəd qəbulu komissiyaları fəaliyyət göstərib. Vaxtın uzadılmasına baxmayaraq, 2900 abituriyent elektron ərizəsini təsdiq etdirməyib. Onlar qəbul imtahanlarına buraxılmayacaqlar. Bu abituriyentlərin 2 min 100 nəfəri ötən illərin məzunudur və onlar hərbi qulluqdan möhlət hüququ olmadığı üçün elektron ərizələrini təsdiq etdirə bilməyiblər. 296 oğlan isə bu ilin məzunudur. 743 nəfər qız abituriyentdir ki, onların da hansı səbəbdən elektron ərizələrini təsdiq etdirməsi məlum deyil. Ümumilikdə isə abituriyentlərin 50,38 faizini, yəni 55627 nəfəri oğlanlar, 49,62 faizini, 54796 nəfərini isə qızlar təşkil edir. Göründüyü kimi, qəbul imtahanlarında son illərdə ilk dəfə olaraq oğlanların sayı qızlara nisbətən bir qədər çoxdur”. İxtisas qruplarına gəlincə, birinci ixtisas qrupu üzrə daxil olan ərizələrin sayı 34988, ikinci ixtisas qrupu üzrə 27068, üçüncü ixtisas qrupu üzrə 32859, dördüncü ixtisas qrupu üzrə isə 15508 olub: ”Sənəd verənlərin 57,17 faizi, yəni 63128 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunlardır.

Ötən il isə müvafiq göstərici sənəd verənlərin 55,63 faizini təşkil edib”. Qruplar arası müsabiqə vəziyyətinə də toxunan M.Abbaszadə bildirib ki, builki qəbul imtahanları zamanı dördüncü ixtisas qrupunda dövlət sifarişli plan yerlərində yüksək müsabiqə vəziyyəti gözlənilir. Xüsusilə bu vəziyyət tibb ixtisasları üzrə yerlərdə özünü göstərəcək. Belə ki, həmin ixtisaslara qəbul üçün tələb olunan bal 600-dən yuxarı təşkil edəcək. Nəzərdə tutulan plana gəlincə, bu il tibb ixtisasları üzrə 1500-ə yaxın yer ayrılıb. TQDK sədri birinci ixtisas qrupuna sənəd verənlərin sayının ötən illə müqayisədə 781 nəfər azaldığını da deyib: ”Bu ixtisas qrupu üzrə o qədər də yüksək müsabiqə vəziyyəti gözlənilmir. Burada əsas müsabiqə vəziyyəti dövlət sifarişli plan yerləri üzrə yaranacaq. Belə ki, adıçəkilən qrupda dövlət sifarişli plan yerlərinin sayı 4136-dır. Bu il ötən illə müqayisədə ikinci ixtisas üzrə sənəd verənlərin sayı 1000, üçüncü ixtisas qrupu isə 458 nəfər azalıb”. Xüsusi qabiliyyət tələb edən ixtisaslara gəldikdə isə respublikanın 14 ali təhsil müəssisəsinə 21 xüsusi qabiliyyət tələb edən ixtisas üzrə, 23 tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisəsinə isə 13 xüsusi qabiliyyət tələb edən ixtisas üzrə aparılacaq. 20011-ci ildə ümumilikdə seçmə turda qeydiyyatdan keçmiş abituriyentlərin sayı dekorativ sənət, dizayn, təsviri incəsənət müəllimliyi, xalq çalğı alətləri ifaçılığı, instrumental ifaçılıq, estrada sənəti, operator sənəti, xoreoqrafiya sənəti, aktyor sənəti, rejissorluq, memarlıq, bədən tərbiyəsi və idman ixtisasları üzrə çoxdur. İnstrumental ifaçılıq, bəstəkarlıq və musiqişünaslıq, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq (qızlar üçün fiziki tərbiyə) müəllimliyi, orta ixtisas təhsili müəssisələrinin musiqi istiqamətli ixtisasları üzrə isə qeydiyyatdan keçmiş abituriyentlərin sayı az olub.

Abituriyentlərə təqdim olunacaq test suallarına da aydınlıq gətirən TQDK sədri onların əvvəlcədən yayılmasının mümkünsüz olduğunu vurğulayıb: ”Avtomatlaşdırılmış bazada 200 mindən artıq sual var. Sualların seçimi heç bir şəxsin təsiri olmadan aparılır.  Bunkerdə olana müəllimlər yalnız o sualları oxuyur ki, səhv və yanlışlıqlar olmasın. Müəllimlərin hansı sualların imtahana düşüb-düşməyəcəyinə təsir etmək hüququ yoxdur. Seçim aparan proqram dəfələrlə yoxlanılmış sistemdir. Bu proqram təminatını özümüz hazırlamışıq. Heç bir texniki xəta baş verməyəcək. Hər il olduğu kimi, bundan sonra da proses şəffaf keçiriləcək”.

İmtahan binalarının təhlükəsizliyinə gəlincə, hazırda TQDK paytaxtla yanaşı, regionlarda imtahan olacaq binaların ciddi təhlükəsizliyinin təmini ilə məşğuldur: ”İmtahan ərəfəsində bizi maraqlandıran əsas məsələ abituriyentlərin təhlükəsizliyidir. Abituriyentlər imtahana gələrkən özləri ilə əlavə ötürücü qurğu, telefon, çanta və s. gətirməməlidirlər”. Hər hansı kənar vasitə ilə binaya daxil olmağa çalışanlar imtahandan kənarlaşdırılacaqlar: ”İmtahanlara tələb olunan sənədlər və qələmdən başqa heç nə gətirmək olmaz. Hər bir vətəndaş borcunu düzgün başa düşməlidir. Yoxlamalar yalnız şparqalkaları aşkarlamaq üçün aparılmır, abituriyentlərin təhlükəsizliyi yoxlanılır. Şübhəli şəxsləri çox ciddi yoxlayırıq”.

 

 

Həqiqət İSABALAYEVA

 

Kaspi.- 2011.- 4-6 iyun.- S. 5.