Bu uşaqlar bizimdir! 

 

www.ushaqlar.az saytının və “Uşaq inkişafı üzrə tövsiyələr” kitabının təqdimatı olub

 

“Uşaq hüquqlarının qorunması cəmiyyətin ən ümdə vəzifələrindən biridir. İnkişaf etmiş dövlətlərdə bu məsələ həm dövlət, həm də cəmiyyət tərəfindən daim diqqətdə saxlanılır. Azərbaycan dövlətinin sabahının təmin edilməsi üçün bunun nə qədər vacib olması hamıya aydındır». Bu fikirlər iyunun 22-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin   www.ushaqlar.az saytının və «Valideyn və mütəxəssislər üçün Uşaq İnkişafı üzrə Tövsiyələr” adlı kitabın təqdimatına həsr olunan mərasimdə səslənib.

 

Mərasimə qatılan millət vəkilləri, ziyalılar, KİV nümayəndələri, QHT rəhbərləri və məktəblilərə sayt barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, saytın tərtib olunmasında məqsəd valideyn və uşaqları ilk növbədə faydalı informasiyalarla təmin etməkdir. “Saytın yaradılmasında əsas məqsəd valideyn və uşaqların ehtiyac və maraqlarının ödənilməsi olsa da, eyni zamanda hər bir kəsin Azərbaycanda uşaqların hüquqları, vəzifələri və aparılan uşaq siyasəti haqqında məlumatlarla yanaşı, uşaqlarla bağlı bir sıra elmi, nəzəri, praktiki, informasiya xarakterli məlumatları da əldə etməsinə şərait yaratmaqdır”.

Komitə tərəfindən hazırlanan və saytda yerləşdirilən «Valideyn və mütəxəssislər üçün Uşaq İnkişafı üzrə Tövsiyələr adlı kitabın da təqdimatı keçirilib. Qeyd olunub ki, «Valideyn və mütəxəssislər üçün Uşaq İnkişafı üzrə Tövsiyələr” adlı kitab mütəxəssislər cəlb olunmaqla hazırlanıb və valideynləri, himayədarları, qəyyumları, həmçinin, uşaqlara xidmət göstərən müxtəlif peşə sahiblərini uşaq inkişafı mərhələləri və fizioloji böyümə prosesi haqqında maarifləndirmək məqsədi daşıyır.

 

Zamanın tələbi

 

Komitə sədri Hicran Hüseynova Azərbaycanda uşaq hüquqlarının müdafiəsi ilə bağlı güclü siyasətin olduğunu qeyd edib: «Prezident İlham Əliyev həmişə öz görüşlərində Azərbaycanın gələcəyinin sağlam, təhsilli, möhkəm və seçilmiş xalqlar kimi görmək arzusunda olduğunu bildirir. Biz də bu istiqamətdə öz səylərimizi birləşdirməliyik”. H.Hüseynova uşaqların müdafiəsi sahəsində müəyyən boşluqların və problemlərin olduğunu da istisna etməyib: «Biz bunu gündəlik işimizdə də, bizə müraciət edən insanların problemləri ilə tanış olanda da hiss edirik». Komitə sədri qeyd edib ki, 2009-cu ildə Uşaq İli çərçivəsində uşaqların və QHT-lərin təşəbbüsü ilə Azərbaycanda Uşaq Forumu keçirilib: «Uşaqların fikirləri, arzuları bizim üçün çox vacibdir. Biz həmin forumda uşaqların tövsiyələrini müəyyən dövlət qurumlarına ünvanlayaraq onların da diqqətini problemə yönəltdik. Artıq payız aylarında 2-ci Forumun da keçirilməsi nəzərdə tutulub». H.Hüseynova  Azərbaycanda uşaq saytının yaranmasını  zamanın tələbi kimi qiymətləndirib. Komitə sədrinin sözlərinə görə, hər bir şəxs onu maraqlandıran suallara saytda cavab tapa bilər: «İnanıram ki, bu çox maraqlı sayt olacaq və get-gedə təkmilləşəcək. Biz hər bir istiqamətdə Dəyirmi masalar keçirəcək, maariflənmə kampaniyaları təşkil edəcəyik». H.Hüseynova rəhbərlik etdiyi qurumun dəstəyi ilə işıq üzü görən «Valideyn və mütəxəssislər üçün «Uşaq İnkişafı üzrə Tövsiyələr» adlı kitabın yazıldığını da diqqətə çatdırıb. Komitə sədri həmçinin KİV-in diqqətini uşaq hüquqları məsələsinə yönəltmək üçün jurnalistlər arasında uşaq hüquqları ilə bağlı müsabiqə elan olunduğunu da qeyd edib: «Uşaq hüquqları ilə bağlı tez-tez hansısa jurnalistin məqaləsini oxuyur, hansısa verilişlərə rast gəlirik. Çox zaman hiss edirik ki, həmin materiallarda uşaqların hüquqları haqqında fikirləşmir, daha çox populist çıxış etmək istəyirlər. Bu, çox ağrıdıcı haldır. Hər bir yazıda öncə uşaq hüquqları müdafiə olunmalıdır. Bəzən o materiallarda uşaqların gələcək taleyini düşünmürlər».

Millət vəkili Gülçöhrə Məmmədova  qeyd edib ki, Azərbaycan ailələrinin sosial problemlərinin həllinə, təhsilin, səhiyyənin, idmanın inkişafına yönəlmiş ardıcıl fəaliyyət gələcək Azərbaycan nəslinin daha sağlam, xoşbəxt və savadlı böyüməsində böyük əhəmiyyət kəsb edir. “Uşaq problemlərinə diqqət, onların sağlamlığı, təhsili və s. ölkəmizin əsas göstəricilərindən biridir. Bu, təkcə dövlət siyasətini həyata keçirən forumlar üçün yox, eyni zamanda ictimaiyyət və ictimai təşkilatlar üçün bir nümunədir”. G.Məmmədova bu siyasətin həyata keçirilməsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin böyük rol oynadığını vurğulayıb: «Biz komitənin müxtəlif layihələri ilə vaxtaşırı tanış oluruq. Son 5 ildə aparılan fəaliyyətin gücünün get-gedə artmasının və daha effektli olmasının, geniş əhatə almasının şahidi oluruq».

G.Məmmədova təqdimatı keçirilən saytı və nəşri aparılan siyasətin növbəti mərhələsi kimi dəyərləndirib. Millət vəkili qloballaşan dünyada müasir texnologiyaların inkişafını yüksək qiymətləndirməklə yanaşı, tərbiyə metodlarımızın da müasirləşməyə ehtiyacı olduğunu vurğulayıb: «Bəlkə də uşaqlarımızı ruhən daha azad etməliyik. Bəlkə də onların yaradıcı potensialını, fiziki cəhətdən daha yaxşı inkişaf etdirməyi bacarmalıyıq. İstedadlı, potensialı böyük olan uşaqlarımız çoxdur. Ancaq onların fiziki hazırlığı məni həmişə narahat edir. Heç bir ölkədə idman üçün bu qədər geniş şərait yaradılmır. Ancaq hesab edirəm ki, gənclərimizin fiziki inkişafı qənaətbəxş deyil. Valideynlər bu məsələni diqqətdə saxlamalıdırlar».

 

Uşaqlara hüquqlarını öyrədək

 

Milli Teleradio Şurasının üzvü Sona Vəliyeva uşaq hüquqlarının KİV-də işıqlandırılması məsələsinə toxunub: «Millətin gələcəyində, cəmiyyətin inkişafında böyük rol oynayacaq uşaqların hüquqlarını müdafiə etmək çox mühüm məsələdir. Kütləvi İnformasiya Vasitələri də təxirəsalınmaz şəkildə bu işlərin həyata keçirilməsində komitənin yanında olmalıdır. Çünki bu uşaqlar bizimdir və cəmiyyətin gələcək inkişafında onlar böyük rol oynayacaqlar”. S.Vəliyeva bildirib ki,  müstəqillik əldə edən respublikamızın dövlət siyasətində uşaq hüquqlarının müdafiəsi mühüm yer tutur. Belə ki, uşaqlara hüquqlarının öyrədilməsi və bütövlükdə onlara verilən təhsil, fiziki hazırlıq, sosial hüquqları və onların müdafiəsi ilə bağlı hüquqlar uşaqların yaşadıqları cəmiyyətə rəğbətini artıracaq. “Uşaqlar cəmiyyətə məhəbbət və rəğbət prinsipləri əsasında formalaşmalıdır. Əks təqdirdə onlar yaşadıqları cəmiyyətə nifrət edə bilərlər. Şükürlər olsun ki, bu bizdə düzgün tənzimlənib”. S.Vəliyeva qeyd edib ki, erkən gənclik dövrünü yaşayanlar daha mübariz olur və daha çox şey öyrənmək istəyirlər: «Onların ilk maraqlandıqları məsələ hansı cəmiyyətdə yaşamaları, hansı dövlətin nümayəndəsi olmalarıdır. Bununla da onların beynində dövlətçilik təfəkkürünün ilkin rüşeymləri formalaşmağa başlayır. Bunlar gənclərdə vətənini, millətini sevmək, dövlətini qorumaq və s. kimi müqəddəs keyfiyyətlər aşılayır. Bu hüquqların verilməsi uşaqların şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır. Onlarda özlərini, cəmiyyətdə gedən prosesləri dərk etməyə və öz daxili potensiallarını cəmiyyətdə gedən inkişaf prosesinə uyğunlaşdırmağa kömək edir. Çünki insan öz hüquqlarını biləndə güclü olur”.

MTRŞ üzvü KİV-in uşaq hüquqlarının təbliğində düzgün mövqe tutmasının tərəfdarı olduğunu bildirib: «Populist çıxış etməmək, hadisələri düzgün şərh etmək, qərəzsiz mövqedən yanaşmaq, maneələri düzgün göstərmək, düzgün araşdırma aparmaq jurnalistlərin əsas vəzifəsidir. “Uşaqlara hüquqlarını öyrədək, onların müdafiəsi üçün əlimizdən gələni etməyə çalışaq”.

 

Əhəmiyyətli hadisə

 

UNİCEF-in Uşaqların Müdafiəsi Proqramının rəhbəri Munir Məmmədli də uşaq hüquqları ilə bağlı məsələlərin KİV-də işıqlandırılmasının zəruriliyini vurğulayıb. M.Məmmədli  jurnalistika fakültəsində uşaq hüquqları ilə bağlı tədrisin həyata keçiriləcəyini və jurnalistlər üçün xüsusi təlimlərin təşkil olunacağını diqqətə çatdırıb: «Bu biliklərin əldə olunması onların gələcək praktikada həyata keçirilməsinə kömək edəcək”.

Yeni nəşrə münasibət bildirən M.Məmmədlinin fikrincə,  uşaq hüquqlarının müdafiəsində ən böyük məsuliyyət hökumətin üzərinə düşür. “Bununla bərabər valideynlərin də məsuliyyəti var. Bu baxımdan bu məsuliyyəti dərk edərək həmin tövsiyələri həyata keçirmək üçün valideynlərin bacarıqlarını artırmalıyıq. Bu baxımdan təqdim olunan vəsaitin böyük rolu var».

Azərbaycan Praktik Psixoloji Assosiasiyasının prezidenti Elmira Mirzəyeva təqdim olunan saytı və nəşri ölkənin ictimai siyasi həyatında əhəmiyyətli hadisə kimi dəyərləndirib: «Əgər prezident İlham Əliyev Azərbaycanın əsas potensialını neft potensialı yox, insan potensialı hesab edirsə, onda bu saytın nə qədər əhəmiyyətli olduğu hamımıza bəlli olar». E.Mirzəyeva rəhbərlik etdiyi təşkilatın araşdırmalarını diqqətə çatdıraraq qeyd edib ki, bütün dünyadan fərqli olaraq Azərbaycanda yüksək istedadlı uşaqlar 5 faiz, istedadlı uşaqlar isə 10 faiz daha çox dünyaya gəlir: «Əfsuslar olsun ki, biz bu istedadların bir qismini itiririk. Çünki onlara düzgün yanaşa bilmirik. Bunun isə peşə, ailə problemləri və sair səbəbləri var». E.Mirzəyevanın fikrincə, bu gün ictimaiyyətin pedaqoji, psixoloji, tibbi biliklərinin artırılmasına ehtiyac var: «Hesab edirəm ki, bu sayt cəmiyyətdə yaranacaq boşluqların aradan qaldırılmasına kömək edəcək”.

İnsan Haqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva saytın və kitabın təqdimatını nəinki Azərbaycanda, hətta regionda yenilik kimi dəyərləndirib.

Kitabın tərtibatçısı Aytəkin Hüseynli “Valideyn və mütəxəssislər üçün Uşaq İnkişafı üzrə Tövsiyələr” adlı nəşrin ərsəyə gəlməsində komitənin göstərdiyi köməyə görə təşəkkürünü bildirib.

Tədbirdə «Uşaq hüquqları və media» müsabiqəsinə start verilib.

Qeyd olunub ki, müsabiqənin keçirilməsində əsas məqsəd uşaqlar üçün və uşaqlar haqqında yazılarda uşaq hüquqlarına riayət edilməsini və uşaq maraqlarının daha dolğun şəkildə əhatə olunmasını təmin edən, yaxud bu sahədə araşdırma aparan ən yaxşı yazarların müəyyənləşdirilərək mükafatlandırılmasıdır. Müsabiqə oktyabr ayının 1-də başa çatacaq. 

 

 

Təranə Məhərrəmova 

 

Kaspi.-2011.-23 iyun.- S.9.