«Artıq birləşmiş truppada ögey-doğmalıqdan söhbət gedə bilməz» 

 

Mübariz Həmidov: «Teatrın direktoru olduğuma görə hər hansı rejissordan rol istəsəm, mənə verər. Amma bunu heç vaxt etmərəm…»

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı YUNESKO-nun nəzdində Uşaq və Gənclər teatrları Beynəlxalq ASSİTECİ-nə üzv olub. Beynəlxalq Təşkilatın İcraiyyə Komitəsi Fransada keçirilən qurultayında böyük səs çoxluğu ilə teatrın ASSİTECİ-in üzvlüyünə qəbul edib.

Teatr eyni zamanda bu nüfuzlu təşkilatın Azərbaycan Milli Mərkəzi elan olunub. Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov isə ASSİTEC-in Azərbaycan Milli komitəsinin sədri vəzifəsinə təyin olunub.

M.Həmidov qəzetimizə müsahibəsində  Milli mərkəzin əsas vəzifələri barədə danışıb.

 

Avropaya qapı

 

- Bu nüfuzlu təşkilata üzv olmaq çox mühüm hadisədir. Bizim teatr 1965-ci ildə həmin təşkilatın üzvü olub. Təşkilata üzv olmaq üçün sənədləri hazırlayarkən o dövrün arxiv materialları ilə tanış olduq. Məlum oldu ki, GTT o zaman SSRİ TXİ-nin tərkibində həmin təşkilatın üzvü olub. Teatrın o zamankı direktoru Zəfər Nemətov burada Zaqafqaziya uşaq teatrları ilə bağlı beynəlxalq konfrans keçirib və orada müxtəlif tamaşalar oynanılıb. Müstəqillik dövründə isə həmin təşkilata üzvlük haqqında müraciət olmamışdı. Keçən il Bakıda I Bakı Beynəlxalq Teatr Konfransı keçiriləndə biz orada müxtəlif danışıqlar apardıq. Konfransın əsas təşkilatçılarından olan Şaiq Səfərov bu təşkilata üzv olmaq barədə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevə təklif verib. Mən həmin təklifi dəstəklədim və lazım olan sənədlər hazırlanıb təşkilatın İcraiyyə Komitəsinin baş katibinə göndərildi. Mayın sonlarında teatrımızın həmin təşkilata üzvlüyü haqqında xəbər aldıq. Müxtəlif dövlət qurumları və müəssisələri, həvəskar kollektivlər və fərdi üzvlər təşkilatın üzvlüyünə daxildir. Biz də ayrı-ayrı kollektivləri və üzvləri razılaşdırdıq və onlar bizim tərkibimizdə həmin təşkilatın üzvü seçildilər. Daha sonra idarə heyəti təyin etdik. İlk növbədə bizim teatrın Avropaya qapısı açıldı. ASSİTECİ-ə üzv olan xarici ölkə teatrları ilə qarşılıqlı qastrol səfərlərinin, beynəlxalq teatr festivallarının və treninqlərin, konfransların, habelə ustad dərslərin keçirilməsini təşkil etmək, xarici ölkə teatr mütəxəssislərinin Azərbaycana dəvət edilməsinə yardımçı olmaq və s. məsələlər təşkilatın qarşısında duran işlərdir. Baş katib tərəfindən bizə təklif gəldi ki, əgər razılıq verəriksə təşkilatın növbəti qurultayı gələn il Bakıda keçirilsin. Qurultayın Bakıda keçirilməsi dövlət səviyyəsində həll olunmalıdır. Mən onlara dedim ki, gələn il bizdə «Avroviziyon-2012»-nin tədbirləri keçiriləcək və buna hazırlıq işləri aparılır. Ola bilsin ki, bu tədbir daha növbəti il üçün nəzərdə tutulsun. Amma bugünlərdə təşkilatın bir nümayəndəsi Bakıya səfər edib. Mərkəzin fəaliyyəti ilə tanış olmaq, həmçinin ümumiyyətlə, Azərbaycan teatrları haqqında məlumat əldə etmək fikrindədir. Qeyd edim ki, noyabr ayında bizdə Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək və olsun ki, onlar noyabrda gəlsinlər. Hazırda işi hansı istiqamətdə qurmağımız üçün Nizamnaməni gözləyirik.

- Üç teatrın  birləşməsi ilə başlayan islahatın nəticəsi barədə nə deyə bilərsiniz? Söz-söhbətlərə son qoyulub deyəsən...

- Bəzən deyirdilər ki, Kamera Teatrı, Gənclər Teatrı ayrıca fəaliyyət göstərirdi və öz repertuarları vardı. Əslində bu fəaliyyət özünü doğrultmurdu. Çünki heç birinin binası, maddi-texniki bazası yox idi. İslahat onlara hər cür şəraiti olan rahat bina, isti salon, təmiz səhnə, müasir texniki avadanlıq, şəhərin mərkəzində gözəl bir ünvan verdi. Artıq həmin kollektivlər uyğunlaşaraq işləyir. Prezident İlham Əliyevin “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində bu məsələlər pilə-pillə həll olunur. Bu islahatlar həmçinin insanların şüurunda da aparılmalıdır. Təbii ki, heç bir sərəncam, əmr və fərman insanın beynini dəyişmir. Teatr sənətini sevən adam müəyyən çətinliklərə dözməlidir. Şekspir dövründən başlayaraq bu günə qədər teatrlarda həmişə problemlər də, sevincli anlar da olub. Yaradıcılıq axtarışdır. Bəzən zəif tamaşa da alına bilir. Bizim teatr ənənəsi olan sənət ocağıdır. Bu teatrda hansı böyük sənətkarlar işləməyib? Həmin ənənə bu gün də davam edir. Cənnət Səlimovanın teatra baş rejissor təyinatını mən çox düzgün hesab edirəm. Artıq birləşmiş truppada ögey-doğmalıqdan söhbət gedə bilməz. Bəzən yazılarda narazılıqla qeyd olunur ki, əsas rolları Kamera Teatrının artistləri oynayır və s.  Bütün tamaşalarda hər üç teatrın aktyorları iştirak edir. Hamı baş rolu oynaya bilməz ki. Hər kəsin qabiliyyətinə görə rol verilir. Rejissorun da təcrübəsi ondan ibarətdir ki, o, hər kəsə çəkə biləcəyi qədər yük verir.

 

88 aktyorun məşğulluğu

 

- Nə üçün yaş senzi aktyorlara şamil edilmir?

- Yaradıcılıq fərqli sahədir. Aktyor var ki, 70 yaşı var, amma çox yaxşı formadadır. Aktyor var ki, yaşı 60-a çatmayıb, amma müəyyən xəstəliklərə məruz qalıb. Bu gün ölkədə ən böyük truppası olan bizim teatrdır. Hazırda teatrda 88 aktyor çalışır. Onların arasında müxtəlif yaş təbəqəsinə məxsus aktyorlar var. Bu qədər adamı məşğul etmək lazımdır. Əgər sabah truppanın islahatlarını keçirməli olsaq və yaş, iş prinsipi və s. məsələləri qaldırsaq, müəyyən aktyorlar bu qrafaya uyğun gəlməyəcək. Ancaq biz onlara «Müqaviləyə keçin» və ya «Ərizə yazıb gedin» deyə bilməyəcəyik. Onlar da «Bizə iş verin, sübut edək ki, normanı niyə doldurmamışıq» - deyəcəklər. 90-a yaxın adamı da işlə təmin etmək çətindir. Əslində bizim teatrda 35-40 işlək aktyor olmalıdır.

- Bir mövsüm ərzində hazırlanan 7-8 tamaşada bu qədər aktyoru işlə təmin etmək olurmu?

- Mövsüm ərzində 8 tamaşa hazırlanıb. Çalışırıq ki, maksimum dərəcədə aktyorların hamısı məşğul olsun. Fərqi yoxdur, kütləvi səhnələr, epizodik rollar, ikinci dərəcəli rollar olsun. Əgər pyesdə 20 nəfər oynayırsa, bir o qədər də dublyor olur. Çox hallarda isə biz bir rola 4 ifaçı da veririk. 4 dublyor tamaşa üçün qoyulan vaxtın uzanması, əlavə vəsait deməkdir. Ən realı isə hər obraza iki dublyorun olmasıdır. Burada məşğulluq nisbətən nəzərə alınır, həm də aylıq tamaşa ərzində aktyorun bir problemi yaranacağı təqdirdə dublyor onu əvəz edir.

- Artıq builki mövsüm sona yaxınlaşır. İşinizdən razı qaldınızmı?

- Bu il təhvil verdiyimiz xalq nağılı «Göyçək Fatma» məni qane etdi. Tamaşa gözlədiyimdən də artıq marağa səbəb oldu. Tamaşaçıların davamiyyəti çox yüksək idi. Plandan əlavə hazırladığımız Vaqif Əlixanlının «Əcəl atı» tamaşasını təhvil verdik. Vətənpərvərlik mövzusunda olan bu tamaşanı 30 dəfədən çox oynadıq. Tamara Vəliyevanın «Mənim ağ göyərçinim», Əli Əmirlinin «Mən səni sevirəm» tamaşası da çox yaxşı qarşılandı. Biz məhsulu tamaşaçı üçün hazırlayırıq. Əgər tamaşaçı razı qalırsa, deməli, iş alınıb. Bu mövsüm rəy kitabı hazırlatdım. Tamaşaya baxan, ümumiyyətlə, teatrın ab-havası haqqında hər kəs ora fikrini yazmaqda azaddır. Çox adam tamaşadan sonra mənə rəylərini bildiriblər və bu barədə çoxlu fikirlər də dərc olunub. Bütün yazılanlar hər dəfə sonu müzakirə olunur. Sonra müzakirələrin nəticəsini truppaya da çatdırırıq. Bu, bir növ işimizi daha yaxşı qurmağa kömək edir.

- Bir çox teatrlar xarici ölkələrdən rejissorlar dəvət etməklə tamaşalar hazırlayırlar. Bu layihənin hansı müsbət  nəticələri var?

- İki il öncə bu layihəni biz ilk dəfə həyata keçirmişik. Belarus teatrından Natalya Başovanı dəvət etmişdik və o, burada «Şelkunçik»i Azərbaycan dilində hazırladı. Tamaşanın müsbət nəticəsi o oldu ki, aktyorlarımızdan tutmuş səhnə maşinistlərinə qədər hamısı həmin tamaşanın iştirakçısı oldu. Yeni il şənlikləri ərəfəsində biz həmin tamaşanı hər gün iki seans  oynadıq. Bu, tərtibat etibarı, mükəmməl aktyor oyunu və rejissor işi ilə teatrımızda ən ağır tamaşa sayılır. Hazırda Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurdjidze  «Romeo və Culyetta» tamaşasının tərtibatını, kostyum eskizlərini və işığını qurmaq üçün teatra dəvət olunub. Tamaşanın rəqslərini və döyüşləri qurmaq üçün Rusiyanın Əməkdar incəsənət xadimi Sergey Qrisayı dəvət etmişik. Bunlar da beynəlxalq layihələrdir. Bundan əlavə, Ankara Cocuq Teatrının baş rejissoru Ülviyyə Karaca ilə  «Keçəlin toyu» adlı nağıl-tamaşa hazırlamaq qərarına gəlmişik. Onunla bərabər bir neçə teatr xadimi də gəlməlidir. Tamaşa dövlət sifarişi olmalıdır. Bundan əlavə, çalışırıq ki, bizim rejissorlar da digər teatrlarda tamaşalar hazırlasınlar. Məsələn, teatrın quruluşçu rejissoru Nicat Kazımov «Azdrama»da «Kabuslar» tamaşasını hazırlayır. Nicat Kazımov Ankarada olarkən onların bir neçə teatrından tamaşa hazırlamaq üçün dəvətlər alıb. Ağaxan Salmanlının  Mingəçevir teatrının təmirindən sonra orada uşaq tamaşası hazırlamağından ötrü danışıqlar aparılır. 21-ci əsrin teatrı bir yerdə saya bilməz. Yəqin ki, bundan sonra daha rəngarəng layihələr reallaşdıracağıq.

 

Qızıl balığa deyərdim ki...

 

- Əgər əlinizdə böyük imkanlar olsa, teatrınızda hansı intibahı yaradardınız?

- Artıq həm dövlətimiz, həm də Mədəniyyət və Turizm Nazirliyi teatrlara lazım olan şəraiti yaradır və diqqəti göstərir. İnanın ki, 4 il bundan əvvəl teatra tamaşaçı gəlmək istəmirdi. Aktyorlar burada şəraitsizlikdən xəstəlik tapdılar. Hazırda teatrlarımıza yaradılan şərait isə bizi daha məsuliyyətli olmağa çağırır. Əgər dediyiniz qızıl balıqdan  arzu istəsəm ilk növbədə truppa üçün əlavə bina xahiş edərdim. Qrim otaqlarımız teatrın 90 aktyorunu yerləşdirmək iqtidarında deyil. Digər xahişim isə xarici festivallara gedəndə mürəkkəb quruluşlu tamaşaları aparmağa köməklik etməsi ilə bağlı olardı. Bu, böyük vəsait tələb edir. Güman edirəm ki, zaman gələcək bunlar da həll olunacaq.

- Bir neçə il bundan əvvəl sizlə görüşəndə «Aktyor kimi səhnəyə çıxmaq istəyirsinizmi» - deyə soruşmuşdum onda cavab vermişdiniz ki, «Əgər mənə münasib rol versələr, oynayaram». Həmin zaman çoxmu uzaqdadır?

- Təbii ki, teatrın direktoru olduğuma görə hər hansı rejissordan rol istəsəm, mənə verərlər. Amma bunu heç vaxt etmərəm. Əgər tamaşa hazırlayan rejissor özü hiss edərsə və «Bunu mütləq siz oynamalısınız» - deyə məni inandıra bilərsə, onda imtina etmərəm. Sözün düzü, rejissorlar tərəfindən 1-2 dəvət olub. Demişəm ki, mən hələ hazır deyiləm. Çünki 1999-cu ildən səhnədə olmamışam. Hələ özümü hazır bilmirəm. Yaxın zamanlarda əsaslı bir təklif olsa və mən də özümü hazır bilsəm, yəqin ki, razılaşaram. Hələlik isə teatrın işləri çox olduğundan rejissor gəlib desə də imkan yoxdur. Yaradıcılıq elə bir sahədir ki, ona çox vaxt sərf etməlisən. Ancaq inanıram ki, o zaman gələcək. Çünki yaradıcı insanın ürəyində həmişə o yanğı olur.

 

 

Təranə Məhərrəmova 

 

Kaspi.- 2011.- 9 iyun.- S. 12.