«Azərbaycan diasporu misli görünməz mübarizliyə əqli potensiala malikdir» 

Polşada yerləşən Birliyik Cəmiyyətinin sədri Nəbi İbadov əsas problemlərinin maliyyə ilə bağlı olduğunu deyir

 

Azərbaycan diasporu özünün 3-cü qurultayına hazırlaşır. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar qurultayda iştirak etmək üçün Bakıya axışacaq, növbəti illər üçün hərəkət strategiyalarını müəyyənləşdirəcək, problemlərini müzakirə edəcəklər. Qurultay ərəfəsi Polşada yerləşən Birliyik Cəmiyyətinin sədri Nəbi İbadova müraciət etdik.

- Nəbi müəllim, zəhmət olmasa, təmsil etdiyiniz təşkilat barədə qısa məlumat verərdiniz?

- Təşkilatımız «Birlik Cəmiyyəti» adı ilə 2009-cu ildə təsisçilərin birinci iclası əsasında yaradılıb. Əsasən də Varşava və ətraf şəhərlərdə yaşayan həmyerlilərimizi özündə cəmləşdirir. Cəmiyyətin əsas aparıcı qüvvəsini 1989-1991-ci illərdə tələbə kimi Polşaya gəlmiş və artıq müxtəlif yerlərdə çalışan azərbaycanlılar təşkil edir. Eyni zamanda, 2004-cü ildən sonra Polşaya gələn azərbaycanlı tələbə və doktorantlar da təşkilatımıza cəlb edilib. Ötən illər ərzində təşkilatımız böyük bir inkişaf yolu keçib. Biz müxtəlif qeyri-hökumət təşkilatları ilə, partiya komitələri ilə, ali məktəblər ilə və s. iş birliyi qurub və əlaqələr yaratmışıq.

- Yaşadığınız ölkədə Azərbaycan diasporunun durumu necədir?

- Polşada yaşayan azərbaycanlılar təşkilatlanmaya xüsusi diqqət yetirirlər. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, gündən-günə inkişaf edirik və artıq bir təşkilat kimi tanınmağa başlamışıq. Ötən illər ərzində təbii ki, bu işdə təcrübəmiz də artır. Ümumiyyətlə götürdükdə mövcud durumumuz malik olduğumuz imkanlar (maliyyə, insan potensialı) çərçivəsində pis deyil.

- Sizcə, Polşadakı Azərbaycan diasporumuzun hansı nailiyyətləri və problemləri vardır?

- Ümumiyyətlə, burada fəaliyyət göstərən hər bir cəmiyyətin özünəməxsus nailiyyətləri var. Məncə, hər birinə aid olan nailiyyətlər Azərbaycan həqiqətlərinin müxtəlif strukturlara və qurumlara çatdırılmasıdır. Bu baxımdan həm Azərbaycana olan təcavüzün və həm də Azərbaycan mədəniyyətinin müxtəlif tədbirlər vasitəsi ilə yerli xalqa çatdırılması və onlarda fikir müxtəlifliyi yaratmaq nailiyyət sayıla bilər.

Bizim cəmiyyətə gəldikdə isə söylənilənlərə əlavə olaraq məncə, ən böyük nailiyyətimiz Avropa Parlamentinə üzv olan polşalı deputat Tomas Porebanın («Qanun və Ədalət» partiyasının üzvü) 2010-cu ilin dekabrında Dağlıq Qarabağa Azərbaycanın icazəsi olmadan getməsinin tənqidi və bununla bağlı protest aksiyalarımız oldu. Tomas Porebanın məxsus olduğu partiyanın rəhbərliyinə, onun özünə və müxtəlif şəhərlərdə olan bürolarına etirazımızı bildirdik. Bununla bağlı başqa partiyalara da bu cür hərəkətlərin beynəlxalq qanunlara və Polşa dövlətinin xarici siyasətinə zidd olduğunu bildirdik. Bu artıq Polşada yeni bir güc yaranır deyə mesaj oldu.

Problemlərimiz isə əsasən maliyyə çatışmazlığı ilə bağlıdır. Məncə, bunu söylədiyim zaman Amerika ixtira etmirəm. Bu problem məncə bütün diaspor təşkilatlarına aiddir və bu bir nömrəli problem olaraq qalır. Çünki heç bir lobbiçilik və yaxud da başqa tədbirlər maliyyəsiz baş tutmur.

- Dünya azərbaycanlılarının 3-cü qurultayından gözləntiləriniz necədir?

- Əlbəttə ki, dünyanın müxtəlif ölkələrində yaşayan diaspor təmsilçilərinin bir araya gəlməsi böyük bir fürsətdir. Bir-birimizi tanıyacaq, problemlərimizi müzakirə edəcək, çıxış yolları axtaracağıq. Mən bu qurultaydan müxtəlif diaspor təşkilatları və dövlət strukturları ilə birgə mərkəzləşdirilmiş və ya bölgələşdirilmiş iş birliyi gözləyirəm.

- Qurultayda iştirak edəcəksinizmi?

- Bəli. Qurultay nümayəndəsi seçilənlər arasında mən də varam.

- Qurultayda hansı qərarların qəbul edilməsini istərdiniz?

- İstərdim ki, qərarlar söylənilən problemlər və strateji planlar çərçivəsində qəbul olunsun. Bu da diaspor təşkilatlarının daha da səmərəli işləməsinə zəmin yaratsın.

- Sizcə Azərbaycan diasporu erməni diasporu ilə mübarizədə gücünü nümayiş etdirə bilirmi?

- Bəli, etdirir. Sadəcə biz onlarla müqayisədə hələ cavan təşkilatıq, maliyyəmiz müqayisəolunmaz dərəcədə azdır və bəzi «sözükeçən» dövlətlərdə sayımız onlar qədər çox deyil. Bunu nəzərə alaraq, mən hesab edirəm ki, Azərbaycan diasporu misli görünməz mübarizliyə, bacarığa və əqli potensiala malikdir.

 

 

İlham QULİYEV 

 

Kaspi.-2011.- 30 iyun.-S.8.