“Elmdə islahatları tədricən aparmaq lazımdır”

 

Arif Həşimov hesab edir ki, elm həmişə zamanı qabaqlamalıdır

 

Müsahibimiz Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik Arif Həşimovdur.

 

- Arif müəllim, «Təhsil haqqında» qanunun qəbul olunmasından sonra elm sahəsində hansı dəyişikliklər həyata keçirilib?

- Qanun qəbul olunduqdan sonra Nazirlər Kabineti doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydalarının işlənib hazırlanması haqqında sərəncam verib. Sərəncama müvafiq olaraq Təhsil Nazirliyi və Milli Elmlər Akademiyası yeni qaydaları işləyib hazırlamalı idi. Artıq doktoranturaya qəbul qaydaları Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi doktoranturalar yaradılacaq müəssisələrin siyahısını hazırlayıb. Qanuna görə, doktoranturaların yaradılması üçün vəsatət ali təhsil müəssisələri və elmi təşkilatların sifarişləri əsasında onların tabe olduqları müvafiq qurumlar tərəfindən Nazirlər Kabinetinə təqdim olunur və AMEA-nın və Təhsil Nazirliyinin rəyləri əsasında təsdiq olunur. Doktoranturaların yaradılacağı müəssisələrin siyahısı keçən ilin dekabr ayında təsdiqlənib.

- Doktoranturaya ilk qəbul imtahanları nə vaxta planlaşdırılır?

- Hələlik dəqiq tarix demək çətindir. Amma ümumi gedişat onu göstərir ki, ola bilsin ki, qəbul imtahanları payıza qalsın. Baxmayaraq ki, qəbul planı ilə bağlı həm Təhsil Nazirliyi, həm də AMEA qərar verib, amma hələ xeyli görüləsi işlər də var. Təsdiq olunan planlara uyğun qəbul olunanların elmi rəhbərlərlə təmin olunması, mövzuların verilməsi, iş şəraitinin yaradılması, düzgün yerləşdirilməsi işləri qalır ki, bunlar da xeyli vaxt tələb edir. Bundan başqa, biz istəyirik ki, ali məktəbləri bu il qurtaranlar da imtahanlarda iştirak edə bilsinlər. Amma qəbul imtahanları ilə bağlı son qərar Nazirlər Kabineti tərəfindən veriləcək.

- Qəbul qaydalarında hər hansı bir dəyişiklik varmı?

- Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydalara görə sənədlərin qəbulu və digər prosedurlar müvafiq komissiyalar tərəfindən həyata keçiriləcək. Sənəd qəbulu komissiyaları seçilən istiqamətin ixtisasa uyğun olub-olmamasını, sənəd verənlərin elmi işə hazır olub-olmamalarını və s. müəyyənləşdirəcək. Sənədlərin qəbulundan sonra doktoranturaya qəbul olmaq istəyənlər ixtisas və digər fənlərdən imtahan vermələri üçün müəyyən proqramlarla təmin olunacaqlar. Eyni zamanda, onların gələcək elmi rəhbərləri ilə görüşləri təşkil olunacaq. Gələcəkdə prosedur bir qədər asanlaşacaq. Çünki bu il hələ ilk cəhdi edəcəyik. Gələcəkdə ola bilsin ki, elmi müəssisələrin laboratoriyalarında çalışan gənclərin doktoranturaya qəbuluna heç bir problem yaranmasın. Ümumiyyətlə, elmi rəhbərlər hər il universitetlərin magistraturasını bitirən istedadlı gəncləri axtarıb tapmalı və onları elmə cəlb etməlidirlər.

 

Elmdə zəif, güclü nəticə yoxdur

 

- Arif müəllim, müdafiə olunan elmi işlərin səviyyəsi necə, qənaətbəxşdirmi? Bilirsiniz ki, son vaxtlar bununla bağlı geniş ictimai müzakirələr gedir. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin də bu məsələ ilə bağlı məqaləsi dərc olunmuşdu.

- Bilirsiniz, elmi nəticələrə baxış müxtəlif formada ola bilər. Əlbəttə ki, akademik Ramiz Mehdiyevin məqaləsində qoyulan məsələlər qlobal baxımdan tamamilə əhəmiyyətli idi. Amma orada hansısa adi bir elmi işçinin əldə etdiyi nəticədən söhbət getmirdi. O məqalədə ümumilikdə elmi kollektivlərin qarşısında duran qlobal məsələlər vurğulanırdı. O ki qaldı bizim gənclərimizin ayrılıqda götürülən elmi işlərinin səviyyəsinə, hər bir elmi tədqiqat işi qarşıya qoyulan məqsədin sona çatması ilə bağlıdır. Ola bilər ki, hər hansı bir gəncə verilən elmi işin əhəmiyyəti onun rəhbəri tərəfindən, digər şəxslər tərəfindən düzgün nəzərə alınmayıb. Bu baxımdan konkret demək olmaz ki, səviyyə aşağıdır, yoxsa yuxarı. Elmi işlər elədir ki, heç gözlənilmədən çox yüksək nəticə əldə etmək olar və ya əldə olunan elmi nəticə 2-3 ildən sonra qüvvədən düşə bilər. Ona görə qiymətləndirmək çətindir. Hər hansı bir gənc hansısa bir mövzu üzrə iki il tədqiqat aparıb, bu istiqamətdə hansısa nəticənin əldə olunmasının mümkün olmadığını üzə çıxarırsa, bunun özü də elə müsbət nəticədir. Ümumiyyətlə, elmi tədqiqatlara birmənalı şəkildə baxmaq olmaz. Elmlə məşğul olanlar bunu öz təcrübələrində çox görürlər. Bir də görürsən ki, əldə olunan elmi nəticə bu gün üçün heç bir əhəmiyyət kəsb etmir. Amma müəyyən müddət keçdikdən sonra alınmış başqa bir elmi nəticə həmin əhəmiyyət kəsb etməyən nəticə ilə birlikdə qoyulanda çox böyük bir partlayışa səbəb olur. Elmi işçiyə demək ki, nəticə zəifdir, ya güclüdür, doğru deyil. Elmdə zəif, güclü nəticə yoxdur. Elm həmişə zamanı qabaqlamalıdır. Elmi nəticə özündən ən azı 20 il sonranı nəzərdə tutmalıdır. Müəyyən müddət kölgədə qalan nəticələr zamanı gələndə çox böyük əhəmiyyətə malik ola bilər. Dünyada da nüfuzlu elmi jurnallar bir də görürsən, bəzi elmi nəticələri qəbul etmir. Amma sonradan illər keçir, onlar bu qərarını vermələrinə peşman olurlar.

 

İstehsalatla əlaqələri istədiyimiz səviyyədə qura bilmirik

 

- Bizdə elmlə istehsalatın bir-birinə inteqrasiyası problemi var. Bu barədə nə düşünürsünüz?

- Bu problem doğrudan da var. Amma məsələnin xarici effekti daha doğrudur. Məsələnin daxilinə gələndə isə elm həmişə istehsalatdan qabaqda getməlidir. Əslində hər bir istehsalat elmin əldə etdiyi nəticələr əsasında qurulur. Elə istehsalat sahələri də var ki, onlar elmlə yan-yana gedəndə nəticələri daha yüksək olur. Çox təəssüf ki, biz AMEA-nın istehsalatla əlaqələrini istədiyimiz səviyyədə qura bilmirik. Bunun bir günahı bizdədirsə, ən böyük günahı da istehsalçılarımızın özündədir. İstehsalçılarımız bəzi səbəblərdən elmə yalnız müəyyən çətinlikləri meydana gələndə müraciət edirlər. Çətinlikləri olmayanda isə elm yada düşmür. Halbuki, ümumi daxili məhsullarının artırılması, istehsal etdikləri məhsulların keyfiyyətinin yaxşılaşdırılması, dünya standartlarına uyğunlaşmaları üçün elmlə təmasları daha yaxşı olardı.

- Azərbaycan dövlət büdcəsinin təxminən 1 faizə yaxını elm sahəsinə ayrılır. Müqayisə aparsaq, bizim elmi müəssisələrin dövlətə verdiyi xeyir bu vəsaiti qarşılayırmı?

- Elmə ayrılan vəsaitin tezliklə özünü doğrultmasını gözləmək doğru deyil. Ola bilsin ki, elmə qoyulan vəsait 10-15 il özünü doğrultmasın. Amma elmdə elə bir nəticə əldə oluna bilər ki, o, dövlətin 20 il ərzində çəkdiyi xərci qarşılasın. Bununla bağlı, çox nümunələr göstərmək olar. Elmə qoyduğumuz vəsaitlərin ən böyük nəticəsi odur ki, bu gün respublikamızın elmi kadr potensialı var. Biz əksər sahələr üzrə elmi kadrları xaricdən gətirmək məcburiyyətində deyilik. SSRİ dağılandan sonra Azərbaycanın yaxşı elmi potensialı var idi. Həmin vaxt Azərbaycanın böyük kadr potensialı formalaşmışdır. Bizim qonşu ölkələrimiz olan Türkiyə, İran və hətta digər uzaq ölkələr də Azərbaycanın elmi işçilərini işə dəvət etdilər. Özü də onlar sadə işlərə dəvət olunmadılar. Bizim elmi kadrlarımız hesabına Türkiyə özünün elm potensialını yaratdı.

 

Hər şeyi birdən dağıtmaq olmaz

 

- Hər dəfə parlamentdə büdcə müzakirələri aparılanda millət vəkilləri elmə ayrılan xərclərin artırılmasını təklif edirlər. Hökumət rəsmiləri isə bildirirlər ki, bunun üçün elmin maliyyələşmə mexanizmi təkmilləşdirilməlidir. Elmdə hansı islahatlar aparılmalıdır ki, hökumət maliyyələşdirməni bir qədər də artıra bilsin.

- Demək olmaz ki, elmə ayrılan vəsaitlər artmır. Rəqəmlərə diqqət yetirsək görərik ki, hökumət elm xərclərini ilbəil artırır. Özü də artımlar əsasən məqsədli olur. Büdcə vəsaitləri hesabına yeni avadanlıqlar alınır, elmi müəssisələrin maddi-texniki bazası gücləndirilir. Büdcədən maliyyələşən digər təşkilatlardakı kimi elm sahəsində çalışanların da əmək haqları mütəmadi olaraq artırılır. Əlbəttə, artımlar hələlik tələbatı tam ödəmir. Mütəmadi olaraq doktoranturada oxuyanların təqaüdləri də artırılır. Dövlətin ayırdığı vəsaitlər hesabına AMEA-nın institutlarının əksəriyyətinin binası yenidən qurulur. Elmə ayrılan vəsaitlər hesabına Şamaxı Rəsədxanası tamamilə yenidən qurulub. Bu vəsaitlər təbii ki, Azərbaycanın elmi potensialının qorunub saxlanması üçün ayrılır. O ki qaldı maliyyələşdirmənin artırılması üçün akademiyada struktur islahatlarının aparılması zərurətinə, bizdə bu cür islahatlar daim aparılır. Amma digər sahələrə nisbətən elmdə islahatları tədricən aparmaq lazımdır. Elə etmək lazımdır ki, proseslər təkamül istiqamətində getsin. Yəni, hər şeyi birdən dağıtmaq olmaz. Bilirsiniz ki, ölkə prezidenti tərəfindən elmin inkişaf strategiyası təsdiq olunub. Orada əsas məqsədlərdən biri elmi məktəblərin, varisliyin qorunub saxlanmasıdır. Elmi mühiti birdən-birə dəyişmək problemlər yaradar. Biz canlı elmi mühiti mütləq qorumalı və onun daxilində yeni elmi mühit yaratmalıyıq. Yeni elmi mühit də birdən-birə formalaşmır.

 

Yaradıcılıq işində göstərişlə hərəkət etmək doğru deyil

 

- Yeri gəlmişkən, akademiyanın institutlarında islahatların aparılacağı barədə məlumatlar var. Həmin məlumatlara görə, bu addım YUNESKO ekspertlərinin dəyərləndirmələrindən sonra atılacaq.

- YUNESKO ekspertləri elmin inkişaf strategiyasına uyğun olaraq Yaponiya qrantı hesabına Azərbaycanda araşdırmalar aparıb, öz tövsiyələrini verməlidirlər. Amma onlar ancaq tövsiyə verəcəklər. Əgər onların tövsiyələri elmin inkişafı üçün əhəmiyyətli olarsa, AMEA-nın nizamnaməsinə uyğun gələrsə, nəzərə alınacaqlar. Amma mənim fikrimcə, akademiyadakı dəyişikliklərlə bağlı yekun sözü institutların özü deməlidir. Çünki elmi tədqiqat işlərini yerinə yetirən onlardır. Yaradıcılıq işində göstərişlə hərəkət etmək doğru deyil.

- Biz az konkretləşdirsək, akademiyanın hansısa institutlarının birləşdirilməsi və ya ləğv edilməsi gündəmdə varmı?

- Bu məsələlər heç vaxt gündəmdən çıxarılmır. Bu məsələ gündəmə bu gün də gətirilməyib. Ola bilər ki, hansısa konkret məsələlərlə bağlı akademiyanın institutları birləşdirilsin və ya yeni institutlar yaradılsın. Biz artıq demək olar ki, elmin prioritet istiqamətlərini müəyyənləşdirmişik. Amma bu o demək deyil ki, prioritet olmayan istiqamətlər üzrə institutlar ləğv ediləcək. Bu gün prioritet olmayan sahə, sabah prioritetləşə bilər. Ona görə də hər şeyi qoruyub saxlamalıyıq.

 

 

İlham QULİYEV

 

Kaspi.- 2011.- 2 mart.- S. 5.