“Qərblə qalan dünya arasında
yaranan problemlərin sırf siyasi həlli yoxdur”
Elmir Quliyev:
“Avropanın gələcəyi bir çox halda siyasətçi
və maliyyəçilərin öz iştahalarını
azaltmağa hazır olub-olmamalarından asılıdır”
Müsahibimiz
Qafqaz Strateji Araşdırmalar İnstitutunun Geomədəniyyət
şöbəsinin müdiri, fəlsəfə elmləri namizədi
Elmir Quliyevdir.
- Elmir bəy,
keçən ay bir neçə Avropa siyasətçisi
çoxmədəniyyətlilik siyasətinin uğursuzluğa
uğradığını bəyan etdi. Sizcə çoxmədəniyyətlilik
müasir cəmiyyət üçün hansı əhəmiyyətə
malikdir?
- Müharibədən sonrakı Avropada çoxmədəniyyətlilik milli siyasətin əsas forması kimi qəbul edilirdi. Etnik və dini azlıqların hüquqlarının müdafiəsi prinsiplərini rəhbər tutan demokratik dövlətlər miqrantların milli cəmiyyət daxilində öz etno-mədəni cəmiyyətlərini quraraq, onları inkişaf etdirmələri üçün şərait yaradırdılar. Lakin son zamanlar Qərbi Avropa ölkələrinə miqrantların təzyiqi o qədər artıb ki, onlar yeni həll yolları axtarmağa başlayıblar. Bir sıra Qərbi Avropa siyasətçiləri bu yaxınlarda verdikləri bəyanatlarda çoxmədəniyyətliliyi Avropa xalqlarının üçüncü dünya ölkələrindən olan miqrantlar üçün müəmmalı qalan alicənab bir jest kimi təqdim ediblər. Bəs müxtəlif mədəniyyət və ənənələrin vahid çoxmədəniyyətli məkanda birgə mövcudluğu ideyası həqiqətən də avropalıların ixtirasıdırmı? İslam aləmində müxtəlif dinlərə etiqad edən xalqların birgə yaşaması uzun əsrlər boyu təbii hal kimi qəbul edilib. Bəzi ölkələrdə bugünkü vəziyyət məhz deyildiyi kimidir. Misal üçün doğma Azərbaycanı və ya müsəlman və xristianların dinc yaşadıqları və bir-biri ilə bütün sevinc və kədərini bölüşdükləri Misiri göstərək. Çoxmədəniyyətli cəmiyyətdə hər bir etnik, dini və ya mədəni qrup öz ənənələrini yaşatmaq və onları övladlarına ötürmək hüququna malikdir. Dövlət də onların bu hüquqlarını təmin edir və onlar arasında qarşılıqlı anlayış və münasibətlərin olması üçün hər cür şərait yaradır. Lakin Avropada çoxmədəniyyətliliyin özünəməxsus xüsusiyyətləri və zəif tərəfləri var idi.
- Onlar
hansılardır?
- Əksər
Avropa dövlətlərinin miqrantlara qarşı
yürütdüyü siyasət uğursuzluqla nəticələnməli
idi. Köhnə dünyada çoxmədəniyyətlilik
tarixi köklərə malik deyildi və acınacaqlı
demoqrafik vəziyyətlə şərtlənən məcburi
qayda idi. Avropalılar miqrantlar hesabına səriştəsiz
işçi qüvvəsi
çatışmazlığını kompensasiya etməyi
düşünür, lakin onları öz cəmiyyətlərinin
bir parçasına çevirməyə
çalışmırdılar. Əksinə, onlara (Angela
Merkelin də bu yaxınlarda təsdiq etdiyi kimi-E.Q.) öz vətənlərinə
qayıtmalı olan qastarbayterlər kimi baxırdılar. Miqrantların
sosial yardım almalarına və şəxsi biznes açmaq
imkanlarına malik olmalarına baxmayaraq, onlar, ümumiyyətlə,
özlərini cəmiyyətin qalan hissəsindən təcrid
edilmiş hiss edirdilər. Öz mənşələrini
unutmaqda ilk növbədə onlara Avropanın
sağçı siyasətçilərinin özləri mane
olurdular. Son illər Avropada etnik və dini azlıqlar problemi son dərəcə
kəskinləşib. Gözləmək olardı ki,
avropalıları yalnız müsəlman ölkələrindən
olan miqrantlar deyil, Çin və Asiya məhəllələrində
baş verənlər də narahat edir. Amma
son illərdə baş verənlər bunun əksini göstərir.
İş burasındadır ki, əvvəllər sayca az olan türk və ərəb icmaları nəzərəçarpacaq
dərəcədə böyüyüb və yaxın gələcəkdə
real siyasi qüvvəyə çevrilə bilərlər. Avropalılar buna hazır deyillər. Onlar qəbul edə bilmirlər ki, müsəlman
ölkələrindən gəlmələr parlamentə
üzv seçiləcək və ya bələdiyyələrə
başçılıq edəcəklər. Onlar gerilik və terrorizmlə əlaqələndirdikləri
müsəlmanlara, onların dini və mədəni ənənələrinə
dair mövhumatlardan əl çəkməyə hazır
deyillər. Onların
narazılıqları və qorxuları müsəlmanlar
arasında ekstremist əhval-ruhiyyənin artması və
mühacirlər arasında cinayətkarlıq və
savadsızlıq səviyyəsinin yüksək olması ilə
bağlıdır. Adətən insanlar belə
halların səbəbləri haqqında düşünmürlər.
Onları yalnız şəxsi mənafeləri
və hökumətin onları mənfi nəticələrdən
qoruyub-qorumayacağı maraqlandırır. Buna görə də bu gün etnik və mədəni
azlıqların hüquqlarının məhdudlaşdırılması
çağırışları həm avropalı siyasətçilər,
həm də sadə vətəndaşlar arasında getdikcə
daha çox tərəfdar qazanır.
- Fikrinizcə, çoxmədəniyyətlilik
ideyasından imtina etmək assimilyasiya siyasətinə birmənalı
keçid deməkdir?
-
Bildiyiniz kimi, Avropa Birliyi ölkələrindəki yeni milli
siyasətin hələ ki, dəqiq konturları yoxdur. Bu gün bizim əlimizdə yalnız Avropanın
yüksək siyasi təbəqəsinin bir sıra nümayəndələrinin
bəyanatları mövcuddur. Zənnimcə,
bu gün onların yaranan vəziyyətdən
çıxış yolu axtarmalarında qəribə
heç nə yoxdur. Buna görə narahat
olmaq lazım deyil. Lakin türk və ərəblərdən
öz mədəni xüsusiyyətlərindən imtina etməyi
tələb edən avropalılar anlamalıdırlar ki, onlar
özləri də güzəştə getməli və
miqrantlara cəmiyyətdə layiqli yer tutmaq imkanı verməli
olacaqlar. Düşünürəm ki, belə
bir kompromis üçün hələ kifayət qədər
səbəb yoxdur. Məsələ
yalnız yerli əhalinin narahatlığı və millətçi
meyillərin artmasında da deyil. İctimai
quruluş forması olan müasir demokratik dövlət ciddi dəyişikliklərin
astanasındadır. Siyasi-maliyyə elitası bu gün
xalqların taleyinə görə məsuliyyətdən o qədər
azad olub ki, iyirmi il bundan əvvəl
olduğu kimi, sosial proqramların maliyyələşdirilməsinə
böyük vəsaitlər xərcləmək istəmir. Belə bir şəraitdə Avropanın gələcəyi
bir çox halda siyasətçi və maliyyəçilərin
öz iştahalarını azaltmağa hazır olub-olmamalarından
asılıdır. Əks halda Avropa
demokratiyasını demokratik üsullarla müdafiə etmək
çox çətin olacaq.
- Necə
düşünürsünüz, milli azlıqların və
onların diasporlarının assimilyasiya siyasətinə
reaksiyaları necə olacaq?
-
Çox şey həmin bu cəmiyyətlərin mühacirlərə
nə təklif edəcəyindən və əvəzində
onlardan nə tələb edəcəyindən
asılıdır. Əgər avropalılar
Avropa universalizmi ideyasından imtina etsələr və
artıq neçə onilliklərdir ki, «əritmə
qazanı» siyasətini həyata keçirən Birləşmiş
Ştatların yolu ilə getsələr,
düşünürəm ki, ciddi problemlər olmayacaq. Bu mənada olduqca vacibdir ki, siyasətçilər
«qoca» Avropanın artıq əvvəlki qaydalar üzrə
yaşa bilmədiyini və dəyişməli olduğunu
etiraf etmək üçün özlərində güc
tapsınlar. Bu, bir tərəfdən
zamanın çağırışı, digər tərəfdən
isə tarixi imkandır. Bəlkə də
bütün dünyada milyardlarla insanı Avropaya cəlb edən
həmin dəyərləri qoruyub saxlamaq üçün
yeganə imkan. Əgər miqrantların
Avropa ictimaiyyətinə inteqrasiyası ideyası
düzgün qəbul edilib reallaşdırılmasa, yaxın
onilliklərdə Köhnə Dünyanı ciddi etno-dini
münaqişələr gözləyir.
- Siz ona işarə edirsiniz ki,
Avropanın gəlmə əhalisi yüksək sürətlə
artır, yerli əhali isə nəzərəçarpacaq dərəcədə
azalır?
- Bəli,
bunun səbəbi də yalnız bəzi sosioloqların tez-tez
qeyd etdikləri kimi, avropalıların həyat səviyyəsinin
yüksək olmasında deyil. Başlıca səbəb
Avropa cəmiyyətinin ilkin əsaslarını sarsıdan fərdiyyətçilik
və hedonizmdədir. Əvvəllər Qərb
cəmiyyətini möhkəmləndirən xristian əxlaqı
bu gün həzz almağa və şəxsi güzəranını
yaxşılaşdırmağa meyil ilə əvəzlənib.
Avropanın ənənəvi ailə institutu məhv
olmaq üzrədir. Övlad dünyaya gətirmək
istəməyənlərin sayı sürətlə artır.
Onlar hesab edirlər ki, uşaqlar onların karyera yüksəlişinə
və ya sadəcə, həyatdan həzz almağa mane ola bilərlər. Qərbin
ümumilikdə dinə qarşı siyasətini nəzərə
alaraq, bu tendensiyaların yaxın zamanlarda dəyişəcəyini
və ya ən azından zəifləyəcəyini
düşünmürəm. Bu, mənəvi
planda, nə mühacirlərə, nə də öz həmvətənlərinə,
demək olar ki, heç nə təklif edə bilməyən
müasir Qərb cəmiyyətinin ən böyük
qüsurlarından birini açıb göstərir.
Karikatura qalmaqalları, minarələrin tikintisinə, ictimai
yerlərdə çarşabın örtülməsinə
qoyulan qadağalar və s. öz mənbəyini buradan
götürür.
İslam dünyasında dünyəviləşdirmə
prosesinə Avropadakından xeyli sonra başlanılıb və
bir sıra obyektiv və subyektiv səbəblər
üzündən ictimai şüurun dərin qatlarına
nüfuz etməyib. Hətta əhalinin bir neçə onillik
ərzində ateist təbliğatın təzyiqi altında
olduğu postsovet məkanında müsəlmanlar ailə-məişət
səviyyəsində dini ənənələrə riayət
etməyə çalışırdılar. Buna görə də müsəlman ölkələrindən
olan bir çox miqrant avtoritar rejimlərin istibdadından sonra
nəfəs almağa başlayaraq, nəinki ənənələrə
sadiqliyini qoruyub saxlayır, dinə öz vətənlərində
olduğundan daha çox bağlanırlar. Bununla
yanaşı, islam və müsəlmanların
həyat tərzi ilə
- Necə
düşünürsünüz, milli siyasət vektorunun dəyişməsi
Avropa Birliyinin müsəlman ölkələri ilə
münasibətlərinə təsir göstərəcəkmi?
- Zənnimcə,
Avropa Birliyi xarici siyasətinin əsas istiqaməti dəyişməz
olaraq qalacaq. Onlar milli maraqlarını qoruyacaq və islam
dünyasında demokratik dəyişiklikləri dəstəkləyəcəklər.
Lakin istisna etmirəm ki, vaxtaşırı müəyyən
mübahisələr də yaranacaq. Yadımdadır ki, ötən
ilin sonunda Türkiyə və Avstriya münasibətlərində
diplomatik qalmaqal baş verdi. Buna Türkiyə səfirinin bəyanatı
səbəb olmuşdu. O bildirmişdi ki, Avstriya hökuməti
türk gettoları yaratmış və miqrantların Avstriya
cəmiyyətinə inteqrasiya etməsinə hər vasitə
ilə mane olmağa çalışır. Digər tərəfdən,
Avropa və islam dünyası arasındakı münasibətlər
Şimali Afrika və Yaxın Şərq ölkələrində
baş verən dəyişikliklərdən də
asılı olacaq. Almaniya, Böyük Britaniya və Fransa
dövlət başçılarının bəyanatlarını
göstərilən istiqamətdə nəzərdən
keçirmək mümkündür. Ola bilsin ki, müsəlman
ölkələrindəki siyasi dəyişikliklər
onların iqtisadiyyatlarının yaxşılaşmasına səbəb
olacaq ki, bu da öz növbəsində Avropaya mühacirətin
azalmasına gətirib çıxaracaq. Bəlkə də mədəni
assimilyasiya siyasəti effektiv olacaq və Avropa ölkələrində
sosial gərginliyin səviyyəsini aşağı salacaq. Yaxud
da bunun əksi baş verəcək – artan miqrant axını
mövcud problemləri yalnız kəskinləşdirəcək.
Lakin bütün bunlar yalnız gözəçarpan problemlərdir.
Texnoloji və hərbi cəhətdən ən çox
inkişaf etmiş Qərb sivilizasiyası dərin mənəvi
böhran yaşayır. Texnoloji və iqtisadi
üstünlüyündən istifadə edən Qərb qalan
dünyaya öz həyat və dünyagörüşü
standartlarını qəbul etdirməyə
çalışır. Bu, inkişaf etməkdə olan və
digər ölkələrdə, ilk növbədə islam
dünyasında cavab reaksiyasına səbəb olur. Bunun nəticəsində
Qərblə qalan dünya arasındakı texnoloji uçuruma
mədəni uçurum da əlavə olunur. Buna görə də
Qərblə qalan dünya arasındakı
qarşılıqlı münasibətlərdə yaranan
problemlərin sırf siyasi həlli yoxdur. Onlar daha dərində
yerləşir və cəmiyyətlərimizin sosial-mədəni
əsaslarına toxunurlar. Fikrimcə, siyasətçilər
dünyanın irqçilik və əxlaqsızlıq üzərində
dayanmadığını nə qədər tez anlasalar, ikili
standartlardan nə qədər tez imtina etsələr və
tarix qarşısındakı məsuliyyətlərini dərk
etsələr, ümumdünya xaosun yeganə nativi olan qlobal
şüuru yaymaq da o qədər asan olar.
İsgəndər Quliyev
Kaspi.- 2011.- 1 mart.- S. 9.