«Universitetlərin
reytinq cədvəli bizim üçün bir siqnal olmalıdır»
Millət vəkili Asəf Hacıyev hesab edir ki,
təhsil sistemində
aparılan islahatlar bir qədər də sürətləndirməlidir
Universitetlərin beynəlxalq reytinq siyahıları açıqlanandan sonra ali təhsilimizin problemləri daha qabarıq şəkildə
gündəmə gəlməyə
başladı. Dünyanın
12 min universiteti arasında
Azərbaycanın cəmi
4 universitetinin yer alması, bu göstəricidə hətta,
Ermənistan və Gürcüstandan da geri qalmağımız bu sahədəki problemlərin tezliklə həll olunmasının vacibliyini bir daha ortaya qoydu.
Neçə illərdir
açıqlanan reytinq
siyahılarında Azərbaycan
universitetlərinin qənaətbəxş
yerlər tutmaması ölkədəki böyük
ali təhsil ocaqlarında problemlərin
olmasından xəbər
verir. Bu məsələlərlə
bağlı suallarımızı
elm sahəsinə bağlı
olan millət vəkili Asəf Hacıyevə ünvanladıq.
- Asəf
müəllim, universitetlərimizin
bu cür nəticələrini nə
ilə əlaqələndirərdiniz?
- Mütəmadi olaraq bu cür
reytinq siyahıları
açıqlanır və
bizim universitetlərin
nəticələri yaxşı
olmur. Mənim fikrimcə, bizim özümüzün reytinq
sistemimiz hazırlanmalıdır.
Yəni ölkə daxilində hansı universitetlərin təhsilin
səviyyəsinə görə
qabaqcıl olduğunu
müəyyənləşdirməliyik. Adətən universitetlərin
reytinqləri müəyyənləşdirilərkən
6 amil əsas götürülür. Biz daxildə
universitetlərimizin reytinqini
müəyyənləşdirərkən
isə daha çox göstəriciyə
diqqət yetirməliyik.
Çünki biz SSRİ-dən
qopmuş bir ölkəyik. 20 ilə yaxındır müstəqil
olsaq da, hələ də beynəlxalq universitetlər
sisteminə tam inteqrasiya
ola bilməmişik.
Bu, elə də asan məsələ deyil. Mənim fikrimcə, biz daxili reytinq sistemimizi qura bilsək, universitetlərin beynəlxalq
reytinq sistemində də yerimizi yaxşılaşdıracağıq. Mənim fikrimcə, Azərbaycanın 4 universitetinin
reytinq siyahısında
yer almasının özü də yaxşı göstəricidir.
Amma narahatçılıq
ondan ibarətdir ki, universitetlərimizin reytinq siyahılarında tutduğu yerlər çox aşağıdır.
- Siz
dörd universitetin siyahıda yer almasını müsbət
qiymətləndirirsiniz? Nəzərinizə
çatdırmaq istəyirəm
ki, biz bu göstəricidə həm
Gürcüstandan, həm
də Ermənistandan geridəyik.
- Bəli, bu doğurdan da belədir. Mənim fikrimcə, universitetlərin reytinq cədvəli bizim üçün bir siqnal olmalıdır. Biz təhsilimizin səviyyəsi
ilə bağlı ciddi düşünməliyik.
Bəlkə də bu nəticələrə
əsaslanıb bu gün təhsil sistemində aparılan islahatları bir qədər də sürətləndirməliyik.
- Bəs
ali təhsildə keyfiyyətin artırılması
üçün hansı
addımlar atılmalıdır?
- Bu, çox mürəkkəb bir prosesdir. Keyfiyyət təkcə ali təhsillə bağlı
deyil. Əgər təhsilimizin keyfiyyətini
artırmaq istəyiriksə,
işə orta məktəbdən başlamalıyıq.
Sonra növbəti addım qəbul prosesi ilə bağlı olmalıdır.
Yalnız bundan sonra ali təhsildə
keyfiyyətin artırılması
effektli ola bilər. Yəni bizim problemlərimiz təkcə ali təhsillə bağlı
deyil. Bu gün həm orta məktəblərdə,
həm də qəbul prosesində problemlər var. Mənim fikrimcə, bizim ən böyük problemimiz ali məktəblərlə orta
məktəblər arasında
ciddi bir boşluğun olmasıdır.
Düzdür, bu boşluq getdikcə doldurulur. Bunun boşluğun tam aradan qaldırılması üçün
həm orta təhsil, həm qəbul prosesi, həm də ali təhsil bir-birinə qarşı addımlar atmalıdır.
Fikir versək görərik ki, elə tələbələr
var ki, qəbul
prosesində çox yüksək bal alır, amma ali təhsildə
özünü göstərə
bilmir. Bunun səbəbləri araşdırılmalıdır.
Belə bir problem varsa, deməli, qəbul prosesində qüsur olub.
- Belə
çıxır ki, siz problemləri qəbul sistemi ilə əlaqələndirirsiniz?
- Yox, elə
deyil. Burda təkcə qəbul prosesini günahlandırmaq
olmaz.
- Onda
günah universitetlərdədir?
- Yox, günahı
universitetlərdə də
axtarmaq lazım deyil. Əgər qəbul prosesində yüksək bal toplayan tələbə universitetdə
özünü göstərə
bilməyibsə, deməli,
qazandığı nəticədə
təsadüfün rolu
var. Ümumilikdə götürsək
isə günah qəbul prosesində də, universitetdə də ola bilər.
Mən özüm bir təhsil işçisiyəm. Ali məktəbdə
dərs deyirəm. İstəyirəm bir şeyi biləsiniz ki, heç bir ali məktəbdə
heç bir müəllim bilən uşağın qiymətini
azaltmaz. Əksinə,
müəllimlər çalışırlar
ki, tələbələrə
kömək edib qiymətlərini bir az qaldırsınlar. Ola bilsin ki, tələbə
ali məktəbə yüksək balla qəbul olur, bundan sonra arxayınlaşaraq
oxumur. Yaxud da tələbə bütün gücünü
qəbul prosesinə qoyub tükənə bilər. Düzdür, burada neqativ halların olması da mümkündür. Ona görə belə hallar qeydə alınanda mütləq araşdırılmalıdır.
Ola bilsin ki, qəbul prosesində müəyyən hallar var ki, onlar
aradan qaldırılmalıdır.
Misal üçün
ola bilər ki, imtahan suallarının
bəziləri lazımsızdır.
Belə hallar qeydə alınsa suallar dəyişdirilməlidir.
Sizə deyim ki, bu gün
bu proses gedir. Hər il imtahan suallarında
keyfiyyət artır. Mənim fikrimcə, Tələbə Qəbulu
üzrə Dövlət
Komissiyası universitetlərə
qəbul olunan tələbələrin sonrakı
fəaliyyətini izləməlidir.
Təklif edərdim ki, biz hər bir təhsil alan insanın verilənlər bankını
yaradaq. Burada onun orta məktəbdə
birinci sinifdən başlayaraq ali məktəbdə aldığı
qiymətlər də
daxil olmaqla hər şey nəzərə alınsın.
Belə olan halda problemlərin səbəbini müəyyənləşdirmək
mümkün olacaq. Problemin hansı səviyyədə olduğu
aydınlaşacaq. Bu üç
faktor – orta məktəb, qəbul prosesi, ali məktəb
vəhdət halında
işləməsə, problemlərin
həlli çətin
olacaq. Hər qurum desə ki, məndə problem yoxdur, günahı digər qurumda axtarsa nəyəsə
nail ola bilməyəcəyik.
Ümumiyyətlə, qarşıdurma
heç bir halda heç kimə uğur gətirmir.
- Ali təhsilimizdəki digər
bir problemin ədəbiyyat çatışmazlığı
ilə bağlı olduğu bildirilir. Məsələn, rayonlarda
xarici dil bilməyən hansısa abituriyent qəbul imtahanlarına gözəl
şəkildə hazırlaşır
və yüksək
bal toplayır. Ali məktəbə
qəbul olunduqdan sonra isə ədəbiyyatın əksəriyyəti
rus və ingilis dilində olduğundan bu nailiyyətlərini davam etdirə bilmir.
- Əgər biz müasir səviyyəli mütəxəssis hazırlamaq
istəyiriksə, onlardan
yüksək səviyyəli
xarici dil bilmələrini də tələb etməliyik. Əgər kimsə düşünürsə ki,
ancaq Azərbaycan dilini bilərək dünyada gedən proseslərə inteqrasiya olunacaq yanlış yoldadır. Bundan qaçmaq lazımdır.
Tələbələr bir
neçə xarici dil bilməlidir.
- Onda
xarici dildən imtahanı bütün qruplara daxil etmək lazımdır ki, ali məktəbə
hazırlaşanlar da işlərini əvvəlcədən
bilsinlər.
- Niyə elə ancaq imtahana salınan fənləri
öyrənməliyik? Hər şeyi qəbul prosesinin öhdəsinə
buraxmaq olmaz. Xarici dilləri tələbə özü
öyrənməlidir. Bəyəm bizə xarici dili məcbur
öyrədirdilər? Mən orta məktəbi Gəncədə
bitirmişəm. Sonra ali təhsilimi Moskva Dövlət
Universitetində almışam. Universitetin 2-ci kursunda
özüm gedib ingilis dili kurslarına yazıldım. Bu
gün isə ingilis dilinə ehtiyac daha çoxdur. Dünyaya
inteqrasiya olunmaq istəyiriksə tələbələrimiz
ingilis dilini bilməlidirlər.
- Amma bu o demək
deyil ki, ali məktəb ədəbiyyatı Azərbaycan dilində
olmamalıdır…
- Mən belə demədim. Əlbəttə
ki, ədəbiyyatlar mütləq dövlət dilinə tərcümə
olunmalıdır. Özü də bu proses gedir. Əlbəttə
ki. Azərbaycan dilini dərindən öyrənmək
lazımdır. Amma çıxış yolumuz bu deyil. Təhsilimizin
səviyyəsini artırmaq istəyiriksə tələbələrimizin
ingilis dilini mükəmməl bilməsinə nail
olmalıyıq.
İlham QULİYEV
Kaspi.- 2011.- 1
mart.- S. 5.